Məhkəmə qərarları › İş №2-1(105)-265/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-265/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-265/2021 12.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli və 19.12.2019-cu il tarixli **********242800 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2-1(118)-133/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 7412,22 manat məbləğin azaldılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli və 19.12.2019-cu il tarixli **********242800 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırılması İddiaçıya "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 20.08.2019-cu il tarixli **********929900 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayına ƏDV üzrə 7412,22 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamaya əsas kimi 01.01.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yaranması və təsərrüfat subyektinin olmaması, nəticədə mal qalığının faktiki olaraq mövcud olmaması göstərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 20.08.2019-cu il tarixli **********929900 nömrəli qərarı qanunsuz və əsassız hesab edirlər. İlk öncə iddiaçıya əlavə vergi məbləğinin hansı həcmdə mal qalığına və hansı rentabellik əsasında hesablanması tam qeyri-müəyyəndir. İkincisi, cavabdeh vergi orqanı mübahisəli inzibati aktı qəbul edərkən əlində əsas olaraq iddiaçı tərəfindən 2018-ci ilin ilk 9 ayı ərzində alınmış və ya idxal edilmiş malların dəyərini və 01.01.2018-ci il tarixə mal qalığını əsas götürmüşdür. Belə ki, cavabdeh hesab etmişdir ki, iddiaçı 2018-ci ilin ilk 9 ayı ərzində aldığı və idxal etdiyi malları, eləcə də 01.01.2018-ci il tarixə olan mal qalığını 2019-cu ilin sentyabr ayında satmış və həmin ay üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən dövriyyəni əksik bəyan etmişdir. Bununla bağlı bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş mallar üzrə vergiyə cəlb edilən dövriyyə müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində tam şəkildə bəyan edilmiş və iddiaçının vergiyə cəlb edilməmiş hər hansı mal qalığı mövcud olmamışdır. Eyni zamanda qeyd edir ki, iddiaçının fəaliyyəti 02.12.2013-cü il tarixdən dayandırılmış və bununla bağlı müvafiq arayış cavabdeh vergi orqanına təqdim edilmişdir. Bundan başqa, vergi orqanında uçotda olan sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin (təsərrüfat subyektinin) və nəzarət kassa aparatının uçotdan çıxarılması ilə bağlı 12.12.2013-cü il tarixli ərizələrlə cavabdeh vergi orqanına mütaciət etmiş və müraciət sonuncu tərəfindən təmin edilmişdir. Həmçinin, iddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi o, 2013-cü ildən sonra vergi orqanına yalnız boş hesabatlar, yəni vergiyə cəlb edilən dövriyyəsinin olmamasına dair bəyanamələr təqdim etmişdir. Göründüyü kimi iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə satdığı malların dəyərini təqdim etdiyi vergi bəyannamələrində tam şəkildə əks etdirmiş və vergilərini tam şəkildə ödəmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən 2018-ci ilin ilk 9 ayında mal alındığını (halbuki həmin dövrdə iddiaçının ümumiyyətlə fəaliyyəti olmamışdır) və 01.01.2018-ci il tarixə mal qalığının olduğunu və 2018-ci ilin sentyabr ayında satıldığını qəbul etmiş və fərziyyə əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. İnzibati orqan inzibati akt qəbul edərkən işin faktiki hallarını, o cümlədən inzibati aktın doğruluğunu şüphə altına ala biləcək hər bir halı tam və obyektiv araşdırmalı və inzibati aktın qəbul edilməsini zəruri edən bütün sübutları toplamalıdır. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2018-ci ilin sentyabr ayında hər hansı malın satışı barədə vergi orqanında hər hansı sübut olmadığı halda, vergi orqanı həmin malları fərziyyə əsasında satılmış kimi qəbul edərək iddiaçıya qanunsuz əlavə vergi məbləği hesablamışdır. Halbuki, İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bundan başqa, cavabdeh mübahisələndirilən inzibat aktı qəbul edərkən Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilən müddəti ötürmüşdür. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçı 12.12.2013-cü il tarixdə sahibkarlıq fəaliyyətini dayandırmış və həmin dövrdən sonra faktiki olaraq hər hansı sahibkarlıq fəaliyyəti göstərməmişdir. Bunu iddiaçının fəaliyyətinin dayandırılması barədə arayışın, ona məxsus təsərrüfat subyektinin və nəzarət kassa aparatının uçotdan çıxarılması barədə ərizələrin cavabdeh vergi orqanı tərəfindən qəbul edilərək təmin edilməsi də sübut edir. İddiaçının hər hansı mal qalığı cavabdehin fərziyyə etdiyi kimi həqiqətən də mövcud olmuş olsaydı, həmin mallara görə əlavə vergi məbləği satıldığı dövrə, yəni 2013-cü ilin dekabr ayına qədər olan dövrə hesablana bilərdi. Lakin VM-nin 85.4-cü maddəsinin tələblərinə müvafiq olaraq 3 illik müddət ötdüyündən cavabdeh vergi orqanı həmin dövr üzrə hesablama aparmaq hüququnu itirmişdir. Məhz bu səbəbdən də cavabdeh vergi orqanı müddəti ötürdüyünü anlayaraq, müvafiq hesablamanı qanunsuz olaraq 2018-ci ilin sentyabr ayı üzrə aparmışdır. Halbuki həmin dövrdə iddiaçının hər hansı sahibkarlıq fəaliyyəti olmamışdır. Cavabdeh iddaçı tərəfindən 2018-ci ilin 9 ayında mal alındığını və 01.01.2018- ci il tarixə mal qalığının olduğunu və həmin malların 2018-ci ilin sentyabr ayında satıldığını qəbul edərək fərziyyə əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bundan sonra cavabdeh vergi orqanı eyni əsaslarla iddiaçı barəsində 19.12.2019-cu il tarixli **********242800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmiş və həmin qərar əsasında iddiaçıya 2018-ci il üzrə 1372,64 manat gəlir vergisi hesablamışdır. Göründüyü kimi iddiaçı tərəfindən 2018-ci ilin sentyabr ayında hər hansı malın satışı barədə vergi orqanında hər hansı bir sübut olmadığı halda, vergi orqanı həmin malları fərziyyə əsasında satılmış kimi qəbul edərək iddiaçıya qanunsuz əlavə vergi məbləği hesablamışdır. Cavabdehin iddia tələbinə dair etirazı Cavabdeh tərəfindən vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 7412,22 manat və 2018-ci il gəlir vergisi bəyannaməsi üzrə 1372,64 manat analoji qaydada vergi məbləğləri hesablanmışdır. Belə ki, vergi ödəyicisinin 01.01.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabelik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmişdir. Təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratmış və bu səbəbdən mövcud olan mal qalığı üzrə kənarlaşma yaranmışdır. Həmçinin 2018-ci il ərzində tərəflərindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin, həmçinin dövrlər üzrə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğlərinin araşdırılması zamanı təqvim ili ərzində ümumi gəlirləin 41179 manat müəyyən edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir ki, bu hal vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Bu səbəbdən şərti rentabellik norması əsasında gəlir vergisinin hesablanması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəycisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və ya izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 14.11.2018-ci il tarixli **********263300 nömrəli və 11.04.2019-cu il tarixli, **********329600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçıya ünvanlanmış 14.11.2018-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 7412,22 manat analoji qaydada vergi məbləği hesablanılmışdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 20.08.2019-ci il tarixli **********929900 nömrəli Qərarı göndərilmişdir. Həmçinin iddiaçıya ünvanlanmış 11.04.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il gəlir vergisi bəyyannaməsi üzrə 1372,64 manat analoji qaydada vergi məbləği hesablanılmlşdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının “Vergilərin hesablanması barədə” 30.08.2019-cu il tarixli, **********91300 nömrəli qərarı göndərilmişdir. İddiaçı 2013-cü ildən fəaliyyətinin olmamasını bildirsə də "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən sənədlər iddiaçının dəlillərinin əsassız olduğunu göstərir. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2-1(118)-133/2020 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəməyə təqdim edilmiş elektron vergi hesab-fakturalarından görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya müəyyən məbləğdə malların təqdim edilməsi həyata keçirilmişdir. Bu hal da öz növbəsində iddiaçının 02.12.2013-cü il tarixdən fəaliyyətini dayandırması, heç bir fəaliyyət göstərməməsi ilə bağlı dəlilini təkzib edir. İddiaçı tərəfindən malların alınması vergi hesab-fakturalar ilə təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qeyd edilən hallara görə iddiaçıya gəlir və ƏDV ilə bağlı əlavə vergi məbləğinin hesablanması qanuni olmuşdur. Belə ki, göründüyü kimi 2017-ci illərdə iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar həyata keçirilmiş və onun gəlir vergisinin, habelə ƏDV məqsədləri üçün vergi öhdəlikləri yaranmışdır. İş materiallarındam göründüyü kimi İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayına ƏDV üzrə 7412,22 manat, 19.12.2019-cu il tarixli **********242800 nömrəli Qərara əsasən isə 2018-ci ilin gəlir vergisi üzrə 1372,64 manat əlavə vergi məbləği hesablamışdır. Hesablamaya əsas kimi 01.01.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzindəəə E- VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yaranması və təsərrüfat subyektinin olmaması, nəticədə mal qalığının faktiki olaraq mövcud olmaması göstərilmişdir. Məhkəməyə təqdim edilmiş etirazdan aydın olur ki, cavabdeh vergi orqanı iddiaçının mal qalığını 41179,0 manat təsbit etmiş və bunun əsasında iddiaçıya 7412,22 manat ƏDV hesablamışdır. 41179*18%=7412,22 Mal qalığının sübut kimi isə "xxxx" MMC tərəfindəniddiaçıya göndərilmiş elektron vergi hesab-fakturalar göstərilmişdir. İlk öncə qeyd etmişdir ki, bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə göndərilmiş elektron vergi hesab-faktura onda göstərilən malların təqdim edilməsinə və nəticədə həmin əməliyyat üzrə vergilərin hesablanmasına əsas ola bilməz. Belə ki, elektron vergi hesab-fakturası internet vergi idarəsində (e-taxes.gov.az saytında) istənilən vergi ödəyicisi tərəfindən onun üçün yaradılmış elektron kabinet vasitəsilə hər hansı məhdudiyyət və ya əlavə şərt olmadan, sərbəst şəkildə hazırlanaraq başqa bir vergi ödəyicisinin elektron kabinetinə göndərilə bilər. Elektron vergi hesab-fakturası elektron kabinetə daxil olduqdan 5 gün ərzində təsdiq edilə və ya imtina edilə bilər. 5 gün ərzində hər hansı müdaxilə edilmədikdə avtomatik şəkildə təsdiq edilmiş sayılır və bundan sonra həmin fakturaya ona alan vergi ödəyicisi tərəfindən hər hansı müdaxilə edilməsi mümkünsüz olur. İş materiallarından görünür ki, "xxxx" MMC hər hansı mal alqı-satqısı həyata keçirilmədiyi halda, 2017-ci ilin müxtəlif aylarında ümumi dəyəri 3059,31 manat olan mallara dair elektron vergi hesab-fakturaları və elektron qaimə-fakturaları iddiaçının elektron kabinetinə göndərmişdir. İddiaçı həmin dövrdə fəaliyyət göstərmədiyindən və dolayısı ilə elektron kabinetinə daxil olmadığından həmin fakturalardan məlumatı olmamış, nəticədə 5 gün ərzində imtina verilmədiyindən həmin fakturalar avtomatik şəkildə təsdiqlənmişdir. Buna baxmayaraq hesab-fakturalarda göstərilən mallar bu günədək iddiaçıya təqdim edilməmişdir. Qeyd olunan hesab-fakturalarda göstərilən malların iddiaçıya təqdim edilməsini təsdiq edən sənədlərin (malların təhvil təslim aktı) məhkəməyə təqdim edilməsi üçün sorğu ilə "xxxx" MMC-yə müraciət edilsə də, sonuncu həmin sorğuya cavab olaraq yalnız elektron hesab-fakturaların surətini göndərməklə kifayətlənmişdir. Halbuki elektron vergi hesab-fakturaların mövcudluğu hazırkı iş üzrə tərəflər arasında mübahisə predmeti deyildi. Mübahisə predmeti malların faktiki olaraq təqdim edilib-edilməməsi idi ki, bunu da təsdiq edən sənəd yalnız malların təhvil verilməsinə dair iki tərəfli tərtib edilmiş akt və ya hər iki tərəfin imzalayaraq möhürlə təsdiq etdiyi kağız daşıyıcıda qainə-faktura ola bilərdi. Tərəflər arasında buna dair tərtib edilmiş hər hansı akt isə mövcud olmadığından "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, elektron vergi hesab-fakturasında adları göstərilən malların "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilməsinə dair hər hansı sübut olmadığı halda, məhkəmə elektron vergi hesab-fakturalarını həmin malların təqdim edilməsini təsbit edən sənəd hesab etmiş və cəmiyyətin vergi tutulan əməliyyat aparması nəticəsinə gəlmişdir ki, bu da yalnış məhkəmə təcrübəsinin yaranması ilə nəticələnə bilər. Belə ki, istənilən vergi ödəyicisi istənilən digər vergi ödəyicisinin elektron kabinetinə ondan xəbərsiz elektron qaimə faktura göndərə, 5 gündən sonra isə həmin şəxsə həmin malları təqdim etdiyini iddia edə və hətta malların dəyərinin ödənilməsini məhkəmə qaydasında tələb edə bilər ki, bu da tamamilə qanunvericiliyə zidd təcrübənin formalaşmasına səbəb ola bilər. İkincisi, elektron vergi hesab-fakturalarında göstərilən malları doğrudan da iddiaçıya təqdim edildiyi sübuta yetirilmiş olsaydı belə, yenə də iddiaçıya həmin mallara görə 7412,22 manat məbləğində əlavə vergi məbləği hesablana bilməzdi. Belə ki, elektron vergi hesab-fakturalardan göründüyü kimi, həmin fakturalar ümumilikdə 3059,31 manat məbləğində mallar ilə bağlı tərtib edilmişdir ki, bu da iddiaçıya cəmi 550,67 manat ƏDV məbləğinin hesablanmasına əsas ola bilərdi. 3059,31*18%=550,67 Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq izahatında bildirdi ki, apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavabdeh vergi orqanı tərəfindən verilmiş cavabdan aydın olur ki, hazırkı iş üzrə mübahisə predmeti olan 2018-ci ilin Gəlir vergisinin və həmin ilin sentyabr ayı üzrə ƏDV-nin hesablanmasının əsasını iddiaçı tərəfindən təqdim edilmiş 2013-cü ilin Gəlir vergisi bəyannaməsində əks etdirilmiş 43217.8 manat mal qalığı və 2017-ci ildə iddiaçıya "xxxx" MMC tərəfindən göndərilmiş 3059.32 manat elektron vergi hesab-fakturaları təşkil edir. Belə ki, hər iki göstəricinin cəmini nəzərə almaqla cavabdeh vergi orqanı iddiaçının ƏDV ilə birlikdə mal qalığını 46277.12 (43217.8 + 3059.32) manat, həmin qalığın ƏDV-siz dəyərinə 5 faiz ticarət əlavəsi (46277.12 / 1.18 + 5%) tətbiq edildikdən sonra, vergiyə cəlb edilən dövriyyəsini isə 41179,0 manat təsbit etmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi məbləği hesablayarkən 2013-2018-ci illər üzrə təqdim edilmiş Gəlir vergisi bəyannamələrinin 1 nömrəli Əlavəsinin 1.3.1-ci sətrində öz əksini tapmış 43217,80 manat mal qalığını əsas götürmüş və hesab etmişdir ki, həmin mal qalığı iddiaçı tərəfindən 2018-ci ilin sentyabr ayında satılmışdır. Bununla bağlı olaraq bildirir ki, iddiaçının hər hansı mal qalığı olmamışdır. Belə ki, iddiaçı bütün mallarını 2013-cü ildə satmış və həmin tarixdən sonra sahibkarlıq fəaliyyətini dayandırmış, sahibkarlıq fəaliyyəti göstərdiyi obyekti və həmin obyektdə quraşdırılmış nəzarət kassa aparatını isə 2013-cü ilin dekabr ayında uçotdan çıxarmışdır. İddiaçının istehlak müddəti ilə məhdudlaşdırılmış ərzaq mallarının satışı ilə məşğul olduğunu da nəzərə alınsa həmin malların 5 il müddətində saxlanılması və 5 il sonra satılması da hər hansı məntiqə uyğun deyil. İkincisi, Gəlir vergisi bəyannaməsində göstərilən mal qalığı hesabatı tərtib etmiş mühasibin xətası nəticəsində yaranmış və bu hal cavabdeh vergi orqanı tərəfindən hər hansı araşdırma aparılmadan vergilərin hesablanması zamanı əsas götürülmüşdür. Belə ki, 2013-cu il üzrə Gəlir vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3.2-ci sətrində hesabat dövrü ərzində mədaxil edilmiş malların dəyəri 120845,63 manat, həmin dövr ərzində satılmış malların dəyəri isə 111661,57 manat göstərildiyi halda, hesabat ilinin sonuna mal qalığı 43217,80 manat əks etdirilmişdir. Halbuki, həmin göstərici 9184,06 manat (120845.63 – 111661.57) ola bilərdi. Bu isə o deməkdir ki, Gəlir vergisi bəyannaməsində öz əksini tapmış göstəriciləri doğru qəbul etsək, iddiaçının 2013-cü ilin sonuna mal qalığı cavabdehin iddia etdiyi kimi 41179,0 manat deyil, 9184.06 manat, "xxxx" MMC tərəfindən göndərilmiş 3059.32 manat elektron vergi-hesab fakturanının da doğru olduğunu zənn etsək, 2018-ci ilin əvvəlinə mal qalığı 12,243.38 manat (9184.06 + 3059.32) ola bilərdi. Başqa sözlə desək, qeyd olunan göstəricilər əsasında cavabdeh vergi orqanı iddiaçıya 2203.81 (12243.38 * 18%) manat ƏDV və 408.12 (12243.38 / 6 * 20%) manat Gəlir vergisi hesablaya bilərdi. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin hüquqi və faktiki hallarını tam, hərtərfli və obyektiv araşdırmamış və bu səbəbdən düzgün olmayan nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquq və maraqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz ilə eyni məzmunda izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2- 1(118)-133/2020 saylı qərarı ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçı barəsində aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği barədədir. Belə ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli qərarı ilə iddiaçıya kameral vergi yoxlaması nəticəsində 2018-ci ilin sentyabr ayı üzrə 7412,22 manat ƏDV, 19.12.2019-cu il tarixli **********242800 nömrəli Qərara əsasən isə 2018-ci il üzrə 1372,64 manat məbləğində gəlir vergisi hesablanmışdır. Cavabdehin mövqeyinə görə, vergi ödəyicisinin 01.01.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabelik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmişdir. Təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratmış və bu səbəbdən mövcud olan mal qalığı üzrə kənarlaşma yaranmışdır. Həmçinin 2018-ci il ərzində tərəflərindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin, həmçinin dövrlər üzrə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğlərinin araşdırılması zamanı təqvim ili ərzində ümumi gəlirləin 41179 manat müəyyən edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir ki, bu hal vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Bu səbəbdən şərti rentabellik norması əsasında gəlir vergisinin hesablanması nəzərdə tutulmuşdur. Hazırda iddiaçı hər iki qərarı mübahisələndirərək ləğv edilməsini və həmin qərarlara əsasən hesablanmış 7412,22 manat ƏDV, 1372,64 manat gəlir vergisi olmaqla, ümumilikdə 8784.86 manat əlavə vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İddiaçının tələbi iki əsas dəlilə söykənir: 1) Əlavə vergi məbləğinin hansı həcmdə mal qalığına və hansı rentabellik əsasında hesablanması tam qeyri-müəyyəndir. 2) İddiaçının hər hansı mal qalığı olmadığı halda, vergi orqanı mübahisəli inzibati aktları qəbul edərkən əsas olaraq iddiaçı tərəfindən 2018-ci ilin ilk 9 ayı ərzində alınmış və ya idxal edilmiş malların dəyərini və 01.01.2018-ci il tarixə mal qalığını əsas götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Yoxlamanın aparılması zamanı qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə Vergi Məcəlləsi): - 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; - 37.3-ci maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər; - 37.4-ci maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır; - 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda (...) vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, kameral vergi yoxlaması keçirilən zaman cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmiş və iddiaçının təqdim etdiyi vergi bəyannaməsi ona vergilərin hesablanması üçün əsas kimi qəbul edilmişdir. Bu hissədə cavabdehin bildirdiyi dəlillərlə məhkəmə kollegiyası razılaşır. Belə ki, işin hallarından görünür ki, iddiaçıya mübahisələndirilən qərarlar ilə əlavə vergi məbləğlərinin hesablanmasının əsasını iddiaçı tərəfindən təqdim edilmiş Gəlir vergisi bəyannaməsində əks etdirilmiş 43217.80 manat mal qalığının və 2017-ci il ərzində "xxxx" MMC-dən alınmış 3059.32 manat malların təqdim edilməsi ilə bağlı hər hansı hesabatın vergi orqanına təqdim edilməməsi və nəticədə həmin satış dövriyyəsinin vergidən yayındırılması olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir - 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. - 159.5-ci maddəsinə əsasən Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Sadalanan normaların tələbinə görə, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Maddənin mənası belə izah olunur ki, əgər mallar ƏDV-ni ödəməklə əldə edilmişdirsə, onlardan qeyri-kommersiya məqsədləri üçün istifadə edildikdə və ya onların mövcudluğu hər hansı bir qaydada müəyyən edilmədikdə, həmin malların dəyəri ƏDV məqsədləri üçün vergitutma obyektini təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisi olan fərdi sahibkarın gəlir vergisi məqsədləri üçün vergitutma obyekti onun vergi ili ərzində bütün gəlirləri ilə gəlirdən çıxılmasına yol verilən xərcləri arasındakı fərq təşkil edir və həmin fərq 20 faiz dərəcə ilə vergiyə cəlb edilir. Vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda isə, vergitutlan gəlir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaların”a əsasən müəyyən edilir. İşdən görünür ki, iddiaçı vergi orqanında qeydiyyatdan keçərək VÖEN almış, ixtisaslaşdırılmamış sair mağazalarda məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. İddiaçı 02.12.2013-cü il tarixdə 5 illik müddətə fəaliyyətini dayandırmış, eyni zamanda 12.12.2013-cü il tarixdə fəaliyyət göstərdiyi obyektin uçotdan çıxarılmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir. 25.06.2014-cü il tarixdə iddiaçı fəaliyyətini bərpa etsə də, iş materiallarından görünür ki, vergi orqanına hər il boş bəyannamələr təqdim etmiş, mal qalığına dair 2013-cü ildə təqdim edilən bəyannamədəki məlumatları qeyd etmişdir. Belə ki, iddiaçı vergi orqanına 2013-cü il üzrə “Gəlir vergisinin bəyannaməsi”ni təqdim edərək, “Gəlir vergisi bəyannaməsinin” “Əlavə 1” hissəsində “1.3.2.Mallar” sütununda hesabat dövrünün sonuna 43217.80 manat mal qalığı olduğunu bəyan etmiş, sonradan hər il həmin məlumatları təkrarlamışdır. Cavabdehin bildirdiyi əsaslara görə, iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində mal qalığı göstərilsə də, lakin həmin mallardan hansı qaydada istifadə edilməsi qeyri-müəyyən olduğundan və iddiaçı bununla əlaqədar məlumat vermədiyindən, onun fəaliyyətinin ərzaq mallarının satışından ibarət olduğu nəzərə alınmaqla, cavabdeh istinad edilən maddəyə əsasən ƏDV hesablamışdır. Eyni zamanda 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı olduğu və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabelik əsasında silinən mal nəzərə alınmaqla 41179 manat mal qalığının yarandığı müəyyən edilmiş və həmin məbləğə ƏDV və gəlir vergisi hesablanmışdır. Cavabdehin etirazında göstərdiyi və məhkəmə iclasında nümayəndəsinin verdiyi izahatla hesablanmış vergi məbləği arasında əhəmiyyətli ziddiyyət müşahidə edilmişdir. Belə ki, cavabdehin mövqeyini əsas götürsək, vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində mal qalığında əks etdirilmiş qalıq məbləğinin ( 43217.80 manat) üzərinə "xxxx" MMC tərəfindən 2017-ci ilin aprel və may ayları ərzində təqdim edilmiş 3059,31 manat dəyərində məbləği əlavə etdikdə 46277,12 (43217.80+3059.21=46277.12) manat mal qalığının yarandığı müəyyən edilir. Vergi orqanı isə mal qalığının məbləğini 41179 manat qeyd etmişdir. Bu sualı cavabdehin nümayəndəsi cavablandıra bilmədiyindən kollegiya tərəfindən işin obyektiv araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Cavabdeh “sübutların təqdim edilməsi haqqında” 22.10.2021-ci il tarixli **********113400 saylı məktubla kollegiyanın verdiyi sualları müvafiq ardıcıllıqla aşağıdakı qaydada cavablandırmışdır:

1. Sual: 2018-ci il üzrə Gəlir vergisinin və həmin ilin sentyabr ayı üzrə ƏDV-nin hesablanmasına əsas olmuş 41179,0 manat vergiyə cəlb edilən dövriyyə hansı qaydada və nəyin əsasında hesablanmışdır? Cavab: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2013-cü il gəlir vergisi bəyannaməsində mal qalığında əks etdirilmiş 43217,80 manat məbləğə əsaslandırılmışdır.

2. Sual: Vergiyə cəlb edilən 41179,0 manat dövriyyənin yaranmasına əsas vergi ödəyicisi tərəfindən 2013-cü il üzrə təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3.2-ci (Mallar) sətrində göstərilən hesabat dövrünün sonuna olan qalıq məbləği olmuşdurmu? Əgər olmuşdursa, həmin bəyannamədə göstərilən 43217,80 manat qalıqla 41179,0 manat dövriyyə arasındakı 2038,8 manat fərqi nə ilə izah edə bilərsiniz? Cavab: Bəli, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2013-cü il gəlir vergisi bəyannaməsində mal qalığında əks etdirilmiş qalıq məbləği səbəb olmuşdur. Eyni zamanda 2017-ci il gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı müvafiq il üzrə əldə edilmiş vergi hesab-fakturalara əsasən 3059,32 manat məbləğ 1.3.2-ci (Mallar) sətrində “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş və dövrün əvvəlinə olan 43217,80 manat + dövr ərzində daxil olmuş 3059,32 manat=dövrün sonuna 46277,12 manat məbləğ yaranmışdır.

3. Sual: Vergiyə cəlb edilən 41179,0 manat dövriyyə hesablanan zaman "xxxx" MMC tərəfindən 2017-ci ilin aprel və may ayları ərzində təqdim edilmiş 3059,31 manat dəyərində elektron qaimə-fakturalar nəzərə alınmışdırmı? Cavab: Nəzərə alınmışdır. 2017-ci il gəlir vergisi bəyannaməsində 1.3.2-ci (Mallar) sətrində dövrün sonuna olan 46277,12 manat məbləğ (dövrün əvvəlinə olan 43217,80 manat+dövr ərzində daxil olmuş 3059,32 manat) ƏDV ilə birlikdə nəzərə alınmış, 46277,12/1,18=39217,90 manat (ƏDV)-siz məbləğə 5% rentabellik tətbiq edilmiş, nəticədə 39217,90*105%=41179 manat dövriyyə məbləği yaranmışdır. Verilən cavabda cavabdeh, 41179 manat dövriyyənin necə yaranması ilə bağlı açıqlamasında təkrar hesab səhvinə yol vermişdir. Belə ki, 46277.12 manat məbləğində malın ƏDV-siz dəyəri əslində (46277.12 -18%=37947.24) 37947.24 manat etdiyi halda, cavabdeh həmin məbləği 39217.90 manat hesablamış və üzərinə 5 faiz ticarət əlavəsi gəlmişdir. Beləliklə, vergi məbləğinin hesablanması zamanı inzibati orqan tərəfindən riyazı səhvə yol verilsə də, vergi orqanının cavabından müəyyən olunur ki, iddiaçıya mübahisələndirilən qərarlar ilə əlavə vergi məbləğlərinin hesablanmasının əsasını iddiaçı tərəfindən 2013-cü il üzrə təqdim edilmiş Gəlir vergisi bəyannaməsində əks etdirilmiş 43217.80 manat mal qalığının və 2017-ci il ərzində "xxxx" MMC-dən alınmış 3059.32 manat malların təqdim edilməsi ilə bağlı hər hansı hesabatın vergi orqanına təqdim edilməməsi və nəticədə həmin satış dövriyyəsinin vergidən yayındırılması olmuşdur. Belə ki, cavabdeh vergi orqanı yuxarıda qeyd olunan göstəricilər əsasında iddiaçının ƏDV ilə birlikdə mal qalığını 46277.12 (43217.8 + 3059.32) manat, həmin qalığın ƏDV-siz dəyərinə 5 faiz ticarət əlavəsi (46277.12 / 1.18 + 5%) tətbiq etməklə vergiyə cəlb edilən dövriyyəsini isə 41179,0 manat təsbit etmiş və həmin satış dövriyyəsi (gəlir) nəzərə alınmaqla iddiaçıya 7412.22 manat ƏDV və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1-ci bəndinə əsasən 1372.64 manat gəlir vergisi hesablamışdır. Kollegiya hesab edir ki, hesablamada riyazi səhvə yol verməklə yanaşı, cavabdeh vergi orqanı mübahisələndirilən qərarlara əsasən əlavə vergi məbləğlərinin hesablanması zamanı vergiyə cəlb edilən dövriyyəni də düzgün müəyyən etməmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İş materiallarına əlavə edilmiş və vergilərin hesablanması zamanı əsas olaraq götürülmüş 2013-cü il gəlir vergisi bəyannaməsində (1 nömrəli Əlavənin 1.3.2-ci sətrində) dövr ərzində daxil olan malların dəyəri 120845.63 manat, təqdim edilmiş, ləğv edilmiş və silinmiş malların dəyəri isə 111661,57 manat bəyan edildiyi halda, hesabat dövrünün sonuna olan qalıq malın dəyəri 43217.80 manat göstərilmişdir. Halbuki, hesabat dövrünün sonuna qalıq malın dəyərini 9184.06 manat (120845.63 – 111661.57) olmalı idi. Sonrakı illərdə də vergi ödəyici tərəfindən verilmiş bəyannamələrdə də eyni səhv təkrarlanmış, hər il (2014-2018) hesabat dövrünün sonuna mal qalığı 43217.80 manat göstərilmişdir Eyni zamanda kollegiya qeyd edir ki, 2013-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində bəyan edilən 120845.63 manat daxil olan malların və 111661.57 manat təqdim edilmiş malların dəyərinin həqiqiliyi iş materiallarına əlavə edilmiş elektron vergi hesab-fakturaları barədə məlumatlar ilə də təsdiqini tapır və həmin göstəricilərin həqiqiliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, iddiaçının mal qalığının 9184.06 manat, "xxxx" MMC-dən alınmış malların dəyərinin isə 3059.32 manat olduğunu nəzərə alsaq, iddiaçının həmin mallar üzrə vergiyə cəlb edilən dövriyyəsi (gəliri) 12243.38 manat olmuş və həmin dövriyyə (gəlir) əsasında iddiaçıya vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2203.81 (12243.38 * 18%) manat ƏDV və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1.1-ci bəndinə müvafiq olaraq şərti rentabellik norması əsasında 408.11 ((12243.38 : (100+20) * 20)) * 20%) manat gəlir vergisi hesablana bilərdi. Həmçinin, kollegiya hesab edir ki, vergi orqanı vergilərin hesablanması zamanı iddiaçının mal qalığının ƏDV-siz dəyərini təkrar hesablamaqda və əldə edilmiş dəyərə yekunda 5 faiz ticarət əlavəsi tətbiq etməkdə səhvə yol vermiş və qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. Sadalanan normalardan aydın olduğu kimi, ƏDV qeydiyyatında olan vergi ödəyicisinin sahibliyində olan malların əksik gəlməsi ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və vergitutulan əməliyyatın dəyəri əksik gələn malların ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. İş materiallarına əlavə edilmiş gəlir vergisi bəyannaməsində iddiaçının sahibliyində qalan malların ƏDV nəzərə alınmadan formalaşan dəyəri 43217.80 manat göstərilmiş və vergi orqanı vergilərin hesablanması zamanı səhvən həmin məbləğin ƏDV-siz dəyərini yenidən hesablamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş elektron vergi-hesab fakturaları barədə məlumatlardan görünür ki, 2013-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində hesabat dövründə daxil olmuş və təqdim edilmiş malların ƏDV-siz dəyəri əks etdirilmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində öz əksini tapan mal qalığının ticarət əlavəsi tətbiq edilməklə satılmasına dair iş materiallarında hər hansı sübut olmadığından və ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri əksik gələn malların dəyərindən ibarət olduğundan, vergi orqanın öz mülahizəsinə uyğun olaraq həmin mallara 5 faiz ticarət əlavəsi tətbiq etməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, hesabat dövrü ərzində alınan mallar ilə satılan (ləğv edilən, silinən) malların dəyəri arasındakı fərq, yəni qalıq malın dəyəri 9184.06 manat olduğu halda, vergi bəyannaməsində həmin göstərici səhvən 43217.8 manat əks etdirilmiş, lakin vergi orqanı qeyd olunan uyğunsuzluğa aydınlıq gətirmədən iddiaçıya həmin göstərici əsasında əsassız əlavə vergi məbləği hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bundan başqa, "xxxx" MMC-dən alınmış 3059.32 manat malların iddiaçıya faktiki olaraq təqdim edilməməsi barədə apellyasiya şikayətində göstərilən dəlilə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya cavab olaraq cəmiyyət tərəfindən İddiaçı təqdim edilmiş mallara dair elektron vergi-hesab fakturalar sübut qimsində məhkəməyə təqdim edilmiş və iddiaçı həmin elektron vergi-hesab fakturalarının həqiqiliyini təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iş materillarının tam və hərtərəfli təqdiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 2013-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə 9184.06 manat mal qalığı və 2017-ci il ərzində "xxxx" MMC-dən alınmış 3059.32 manat mallar, ümumilikdə 12243.38 manat satış dövriyyəsi (gəlir) nəzərə alınmaqla, cavabdeh vergi orqanı iddiaçıya 2203.81 manat ƏDV və 408.11 manat gəlir vergisinin hesablanması hissəsində haqlı olmuş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-cu il tarixli **********929900 nömrəli və 19.12.2019-cu il tarixli **********242800 nömrəli qərarlar ilə hesablanmış əlavə vergi məbləğləri qalan hissələrdə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasın inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuş, birinci instansiya məhkəməsi isə hazırki iş üzrə qərara gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir ki, bu da qərarın ləğvi üçün əsasdır. Odur ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməli, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-ci il tarixli **********929900 nömrəli Qərar 5208.41 manat, 19.12.2019cu il tarixli **********242800 nömrəli Qərar isə 964.53 manat vergilərin hesablanması hissəsində ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2-1(118)-133/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edlsin. İddia qismən təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20.08.2019-ci il tarixli **********929900 nömrəli Qərar 5208.41 manat əlavə dəyər vergisinin, 19.12.2019-cu il tarixli **********242800 nömrəli Qərar isə 964.53 manat gəlir vergisinin hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar