Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-340/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-29/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********05 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu sxemində torpaq sahəsinin ölçüləri qeyd olunmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsinin hüdudlarının iddiaçının adına dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə icarəsinə verilmiş 0.05 ha torpaq sahəsindən 2006-cı ildən hazıradək istifadə edir, vergiləri ödəyir, yay mövsümü həmin sahəni abadlaşdırır, təmizləyir və açıq şəkildə əhaliyə ödənişsiz xidmət göstərir. İcarəsinə verilmiş həmin torpaq sahəsi dəniz sahili suyundan 100-150 metr aralıda yerləşir. Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti icarəsinə verilmiş qeyd olunan 0.05 ha torpaq sahəsinin adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Nabran zonasında dəniz sahil suyunun 100-150 metr aralıda yerləşən torpaq sahələrində yüzlərlə obyektlər tikilmiş və DƏDRX-də qeydiyyata alınmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır. İddiaçı Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Təqdim edilən sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamı ilə icarəyə verilmiş 0.05 ha torpaq sahəsi cavabdeh idarənin elektron məlumat bazasında olan xəritəyə əsasən Xəzər dənizi sahili boyu X3 fonduna aid sahil zolağıdır. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 19-cu maddəsinə əsasən daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Lakin bununla əlaqədar müvafiq icra hakimiyyəti orqanının müraciəti 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır. Odur ki, göstərilən çatışmazlıqları nəzərə alaraq və hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 11.1 və 15.1.3-cü maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından xx.xx.2020-ci il tarixli məktubla əsaslı olaraq imtina olunmuşdur. Bundan sonra iddiaçı həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. İddia ərizəsində göstərilən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və göstərilənlər Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq və vəzifələrinə toxunur. Bununla bağlı iş üzrə icraata AR Əmlak Məsələləri Dövlət Komitəsinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-29/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin iddia tələbinə etirazının əsası kimi torpaq sahəsinin idarənin elektron məlumat bazasında olan xəritəyə əsasən Xəzər dənizi sahili boyu X3 fonduna aid sahil zolağı olması göstərilmişdir. Qeyd edir ki, həmin torpaq sahəsi İcra Hakimiyyətlərinin mülkiyyətində olmaqla idarəçiliyi həyata keçirdiyindən icarəyə vermək səlahiyyətlərinə də malikdir. Odur ki, hazırda Nabran zonasında belə ərazilər İcra hakimiyyəti tərəfindən müxtəlif şəxslərə icarəyə verilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin icarəsinə verilməsinə dair bütün zəruri sənədləri (Xaçmaz rayon İHnin xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncam, yerquruluşu xəritəsindən çıxarış, müqavilə və s.), o cümlədən 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yerində ölçü koordinatları barəsində sxemi məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə iddiaçının xəbəri olmadan ekspertiza təyin etmişdir. cavabdehin mütəxəssisi müvafiq CPS ölçüləri aparmaqla sahənin sxemi və koordinatlarnı müəyyən etdiyi halda, məhkəmə həmin sxem və koordinatları nəzərə almamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, Torpaq Məcəlləsinin 32-ci maddəsinin 2-ci hissəsinə əsasən su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verilməsinə dahir hüquqmüəyyənedici sənədlərdə göstərilən məqsədlər göstərilən məqsədlərlə uyğunluq təşkil etmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır. İş materiallarından görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006cı il tarixli, 436 saylı sərəncamı ilə əhaliyə çimərlik xidmətinin göstərilməsi üçün rayonun Xəzər dənizi sahili boyu X3 fondu torpaqlarının Nabran kəndi yaxınlığındakı hissəsindən 0.05 ha torpaq sahəsi iddiaçının uzunmüddətli (99 il müddətinə) icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair Xaçmaz rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2006-cı il tarixli, 336 saylı icarə müqaviləsi bağlanmışdır. İddiaçı tələbinin əsası kimi Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 436 saylı sərəncamına istinad edərək 0.05 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. AR Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin maddənin 2-ci bəndinə görə göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı (Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdimatı əsasında), ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gedişgəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqları dövlət mülkiyyətində olan torpaqlara aiddir. İkinci kateqoriyadan olan torpaqlar isə yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahəsi ilə bağlı qeyd olunan hüquq normalarının tələblərinə uyğun araşdırma aparmamışdır. Belə ki, işə baxan məhkəmə iddiaçının icarəsinə verilmiş 0.05 ha torpaq sahəsinin təyinatı (ümumi istifadədə olan, asudə dövlət torpaqlarına aid olması və s.), iddiaçının faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının sərəncamla ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etsə də, işdən görünür ki, məhkəmə araşdırmanı başa çatdırmayaraq mütəxəssis rəyinin alınmasını təmin etməmişdir. Halbuki, İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İşə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan halları araşdırılmaq məqsədilə hazırda mübahisələndirilən 0.05 ha torpaq sahəsinin təyinatı, yəni həmin torpaq sahəsinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar yoxsa Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid olması, eləcə də digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb düşməməsi ilə bağlı mütəxəssis rəyi alınmalı, torpaq sahəsinin yerində müayinə edilərək müayinə aktının məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana sorğu verilməli, işin qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında işə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-29/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-340/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-340/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver