Məhkəmə qərarları › İş №2-1(105)-251/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-251/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-251/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: donor olmağa icazənin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və orqan transplantasiyasının mümkün hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-6249/2024 nömrəli qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 3 aprel 2024-cü il tarixli, 28 nömrəli qərarından görünür ki, donor X1 resipiyent İddiaçı böyrəyinin transplantasiyası qeyrimümkün hesab edilmişdir. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 1 nömrəli Xəstəxananın 20 iyul 2024-cü il tarixli, 203 nömrəli arayışından görünür ki, Əliyev X4 Nazirliyinin göndərişi ilə 26 avqust 2019-cu il tarixdən xəstəxananın hemodializ şöbəsində həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı qəbul edib. Dz: “Xroniki böyrək xəstəliyi V mərhələ, Nefrogen hipertoniya. Renal aniemiya Xroniki qlomerulonefrit. Proqram hemodializ (x/t №0062247) .Unikal kod; **********55. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ünvanlanmış 10 sentyabr 2024-cü il tarixli, 3-28/2-Ə-68xx-xx-7391/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası” tərəfindən böyrək transplantasiyasının keçirilməsinə müsbət rəy verilməməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, “Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası” Səhiyyə Nazirliyinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurumdur və əsas vəzifəsi insan alverinin və digər qanunvericiliyə zidd hərəkətlərin qarşısının alınmasıdır. Komissiya müstəqil fəaliyyət göstərir, öz işini şəffaflıq, qanunçuluq, humanizm, ədalət prinsipləri üzərində qurur və işinə müdaxilə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 1 nömrəli Xəstəxananın 26 oktyabr 2024-cü il tarixli, 342 nömrəli arayışdan görünür ki, Əliyev X4 Nazirliyinin göndərişi ilə 26 avqust 2021-ci il tarixdən xəstəxananın hemodializ şöbəsində həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı qəbul edir. Dz: “Xroniki böyrək xəstəliyi V mərhələ, Nefrogen hipertoniya, Renal anemiya. Xroniki Qlomerulonefrit. Proqram hemodializ. Xəstədə “Renal anemiya” olduğu üçün müntəzəm olaraq “Eritrositar kütlə” köçürülməsinə ehtiyac olur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın nəzdində fəaliyyət göstərən “orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 03 aprel 2024-cü il, tarixli 28 saylı qərarını ləğv etməklə donor orqanının transplantasiyasının mümkün sayılması barədə qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 51 yaşındadır, uzun illər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işləmiş və 2017-ci ildə xidmətlərinə görə əmək pensiyasına çıxmışdır. 2020-ci ildə yayılmış “Covid” virusuna qarşı 2-ci peyvəndi vurdurduqdan sonra onun səhhətində ciddi problemlər yaranmış və həkimə müraciət etdikdə hər iki böyrəyin çalışmamazlığı diaqnozu qoyulmuşdur. O əmək qabiliyyətini tamamilə itirməklə 1-ci qrup əlil və dializ xəstəsidir. 2022-ci ildə iddiaçının 70 yaşlı anası öz böyrəyini ona versə də, bu böyrək fəaliyyətini bir həftə sonra dayandırdığı üçün təkrarən həmin böyrəyin çıxarılması əməliyyatı aparılmışdır. Ümumiyyətlə 1 ay ərzində 4 dəfə əməliyyata girmiş və hətta qan göstəricisinin enməsi səbəbindən komaya düşmüş, ölümlə vuruşmuş, lakin aparılmış bu əməliyyatlar heç bir müsbət nəticə verməmişdir. Artıq 5 ildir ki, dializ xəstəsidir və bu xəstəlikdən qurtulmağın yeganə yolu ona uyğun böyrək transplantasiyasıdır ki, bununla bağlı 4 il axtarışda olmuş və nəhayət, heç bir təmənna gözləntisi olmadan öz böyrəyini vermək istəyən tanışı X3 bütün həkim müayinələrindən keçmiş və onun böyrəyinin ona tam uyğunluğu aparılmış analizlərlə təsdiq edilmişdir. Bütün bu müayinə xərclərinə 2.000 manatdan artıq vəsait sərf etmişdir. Lakin qərara əsasən Komissiya həmin donoru məqbul saymamış və nəticədə iddiaçıya böyrək köçürməsi əməliyyatının aparılmasından imtina olunmuşdur. Qərarın surətini gec əldə etmişdir. Həmin qərardan cavabdeh orqana müraciət etməklə komissiya tərəfindən verilmiş qərarın ləğv olunmasını və həmin donorun məqbul sayılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli cavab məktubunda komissiyanın qərarından məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-6249/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılır. Bu komissiya donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və tələblərə uyğunluğu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. Komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır. Qeyd olunmalıdır ki, iddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında qanunvericiliyin etika komissiyasının tərkibi, davranışı, sualların məzmunu, həyata keçirilmə qaydası, aşkarlıq və digər hallara dair bir pozuntu olmasını bildirməmişdirlər. İddiaçı tərəfin mövqeyinə görə mübahisələndirilən qərarda istinad olunmuş hal mövcud deyildir. İddiaçı dializ xəstəsidir və əvvəlcə ona anasının böyrəyi köçürülsə də, bu əməliyyat uğursuz olmuşdur. Üçüncü şəxs heç bir təmənna gözləntisi olmadan öz böyrəyini vermək istəyən ailəvi tanışıdır. Üçüncü şəxs ona doğma olmasa da, bir bacı əvəzidir. Mübahisələndirilən qərardan görünür ki, donorun (üçüncü şəxsin) resipiyentə (iddiaçıya) böyrəyinin transplantasiyası qeyri-mümkün hesab edilmişdir. Qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, donor resipiyentlə tanışlıqları barədə suallara qeyri-müəyyən cavablar vermişdir. Eyni zamanda, verdikləri cavablar arasında ziddiyyətlər müəyyən olunmuşdur. Transplantasiyanın əvəzli keçirilməsinə şübhələr var. Hansı ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa görə donor orqanların alqı-satqısı qadağandır. Bundan əlavə, tərəflərə məhkəmə prosesində işin mahiyyətinə, donora, iddiaçı və onun ailə üzlərinə, tanışlığın tarixinə, könüllülük prinsipinə əməl edilibedilməməsinə və s. dair suallar ünvanlanmışdır. Nəticədə, həqiqətən də iddiaçının vəkili və nümayəndəsi ilə üçüncü şəxsin məhkəməyə bildirdiklərinin üst-üstə düşmədiyi, cavabların bir-birini tamamlamadığı müəyyən edilmişdir. Tərəflərin cavabları qeyri-müəyyəndir. Hətta üçüncü şəxsin özünün məhkəmə iclaslarında bildirdikləri ziddiyyətlidir. İddiaçının nümayəndəsi ilə onun vəkilinin bildirdikləri də cavabdeh orqanın qərarında qeyd olunanların əsaslı olmasını təsdiqləyir. Bu səbəbdən də üçüncü şəxsin qohum olmadığı, bir müddət kirayədə yaşadığı evdə qonşu olduğu, iddiaçını əsasən “dializ” müalicəsi üçün aparıbgətirəndə gördüyü, onun anası ilə isə sadəcə 2020 və yaxud 2021-ci ildə qısa müddətdə işlədiyi vaxt tanışı olduğunu əsas gətirməklə donor olmaq arzusunu məhkəmə inandırıcı hesab etmir. Xüsusilə qeyd olunmalıdır ki, üçüncü şəxs izahatında verilmiş suallara tam, dolğun cavab verə bilməmiş, hər dəfə fərqli cavablar vermiş, bu cavabların özü iddiaçı tərəfin izahatından fərqli olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, konkret halda donor orqanının götürülməsinə hər hansı bir məhdudiyyət halları mövcud deyildir. İmtinanın verilməsi üçün qanunda nəzərdə tutulan əsasların hər hansı biri mövcud deyildir, əksinə donorun iradə ifadəsi göz qabağındadır və artıq bu qərarın qəbul edilməsindən 8 ay keçməsinə baxmayaraq donor bu gün də bu fikrindən daşınmamışdır. Lakin mübahisəyə birtərəfli və qeyri obyektiv baxan məhkəmə komissiyanın verdiyi qanunsuz qərarı qanuni hesab etmiş və bunu onun nümayəndəsinin və donorun ifadəsi arasında ziddiyyətlərin olması ilə əsaslandırmışdır. Halbuki bu ziddiyyət böyük bir mahiyyət daşımayaraq tanışlıq tarixi ilə bağlı olmuş, vəkili 6-7 il əvvəldən tanışlığın olduğunu, donor 4 il əvvəl tanışlığın olduğunu demiş, sonra da vəkil işə yeni qoşulduğu üçün həmin tarixi onunla ilə dəqiqləşdirmədiyini bildirmiş, lakin məhkəmə adi bir məsələni qlobal bir ziddiyyət kimi qiymətləndirmişdir. Digər izahatlar demək olar ki, eynilik təşkil elmiş, lakin məhkəmə donora qarşı psixoloji təzyiqlərdən istifadə etməklə onu bu fikirdən yayındırmağa cəhtlər etmiş, lakin donor sona qədər fikrindən dönməmişdir. Məhkəmə araşdırması zamanı donorla anasının bir müddət bir yerdə işləməsi və sonradan donorun anamla qapıbir qonşuluqda kirayədə yaşaması barədə ifadələr eynilik təşkil etmiş, ən başlıcası anamla donor arasında yaranmış isti münasibətlər və bu ağrılardan qurtulmağı üçün donorun insanlıq və mərhəmət göstərməsi sübuta yelmişdir. Böyrəyinin verilməsini donor həyat yoldaşı ilə razılaşdırmış və həm tibbi baxımdan, həm də digər amillərdən bu transplansiyanın həyala keçirilməsinə hər hansı bir əks göstəriş olmamışdır. Məhkəmə donorun yaddaşında bəzi tarixləri unutmasınıı və onun izahatından bir qədər fərqli olmasını mühüm bir amil kimi qiymətləndirmişdir. Halbuki məhkəmənin özünün istinad etdiyi normada komissiyanın qərar qəbul edərkən hansı amilləri əsas götürməli olması qeyd edilmiş və şəxsin izahatında tarixlərin fərqli dcyilməsi donor transplantasiyasının əvəzli olması anlamına gəlmir və bu da məhkəmənin mübahisəni düzgün qiymətləndirməməsinə sübutdur. Donorun hüquqi cəhətdən savadının olmaması, bəzi tarixləri unutması insan həyatı üçün mühüm qərarın verilməsinə əngəl olmamalıdır. Halbuki transplantasiyanın əvəzli keçirilməsinə dair hər hansı bir fakt, sübut əldə edilməmişdir, digər tərəfdən birinci dərəcəli əlil olmaqla işləmir və kimdənsə əvəzli olaraq orqan almağı mümkünsüzdür. Hər hansı bir əsaslı faktın olmamasına baxmayaraq məhkəmə cavabdeh orqanın mövqeyini düzgün saymış və iddia tələbini rədd edərkən bunu belə əsaslandırmışdır ki, məhkəmə prosesində donora, iddiaçıya və onun ailə üzlərinə, tanışlığın tarixinə, könüllülük prinsipinə əməl edilib edilməməsinə və s. dair suallar ünvanlanmış. ,iddiaçının vəkili və nümayəndəsi ilə üçüncü şəxsin məhkəməyə bildirdiklərinin üst-üstə düşmədiyi, cavabların bir-birini tamamlamadığı müəyyən edilmiş,tərəflərin cavabları qeyri- müəyyən və üçüncü şəxsin özünün məhkəmə iclaslarında bildirdikləri ziddiyyətlidir, guya iddiaçının nümayəndəsi ilə onun vəkilinin bildirdikləri də cavabdeh orqanın qərarında qeyd olunanların əsaslı olmasını təsdiqləyir,bu səbəbdən də üçüncü şəxsin qohum olmadığı, bir müddət kirayədə yaşadığı evdə qonşu olduğu, iddiaçını əsasən “dializ” müalicəsi üçün aparıb-gətirəndə gördüyü, onun anası ilə isə sadəcə 2020 və yaxud 2021-ci ildə qısa müddətdə işlədiyi vaxt tanışı olduğunu əsas gətirməklə donor olmaq arzusunu məhkəmə inandırıcı hesab etmir. Halbuki məhkəmə prosesində belə bir hal baş verməmişdir, əksinə vəkil və nümayəndəsi qərarın qanunsuz olmasını dəfələrlə vurğulamış, 3-cü şəxs yaddaşında problem olduğunu bildirmiş və hər iki tərəf eyni faktları təsdiq etməklə iddiaçının anası ilə donorun bir müddət bir yerdə işləmələrini, eyni ünvanda qapıbir qonşu olmalarını,donor işə çıxdığı vaxtlarda iddiaçının anasının onun azyaqlı uşaqlarına baxmasını və bununla da aralarında isti münasibətlərin yaranmasını, donorun onun özünə qardaş əvəzi bilməsini təsdiqləmiş və donorun inadla qərarın ləğv edilməsini tələb etməsi, iddiaçıya böyrək transplantasiyası əməliyyatına razılıq verməsinin insani amillərdən yarandığını demişdir. Məhkəmə hər vasitə, hətta psixoloji təzyiqlə onu bu fikirdən yayındırmağa çalışsa da donor qətiyyətlə öz fikrində qaldığını və sona qədər onun həyatda qalması üçün çalışacağını bildirmişdir. Lakin məhkəmə inzibati orqan tərəfindən verilmiş qərarın əsaslılığına dəlalət edən hər hansı bir faktın və sübutun olmamasına baxmayaraq əsaslı iddia tələbini rədd etmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti iddiaçının apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, imtinanın verilməsi üçiin qanunda nəzərdə tutulan əsasların hər hansı biri mövcud deyildir, əksinə iradə ifadəsi göz qabağındadır və artıq bu qərarın qəbul edilməsindən 8 ay keçməsinə baxmayaraq bu gün də bu fikrindən daşınmamışdır. Lakin mübahisəyə birtərəfli və qeyri obyektiv baxan məhkəmə komissiyanın verdiyi qanunsuz qərarı qanuni hesab etmiş və bunu ifadəsinədə ziddiyyətin olması ilə əsaslandırmışdır. Halbuki bu ziddiyyət böyük bir mahiyyət daşımayaraq tanışlıq tarixi ilə bağlı olmuş, məhkəmə adi bir məsələni qlobal bir ziddiyyət kimi qiymətləndirmişdir. Digər izahatlar demək olar ki, eynilik təşkil etmiş, lakin məhkəmə ona qarşı psixoloji təzyiqlərdən istifadə etməklə bu fikirdən yayındırmağa cəhtlər etmiş, lakin sona qədər fikrindən dönməmişdir. Böyrəyinin verilməsini həyat yoldaşı ilə razılaşdırmış və həm tibbi baxımdan, həm də digər amillərdən bu transplansiyanın həyata keçirilməsinə hər hansı bir əks göstəriş olmamışdır. Məhkəmə yaddaşında bəzi tarixləri unutmağını və iddiaçının izahatından bir qədər fərqli olmasını mühüm bir amil kimi qiymətləndirmişdir. Halbuki məhkəmənin özünün istinad etdiyi normada komissiyanın qərar qəbul edərkən hansı amilləri əsas götürməli olması qeyd edilmiş və izahatında tarixlərin fərqli deyilməsi donor transplantasiyasının şübhəli olması anlamına gəlmir və bu da məhkəmənin mübahisəni düzgün qiymətləndirməməsinə sübutdur. Məhkəmə qərara qiymət verərkən göstərmişdir ki, mübahisələndirilən qərarla donorun (üçüncü şəxsin) resipiyentə (iddiaçıya) böyrəyinin transplantasiyası qeyri-mümkün hesab edilmiş və qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, donor resipiyentlə tanışlıqları barədə suallara qeyri-müəyyən cavablar vermişdir. Eyni zamanda, verdikləri cavablar arasında ziddiyyətlər müəyyən olunmuşdur. Transplantasiyanın əvəzli keçirilməsinə şübhələr var. Halbuki transplantasiyanın əvəzli keçirilməsinə dair hər hansı bir fakt,sübut əldə edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının oğlunun nümayəndələri Nümayəndə və Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X3 özünün apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 41. Sağlamlığın qorunması hüququ Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu Peambula Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Maddə 1. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır: Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti; əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi; tibbi-sosial yardımın hamı üçün mümkünlüyü; sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi. Maddə 10. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Maddə 40. İnsan orqanlarının və toxumalarının donorluğu və transplantasiyası İnsan orqanlarının və toxumalarının donorluğu və onların transplantasiyası sahəsində münasibətlər “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: .... 1.1.4. insan orqanlarının transplantasiyası (bundan sonra – transplantasiya) – sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsi; 1.1.5. orqan donorluğu – donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyət; 1.1.6. donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit; ..... Maddə 4. Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Maddə 9. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi 9.1. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilir. 9.2. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya ilə bağlı informasiya təminatını həyata keçirir, o cümlədən tibb müəssisələrindən məlumatların toplanılmasını təmin edir, vahid dövlət informasiya bazasını aparır, donor orqanların resipiyentlərə verilməsi ardıcıllığını təmin edir, habelə orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti koordinasiya edir. 9.3. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz. Maddə 11. Transplantasiya üzrə koordinator 11.1. Orqan donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi və monitorinqin aparılması donor orqanın götürülməsini və transplantasiyanı həyata keçirən tibb müəssisələrinin transplantasiya üzrə koordinatoru tərəfindən həyata keçirilir. 11.2. Transplantasiya üzrə koordinator ali və ya orta ixtisas tibb təhsilli mütəxəssisdir. 11.3. Transplantasiya üzrə koordinator: ….. 11.3.3. canlı donordan bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq məlumatlandırılmış razılıq alır və həmin məlumatları vahid dövlət informasiya bazasına daxil edir; ….. Maddə 14. Transplantasiyanın zəruriliyi haqqında qərar 14.1. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, tərkibində həkim-transplantoloq olan transplantasiya üzrə həkim komissiyası müəyyən edir. Həkim komissiyasının xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə və ya orqan transplantasiyası üçün tibbi göstərişlərin olmaması barədə qərarı üç nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Həkim komissiyasının qərarının bir nüsxəsi 3 (üç) iş günü müddətində şəxsin özünə və ya onun qanuni nümayəndəsinə, bir nüsxəsi əlaqələndirici quruma təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə əlavə edilir. 14.2. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin forması, tibb müəssisəsinin həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Maddə 16. Canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.2. Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, həkimtransplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir. 16.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir. 16.4. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Maddə 17. Canlı donorun məlumatlandırılmış razılığı 17.1. Donor orqanın götürülməsindən əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə bu Qanunun 1.1.10-cu maddəsində müəyyən edilmiş qaydada məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır. Məlumatlandırılmış razılıq ərizəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 17.2. Canlı donor və onun məlumatlandırılmış razılığına dair məlumatlar canlı donorların reyestrinə daxil edilir. Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Maddə 29. Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olubola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır. “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası” Qaydası

2. Donor orqanların götürülməsi 2.1. Donor orqanların götürülməsi orqan və ya toxumaların transplantasiyası məqsədilə çıxarılması üçün aparılan cərrahi əməliyyatdır. 2.2. Canlı donordan donor orqanların götürülməsi Qanunun 16-cı və 18-ci maddələrinin, meyit donordan donor orqanların götürülməsi isə Qanunun 21-ci və 25-ci maddələrinin tələblərinə əməl etməklə cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Meyit donordan transplantasiya məqsədilə orqanlar götürülərkən bir neçə cərrahiyyə briqadasının eyni vaxtda və ya ardıcıl şəkildə işləməsinə yol verilir. ...... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;.... 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona orqan köçürülməsinə icazənin verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı böyrək çatışmazlığından əziyyət çəkir, bu səbəbdən də böyrək transplantasiyasının keçirilməsini istəyir. Üçüncü şəxs özünün könüllü olaraq böyrək köçürülməsinə razı olduğunu bildirir, bu razılığını iddiaçının anasının çətin vəziyyətlərində ona köməklik göstərməsi, mənəvi dəstək olması, qonşu kimi onların yanında olmaq istəməsi, çarəsiz olduqlarından bu vəziyyətdə yanlarında olması kimi hallarla əsaslandırmışdır. Müvafiq Etika Komissiyası tərəfindən iddiaçı barəsində böyrək transplantasiyasının keçirilməsi məsələsinə dair aparılmış inzibati icraatın materialları məhkəməyə təqdim edilmişdir.İnzibati icraatın materiallarından görünür ki, iddiaçı barəsində böyrək transplantasiyasının keçirilməsi barədə müsbət rəy verilməmişdir. Komissiya qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, donor respiyentlə tanışıqlıqları barədə suallara qeyri-müəyyən cavablar vermişdir, eyni zamanda verdikləri cavablar arasında ziddiyyətlər müəyyən edilmişdir, transplantasiyanının əvəzli keçirilməsinə şübhələr vardır. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı üçüncü şəxs tərəfindən təmənnasız olaraq orqan köçürülməsinə razı olduğunu bildirir, cavabdeh inzibati orqan isə qeyd edilən köçürülmənin ödənişli əsaslarla olmasına dair əsaslı şübhənin olması halına istinad edərək, müsbət rəy verməkdən imtina etmişdir. Kollegiya ilk növbədə onu qeyd edir ki, vətəndaşın tibbi yardım almaq onun sağlamlığının qorunmusa hüququna daxil olmaqla, konstitusion hüquq kimi çıxış edir. Sağlamlığın qorunması hüququnun təmin edilməsi vasitələrindən biri də məhz tibbi yardıma çatımlığın təmin edilməsi təşkil edir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən orqan donorluğu və transplantasiyası qanunçuluq, könüllülük, humanizm, şəfqət və təmənnasızlıq prinsiplərinə əsasən həyata keçirilir, heç bir halda insan orqanları alqı-satqı predmeti ola bilməz. Həmçinin, orqan götürülməsi məhz donorun könüllü və təmənnasız razılığı əsasında həyata keçirilə bilər. Hər hansı şəxsin buna məcbur edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2126/2024 saylı qərarında qeyd edilmişdir ki, “…..orqan və toxuma transplantasiyası ağır xəstə olan şəxslərə həyatını xilas etmək və ya sağlamlığını bərpa etmək imkanı verir. Lakin bu üsul aöır hüquqi və etik nəticələrlə müşayiət olunur. Transplantasiya üzrə yaranan münasibətlərin spesifik xüsusiyyətləri, bu sahənin kriminallaşdırılması təhlükəsi yaradır. Buna görə də qanunda respiyentin və donorun hüquqlarının qorunması üçün bir sıra məhdudiyyətlər müəyyən edilir, cinayət qanunvericiliyində bu sahədə qanunazidd əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur…. Donorluq aşağıdakı etik tələblərə cavab verməlidir:1. könüllülük (donorun respiyentin tabeliyində və ondan maddimənəvi asılılığının olmasından qaynaqlanan təsir səbəblərinin olmaması); 2. donorun maliyyə marağının, kommersiya xarakterli razılaşmanın istisna olunması; 3. donorun orqanının götürülməsinə dərk edilmiş, şüurlu razılığı. Donorluğun məhz bu şərtlər çərçivəsində həyata keçirilməsini təmin etmək məqsədilə yaxın qohum olmayan canlı donorlardan donor orqanının götürülməsi məqsədilə Etika Komissiyası yaradılır. Etika Komissiyasının vəzifəsi donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könülllüyünü və donordan orqan götürülməsini qadağan edən halların olub-olmamasını müəyyən etmək və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul etməlidir. Həmçinin, adıçəkilən qərarda qeyd edilmişdir ki, “.. Etika Komissiyasının qərarı hər bir halda qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməli, ictimai marağa uyğun olmalı və iddiaçının hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıq təmin edilməlidir….Etika Komissiyasının qərarının mübahisələndirildiyi hallarda məhkəmə nəzarəti qyadasında aparılan yoxlama iki mühüm istiqmaəti əhatə edir-qərarın prosessual təminatlara riayət edilməklə qəbul olunub-olunmadığını yoxlamaq və qərarın mahiyyəti üzrə qanuniliyini yoxlamaq. Prosessual təminatlara riayət olunub-olunmadığına qiymət verilməsi istiqmaətində aparılan yoxlama Etika komissiyasının məsələyə baxılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparıb-aparmadığını müəyyənləşdirməyə yönəlir. Həmin icraat qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə aparılmadıqda, xüsusən icraat zamanı yol verilmiş prosessual mahiyyətli pozuntular yekun qərara təsir edə biləcək keyfiyyətdə olduqda lazımi icraatın aparılmadığından söz etmək mümkündür. Bu kimi vəziyyətlərdə, bir qayda olaraq, lazimi icraatın aparılasının təmin edilməsi üçün məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Bu mənada Etika komissiyasının qərarının prosessual təminatlara riayət edilməklə qəbul edildiyini müəyyənləşdirmək baxımından məhkəmələr daha geniş yoxlama səlahiyyətinə malikdir. Lakin bu zaman nəzərə alınmalı olan əsas məsələlərdən biri sözügedən prosessual mahiyyətli pozuntuların məhz yekun qərara təsir edə biləcək keyfiyyətdə olmasıdır. Etika komissiyasının qərarının mahiyyət üzrə qanuniliyinə qiymət verərəkən isə ilk növbədə inzibati orqanın bu vəziyyətlərdə diskresion səlahiyyətlər həyata keçirdiyi nəzərə alınmalıdır. Bundan başqa baxılan məsələyə münasibətdə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş qərar “əsaslı şübhələrin” mövcudluğuna da əsaslana bilər. Bu nöqteyi nəzərdən inzibati orqanın diskresion səlahiyyətlərə əsaslanan fəaliyyəti zamanı “əsaslı şübhə” meyarından istifadə etməkə qəbul etdiyi qərarın qanuniliyininin yoxlanması zamanı bir qədər fərqli standart və yanaşma tələb edilir. “Əsaslı şübhə” qənaətinin açıq-aşkar əsaslandırılmadığı təqdirdə diskresion səlahiyyət əsasında qəbul edilmiş qərarınqüvvədə saxlanması məhkəmə icraatının pozulmş hüquqların səmərəli müdafiəsi məqsədlərinə uyğun ola bilməz. Məhkəmələr, Etika komissiyasının qərarında “əsaslı şübhə”nin mövcudluğu nəticəsinə gəlinərkən real faktiki hallardan çıxış edilib-edilmədiyini yoxlamalıdırlar. Başqa sözlə desək, əsaslı şübhə tərəflərə aid edilə biləcək real faktiki hallara söykənməli, həmin halların əldə edildiyi mənbələr bəlli olmalı və icraatın gedişində araşdırmanın premdetini təşkil etməlidirş Qeyd edilən tələblərə riayət edilməklə gəlinmiş “əsaslı şübhə” hazırki məsələyə münasibətdə inzibati orqanının qərarının əsaslandırıldığı nəticəsinə gəlmək üçün yetərlidir….. Qeyd olunmalıdır ki, sağlamlıq, orqanizmin bütövlüyü hər bir şəxsdə olduğu kimi donor üççün də həyati əhəmiyyətə malikdir. İnsanın öz sağlam orqanını bağışlamaq barədə qərarı, sağlamlığına risk törətməklə müşayiət olunur. Buna görə də insanın öz sağlam orqanının bağışlamaq barədə gəldiyi qərar, həyatda qəbul edilən adi qərarlardan fərqli olaraq, çox ciddi (eyni zamanda sağlam düşüncəyə, cəmiyyətdə rəğbətlə qarşılanan şəfqətə əsaslanan motivlərlə qəbul edilən) bir əsasa söykənmiş olmalıdır. Təsadüfi deyildir ki, qanunverici yaxın qohum olmayan canlı donorun niyyətinin məhz etik əsaslarının yoxlanması üçün xüsusi bir qayda müəyyən etmişdir. Buna görə Komissiya donorun iddiaçı ilə emosional bağlılığının, özlərinin əsaslandırdıqları dostluq münasibətlərinin olub-olmamasını araşdırmış və bu münasibətlərin olmaması nəticəsinə gəlmişdir”. Kolegiya formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq hesab edir ki, indiki halda araşdırılmalı olan hal məhz inzibati orqan tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq inzibati icraat aparmaqla (prosessual təminatlara riayət edilməklə) qərar qəbul olunub-olunmaması və qərarın mahiyyəti üzrə qanuni olub-olmaması halıdır. Göstərilənlərə əsasən kollegiya onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən məsələ ilə bağlı cavabdeh izibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat aparılmış, aparılmış inzibati icraatın materialları məhkəməyə təqdim edilmişdir. Həmin icraat materialları məhkəmə tərəfindən tədqiq edilmiş, nəticə etibarilə aparılmış inzibati icraat çərçivəsində qanunvericiliklə müəyyən edilmiş prosessual təminatlara dair tələblərə riayət edilməməsi halı müəyyən edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəfindən də məhz inzibati icraatın qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun aparılıb-aparılmaması ilə bağlı tələbin əsası kimi və ya şikayətin dəili kimi heç bir hala istinad edilməmiş, həmin istiqamətdə heç bir hal mübahisələndirilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq qərarın qəbul edilməsi zamanı prosessual təminatlara dair tələblərə riayət edildiyindən, həmin hissədə cavabdehin hərəkətlərinin qanunazidd olması halı müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərarın qanuniliyinin yoxlanılması ilə bağlı onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqan həmin qərarını yalnız donorun respiyentlə tanışlıqları barədə verilən suallara dair cavablarının qeyri-müəyyən olması, ziddiyyətli olması halına istinad edərək, orqan köçürülməsinin əvəzli həyata keçirilməsinə “əsaslı şübhə ”nin olması halı ilə əsaslandırmışdır. Bu halda kollegiya hesab edir ki, indiki halda bu istiqamətdə araşdırılmalı olan hal məhz cavabdeh inzibati orqanın “əsaslı şübhə”nin mövcudluğu nəticəsinə gəlinərkən real faktiki hallardan çıxış edib-etmədiyinin yoxlanılmasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, orqan köçürülməsi nəticəsində donora münasibətdə də onun həyatı və sağlamlığı üçün müəyyən təhlükə ehtimalı və ya riski mövcud ola bilər. Başqa sözlə desək, donorun da sağlamlığının pozulması riski yarana bilər. Belə olan halda kollegiya hesab edir ki, şəxsin öz həyatı üçün mümkün ola biləcək riski (təhlükə ehtimalını, sağlamlığının pozulması riskini) qəbul edərək, orqan köçürülməsinə razılığının təmənassız həyata keçirilməsi üçün aşkar dəlillər (əsaslı olaraq mənəvi borcunun ödənilməsi hissinin mövcudluğu, uzun illərə dayanan dostluq münasibətlərinin olması, emosional bağlılıq və s.) mövcud olmalıdır. Başqa sözlə desək, insanın sağlamlığı onun üçün qiymətli bir “dəyər” kimi çıxış edir və orqan köçürülməsinin könüllülük və təmənnasızlıq prinsipləri əsasında həyata keçirilməsi baxımından dəyərləndirmə aparılması üçün insan sağlamlığının pozulması riskinin başqa şəxsin xeyrinə gözəalınması üçün əsaslı motivin olması halının müəyyən edilməsi zəruridir. İndiki halda isə üçüncü şəxs bu halı yalnız qonşu olması, iddiaçının çarəsiz vəziyyətdə ona kömək etmək istəməsi, iddiaçının anasının ona çətin anlarında mənəvi dəstək olması (uşaqlarının saxlanmasına köməklik etməsi, maddi-mənəvi dəstək olması və s.) kimi hallarla əsaslandırmışdır. Hansı ki həmin halların xarakterini gözəalınacaq riskin xarakteri və nəticələri ilə müqayisə etdikdə orqan köçürülməsinin təmənnasız həyata keçirilməsi qənaətinə gəlmək mümkün deyildir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə iclasında üçüncü şəxsin verdiyi izahatları (qonşu olmaları, ona uşaqlarının saxlanmasında kömək etmələri, qardaşı kimi kömək etmək istəməsi və s.) əsasında da onun sağlam orqanını bağışlamaq barədə gəldiyi qənaətinin təmənnasız olaraq həyata keçirilməsinə əsas olan motivlərini də müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki,iddiaçı ilə üçüncü şəxs arasında mövcud olan münasibətləri və üçüncü şəxsin istinad etdiyi halları təhlil etdikdə, habelə üçüncü şəxsin öz sağlam orqanını bağışlamaq barədə qərarının motivlərin xarakterini və onun üçün bu qərarın yaratdığı nəticələrin xarakterini (həyat və sağlamlığı üçün real təhlükə riski, sağlamlığının pozulması riski və s.) müqayisə etdikdə, işin müəyyən edilmiş halları orqan köçürülməsinin təmənnasız həyata keçirilməsini deməyə əsas vermir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində müvafiq qərar qəbul edərəkən istinad etdiyi “əsaslı şübhə”nin mövcudluğu məhkəmə araşdırması zamanı da öz təsdiqini tapdığından, cavabdehin iddiaçı barədə qəbul etdiyi qərarı mahiyyət etibarilə də əsaslı və qanuni olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçının və üçüncü şəxsin şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-6249/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar