Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-274/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş və 01.02.2014-cü ildən 01.02.2017-ci ilədək cavabdeh tərəfindən ona ödənilməli olan müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2-1(118)-2026/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 01.02.2017-ci il tarixində 058644 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən iddiaçıya müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmişdir.
2. İddiaçı 01.02.2014-cü il tarixindən 01.02.2017-ci il tarixinədək ona verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin hesablanıb verilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və cavabdeh orqan 20 sentyabr 2021-ci il tarixli **********6 nömrəli məktubla “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə istinad edərək müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün veteran vəsiqəsi təqdim edildiyi (01.02.2017-ci il) tarixdən təyin edildiyini bildirərək iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş və 01.02.2014-cü ildən 01.02.2017-ci ilədək cavabdeh tərəfindən ona ödənilməli olan müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zəngilan rayonundan məcburi köçkündür. 1992-ci il tarixdə hərbi xidmətə yollanmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Dağlıq Qarabağ vilayətinin və ətraf 7 rayonun işğalçılardan azad edilməsi ilə bağlı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, N saylı hərbi hissədə qulluq etmişdir. Müharibə iştirakçısı olduğu üçün ona 01.02.2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 058644 nömrəli “Müharibə Veteranı” vəsiqəsi təqdim olunmuşdur. Azərbaycan Vətən Müharibəsi X2 tərəfindən 07.12.2020-ci ildə 962 nömrəli vəsiqə əsasında “Müharibə Veteranı” medalı və 07.12.2020-ci ildə 912 nömrəli vəsiqə əsasında "Milli Ordu-100” medalı ona təqdim edilmişdir. Müharibə veteranı vəsiqəsinin təqdim olunduğu 01.02.2017-ci il tarixdən etibarən ona müavinət təyin edilmiş, aylıq ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin müharibə veteranı adının verildiyi 01.02.2017-ci il tarixdən əvvəlki 3 il üzrə ona heç bir ödəniş edilməmişdir. Hesab edir ki, vəsiqənin qeyd olunan tarixdə təqdim edilməsi həmin tarixdə müharibə veteranı olması anlamına gəlmir, bu, sadəcə onun statusunu leqallaşdırılmışdır və bu hal hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. İddiaçı hesab edir ki, qanunvericiliyin tələbi əsasında sosial müavinəti almaq hüququ yaranan andan əvvəlki 3 il üzrə ödənişləri tələb etmək hüququ vardır. Bu səbəbdən cavabdehə həmin ödənişin ona ödənilməsi tələbi ilə müraciət etmiş, lakin cavabdeh ödənişin ödənilməsindən imtina etmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya veteran vəsiqəsi 2017-ci il fevral ayının 2-də verilmişdir. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. AR Nazirlər kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin-Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.22-ci bəndinə görə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 01.02.2017-ci il tarixdən sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən haqlı olaraq imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən, 01 aprel 2019-cu il tarixinədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur.
6. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2-1(118)-2026/2022 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya müharibə veteranı kimi müavinətin 01.02.2017-ci ildən əvvəlki üç illik dövr üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. (hakim: V.Əzizova)
7. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.
8. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi iddianın əsl mahiyyətini düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunazidd qərar qəbul etmişdir. Məhkəmə iddianı təmin edərkən ona istinad etmişdir ki, İddiaçı müharibə veteranı adı döyüş bölgəsində xidmət etdiyinə görə verilmişdir, sadəcə həmin statusun ona verilməsi 2017-ci ilin fevral ayında rəsmiləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi verildikdən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
10. Cavabdeh hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə maddi hüquq normasının tələblərinə və məzmununa zidd olmaqla, bu maddi normanın səhv anlaşılması ilə nəticələnmişdir. Qeyd edir ki, vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. b) apellyasiya şikayətinə etirazın dəlilləri:
11. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat vermişdir. O, əlavə olaraq qeyd etmişdir ki, ona sosial müavinət təyin olunduğu 01.02.2017-ci il tarixədək pensiya və ya digər sosial ödənişlər almamışdır. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3. Müavinət almaq hüququ olan şəxslər Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Maddə 2. Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Müharibə veteranları 1-ci hissə, 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir:
20. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi 01 fevral 2017-ci il tarixdən etibarən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir.
21. Bununla bağlı olaraq, məhkəmə Ali Məhkəmənin oxşar işlər üzrə mövcud məhkəmə təcrübəsini xatırlatmağı zəruri hesab edir.
22. Ali Məhkəmə bununla bağlı özünün hüquqi mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 01.02.2017-ci il tarixində, yəni Prezident təqaüdü təsis edilməmişdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi aldığına görə ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun tələbləri tətbiq olunmalıdır.
24. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 01.02.2017-ci il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə 01.01.2006-cı il tarixindən qüvvəyə minmişdir. Odur ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır.
25. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi və statusu 01 fevral 2017-ci il tarixdə verildiyi üçün iddiaçı həmin tarixdən əvvəlki illər üçün ödəmələr aparılmasını tələb etməkdə haqlı olmuş, işə baxan birinci instansiya məhkəməsi isə iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
27. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Sosial müavinətlər haqqında Qanunun 9.1-ci, İnzibati Prosessual Məcəlləsinin 87.6, 87.8-ci maddələrinə əsasən, əsasən, məhkəmə kollegiyası,
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2-1(118)-2026/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.