Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-283/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(118)-2114/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********181395 nömrəli Qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(118)-2114/2025 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin də qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar xx.xx.2024-cü il tarixində vergi ödəyicisinə təqdim edilmiş, göndərilmiş sənəd xx.xx.2024-cü il tarixində saat 15:16:02-də vergi ödəyicisi tərəfindən oxunmuş, lakin iddiaçı 5 ay 22 gün sonra, yəni 2024-cü ilin avqustun 20-də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmədə iddia qaldırmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin birinci dəlili ilə bağlı bildirilir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərar cavabdeh vergi orqanı tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş qaydada təqdim edilmədiyindən, indiki halda iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Belə ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Qeyd olunan normadan aydın olduğu kimi, səyyar vergi yoxlamasının nəticəsində dair qərar iki formada təqdim edilməlidir: 1. Verilmə tarixini təsdiq edən üsulla birbaşa (əlbəəl) vergi ödəyicisinə və ya onun nümayəndəsinə, 2. Sifarişli məktubla. Lakin hazırki iş üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərar iddiaçıya və ya onun nümayəndəsinə nə şəxsən, nə də sifarişli məktubla təqdim edilməmişdir. Başqa sözlə, mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərar iddiaçıya təqdim edilməmişdir. Qeyd edilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-462/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarında da bu mövqe öz əksini tapmışdır. Məhkəmənin ikinci - vergi ödəyicilərinin elektron kabinetinə göndərilən inzibati aktlar “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, göndərildiyi gündən 3 gün keçdikdən sonra təqdim olunmuş sayılması barədə dəlilinə münasibətdə aşağıdakılar qeyd edilir. Məhkəmənin kassasiya instansiyası məhkəməsinin müvafiq qərarına istinad edərək, elektron kabinetinə göndərilən sənədlərin təqdim edilmiş sayılması qənaətinə gəlmişdir. Lakin məhkəmə qeyd olunan halın yalnız qanunvericiliyin tələblərinə cavab verən inzibati aktlara aid olduğunu və həmin normanın səyyar vergi yoxlamasının nəticələrinə dair qərarlara aid olmamasını nəzərə almamışdır. Belə ki, əgər mübahisələndirilən inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməyibsə, elektron imza ilə imzalanmayıbsa və qanunvericiliyin digər tələblərinə cavab vermirsə (kriptoqrafik kod (QR) yoxdursa), həmin sənədin elektron kabinet vasitəsilə təqdim edilməsi hər hansı əhəmiyyət kəsb etmir. İş materiallarından göründüyü kimi, mübahisələndirilən qərar (inzibati akt) gücləndirilmiş elektron imza ilə imzalanmamış, sənədin QR-u yoxdur və qanunvericiliyin elektron sənədlə bağlı digər tələblərinə cavab vermir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alanda aydın olur ki, mübahisələndirilən qərar (inzibati akt) elektron sənəd barədə qanunvericiliyin tələblərinə tam olaraq cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz. Həmçinin mübahisələndirilən qərarda (inzibati aktda) elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə edilsə, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə, elektron sənəd göndərilməmiş hesab edilir. Qeyd edilir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli Qərar şəxsən və ya poçt vasitəsilə də iddiaçıya təqdim edilməmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərar poçt vasitəsilə və ya şəxsən təqdim edilmədiyindən, qərar elektron imza ilə imzalanmadığından və elektron sənədlə bağlı qanunvericiliyin digər tələblərinə cavab vermədiyindən, bir sözlə iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən, həmin Qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmiş və həmin qərara münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Lakin, işə baxmış məhkəmə bu halları nəzərə almadan sadəcə olaraq inzibati aktın elektron kabinet vasitəsilə təqdim edilməsinə istinad edərək, iddia tələbini mümkün saymamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehi nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Elektron sənədə dair tələblər 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4.texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. 21.2. Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. ... Maddə 27. Elektron sənədin göndərilməsi və alınması 27.2. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. 27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 27.4. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir. ... Maddə 28. Elektron sənədin göndərilmə və alınma vaxtı 28.1. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. 28.2. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. 28.3. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.1-ci bəndində qeyd olunur ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixli **********181395 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar xx.xx.2024-cü il tarixində vergi ödəyicisinə təqdim edilmiş, göndərilmiş sənəd xx.xx.2024-cü il tarixində saat 15:16:02-də vergi ödəyicisi tərəfindən oxunmuş, lakin iddiaçı 5 ay 22 gün sonra, yəni 2024-cü ilin avqustun 20-də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Hazırkı iş üzrə də qərar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmamışdır. Mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. İddiaçı hazırki tələbində inzibati orqanın “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərarını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********181395 nömrəli Qərarın iddiaçıya qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.72-ci maddəsinə əsasən elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Sadalanan normalardan aydın olduğu kimi sənədlərin vergi ödəyicisinə təqdim edilməsi üçün 3 üsul müəyyən edilmişdir: 1) şəxsən, 2) poçt rabitəsi vasitəsilə 3) elektron qaydada. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. 6.4-cü maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydası”nın 3.3-cü bəndinə əsasən qanunvericiliklə sənədin möhürlə təsdiqlənməsi tələb edildikdə, təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlarda qeyd olunmuş gücləndirilmiş imzadan istifadə edilir. Bu imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanan normalardan aydın olur ki, dövlət hakimiyyət orqanlarında, o cümlədən vergi orqanlarında elektron üsulla göndərilən sənədlər (xüsusilə möhürlə təsdiq edilməli olanlar) gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilməklə imzalanmalıdır. Lakin əsas iş üzrə mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərarın qanunla müəyyən edilmiş qaydada elektron imza vasitəsilə imzalanması və həmin qərarın şəxsən və ya poçt rabitəsi vasitəsilə cavabdeh inizbati orqan tərəfindən iddiaçıya təqdim edilməsi ilə bağlı sübutlar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-30/2021 saylı, xx.xx.2021-ci il tarixli və 15(102)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında da mövqe bu cür əsaslandırılmışdır. Həmin məhkəmə qərarlarının məzmunundan da aydın olduğu kimi inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərə cavab verməlidir. Belə ki, elektron sənədin həqiqiliyi təsdiqlənməli, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməli, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmalı, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməlidir. Beləliklə, mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Qeyd olunan hallarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbinin mümkün sayılmaması üçün əsaslar mövcud deyil. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuş və düzgün olmayan nəticəyə gələrək, iddianı mümkün hesab etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(118)-2114/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181395 nömrəli Qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-283/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-283/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver