Məhkəmə qərarları › İş №2-1(105)-35/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-35/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-35/2023 14.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(118)-50/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********199523 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2018-ci il iyun ayından 2020-ci ilin mart ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli **********199533 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən gəlir vergisi üzrə 1718407,4 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 156,34 manat, əlavə dəyər vergisi üzrə 30,00 manat vergi borcunun azaldılması aşkar edilmişdir. Cavabdehin 06 noyabr 2020-ci il tarixli **********141497 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı barəsində ümumilikdə 1718593,74 manat vergi məbləği, həmin məbləğin 50 faizi məbləğində və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 297458,90 manat olmaqla, cəmi 1156795,77 manat maliyyə saksiyası, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (arayışın vaxtında təqdim edilməməsinə görə) 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 24 sentyabr 2020-ci il tarixli **********199533 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3141497 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı məhsullarının idxalı və ixracı fəaliyyət növü üzrə məşğul olur və mövcud qanunvericiliklə qadağan olunmuş heç bir fəaliyyəti yoxdur. Cavabdeh tərəfindən 2019-cu ildə kameral yoxlama keçirərək iddiaçıya böyük məbləğdə əlavə vergi məbləği hesablanmışdır. İddiaçı qərardan cavabdehə şikayət etmiş, bundan sonra cavabdeh tərəflərindən hesablanmış məbləğin iddiaçı tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Dövlət Vergi Xidməti iddiaçının şikayətini obyektiv araşdırıb, təqdim etdiyi sənədlərə baxış keçirdikdən sonra kameral yoxlama nəticəsində hesablamanı ləğv etmişdir. Qeyd edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı barəsində mübahisələndirilən səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama dövründə tələb olunan bütün sənəd və məlumatlar cavabdehə təqdim edilmişdir. Yoxlama aparılan müddətdə iddiaçı tərəfindən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, gəlir və xərclər barədə, mədaxil məbləğlərini göstərən sənədlər, qaiməfakturalar, müqavilələr və razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətləri əks etdirən hesabatlar yoxlama gününədək müəssisə təfəfindən vergi orqanlarına təqdim edilmişdir. Hesab edir ki, iddia barəsində tərtib edilmiş **********26199533 nömrəli səyyar vergi yoxlaması aktı düzgün tərtib edilməmişdir. Belə ki, aktda qeyd edilənlər qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil edir. Aktın 1.8-ci bəndində vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin (dövriyyəni təsdiq edən) yoxlamaya təqdim edilmədiyi qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən bu halları təsdiq edən və tələbnamədə qeyd edilən bütün sənədlər səyyar vergi yoxlaması keçirilən zaman cavabdehə təqdim edilmişdir. Aktın 2.1-ci bəndində 2018 və 2019-cu illər üzrə gəlir vergisinin hesablanmasında Vergi Məcəlləsinin 83.9 maddəsini rəhbər tutaraq AR Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərara əsasən hesablama qaydalarının tətbiq edildiyi qeyd edilmişdir. Qeyd edir ki, bu hesablama metodunun mövcud hal üçün tətbiqi əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 83.9 maddəsi 67.14 maddəyə əsasən tətbiq edilə bilər (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır). Həmçinin, VM-nin 67.1-ci maddəsində qeyd olunan halların heç biri baş verməmişdir. İddiaçı tərəfindən qüvvədə olan qanunvericiliyin bütün tələblərinə əməl olunmuş, tələbnamə üzrə bütün sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir. Əlavə olaraq qeyd edir ki, NK-nın 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı da öz növbəsində düzgün tətbiq edilməmişdir. Qərarın 6.1-ci bəndində qeyd edilir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir. Yəni hesablama zamanı 6.1.1-ci bəndinə görə gəlir əsasında və ya 6.1.2-ci bəndinə görə xərclər əsasında. Amma aktda eyni zamanda hər iki metoddan istifadə edilmişdir. Aktın 2.7-ci bəndində Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin və “Nağd hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanununun tələblərinin pozulması qeyd edilmişdir. Qeyd edir ki, 2020-ci ilə qədər elektron alış aktı mövcud olmamışdır. Bütün alış aktları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada kağız üzərində mövcud olmuşdur. Bu səbəbdən alış aktı tərtib olunan zaman qarşı tərəfin vergi ödəyicisi kimi qeydiyyatda olmasını aşkar etmək mümkün deyildi. Yalnız 2020-ci ildən elektron alış aktları təşkilindən sonra mal alan bu məlumatı əldə edə bildi. Bu səbəbdən aktda bu hal üzrə nəzərdə tutulan maliyyə sanksiyasının hesablanması qanuna müvafiq deyildir. Səyyar vergi yoxlaması aktının surətindən görünür ki, iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başlanımış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. xx.xx.2016-cı il tarixli VN-nin Kollegiyasının qərarı ilə təsdiq edilmiş səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarında, s.v.y-nın keçirilməsi müddəti 30 iş günü deyil, 30 gün müəyyən edilmişdir. Cavabdeh tərəfindən s.v.y. qərarı təhrif edilərək, 30 gün əvəzinə, 30 iş günü qeyd olunmuşdur. KY201464869 saylı, 12 noyabr 2020-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışından görünür ki, yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdə başlanmış, xx.xx.2020-ci il tarixdə başa çatmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (46 gün), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (43 gün) artırılmışdır. Yoxlama müddəti (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) 137 gün çəkmişdir. Qeyd olunan günlər hesablanarkən iş günləri kimi deyil, təqvim günləri kimi hesablanmışdır. Həmçinin, səyyar vergi yoxlaması keçirilərkən nə mütəxəss dəvət edilmiş, nə də ekspertiza keçirilmiş, bu xüsusatları təsdiq edən heç bir sənəd cavabdeh tərəfindən vergi ödəyicisinə təqdim edilməmişdir. Bu fakt aktın 1.9.4 və 1.9.5-ci bəndlərində də öz təsdiqini tapmışdır. Səyyar vergi yoxlaması keçirilərkən yoxlamaya Sərbəst Audit rəyi də təqdim edilmişdir. Lakin həmin audit rəyi yoxlama zamanı nəzərə alınmamışdır. Rəydə qeyd olunmuşdur ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı qərarının tətbiqi üçün 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşsin. Yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün 83.9-cü maddəsi tətbiq olunur. 83.9-cü maddə isə artıq 55 saylı qərarın tətbiq olunmasına gətirir. Sənədləşmələr var, gəlirlər və xərclər sənədləşdirilmiş, uçota alınmış və bunlara əsasən qeyd olunan illər üzrə mənfəət vergi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Sənədlər təqdim edildiyi üçün NK-nın 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı tədbiq edilərək mənfəət hesablana bilməz. Eyni zamanda maliyyə sanksiyası ilə bağlı audit rəyində qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 13.2.10- cu, 16.1.11-6-cı, 73-cü və 130-1ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Parakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” na əsasən vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) almaqla, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib etməklə və belə malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış aktı” (MAA-1) ilə sənədləşdirilir. 2018-ci il və 2019-cu il tarixlərində vergi ödəyicisi qanunvericiliyin tələbinə əsasən malları “Malların alış aktı” ilə alaraq anbara mədaxil etmiş və daxili bazarda sataraq mükəlləfiyyətinə uyğun hesabat verərək vergisini ödəmişdir. Alış aktı tərtib olunan zaman qarşı tərəfin vergi ödəyicisi kimi qeydiyyatda olmasını aşkar etmək mümkün deyildir. Yalnız 2020-ci ildən elektron alış aktlarının təşkilindən sonra mal alan bu məlumatı əldə edə bilir. Bu səbəbdən aktda bu hal üzrə nəzərdə tutulan maliyyə sanksiyasının hesablanması qanuna müvafiq deyildir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktı iddiaçıya təqdim edilsə də iddiaçı tərəfindən heç bir səbəb göstərilmədən imza edilməsindən imtina edilmişdir. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq şərti rentabellik norması əsasında vergilərin hesablanmasına dair iddiaçının dəlilinə münasibətdə bildirir ki, yoxlamanın keçirilməsi ilə əlaqədar olaraq zəruri sənədlərin təqdim edilməsinə dair qərara əsasən sənədlər yoxlamaya tam olaraq təqdim edilməmişdir. Belə ki, dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə-tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tətbiq edilmədiyindən mənfəətin (gəlirin) birbaşa müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” nın tələbləri əsas götürülməklə şərti rentabellik norması tətbiq edilmişdir. İddiaçının gəliri müəyyən edilərkən, həmçinin, Hesabat/Axtarış informasiya sistemi məlumatları, bank məlumatları, qarşılıqlı əlaqələr və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsas götürülmüşdür. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozularaq yoxlamanın təqvim günü ilə deyil, iş günü hesabı ilə aparılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə bildirir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Vergi ödəyicisinin təqdim etdiyi 2018-cı il gəlir vergisi hesabatına əsasən çıxılmalardan sonra ümumi gəlir 9 019 249.00 manat, ümumi gəlirdən çıxılan xərclər 8 961 285.00 göstərilmiş, vergiyə cəlb olunan 57 964.00 (9 019 249.00-8 961 285.00) manat gəlirdən 20% dərəcə ilə 11 592.80 manat gəlir vergisi hesablanmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən 3417531,48 manat idxal və 5722600,69 manat dəyərində meyvə tərəvəz ixrac etmişdir. Vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən (idxal edilən meyvə tərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qəran ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət (gəlir) müəyyən edilmişdir. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı idxal və ixrac malları üzrə tətbiq edilmişdir. İdxal edilmiş mallarara münasibətdə xərcə görə 4101037.78 manat gəlir (3417531,48/5*6 = 4101037.78), ixrac edilən mallara münasibətdə isə gəlirə görə 4768833.91 manat xərc müəyyən edilmişdir. (5722600,69 / 6*5 =4768833.91). Yoxlama ilə vergi ödəyicisinin 2018-ci ilin gəlir vergisi üzrə çıxılmalardan sonra ümümi gəliri 9823638,46 manat, ümumi gəlirdən çıxılan xərclər isə 8186365,38 müəyyən edilmişdir. Belə ki, 2018-ci il üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlir aşağıdakı düsturla hesablanmışdır. (9823638,46-8186365,38)*20%-11592,8 (cari bəyannaməyə əsasən gəlir vergisi )=315861.82 manat gəlir vergisi hesablanmışdır. İddiaçı 2019-cu il gəlir vergisi hesabatını boş təqdim etmişdir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən 17646245,28 manat idxal və 20900873,18 manat dəyərində meyvə tərəvəz ixrac etmişdir. İdxal edilmiş mallarara münasibətdə xərcə görə ********.34 manat gəlir (17646245,28/5*6 = ********.34), ixrac edilən mallara münasibətdə isə gəlirə görə ********.32 manat xərc müəyyən edilmişdir. (20900873,18/6*5 =********.32). Yoxlama ilə vergi ödəyicisinin manat 2019-ci ilin gəlir vergisi üzrə çıxılmalardan sonra ümumi gəliri 42076367,52 manat, ümumi gəlirdən çıxılan xərclər isə 35063639,59 müəyyən edilmişdir. Belə ki, 2019-cı il üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlir aşağıdakı düsturla hesablanmışdır.) (42076367,52-35063639,59)*20%=1402545.58 manat gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən 2018-ci ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 315861.82 manat azaldılmasına və 2019-cu ilin gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1402545.58 manat cəmi, 1718407.4 manat azaldılmasına görə 50% məbləğində, yəni 859203.7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Fərdi sahibkar tərəfindən icarəyə götürülmüş təsərrüfat subyektinə (obyektinə) görə icarə müqaviləsi bağlanılmağına baxmayaraq, 2019-cu il 1-ci rüb hesabat dövrünə “Ödəmə mənbəyində tutulan vergi” bəyannaməsini təqdim edilməmişdir. 2019-ci ilin 1-ci rübü üzrə cəmi ödənilmiş 1 116.69 manat icarə haqqı üzrə ödəmə mənbəyində tutulan məbləğ üzrə cəmi 156.34 manat ödəmə mənbəyində tutulan vergi azaldılmışdır. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən ödəmə mənbəyində verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 156.34 manat azaldılmasına görə 50% məbləğində, yəni 78.17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin və "Nağd hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. AR Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli Qərarına əsasən “Malların alış aktı” ciddi hesabat blankı hesab edilir. Fərdi sahibkar tərəfindən “Malların alış aktı” ciddi hesabat blankı alınmamış, adi qaydada akt tərtib edilmiş, alınmış kənd təsərrüfatı mallarının istehsal yeri barədə məlumat təqdim edilməmişdir. Fiziki şəxs tərəfindən aylar üzrə nağd olaraq 4652511.31 manat məbləğində nağd qaydada 13 vergi ödəyicisindən meyvətərəvəz alışı olmuşdur. ( 30000 manatdan yuxarı alışlar, 2019-cu ilin yanvar ayı 286597,6 manat, fevral ayı 235116,1 manat, mart ayı 0 manat, aprel ayı 0 manat, may ayı 1430569,4 manat, iyun ayı 179460,1 manat, iyul ayı 91181,5 manat, avqust ayı 29837,1 manat, sentyabr ayı 156568,4 manat, oktyabr ayı 142387,6 manat, noyabr ayı 194575,6 manat, dekabr ayı 228296 manat cəmi 2974589,4 manat). Qeyd olunan 2974589,4 manat aşkarlanan 1-ci hal kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 297458,9 manat maliyyə sanksiyası hesablanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(118)-50/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: İ.Quliyev). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, VM-nin 43.10-cu maddəsinin tələblərindən görünür ki, əgər SVY zamanı vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilməmişdirsə, (SVY Aktının 1.8 və 2.1-də qeyd edildiyi kimi) bu barədə imtina aktı tərtib edilməli idi. Lakin belə bir akt cavabdeh inzibati orqan tərəfindən tərtib edilməmişdir. Məhkəmənin iclasında SVY zamanı iddiaçının nümayəndəsi olmuş X3 şahid qismində məhkəməyə verdiyi ifadəsində qeyd olunmuşdur ki, 2 saylı ƏVBİ tərəfindən təqdim edilmiş tələbnamayə əsasən tələb olunan sənədlər Sumqayıt şəhərində, 2 saylı ƏVBİ-nin inzibati binasında SVY-nı həyata keçirən X5 təqdim edilmişdir. Lakin sənədlərin C.Təhməzova təqdim edilməsinə baxmayaraq, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokol tərtib edilməmiş, sənədlərin qəbul edilməsini təsdiq edən heç bir qəbz təqdim edilməmişdir. 2 saylı ƏVBİ-nin əməkdaşı X4 şahid qismində məhkəməyə verdiyi ifadəsində qeyd olunmuşdur ki, səyyar vergi yoxlaması zamanı, bütün sənədləri iddiaçının nümayəndəsi olmuş X2 Sumqayıt şəhərində təhvil almışdır. Təqdim edilən sənədlər vergi orqanındadır. 2018-ci ilə aid sənədlər kameral vergi yoxlaması zamanı təqdim edilmişdir. Sənədlər qanunauyğun olmadığından qəbul edilməyib. Yoxlama topdan satış müəssisəsində keçirilmişdir. Sənədlərin qəbul edilməsi barədə protokoldakı xətt onun xəttidir, o, İddiaçı ilə iki dəfə - xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə görüşmüşdür. X6 tərəfindən iddiaçıya yalnız xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar və xx.xx.2020-ci il tarixli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə Tələbnamə təqdim edilmiş, iddiaçı yalnız göstərilən bu iki qərara imza ataraq qəbul etmişdir. Cavabdeh inzibati orqan tərəfindən sənədlərin təqdim edilməməsi barədə imtina aktı deyil, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə xx.xx.2020-ci il tarixli protokolun əsli məhkəməyə təqdim edilmişdir. Artıq sənədlərin və nümunə kimi əşyaların təqdim edilməsi barədə protokolun, təqdim edilmiş sənədlərin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməsi, SVY Aktında 1.8 və 2.2-ci bəndlərinin həqiqiliyi, cavabdehin özü tərəfindən təkzib olunur. Bu da öz növbəsində cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablama aparılmasının qanunsuz olduğunu sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında yoxlama dövründə bütün sənədlərin şəxsən onun tərəfindən deyil, etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən vergi orqanına təqdim edildiyini, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə xx.xx.2020-ci il tarixli protokolun ona təqdim edilmədiyini, protokolda qeyd olunan imzanın ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1566 saylı rəyində qeyd olunmuşdur ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokolda İddiaçı yazıları önündəki imzanın və “götürmə protokolunun surətini aldım” qrafasındakı imzanın onun tərəfindən icra olunub-olunmamasının tətqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspert rəyindən görünür ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokolun həqiqiliyi onu tərtib edən cavabdeh inzibati orqan tərəfindən sübut edilməlidir. Qeyd edir ki, cavabdehin SVY aktında qeyd etdiyi “Nağd hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu mövcud deyildir. Cavabdeh “Nağdsız hesablaşmalar haqqında” Qanunu nəzərdə tutmuşdursa bu qanunun hansı maddəsinin tələbininin pozulduğunu qeyd etməmişdir. “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” AR NK-nın 243 nömrəli 7 iyul 2020-ci il tarixli Qərarı qüvvəyə mindiyi andan, yəni xx.xx.2020-ci il tarixdən, elektron alış aktları tətbiqi qüvvəyə mindikdən sonra, sahibkarlar mal satanın vergi qeydiyyatında olub-olmadığını aşkar edə bilmişdir, vergi qeydiyyatında olan şəxslərlə malların alış aktlarının bağlanması mümkün deyildir. Cavabdeh inzibati orqanın SVY aktında qeyd etdiyi alış aktları 2018 və 2019-cu illər ərzində bağlanmışdır. Vergi Məcəlləsinin tələblərinə görə alış aktını tərtib edən şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmamasını müəyyənləşdirmək vəzifəsi yoxdur. Hesab edir ki, bu səbəbdən tətbiq edilmiş maliyyə sanksiyası əsassız və qanunsuzdur. Mübahisələndirilən SVY yoxlaması keçirilməzdən əvvəl 2 saylı ƏVBİ tərəfindən 2018-ci il gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirilərək nəticədə **********037600 nömrəli, xx.xx.2019-cu il tarixli qərar ilə 289.048.83 AZN əlavə vergi məbləği hesablanmış, daha sonra gəlir və xərc sənədlərinə baxış keçirilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən **********257000 saylı yeni qərar qəbul edilərək, əvvəlki **********037600, xx.xx.2019-cu il tarixli qərar ləğv edilərək, əsassız hesablanmış əlavə vergi məbləği silinmişdir. Hazırda cavabdeh inzibati orqanın **********257000 saylı, xx.xx.2019-cu il tarixli qərarının qüvvədə olmasına dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “bu halın mövcudluğunun səyyar vergi yoxlaması keçirilməsini istisna edəcək tənzimləmə vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə iddiaçının bu dəlilini də iddianın təmini üçün əsas hesab etmir”. Birinci instansiya məhkəməsinin qərarının bu hissəsinə münasibətdə bildirir ki, “İnzibati icraat haqqında” Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Səyyar vergi yoxlaması zamanı mövcud qərar - **********257000 saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilmədən, həmin dövr (2018) üzrə yenidən hesablama aparılaraq nəticədə qanunsuz qərar qəbul edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi (01 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiya): Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: (-) nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (hazırda qüvvədə olan redaksiya): Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: (-) nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”. “Nağdsız hesablaşmalar haqqında” Qanunun: Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. (-) 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; 3.4.2. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər; 3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə (bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla) ödənilən xidmət haqları və digər yığımlar; 3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar; 3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi; 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması; 3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi); 3.4.8. təhsil haqlarının ödənilməsi; 3.4.9. turagentlərə ödəmələr; 3.4.10. ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər; 3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər; 3.4.12. tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər; 3.4.13. “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları); 3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər; 3.4.15. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər; 3.4.16. rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər. 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). “İnzibati icraat haqqında” Qanun: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********199523 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Aparılmış yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli **********199533 nömrəli səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında 06 noyabr 2020-ci il tarixli **********141497 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 noyabr 2020-ci il tarixli **********141497 qərarının ləğvi olmuşdur. Göründüyü kimi iddiaçı mübahisələndirmə növündə iddia qaldırmaqla inzibati aktın ləğvini tələb etmişdir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin qarşılıqlı təhlili nəticəsində o qənaətə gəlinir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır. İlk növbədə, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanının qəbul etdiyi qərarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla müvafiq əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, **********199523 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bundan əlavə, hazırkı iş üzrə səyyar vergi yoxlamasının xx.xx.2020-ci il tarixində başlanıldığı, səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarla yoxlama müddətinin hər dəfə 30 iş günü müdətinə uzadılmaqla, xx.xx.2020-ci il tarixində başa çatdığı müəyyən edilir. Bununla bağlı kollegiya qeyd edir ki, vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur. Səyyar vergi yoxlaması dövründə qüvvədə olan AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə görə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.4-cü maddəsində qeyd edilir ki, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli, 406 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinin ikinci hissəsinin ikinci və üçüncü cümlələrində və üçüncü hissəsində ismin müvafiq hallarında “gün” sözü ismin müvafiq hallarında “iş günü” sözləri ilə əvəz edilmişdir. Qeyd edilən dəyişiklik 01 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Sadalanan hüquq normalarının tələblərindən göründüyü kimi qanunverici səyyar vergi yoxlamasının iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirildiyini nəzərdə tutsa da yoxlama dövründə qüvvədə olan VM-nin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının müddətini konkret olaraq təqvim günü ilə müəyyən etmişdir. Daha sonra həmin maddəyə edilmiş dəyişikliklə 1 yanvar 2022-ci il tarixdən belə yoxlamanın müddətinin iş günü ilə hesablanması nəzərdə tutulmuşdur. Göründüyü kimi mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliklə yoxlama təqvim günü ərzində həyata keçirilməli olsa da vergi orqanı bu müddəti iş günü ilə müəyyən etmişdir. Nəticədə, VM-nin 38.2-ci maddəsində yoxlamanın maksimal müddəti 90 gün olduğu halda, cavabdeh iddiaçı barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumilikdə 137 gün yoxlama apararaq müddətlə bağlı qeyd olunan hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə, kollegiya hesab edir ki, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən qanunsuz hesab edilməlidir, eləcə də, səyyar vergi yoxlaması yoxlama dövründə qüvvədə olan qanunvericilikdə təsbit edilmiş yoxlamanın aparılması müddətləri ilə bağlı normaların tələbləri pozulmaqla aparıldığından belə yoxlamanın hüquqi nəticəsi olmamaqla yanaşı, iddiaçı barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı barəsində 2018-ci il üzrə 315861,82 manat, həmin məbləğin 50 %-i miqdarında 157930,91 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 1402545,58 manat mənfəət vergisi, həmin məbləğin 50 %-i miqdarında 701272.79 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 156,34 manat ödəmə mənbəyində vergi, həmin məbləğin 50 %-i miqdarında 78,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 30,00 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 %-i miqdarında 15,00 manat maliyyə sanksiyası hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı zəruri olan alış-satış sənədlərini tam şəkildə nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilən alış sənələri isə ciddi hesabat sənədləri olmamışdır. Vergi ödəyicisi tərəfindən dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilmədiyindən və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tədbiq edilmədiyindən, inzibati orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı əsasında hesablama aparmasını məhkəmə əsaslı hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddiaçı barəsində hesablanmış mənfəət vergisi ilə bağlı aşağıdakıları qeyd edir: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, vergi ödəyicisinə 2018-ci il üzrə 315861,82 manat, 2019-cu il üzrə 1402545,58 manat mənfəət vergisi, həmin məbləğin 50 %-i miqdarında 859203,7 manat (157930,91 + 701272.79) maliyyə sanksiyası hesablanmışdır. Həmçinin, işdən görünür ki, cavabdeh həm 2018-cı, həm də 2019-cu il üzrə mənfəət vergisini birbaşa şərti rentabellik norması tətbiq etməklə həyata keçirmişdir ki, bununla Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdehin iddia ərizəsinə etirazının dəlili ondan ibarət olmuşdur ki, dövriyyəni təsdiq edən sənədlər yoxlamaya tam olaraq təqdim edilməmiş (idxal edilən meyvətərəvəzlərin kimə satıldığını təsdiq edən sənəd) və ixrac olunan məhsulların alış aktları müəyyən edilmiş qaydalara uyğun olaraq tətbiq edilməmişdir. Bu səbəbdən, iddiaçıya Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik norması əsasında mənfəət vergisi hesablanmışdır. Kollegiya cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, işdən görünür ki, vergi orqanının “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1136692 nömrəli qərarı ilə iddiaçıdan ünvan 1 ünvanda yoxlanılan xx.xx.2018-xx.xx.2020-ci il dövrləri üzrə müvafiq sənədlərin surətlərinin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. Bundan sonra 2 saylı Ərazi Vergilər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi tərəfindən xx.xx.2020-ci il tarixində “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. Protokolda qeyd edilir ki, fərdi sahibkar İddiaçı tərəfindən 2019-cu il üzrə malların alış aktı, mədaxil qəbzi, şəxssiyyəti təsdiq edən sənədlər könüllü surətdə təqdim edilmiş, göstərilən sənədlərin və əşyaların baxılması zamanı 2019-cu il üzrə malların alış aktı - 228 ədəd, 2019-cu il üzrə mədaxil qəbzləri 86 ədəd, mal satanların şəxsiyyətini müəyyən edən sənədlər aşkar edilmişdir. Götürülən sənədlər və əşyalar müşahidəçilərə təqdim edilmiş onlardan alınaraq 314 ədəd sənəd tam olaraq qablaşdırılmışdır. Yuxarıda qeyd edilən protokolda sənədlərin götürülməsində fərdi sahibkar İddiaçı iştirak etdiyi, həmçinin, protokolu imzalayan şəxslər hissəsində sonuncunun məlumatları və imzası qeyd edilsə də, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı qeyd edilən protokolun onun tərəfindən imzalanmadığını və protokolun saxtalaşdırıldığını bildirmişdir. Bununla bağlı iddiaçının nümayəndəsinin (vəkili) şifahi vəsatəti təmin edilərək birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli, 4/1566 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş inzibati işin 159-160-cı vərəqələrində olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokolda “İddiaçı” yazıları önündəki imzaların və “Götürmə protokolunun surətini aldım” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, ekspertiza nəticəsində götürülmə protokolundakı imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsi müəyyən edilməsə də, birinci instansiya məhkəməsinin 19 avqust 2021-ci il tarixli protokolundan görünür ki, məhkəmə iclasında şahid qismində iştirak edən sözügedən protokolun tərtibində iştirak edən vergi orqanının böyük dövlət vergi müfəttişi X9 ifadəsində bildirmişdir ki, ona iddiaçının nümayəndəsi X8 tərəfindən 314 ədəd sənəd ofisdə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 da ifadəsində sənədlərin C.Ə.Təhməzova təqdim edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergilərin Vergi Məcəlləsinin 42.2-cü maddəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı cavabdeh orqan diskresion səlahiyyətə malikdir. Başqa sözlə, hazırki mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyəti ödənilməli olan verginin məbləğinin əlaqəli məlumatlardan istifadə etməklə hesablanması ilə bağlıdır. Vergilərin bu qaydada hesablanması cavabdehin öhdəliyi deyil, hüququdur. Lakin bununla bağlı qeyd olunmalıdır ki, inzibati orqan həmin qaydanı tətbiq etməklə verginin hesablanması barədə qərara gəldiyi hallarda, onun həmin hüququ artıq öhdəlik keyfiyyəti əldə edir və inzibati orqanın Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun davranmaq öhdəliyi yaranır. Bu andan etibarən inzibati orqan həmin qaydanın şərtlərinə bağlıdır və bu şərtlərə əməl etməyə borcludur. İnzibati orqan eyni zamanda malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə yanaşma diskresion səlahiyyətin mahiyyətindən irəli gəlir (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli 2-1(102)-22/2022 saylı Qərarı). Vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Vergi Məcəlləsinin 67.4-cü maddəsində deyilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Göründüyü kimi, qanunverici vergilərin hesablanmasında vergi orqanına əvvəlcə əlaqəli məlumatlardan istifadə edilməsi, belə araşdırma kifayət etmədikdə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinad edilməsinə, qeyd olunan hər iki növ araşdırma mexanizmləri tükəndikdə isə 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması əsasında mənfəət vergisinin hesablanmasına icazə vermişdir. Lakin hazırki mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan, həmçinin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları” nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Məhkəmə tərkibi iş materiallarını və işin müəyyən edilmiş həqiqi hallarını əsas götürərək hesab edir ki, cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəətinin hesablanması qanuni sayıla bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı iddiaçıya gəlir vergisi üzrə 1718407,4 manat vergi məbləği və 859203,7 manat maliyyə sanksiyası hesablamaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən iddiaçı barəsində hesablanmış 297458,90 manat maliyyə sanksiyası ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh iddiaçıya həmin məbləğdə maliyyə sanksiyası hesablanmasının əsası kimi iddiaçı tərəfindən 2019-cu ilin yanvar-dekabr ayları üzrə nağd olaraq 2974589,4 manat məbləğində meyvə-tərəvəz alışı həyata keçirildiyini, bununla da Vergi Məcəlləsinin 58.7-1ci maddəsinin tələbləri pozulduğundan, həmin məbləğin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edildiyini, eləcə də həmin dövr ərzində nağd qaydada alınan mallara dair tərtib edilən aktların ciddi hesabat blankı formasında olmadığını qeyd etmişdir. Kollegiya cavabdehin qeyd edilən dəlilinə münasibətdə aşağıdadıkarı qeyd edir: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə;

2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə;

3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya;

4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə;

5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə;

6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə;

7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə;

8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə;

9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə;

10. həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;

11. həmin Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

2. əlvan və qara metal qırıntılarının qəbulu;

3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

5. xam dərinin tədarükü (alışı). Qeyd olunan hüquq normalarının təhlilindən görünür ki, yalnız nağdsız qaydada aparılan hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4-cü maddəsində təsbit edilmiş, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində isə məhz həmin hesablaşmaların aparılması qaydalarını pozan vergi ödəyiciləri barəsində məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Sözügedən Qanunun 3.5.1-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından qəbul edilən kənd təsərrüfatı məhsulları isə vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən mallara aid edilmişdir. Başqa sözlə, həmin mallar nağd qaydada alına bilən olmaqla, belə malları həmin qaydada alan şəxslər Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində təsbit edilən məsuliyyət subyektlərinin siyahısına aid edilməmişdir. İşin müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən faktiki hallarından da göründüyü kimi iddiaçı 2019-cu ilin yanvar-dekabr ayları üzrə kənd təsərrüfatı məhsullarının istehsalçılarından nağd qaydada kənd təsərrüfatı məhsulları almışdır. Cavabdeh dəlillərində həmin məhsulların istehsalçılarının vergi ödəyicisi olduqlarını, başqa sözlə, Qanunun 3.5 və 3.5.1-ci maddəsinin iddiaçıya münasibətdə tətbiq edilməməli olmasını qeyd edir. Kollegiya cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, malların satıcıları tərəfindən VÖEN-in təqdim edilməməsi iddiaçının təqsiri ucbatından olmamış, malın alıcısı olan İddiaçı satıcıların özlərini təqdim etməsindən asılı olaraq qanunla üzərinə düşmüş öhdəliyi yerinə yetirərək həmin şəxslə apardığı əməliyyatı müvafiq alış aktı ilə rəsmiləşdirmişdir. Belə ki, iddiaçı Vergi Məcəlləsinin 71-ci maddəsində (Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması) nəzərdə tutulan öhdəliyini icra edərək vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən xərclərini məhkəməyə təqdim etdiyi malların alış aktları ilə sənədləşdirmişdir. Bundan başqa, cavabdehin sözügedən dövr ərzində nağd qaydada alınan mallara dair tərtib edilən aktların ciddi hesabat blankı formasında olmaması dəlili ilə bağlı kollegiya bildirir ki, xx.xx.2019-cu il tarixli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş 16.1.11-10-cu maddəyə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını və ............................ tərtib etmək vergi ödəyicisinin vəzifəsidir. xx.xx.2018-ci il tarixli Qanuna əsasən VM-nin 58.8-ci maddəsinin yenilənmiş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda həmin maddədə göstərilən maliyyə sanksiyalarından biri tətbiq edilir. xx.xx.2019-cu il tarixli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş 71-2.1-71-2.3-cü maddələrə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” nın 3.2-ci bəndinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı” nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Analoji norma Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” nın 3.2-ci bəndinin həmin tarixədək qüvvədə olmuş redaksiyasında da nəzərdə tutulmuşdur. Qeyd olunan Qaydaların 3.2-ci bəndinin xx.xx.2020-ci il tarixindən qüvvəyə minmiş redaksiyasına əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı” nda (“Malların elektron alış aktı” nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli, Q-09 nömrəli qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri” təsdiq edilmişdir. Həmin rekvizitlərə 30 iyun 2017-ci il tarixli Q-08 nömrəli qərarla edilmiş 58 nömrəli əlavə ilə “Malların alış aktı” nın forması təsdiq edilərək ciddi hesabat blankı kimi qəbul edilmiş və həmin qərar 11 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Beləliklə, qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili nəticəsində müəyyən edilir ki, 11 iyul 2017-ci il tarixdən qanunvericilikdə “Malların alış aktı” nın xüsusi forması təsbit edilmişdir. Hansı ki belə akt vergi orqanında uçotda olmayan, yəni VÖEN təqdim etməyən şəxslərdən mal alınarkən tərtib edilən xərc sənədidir. xx.xx.2020-ci il tarixədək qanunvericiliklə vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə vergi ödəyicisi tərəfindən “Malların alış aktı” nın tərtib edilməsi tələb olunurdu. Həmin tarixdən sonra isə belə mallara münasibətdə isə “Malların elektron alış aktı” nın tərtib edilməsi qaydası müəyyən edilmişdir. Cavabdehin də əsasında maliyyə sanksiyası hesabladığı iddiaçının 2019-cu ilin yanvar-dekabr ayları ərzində tərtib etdiyi alış aktlarının forması və rekvizitləri 11 iyul 2017ci il tarixdən tətbiq edilməli olan “Malların alış aktı” nın xüsusi forması və rekvizitləri ilə eynilik təşkil edir. Odur ki, kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi isə hazırki iş üzrə qərara gələrkən iş üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, bununla da maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(118)-50/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3141497 nömrəli qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar