Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-330/2024 15.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-1011/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: X5 31 dekabr 2004-cü il tarixdə ərizə ilə Abşeron rayonu Saray bələdiyyəsinə müraciət edərək, bələdiyyənin perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən ona fərdi yaşayış evinin inşası üçün 0,03 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Abşeron rayonu X6 15 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarına əsasən bələdiyyə torpaqlarının baş planı əsasında X4 fərdi yaşayış evinin inşası məqsədilə 0,03 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. 22 noyabr 2007-ci il tarixli, 04 nömrəli ödəniş qəbzinə əsasən X5 tərəfindən 22 noyabr 2007-ci il tarixdə torpaq alqısı üçün Saray bələdiyyəsinin (VÖEN**********) “Kapital Bank” hesabına 400 (dörd yüz) AZN pul ödənilmişdir. 22 noyabr 2007-ci il tarixdə ayrılan 0,03 ha torpaq sahəsinə dair Saray bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. 2007-ci il tarixli akta əsasən, Saray bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarına əsasən 0,03 ha torpaq sahəsi yerində ölçülüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyulmuş və X4 yerində təhvil verilmiş, həmin torpaq sahəsi onun tərəfindən yerində qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqan 11 oktyabr 2022-ci il tarixli, **********07 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Saray bələdiyyəsi tərəfindən 0,03 ha torpaq sahəsinin 15 noyabr 2007-ci il tarixdə, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının təqdim edilmədiyi və Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışının ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid edildiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətin icrası mümkün olmamışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon Saray bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarına əsasən ona ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Saray bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Saray qəsəbəsi ərazisində 0,03 ha torpaq sahəsi 15 ildir ki, onun istifadəsində olmaqla, həmin sahədə fərdi yaşayış evi inşa etmiş və ailə üzvləri ilə birlikdə bu evdə yaşayır. Qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. İmtina cavabı ilə razılaşmayaraq bildirir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almaq üçün müvafiq sənədlər təqdim edilmişdir və imtina cavabının heç bir əsası yoxdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar aparılan araşdırma zamanı torpaq sahəsinin 15 noyabr 2007-ci il tarixdə, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının təqdim edilmədiyi, Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışının bələdiyyənin, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmədiyi, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun torpaqlarına aid edildiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-1011/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair alqı-satqı aktının vaxtında tərtib edilməməsi və yerquruluşu planından çıxarışın möhürlə təsdiq edilməməsi imtina üçün əsas olmamalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Lakin, torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması özü-özlüyündə iddia tələbinin təmin edilməsini istisna edir. Qanunvericiliyin tələbinə əsasən bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahələri yalnız müvafiq kateqoriyaya keçirildikdən sonra özgəninkiləşdirmə obyekti ola bilər. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı bir sıra orqanlara sorğular göndərilmiş və qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və ona ayrılan torpaq sahəsinin koordinatları daxilində yerləşməsi təsdiq edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan sahələrlə üst-üstə düşmə halı yoxdur. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan respublikasının Torpaq Məcəlləsi: Maddə 33. Ehtiyat fondu torpaqları (-)
3. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir.
4. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.
5. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ (-)
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının dəlilləri üç hissədən ibarətdir: 1) Torpaq sahəsinə dair alqı-satqı aktının ərizəyə əlavə edilməməsi; 2) Torpaq sahəsinə dair bələdiyyənin yerquruluşu planından çıxarışının bələdiyyənin, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməməsi; 3) Torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış, təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun torpaqlarına aid olması. Məhkəmə kollegiyası cavabdehin 1-ci və 2-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. İşdən görünür ki, iddiaçının bununla bağlı müraciəti ilə əlaqədar X6 15 noyabr 2007ci il tarixli, 22 nömrəli protokol qərarı ilə iddiaçıya Abşeron rayonu Saray qəsəbəsindən 0,03 ha torpaq sahəsi ayrılaraq təhvil verilmiş, onun tərəfindən 22 noyabr 2007-ci il tarixdə torpaq alqısı üçün Saray bələdiyyəsinin bank hesabına 400 (dörd yüz) AZN pul ödənilmişdir. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına 400 AZN məbləğində torpağın alışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən qeyd edilən prosesin yekunda rəsmiləşdirilməsi məqsədi daşıyan alqı-satqı aktının tərtib edilməməməsi yuxarıda istinad edilən normativ-hüquqi aktlar, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının bağlanmaması, müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmaması halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin rəyin torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin, mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh imtinasında qeyd edilən xüsusatları, ümumiyyətlə, qeyd etməmişdir. Odur ki, kollegiya, bu baxımdan, cavabdehin 1-ci və 2-ci dəlilini əsassız hesab edir. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Cavabdehin 3-cü, yəni torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması dəlilinə münasibətdə kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda qeyd edilən normalarının tələblərindən görünür ki, bələdiyyənin ehtiyat fondunun yalnız yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqları və ya kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Ümumilikdə, ehtiyat fondu torpaqları nın istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Birinci instansiya məhkəməsi iş üzrə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyinə, işin hüquqi halları ilə bağlı isə yuxarıda sadalanan hüquq normalarına istinad edərək mübahisəli torpaq sahəsinin bələdiyyə ehtiyat fondu torpaqlarına aid olduğunu və belə torpaqların yalnız müvafiq kateqoriyaya keçirilməsindən sonra özgəninkiləşdirilə biləcəyini, hazırki iş üzrə isə belə hal olmadığından iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya işə baxan məhkəmənin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, əvvəla iddiaçıya torpaq sahəsi ayrılmasına əsas olmuş inzibati akt - X6 15 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarı yuxarıda qeyd edildiyi kimi hazırda qüvvədədir və hüquqi cəhətdən etibarlı sənəddir. Digər tərəfdən, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən elektron baza məlumatlarından (DWJ) və mübahisəli torpaq sahəsi yerləşən ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi və onun qonşuluğunda yerləşən **********14, **********01 və **********86 reyestr nömrəli çıxarışlara əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələri bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Lakin qonşu torpaq sahələrinin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair **********14, **********01 və **********86 reyestr nömrəli çıxarışlardan görünür ki, cavabdehin baza məlumatlarında bələdiyyənin ehtiyat fondu kimi göstərilən qonşu torpaq sahələrinin hər üçü kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya, bu baxımdan, cavabdehin 3-ci dəlilini əsassız hesab edir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halları istiqamətində araşdırma aparmadan bu hissədə cavabdehin dəlilini əsaslı saymaqla, iddia tələbini təmin etməyərkən yanlış nəticəyə gəlmişdir. Bundan əlavə, işdə olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, mübahisəli torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılaraq sahə yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsinin 0,06 ha olduğu, konfiqurasiyası və koordinatlarının yerquruluşu planından çıxarışa uyğun olduğu müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Saray bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Saray bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-1011/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayon Saray bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli, 22 nömrəli qərarına əsasən iddiaçı X4 ayrılmış 0,03 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.