Məhkəmə qərarları › İş №2-1(105)-309/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-309/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-309/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh “X8 Təsərrüfatı” MMC-yə qarşı cavabdehə verilmiş 03.02.2020-ci il tarixli Göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-544/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hallari: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti(bundan sonra iddiaçı) “X8 Təsərrüfatı” MMC-yə (bundan sonra cavabdeh) qarşı 03.02.2020-ci il tarixli Göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu, Eynibulaq kəndində fəaliyyət göstərən müəssisə tərəfindən istehsal olunan “Şükran quşçuluq” adlı toyuq məhsullarının markalanmasında qeyri-qanuni olaraq “Halal AZS Milli Sertifikatlaşdırma Sisiemi” əmtəə nişanından istifadə edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıiarın Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə "xxxx" MMC-nin 27.09.2019-cu il tarixli 1/027 nömrəli müraciəti daxil olmuşdur. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Dövlət Xidmətinin 03.10.2019-cu il tarixli ASİMDX05/02-5/2988 nömrəli və 01.11.2019-cu il tarixli ASİMDX- 05/02-5/3295 nömrəli məktubları ilə “X8 Təsərrüfatı” MMC-dən (VÖEN-İ “'13081561, hüquqi ünvanı AZ 5300, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri) zəruri sənəd və məlumatlar tələb edilmişdir. Lakin cavabdeh tələb olunan sənəd və məlumatları Dövlət Xidmətinə təqdim etməmişdir. Bununla əlaqədar cavabdeh barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. İşə baxılması 27.12.2019-cu il tarixinə təyin edilmişdir. Komissiyanın 27.12.2019-cu il tarixinə təyin edilmiş işəbaxma iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 iştirak etmişdir. Cavabdehin rəhbərliyi və ya onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş və tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Komissiya qeyd olunanları və təqdim edilməmiş sənəd və məlumatların zəruriliyini nəzərə alaraq işə baxılmasını təxirə salaraq 15.01.2020-ci il tarixinə təyin etmişdir. Komissiyanın 15.01.2020-ci il tarixinə təyin edilmiş işəbaxma iclasında cavabdehin nümayəndəsi təkrarən iştirak etməmiş və tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. İclasda özünü cavabdehin səlahiyyətli nümayəndəsi kimi təqdim edən X4 iştirak etmiş, lakin həmin müəssisənin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənədi təqdim etməmişdir. Komissiya qeyd olunanları və təqdim edilməmiş sənəd və məlumatların zəruriliyin nəzərə alaraq işə baxılmasını təxirə salaraq 31.01.2020-ci il tarixinə təyin etmişdir. Komissiyanın 31.01.2020-ci il tarixinə təyin edilmiş işəbaxma iclasında cavabdehin səlahiyyətli nümayəndəsi təkrar iştirak etməmiş və tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Ərizə verən "xxxx" MMC-nin təqdim etdiyi materiallardan göründüyü kimi etiket göstəricisinə əsasən cavabdeh tərəfindən istehsal olunan toyuq məhsullarının etiketində “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından istifadə edildiyi müəyyən edilmiş və həmin istifadənin qanunauyğunluğu barədə sənəd və məlumatlar Dövlət Xidmətinin rəsmi məktubları ilə cavabdehdən tələb edilsə də təqdim edilməmişdir. Cavabdeh ilə "xxxx" MMC eyni bazar subyektləri (rəqib) deyildir. Lakin cavabdeh öz mallarının üzərində “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanının təsvirini qeyri-qanuni əks etdirməsi təsərrüfat fəaliyyətinin xüsusiyyətləri barədə istehlakçıları çaşdırmaqla digər bazar subyektləri ilə (qanunvericiliyə əməl etməklə malların üzərində “Halal” AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanını vuran) haqsız rəqabətə yol verməsini göstərir. Dövlət Xidmətinin 03.10.2019-cu il tarixli ASİMDX-05/02-5/2988 nömrəli və 01.11.2019-cu il tarixli ASİMDX-05/02-5/3295 nömrəli məktubları, habelə Dövlət Xidmətinin 11.12.2019-cu il tarixli FA-22 nömrəli əmrilə yaradılmış Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” 11.12.2019-cu il tarixli və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının təxirə salınması haqqında" 27.12.2019-cu il və 15.01.2020-ci il tarixli Qərarları ilə tələb olunan sənəd və məlumatları “X8 Təsərrüfatı” MMC təqdim etməmişdir. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq, cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməklə “Haqsız rəqabət "haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının, habelə tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulduğunu müəyyən etmişdir. Komissiya yuxarıda qeyd olunanları nəzərə alaraq, Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 31.01.2020-ci il tarixli Qərarı ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3cü və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 11-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.12, 3.3, 3.7 və 3.8-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə hüquqi ünvanı AZ530, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri olan “X9 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 manat məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş və Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə 03.02.2020-ci il tarixli Göstəriş verilmişdir. Həmin göstərişlə "X8 Təsərrüfatı” MMC-dən 15 (on beş) iş günü müddətində aşağıdakı sənəd və məlumatları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edilməsi tələb edilmişdir: 1) "X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinin (nizamnamə, vergi orqanlarında qeydiyyat şəhadətnaməsi və kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; 2) “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək bu əmtəə nişanlı toyuq məhsullarının satışından əldə olunmuş gəlirləri və bunu təsdiq edən sənədlərin (qaiməfakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; 3) “Halal AZS Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək malların təqdim təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri və s) müvafiq qaydada təsdiq olunmuş surətləri. Dövlət Xidmətinin 03.02.2020-ci il tarixli Göstərişi cavabdehə 13.02.2020-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılsa da, Göstərişin icrası hazırkı tarixədək təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnamə”sinin 3.0.10-cu yarımbəndinə əsasən antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədilə məhkəməyə müraciət edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-544/2021 nömrəli qərarına əsasən, iddianın təmin edilməsi, cavabdeh “X8 Təsərrüfatı” MMC-yə verilmiş 03.02.2020-ci il tarixli göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi qərara alınmışdır. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-544/2021 nömrəli qərarının ləğv olunmasını, iddianın təmin edilməməsi barədə yeni qərar cıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Siyəzən rayonu, Eynibulaq kəndində fəaliyyət göstərən müəssisə tərəfindən istehsal olunan “Şükran quşçuluq” adlı toyuq məhsullarının markalanmasında qeyri-qanuni olaraq “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından istifadə edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə "xxxx" MMC-nin 27.09.2019-cu il tarixli 1/027 nömrəli müraciəti daxil olmuşdur. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Dövlət Xidmətinin 03.10.2019-cu il tarixli ASİMDX- 05/02-5/2988 nömrəli və 01.11,2019-cu il tarixli ASİMDX-5 02-5/3295 nömrəli məktubları ilə “X8 Təsərrüfatı” MMC-dən (VÖEN-İ “13081561, hüquqi ünvanı AZ 5300, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri) zəruri sənəd və məlumatlar tələb edilmişdir. Bununla bağlı “X8 Təsərrüfatı” MMC tərəfindən yaranmış problemin həlli ilə bağlı tədbirlər görmüş, "xxxx" MMC ilə razılığa gələrək yaranmış mübahisəyə son qoyaraq, aradan qaldırılmışdır. Hazırda da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə "xxxx" MMC tərəfindən bu barədə heç bir müraciət olunmamışdır. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bildirmişlər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər. Qeyd olunan Qanunun tələbinə və Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin göstərişinə əsasən qanun pozuntusu dayandırılmış və onun nəticələri aradan qaldırılmışdır. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Bu qanun tələbləri tərəflərindən pozulmamış, lakin bu maddənin tələbini pozmağa görə əsassız olaraq maliyyə sanksiya tətbiq edilmişdir. Lakin hazırkı qərar qəbul edilərkən məhkəmə işin faktiki hallarını araşdırmamş, “X8 Təsərrüfatı” MMC-nin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədən yalnız iddiaçının verdiyi məlumatlar əsasında qərar qəbul edilmişdir. Tərəflərin izahatlari Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, eləcə də iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, 03.02.2020-ci il tarixli göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi, yəni cavabdehdən təsis sənədlərinin (nizamnamə, vergi orqanlarında qeydiyyat şəhadətnaməsi və kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış və s.), “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmrtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək bu əmtəə nişanlı toyuq məhsullarının satışından əldə olunmuş gəlirləri və bunu təsdiq edən sənədlərin (qaiməfakturalar və s.) və “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyriqanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətlərinin cavabdehdən alınaraq iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə dəfələrlə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iddianı dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-544/2021 saylı qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Mübahisənin mahiyyəti ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iddia tələbini təmin etməklə düzgün nəticyə gəlmişdir. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1 -ci və 16cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən haqsız rəqabət – bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3-cü yarımbəndinə əsasən Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edir, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirlər hazırlayır və həyata keçirir. Həmin əsasnamənin 3.0.6-cı yarımbəndinə görə Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxır, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrini aşkar edir və aradan qaldırır, bazarda ilkin vəziyyəti bərpa edir, həmçinin, qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələriin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər və bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə borcludurlar. İş materialarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət Xidməti tərəfindən 03 fevral 2020-ci il tarixdə Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında göstəriş verilmiş və həmin göstərişə əsasən:

1. “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərini pozduğuna görə hüquqi ünvanı AZ5300, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri olan “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN-i **********) həmin hərəkətlərin, yəni “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə edilməsini dərhal dayandırması və bu barədə 5 (beş) iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verilməsi,

2. Hüquqi ünvanı AZ5300, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri olan “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN-i **********) barəsində tətbiq edilmiş 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyası şəklində cərimənin 30 gündən gec olmayaraq X1 köçürülməsini təmin edilməsi tələb edilmiş;

3. Cərimənin ödənilməsi üçün müəyyən edilmiş 30 (otuz) günlük müddətin qərarın qüvvəyə mindiyi (elan olunduğu) tarixdən (31.01.2020-ci il) etibarən başlanıldığı “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin nəzərinə çatdırılmış;

4. Hüquqi ünvanı AZ5300, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri olan “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 (on beş) iş günü müddətində aşağıdakı sənəd və məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edilməsini tələb etmişdir: -“X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinin (nizamnamə, vergi orqanlarında qeydiyyat şəhadətnaməsi və kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış və s. müvafiq qaydada təsdiq olunmuş surətləri); -“Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək bu əmtəə nişanlı toyuq məhsullarının satışından əldə olunmuş gəlirləri və bunu təsdiq edən sənədlərin (qaiməfakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; -“Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri.

5. Bazar subyektlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət Xidmətinin icrası məcburi olan göstərişini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə, habelə qəsdən düzgün olmayan məlumat verdiyinə və ya lazımi məlumatı vermədiyinə görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin dördüncü və beşinci abzaslarına əsasən məsuliyyət daşıdıqları “X8 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin nəzərinə çatdırılmış;

6. Göstərişin icrasına nəzarət antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxan müvafiq komissiyanın üzvü Esmira Məmmədovaya həvalə edilmişdir. İş materiallarından görünür ki, 03.02.2020-ci il tarixli Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi haqqında Göstəriş rəsmi qaydada “X8 Təsərrüfatı” MMC-yə 13.02.2020-ci il tarixdə çatdırılsa da, göstərişin icrası hazırkı vaxtadək təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnamə”sinin 3.0.10-cu yarımbəndinə əsasən antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədilə məhkəməyə müraciət edilir. Cavabdeh apelyasiya şikayətində qəbul edilmiş göstərişlə razı olmadığını bildirsə də, işdən görünür ki, qəbul edilmiş göstəriş cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmiş, hazırda həmin Göstəriş qüvvədədir. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sənədlərin təqdim edilməsinə dair hissədə Göstərişin məcburi icrası barədə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-544/2021 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 03.02.2020-ci il tarixli göstərişinin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrası təmin edilsin. “X8 Təsərrüfatı” MMC-dən təsis sənədlərinin (nizamnamə, vergi orqanlarında qeydiyyat şəhadətnaməsi və kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış və s.), “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmrtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək bu əmtəə nişanlı toyuq məhsullarının satışından əldə olunmuş gəlirləri və bunu təsdiq edən sənədlərin (qaiməfakturalar və s.) və “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyriqanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisinin bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar