Məhkəmə qərarları › İş №2-1(105)-338/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-338/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-338/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-3350/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus 8 sentyabr 1980-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, 1980-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1993-cü il tarixdən Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluğa qəbul edilərək, həmin tarixdən xx.xx.1996-cı il tarixədək Laçın rayon prokurorluğunun müstəntiqi, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Yardımlı rayon prokurorluğunun müstəntiqi, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Ağsu rayon rayon prokurorluğunun müstəntiqi, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Quba rayon prokurorluğunun müstəntiqi, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək AR Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin prokuror kriminalisti, böyük prokuroru, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Kəlbəcər rayon prokuroru, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Qax rayon prokuroru, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək AR Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Lənkəran rayon prokurorunun köməkçisi, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrinə işləmiş, xx.xx.2023-cü il tarixdən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluğuna xitam verilmişdir. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 sentyabr 2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarının işçisi kimi 4.371,77 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən iddiaçının işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının hesablanması zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixləri arasındakı dövr əsas götürülmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının onun ardıcıl gələn 60 ay ərzində 08 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı müddət əsas götürülməklə, pensiya təyinatı tarixinədək “Kəlbəcər rayon prokuroru”nun əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 15 noyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-265694/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 08 avqust 2023cü il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi ona yaşa görə 4.371,77 manat məbləğində əmək pensiyası təyin edilərək müavafiq kart hesabına köçürülür. Təqdim edilmiş müvafiq arayışa əsasən əmək pensiyası 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətini əsas götürülməklə hesablanacağı təqdirdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.955 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 879,75 manat, rütbəyə görə əlavəsi 138 manat, digər növ əlavələriniz 1.681,24 manat olmaqla orta aylıq əmək haqqı 4.653,99 manat təşkil etmişdir. Belə olan halda, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 29 il 9 ay 26 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4.653,99 manat) 80 faizi – 3.723,19 manat müəyyən ediləcək. Göründüyü kimi, sözügedən dövr vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə əmək pensiyanın məbləği 4.371,77 manatdan 3.723,19 manata azalacaqdır. Bu səbəbdən də əmək pensiyanın yenidən hesablanması təxirə salınmışdır. İddiaçının daha sonrakı analoji müraciətlərinə cavabdeh tərəfindən 16 yanvar 2024cü il tarixli, 3-17-1/2-8583/2024 nömrəli və 13 mart 2024-cü il tarixli, 3-17-1/2-61544/2024 nömrəli məktublarla eyniməzmunlu imtina cavabları verilmişdir. Verilən imtina cavabları ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 08 avqust 2023-cü il tarixdə təyin edilmiş əmək pensiyasının onun ardıcıl gələn 60 ay ərzində 08 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı müddət əsas götürülməklə, pensiya təyinatı tarixinədək “Kəlbəcər rayon prokuroru”nun əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının əmək pensiyasına əlavələrin yenidən hesablanması məqsədilə 2011-2016-cı illərdə “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı ardıcıl gələn 60 ayı əsas götürərkən, yalnız müvafiq arayışda əks olunan “Kəlbəcər rayon prokuroru” nun həmin dövrdəki əmək haqqını nəzərə alaraq (sonrakı artımları nəzərə almayaraq) yenidən hesablama aparmış, bununla iddiaçının əmək pensiyası məbləğinin azalması nəticəsinə gəlmişdir. Hesab edilir ki, cavabdehin bu istiqamətdə apardığı inzibati icraat və iddiaçının müraciətinin təxirə salınması barədə imtinası qanunvericiliyin tələblərinə uyğun deyil və əsassızdır. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, əmək pensiyaçısı olan şəxsin seçimi ilə onun əmək pensiyasına əlavə təyin edilərkən istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə hesablanmalıdır. Lakin cavabdeh iddiaçının 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətini əsas götürərkən iddiaçının həmin dövrdəki aldığı əmək haqqının orta aylıq məbləğini əsas götürərək, “Kəlbəcər rayon prokuroru” vəzifəsinə görə əmək haqqıya sonrakı (7 il ərzində, yəni 8 avqust 2023-cü il tarixədək olan) artımları nəzərə almadan hesablama apararaq, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin tələblərini pozmuşdur. Daha sonra iddiaçı cavabdehin etirazına dair yazılı izahat təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə təqdim olunmuş 2-2-20/2-62/2024 nömrəli məktubda qeyd olunur ki, “Kəlbəcər rayon prokurorunun vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2018-ci il tarixli, 203-16 nömrəli Qərarına əsasən 1 mart 2018-ci il tarixdən 1485 manat, 24 noyabr 2022-ci il tarixli 419 nömrəli Qərarına əsasən 1 dekabr 2022-ci il tarixdən 1.955 manat olmuşdur. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən, prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyşilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə müəyyən edilmişdir.” Lakin həm cavabdeh inzibati orqanın imtina məktubunda, həm də eyni məzmunlu etiraz məktubunda iddiaçıya yaşa görə əmək pensiyası 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti əsas götürülməklə hesablanacağı təqdirdə, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.955 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 879,75 manat, rütbəyə görə əlavə manat, digər növ əlavələr 1.681,24 manat olmaqla orta aylıq əmək haqqı məbləği 4.653,99 manat hesablanmışdır. Göründüyü kimi, iddiaçının əmək haqqının orta aylıq məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyşilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavənin hesablanıb hesablanmadığı, əgər hesablanmışsa bununla əlaqədar konkret hesablamalar inzibati orqan tərəfindən göstərilməmişdir. İddiaçı 2011-2016-cı illərdə sözügedən növ əlavələri almış və həmin gəlirlərdən məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Odur ki, həmin növ əlavələrdəki artımların hazırkı vəziyyətdə inzibati orqan tərəfindən iddiaçıya tətbiq edilməməsi tamamilə əsassızdır. Əgər sözügedən əlavələr hesablanarsa; vəzifə maaşı 1.955 manat + qulluq illərinə görə əlavə 879,75 manat + rütbəyə görə əlavə 138 manat + digər növ əlavələr 1.681,24 manat + Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən hesablanan əlavə 1.955*100% = cəmi orta aylıq əmək haqqı məbləği: 6.608,99 manat olacaqdır. İddiaçının 29 il 9 ay 26 gün qulluq stajı olduğu nəzərə alındıqda, əmək pensiyası 5.287,19 manat (orta aylıq əmək haqqı * 80% = 6.608,99 *80% = 5.287,19 manat) təşkil edəcəkdir ki, bu da öz növbəsində iddiaçının əmək pensiyasının 20,94% artımı deməkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli, 627-VİQD nömrəli qanunun 1.1, 1.3, 1.8 və 1,9cu bəndlərinə əsasən, sonrakı artımlar ifadəsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci, 20.2-ci, 20.3-cü və 20.21-ci bəndlərindən çıxarılmışdır. Lakin prokurorluq orqanlarında qulluqla əlaqədar əmək pensiyasının təyin olunması ilə bağlı ictimai münasibətləri tənzimləyən və hazırkı iş üzrə qanuni əsas qismində çıxış edən norma müvafiq Qanunun 20.8-ci bəndidir. Hazırda qüvvədə olan Qanunun 20.8-ci bəndində isə “sonrakı artımlar” ifadəsi qalmaqdadır. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubları ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli, 627 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz. Bu səbəbdən də, iddiaçıya xx.xx.2021- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş vəzifə maaşına əlavələrin nəzərə alınmaqla əmək pensiyasının 2011-2016-cı illər üzrə əməkhaqqı əsasında hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-3350/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Könül Həbibova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinin tələbləri baxımından cavabdeh orqan prokurorluq orqanlarında qulluğun son 24 ayı əsas götürülməklə əmək pensiyasını hesablamış, daha sonra isə indeksləşdirilmə aparılaraq pensiya məbləği artırılmaqla yanvar ayı üzrə ona ödənilməli olan fərq məbləği hesablanmışdır. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə o zaman maddi hüquq normasını düzgün tətbiq etmiş olardı ki, iddiaçı vaxtilə 2011-2016-cı illərdə yalnız vəzifə maaşı almış, onun əməkhaqqına əlavə olmamış və işdən çıxdıqdan sonra həmin vəzifə üçün vəzifə maaşı və ona əlavələr tətbiq olunmuş olsun. Belə olan vəziyyətdə şəxs həmin növ əməkhaqqının tərkib hissəsini (əlavə) vaxtilə almadığı, həmin növ əməkhaqqının tərkib hissəsindən məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi üçün onun əmək pensiyasının hesablanmasında nəzərə alınmazdı. Lakin, iddiaçı vaxtilə vəzifə maaşı və vəzifə maaşına əlavə almış, həmin vəzifədən ayrıldıqdan sonra Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli Qərarına əsasən, vəzifə maaşına xx.xx.2020-ci ildən 100% əlavə, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş qanun dəyişikliyinə əsasən, xx.xx.2023-cü ildən etibarən 125% əlavə tətbiq edilmişdir. Məhkəmənin tətbiq etdiyi qaydada maddi hüquq norması tətbiq edilərsə, şəxsin əmək haqqısına daxil olan əlavələrdə baş verən hər hansı artım əmək pensiyasına təsir etməməlidir. Bu isə qanunun məntiqinə və məqsədinə ziddir. Odur ki, iddiaçının vəziyyətində şəxs müvafiq dövrdə həm vəzifə maaşı, həm də əlavə almış və həmin əlavələrdən də sosial sığorta haqqını ödədiyi üçün sonradan əməkhaqqına eyni növdən əlavələrlə bağlı artımlar da onun əmək pensiyasına təsir etməlidir. Əks halda, qanunun 1.0.19-cu yarımbəndi ilə nəzərdə tutulan sonrakı artımlar anlayışı tətbiq edilə bilməz və hüquqi müddəanın mənası itər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı işlədiyi müddətdə əmək haqqına 100% və 125% əlavələr yox idi, lakin eyni növdən vəzifə maaşına əlavələr olmuşdur. Maddi yardımlar və digər əlavələrin əmək haqqına əlavələr kimi qiymətləndirilməli olduğunu hesab edirlər. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu, iddia ərizəsinə və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: ... 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. ... “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanun: Maddə 20. Prokurorluq işçilərinin sosial müdafiəsi ... 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 32. Prokurorluqda qulluq keçmənin yaş həddi 32.1 Prokurorluğa işə bir qayda olaraq 30 yaşınadək şəxslər qəbul olunurlar. 32.2. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli Qərarı İnzibati Prosessual Məcəllə: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisə predmeti cavabdehin iddiaçının prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtinası barədədir. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarının işçisi kimi 4.371,77 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən iddiaçının işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının hesablanması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin verdiyi seçim imkanına uyğun olaraq onun arzusuna əsasən prokurorluq orqanlarında qulluğun son 24 ayı - xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixləri arasındakı dövr əsas götürülmüşdür. Hazırda isə iddiaçı onun əmək pensiyasının ardıcıl gələn 60 ay ərzində - 08 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı müddət əsas götürülməklə, əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanmasını tələb edir. İddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, iddiaçının “sonrakı artımlar” qismində nəzərə alınmasını tələb etdiyi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyişilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavələrdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Qərarında qeyd olunanlara əsasən cavabdehin imtinasını əsaslı sayaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında” Qanunun digər müddəaları ilə yanaşı 20-ci maddəsində nəzərdə tutulan “sonrakı artımlar” müddəasına, habelə 1.0.2-ci maddəsinə şərh verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində sosial sığorta stajından, 20-ci maddəsində eyni zamanda “sonrakı artımlar” dan bəhs olunur. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən iddiaçının pensiyanın yenidən hesablanması üçün əsas götürülməli olduğu 60 aylıq müddət - 08 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək “Kəlbəcər rayon prokuroru” vəzifəsində çalışdığı müddətdə ona ödənilmiş əməkhaqqının tərkibi, eləcə də bu tarixdən sonra onun pensiya təyinatı tarixinədək (08 iyul 2023-cü il tarixədək) həmin vəzifənin əməkhaqqında sonrakı artımlarla bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Belə ki, işə baxan məhkəmənin bununla bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun 4 mart 2024-cü il tarixli, 2-2-20/2-62/2024 nömrəli məktubundan görünür ki, Kəlbəcər rayon prokurorunun vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2018-ci il tarixli, 203-16 nömrəli Qərarına əsasən 1 mart 2018-ci il tarixdən 1.485 manat, 24 noyabr 2022-ci il tarixli, 419 nömrəli Qərarına əsasən 1 dekabr 2022-ci il tarixdən 1.955 manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqsut 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyişilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə müəyyən edilmişdir. Sorğuya cavaba əlavə edilmiş iddiaçının Kəlbəcər rayon prokurorunun vəzifəsində işlədiyi 2011-2016-cı illər ərzində ona ödənilmiş ödənişlərə dair cədvəldən görünür ki, iddiaçının həmin illər ərzində vəzifə maaşı 14.086,28 manat (2011-ci il), 34.396,02 manat (2012-ci il), 34.503,43 manat (2013-cü il), 35.921,53 manat (2014-cü il), 37.342,17 manat (2015-ci il), 31.568,12 manat (2016-cı il) olmuş, işlədiyi müddətdə hər il xidmət ili üçün əlavə, rütbə maaşına görə əlavə, maddi yardım, 2012-2016-cı illərdə əlavə olaraq 200% əmək haqqı həcmində məzuniyyətə görə müavinət, məzuniyyət pulu, 200% əmək haqqı həcmində xəstəliyə görə müalicə pulu almışdır. İddiaçı hazırda Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli, 625-Vİ nömrəli Qanuna dəyişilikliyə əsasən 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb etsə də, işin qeyd edilən hallarından göründüyü kimi qeyd olunan əlavə iddiaçının xidmət etdiyi 2011-2016-cı illərdə təsis edilmədiyindən onun həmin dövr ərzində aldığı əmək haqqına daxil olmamış, onun tərəfindən alınmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsasən şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə ki, iddiaçının iddia etdiyi əlavə əmək haqqındakı “sonrakı artım” deyil, əmək haqqına sonradan daxil olan tamamilə yeni növ ödəncdir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya prokurorluq orqanının işçisi kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün qanuni əsas olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-3350/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar