Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-365/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-2027/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçıya xx.xx.2006-cı il tarixdə (növbəti qiymətləndirmə tarixi 31 may 2007-ci il), xx.xx.2007-ci il (növbəti qiymətləndirmə tarixi 31 may 2008-ci il), xx.xx.2008-ci il tarixdə (növbəti qiymətləndirmə tarixi xx.xx.2009-cu il), xx.xx.2009-cu il (növbəti qiymətləndirmə tarixi xx.xx.2010-cu il), xx.xx.2010-cu il (növbəti qiymətləndirmə tarixi xx.xx.2011-ci il), xx.xx.2011-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2012-ci il), xx.xx.2012-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2013-cü il), xx.xx.2013-cü il (növbəti qiymətləndirmə tarixi xx.xx.2014-cü il), xx.xx.2014-cü il (növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il), xx.xx.2015-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il), xx.xx.2016-cı il (növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il), xx.xx.2021-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2026-cı il ) tarixlərdə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının xx.xx.2024-cü il tarixindən etibarən “tam reabilitasiya olunması”na dair cavabdeh orqan tərəfindən Qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh AR ƏƏSMN tabeliyində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin hərəkətlərini qanunsuz hesab etməklə ona əlilliyin təyin edilməsindən imtina ya dair qəbul etdiyi qərarın ləğvi və 2024-cü ilin iyul ayından onun 10 ildən artıq 2-ci dərəcəli əlil olmağı ilə bağlı müddətsiz əlilliyi ilə bağlı məlumatın altsistemə daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçının tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü ildə anadan olmuş və 2005-ci ildə işemik insult keçirmiş və aldığı müalicələr heç bir nəticə vermədiyi üçün TSEK-nın rəyi əsasında 2008-ci ildən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik aşağıdakı diaqnoz əsasında qoyulmuş və bu diaqnoz 2024-cü il tarixə kimi eyni olmuş və həmin vaxtadək-17 il eyni əlillik dərəcəsini daşımışdır: «dəqiqləşdirilməmiş beyin infarktı, sağ OBA hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, soltərəfli hemoparez, fon reqinopatiyaları, retinal damar dəyişiklikləri, dəqiqləşdirilməmiş qarışıq konduktiv və neyrosensor tipli ağır iki tərəfli yüngül tip ağıreşitmə, essensial hipertenziya 2-ci mərhələ. İddiaçı 17 il eyni diaqnoz əsasında 2-ci dərəcəli əlilliyin təyin olunması ilə bağlı həmin əlilliyin müddətsiz hesab edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və bununla bağlı cavabdeh orqana dəvət olunmuş və ona bildirilmişdir ki, altsistemdə müvafiq dəyişiklik aparılmaqla 2-ci dərəcəli əlillik müddətsiz təyin olunacaqdır. 2024-cü ilin iyun ayına kimi əlilliyi ilə bağlı pensiyanı almış, lakin 2024-cü ilin iyul ayında karta vəsait daxil olmadığı üçün cavabdeh orqana müraciət etmiş və ona xx.xx.2024-cü ildə sistem arayışı verilməklə bildirilmişdir ki, ona nəinki müddətsiz əlillik dərəcəsi təyin olunmuş,əksinə əlilliyi də ləğv edilmişdir. Halbuki ona əlillik dərəcəsi təyin edilərkən onda beyin insultu olmuş və sol yuxarı ətrafın funksiyası pozulmuş və sol əl barmaqlarında sinir-əzələ problemi yaranmış və sol yuxarı ətrafın monoparezi diaqnozu qoyulmuşdur. İddiaçı dəfələrlə stasionar müalicələr almış, lakin səhhətində hər hansı bir irəliləyiş olmamış və əmək qabiliyyətsiz olmaqla heç yerdə işləmir. Cavabdeh orqan tərəfindən hər hansı bir tibbi göndəriş olmadan xx.xx.2024-cü ildə əlilliyin qiymətləndirilməsi aparılmış və onun müraciəti əlilliyin müddətsiz hesab edilməsi olduğu halda ona təyin edilmiş əlilliyin təyinatından imtina edilmişdir və səbəb kimi guya onun tam reablitasiya olunmağı qeyd edilmişdir. Halbuki cavabdeh orqan hər hansı bir müayinə aparmadan işdə olan sənədlər əsasında ona 17 il eyni diaqnozla eyni əlillik dərəcəsinin təyin olunması səbəbi ilə ona müddətsiz əlillik dərəcəsi təyin etməli idi, lakin o iddiaçının hüquqlarını pozaraq bunu etməmiş, tamamilə inzibati icraatın aparılmasını arzulamadığı başqa bir icraat aparmaqlaona təyin edilmiş əlilliyin qiymətləndirilməsi qaydasında iddiaçının guya tam reabilitasiya olunmağı barədə qərar vermişdir. Belə hesab edir ki, cavabdehin hərəkəti qanunsuz sayılmalı və iddiaçının 10 ildən artıq (17 il) 2-ci dərəcəli əlil olması ilə bağlı müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik məlumatlarının əlillik altsisteminə daxil edilməsi üçün etdiyi müraciət əsasında əyani komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən 17 il öncə insult keçirdiyini bildirmiş, ümumi xarakterli şikayətlər sərgiləmiş, xəstəliyinə aid heç bir sənəd təqdim etməmiş, yalnız 2024-cü ildə onu avtomobil çırpması barədə məlumat vermiş və ona aid stasionar müalicə sənədi təqdim etmişdir. Əlillik altsistemindən əldə edilmiş məlumatlardan məlum olmuşdur ki, vətəndaşın əlillik təyinatı barədə məlumatlar arxiv məlumatları əsasında əlillik altsisteminə daxil edilmişdir. Hazırda isə 2026-cı il tarixinədək ikinci dərəcə əlilliyi mövcuddur. DTSERA-da həkim nevropatoloq müayinəsi zamanı vətər və sümüküstü reflekslər canlı çağırılmış, D=S, patoloji reflekslər alınmamış, Romberq vəziyyətində dayanıqlı olmuşdur. Əlillik təyinatına əsas verən nevroloji defisit aşkar edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1622/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. İddiaçının müraciəti artıq mövcud olan əlilliyin müddətsiz hesab edilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İddiaçının müraciətinə qanunauyğun şəkildə baxılması və cavablandırılması yerinə cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq iddiaçı əyani müayinəyə cəlb edilmiş və barəsində xx.xx.2024cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilən halları ilə razılaşmırlar. Hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə ekspertiza təyin etməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxartmışdır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görəAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. DTSERA-da həkim nevropatoloq müayinəsi zamanı vətər və sümüküstü reflekslər canlı çağrılmış, D=S, patoloji reflekslər alınmamış, Romberq vəziyyətində dayanıqlı olmuşdur. Əlillik təyinatına əsas verən nevroloji defisit aşkar edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisə iddiaçının tam reabilitasiya olunmasına dair cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və onun əlilliyinin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Belə ki, məhkəmə təcrübəsində 5 il müddətində əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsinə 1 il qalmış onun əyani müayinəyə cəlb edilməklə TSEKin əvvəlki qərarının düzgünlüyünün yoxlanılması ilə bağlı mübahisəyə də rast gəlinmişdir. Əlilliyin ləğvi ilə bağlı inzibati işlərin həlli zamanı inzibati orqanın əlilliyin ləğvinə yönələn davranışlarının inzibati icraat haqqında qanunvericiliyin əsas prinsiplərinə və tələblərinə uyğun olmadığı mübahisəsiz aşkar olduğu hallarda məhkəmələr tərəfindən əlilliyin ləğvi üçün əsas olub-olmaması, yəni şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırma aparılmalıdır.” Hazırki işin hallarından görünür ki, iddiaçının 18 ildən artıq müddətə 2-ci dərəcə əlilliyi olmuşdur. O, müddətsiz əlilliyin təyin edilməsi üçün cavadeh orqana müraciət etsə də, orqan tərəfindən əvvəlki qərarın (əsasən də xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarın) qanuniliyini şübhə altına alan hallar mövcud olmasa belə, iddiaçı barədə hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Halbuki həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Birinci instansiya məhkəməsində cavabdeh inzibati orqana İddiaçı vaxtından əvvəl təkrar əyani müayinəyə cəlb edilməsi əsaslarının və bunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün sorğu verilmiş, sorğuya cavab olaraq tibbi-sosial ekspertiza sənədləri məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsində müraciətin məzmunu kimi “2006-2013-cü illəri əhatə edən əlilliyin əlillik alt sisteminə daxil edilməsi” qeyd edilmişdir. Eyni zamanda iş materialları apellyasiya məhkəməsinin icraatında olarkən cavabdeh orqana sorğu məktubu ünvanlanmış və sorğu məktubunda qeyd edilmişdir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci il (növbəti qiymətləndirmə tarixi xx.xx.2026-cı il) tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının təkrar müayinəsi həyata keçirilmiş və onun “tam reabilitasiya olunması”na dair Qərar qəbul edilmişdir. Lakin iş materialları ilə iddiaçının təkrar müayinəyə cəlb edilməsinə səbəb olan hallar müəyyən edilmir. Buna görə də iddiaçının təkrar müayinəyə cəlb edilməsinə səbəb olan halların, yəni əsaslı şübhələrin nədən ibarət olmasına dair məlumatın və bununla əlaqədar sübutların məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin hər-hansı sübut və ya məlumat məhkəməyə təqdim edilməmiş, cavadehin məhkəmə iclasında iştirak edən nümayəndəsi də qeyd edilən hallar ilə əlaqədar məlumatlı olmadığını bildirməklə həmin sübutların (məlumatların) mövcud olmadığını göstərmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının müraciəti artıq mövcud olan əlilliyin müddətsiz hesab edilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 3160 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Belə olan halda iddiaçının müraciətinə qanunauyğun şəkildə baxılması və cavablandırılması yerinə cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq iddiaçı əyani müayinəyə cəlb edilmiş və barəsində xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində mübahisəli qərar qəbul edilərkən iddiaçının əyani müayinəyə cəlb edilməsi qeyd edilsə də, iddiaçı əlavə müayinəyə göndərilməmişdir. Belə ki, bununla əlaqədar hər-hansı sübutlar (həkim rəyi və s.) nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməməklə iş materiallarında mövcud deyildir. Cavabdehin apellyasiya instansiya məhkəməsində iştirak edən nümayəndəsinin həmin halın sadəcə 23 may 2024-cü il tarixli qərarla təsdiq olunduğunu bildirməsi isə kollegiyaya o qənaətə gəlməyə əsas verir ki, cavabdeh orqan tərəfindən inzibati araşdırma düzgün şəkildə aparılmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın öhdəlik daşıdığı vəzifəni düzgün icra etməməsi iddiaçının hüquqlarını pozmaqla, onun sosial təminat hüququnun da əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçıya əlilliyin 2026-cı il tarixədək təyin edilməsi barədə sənədin verilməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə təyin edilmiş (növbəti qiymətləndirmə xx.xx.2026-cı il tarixədək) əlilliyi ilə bağlı məlumatlar elektron sistemə yerləşdirilməli, onun etimad hüququ qorunmalıdır. Həmin məlumatların mötəbərliyi ilə bağlı inzibati orqanda əsaslı şübhələr olduğu təqdirdə isə, sözügedən inzibati orqan inzibati icraat aparmaqla qanunauyğun olaraq əlilliyin dayandırılması barədə qərar qəbul edə bilər. Lakin hazırki iş materiallarında belə bir inzibati icraatın həyata keçirilməsi müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-2027/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.