Məhkəmə qərarları › İş №2-1(105)-295/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-295/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-295/2023 06.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayonu Alpan kəndində yerləşən internat binasının bir otağına mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(118)-1354/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli iclasının 13 saylı protokolu ilə Sabir adına Sovxoz AİK-nın balansında olan əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi, İddiaçı 2604 min manat əmək haqqı əvəzinə ona İnternat binasından 1 ədəd otağın verilməsi qərara alınmış, göstərilən əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi barədə siyahıda, onun adı 20-ci sırada qeyd edilmişdir.

2. İddiaçı məxsus ИТ-İ №1510188 saylı əmək kitabçasının surətindən görünür ki, o, 22 noyabr 1984-cü ildən 17 yanvar 1987-ci ilə qədər, xx.xx.1987-ci ildən 25 mart 1989-cu ilədək, xx.xx.1990-cı ildən 21 oktyabr 1997-ci ilədək, 01 noyabr 1997-ci ildən 20 may 2000-ci il tarixə qədər Quba rayonu Sabir adına sovxozda işləmişdir.

3. Quba rayonu Alpan bələdiyyəsinin 05 mart 2022-ci il tarixli 021 saylı arayışında qeyd olunmuşdur ki, Sabir adına sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən 2604 manat əmək haqqı əvəzinə Quba rayonu, Alpan kənd sakini İddiaçı verilmiş internat binasının 1 ədəd otağı hal-hazıra kimi vətəndaşın istifadəsindədir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçının qeyri-yaşayış binası üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş Sabir adına X6 Komissiyasının xx.xx.2000-ci il tarixli, 13 saylı protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə akt təqdim edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, keçmiş Quba rayon Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının 08 may 2000-ci il tarixli 13 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayon Alpan kəndi ərazisində yerləşən İnternat binasının bir otağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayonu Alpan kəndində yerləşən internat binasının bir otağına mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, o, uzun müddət keçmiş Quba rayonu Sabir adına Sovxozda fəhlə işləmiş və 1996-2001-ci illərdə islahat aparılarkən Quba rayonu Sabir adına X6 Komissiyasının 08 may 2000-ci il tarixli iclas protokolunun qərarı ilə ona 2604 manat əmək haqqı əvəzinə Quba rayonu Alpan kəndində yerləşən internat binasından bir otaq verilmiş və həmin otaq hal-hazırda onun mülkiyyətinə verilərək istifadə edir. O, uzun müddətdir ki, ona verilmiş əmlak payından istifadə etməsinə baxmayaraq mülkiyyətini təsdiq edən çıxarış almaq üçün yalnız 2022-ci ildə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və qeyd olunan təşkilat özünün xx.xx.2022- ci il tarixli məktubu ilə bildirmişdir ki, Quba rayon Sabir adına X6 Komissiyasının xx.xx.2000-ci il tarixli 13 saylı protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə akt təqdim edilmədiyindən ərizəsinin təmin olunması mümkün sayılmır, ona görə də o hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Sabir adına X6 Komissiyasının 08 may 2000-ci il tarixli 13 N-li protokolun əslindən və Dövlət X7 xx.xx.2017-ci il tarixli 434 nömrəli arxiv arayışından aşkar olur ki, qeyd olunan sənədlərə əsasən ona Quba rayon Sabir adına Sovxoz Alpan kəndində yerləşən internat binasından 2604 manat əmək haqqının əvəzinə 1 ədəd otaq verilmişdir. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Alpan bələdiyyəsinin 05 mart 2022-ci il tarixli 021 saylı arayışından aşkar olur ki, Quba Rayon Sabir adına Sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən 2604 manat əmək haqqı əvəzinə Alpan kənd sakini İddiaçı verilmiş internat binasının 1 ədəd otaq halhazıra kimi onun istifadəsindədir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qeyriyaşayış sahəsinin əmlak payı kimi ona verilməsi barədə aktın mövcud olmaması ona çıxarışın verilməməsi üçün əsas ola bilməz, belə ki, həmin təhvil-təslim aktının tərtib olunmaması onun təqsiri üzündən əmələ gəlməmişdir. O, qeyd etdiklərinə əsasən hesab edir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubu heç bir hüquqa əsaslanmır, yalnız hüquq sahibinin süründürmək məqsədi daşıyır.

Cavabdehin etirazının dəlilləri

8. Cavabdeh etirazında imtina bildirişinin məzmununa istinad etmiş, əlavə olaraq göstərmişdir ki, İddiaçı Quba rayonu, Alpan kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********48 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizənizə əlavə edilmiş Sabir adına X6 Komissiyasının xx.xx.2000-ci İl tarixli, 13 saylı protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə akt təqdim edilməmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixli **********09 və xx.xx.2021-ci il tarixdə **********94 nömrəli məktublarla münasibət bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxanda qeyd olunanlardan göründüyü kimi, iddia ərizəsində göstərilən qeyri-yaşayış binasına dair '‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyätına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(118)-1354/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu ilə iddiaçıya verilmiş internat binasının otağı üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq göstərilir ki, əmlak payı verilməsi barədə Sabir adına X6 Komissiyasının xx.xx.2000-ci İl tarixli, 13 saylı protokolu Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.

13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

16. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun sovxozların, kolxozların, təsərrüfatlararası və digər-kənd təsərrüfatı istehsalı müəssisələrinin (bundan sonra sovxoz və kolxozların) istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın (müəssisənin) hər hansı təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat verir. Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan , Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X9 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Maddə 8. X9 komissiyası X9 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.

17. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi” Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə ləğv edilmişdir.)

1. Bu qaydalar "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış, sovxoz və digər kənd təsərrüfatı müəssisələrində əmlakın qiymətləndirilməsi, əmlakdan pay almaq hüququ olan şəxslərin və əmlak payının həcminin müəyyənləşdirilməsi, əmlakın təsərrüfatın üzvləri arasında bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi məsələlərini tənzimləyir.

2. Əmlakın ümumi dəyərinə əsas və dövriyyə fondları, əmtəə-material qiymətliləri, pul vəsaiti və digər maliyyə aktivləri daxildir.

3. Əsas istehsal fondlarının tərkibinə binalar, tikililər, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, məhsuldar mal-qara, iş heyvanları, çoxillik əkmələr və digər əsas istehsal fondları daxildir.

14. Təsərrüfatın əmlakı onun işçiləri arasında bir qayda olaraq natura şəklində bölünür. Təsərrüfatın üzvlərinə əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri işçilərə pul ifadəsində ödənilir.

17. Qanunvericiliyə uyğun olaraq əmlak fondundan pay alan şəxslər malik olduqları əmlakın tam sahibidirlər və mövcud qanunvericiliyə uyğun olaraq ondan istifadə istiqamətlərini sərbəst seçirlər.

18. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materialları ilə müəyyən olunmuşdur ki, Sabir adına sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 saylı protokolu ilə Sabir adına Sovxoz AİK-nın balansında olan əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi, İddiaçı 2604 min manat əmək haqqı əvəzinə ona İnternat binasından 1 ədəd otağın verilməsi qərara alınmışdır.

24. Məhkəmə kollegiyası iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət X7 03 aprel 2007-ci il tarixli, 434 saylı və xx.xx.2020-ci il tarixli, 1457 saylı arxiv çıxarışlarından görünür ki, Sabir adına sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 saylı protokolu ilə Sabir adına Sovxoz AİK-nın balansında olan əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi, İddiaçı 2604 min manat əmək haqqı əvəzinə ona İnternat binasından 1 ədəd otağın verilməsi qərara alınmış, göstərilən əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi barədə siyahıda onun adı 20-ci sırada qeyd edilmişdir.

25. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Quba rayonu Alpan bələdiyyəsinin 05 mart 2022-ci il tarixli 021 saylı arayışında qeyd olunmuşdur ki, Sabir adına sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən 2604 manat əmək haqqı əvəzinə Quba rayonu, Alpan kənd sakini İddiaçı verilmiş internat binasının 1 ədəd otağı hal-hazıra kimi vətəndaşın istifadəsindədir.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar təsbit edilmişdir. Həmin Qanunun 8.0 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur

27. Kollegiya qeyd edir ki, iddiaçıya ayrılmış əmlak payı – 1 ədəd otaq ona yuxarıda istinad edilən “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu və “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi” Qaydalarına uyğun şəkildə, müvafiq X9 Komissiyasının qərarı əsasında verilmişdir və həmin qərar iddiaçının qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. İstər aqrar islahatlarla bağlı, istərsə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı hüquq münasibətlərini tənzimləyən hər-hansı normativ-hüquqi aktda X9 Komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə qəbul etdikləri qərarların mütləq Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməli olması, habelə əmlakın verilməsi barədə qərar olduğu halda əlavə olaraq da akt təqdim edilməli olmasına dair müddəa nəzərdə tutulmamış, cavabdeh də imtinasında belə bir normaya istinad etməmişdir.

28. Əksinə, “Sovxoz və kolxozların islahatı haqqında” Qanunla islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, habelə rayon və X9 komissiyalarının yaradılacağını və onların islahatların aparılması ilə əlaqədar yalnız səlahiyyətləri hüdudlarında cavabdehlik daşıdıqlarını müəyyənləşdirmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və X9 komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu bir daha təsbit edilmişdir.

29. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Formalaşmış məhkəmə praktikasında sözügedən maddə (sübutetmə yükü ilə bağlı) öhdəliyin icrasına dair iddialara münasibətdə də tətbiq olunur.

30. Hazırkı işdə iddiaçı ona sovxozdan pay kimi ayrılmış müvafiq əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi Sabir adına sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 saylı protokolu ilə qəbul edilmiş qərara istinad etmiş, cavabdeh isə həmin qərarın hüquqmüəyyənedici sənəd olmaması ilə bağlı imtinasını, brləliklə də iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

31. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də cavabdehin şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(118)-1354/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar