Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-390/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-717/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon XDS İH-nin 18 oktyabr 1991-ci il tarixli qərarı əsasında Xırdalan südçülük tərəvəzçilik sovxozu üzrə 28 noyabr 1991-ci il tarixli 114 saylı əmrlə ona ayrılmış Xırdalan şəhərində yerləşən 0,10 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyata alınmasını və mülkiyyət hüququnun təsdiq edən çıxarışın verilməsini cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli 213 saylı qərarına və Xırdalan südçülük tərəvəzçilik sovxozu üzrə 28 noyabr 1991-ci il tarixli 114 saylı əmrə əsasən fərdi ev tikdirmək üçün ona 10 sot torpaq sahəsi ayrılmışdır. 25 sentyabr 2020-ci il tarixində qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması məqsədi ilə cavabdehə müraciət etsə də, sonuncu 13 noyabr 2020-ci il tarixli məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 25 noyabr 2020-ci il tarixlj, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayon Xırdalan südçülük tərəvəzçilik sovxozu üzrə 28 noyabr 1991-ci il tarixli 114 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının və adlı siyahının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin çoxmərtəbəli yasayıs binalarının, 0.015 ha hissəsinin isə avtomobil yolunun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-717/2021 saylı qərarı ilə iddia təmin edilərək Xırdalan südçülük-tərəvəzçilik sovxozu üzrə 28 noyabr 1991ci il tarixli, 114 saylı əmrlə iddiaçıya ayrılmış Xırdalan şəhərində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması qərara alınmışdır (hakim C.Məmmədov). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qərarı araşdırılarkən müəyyən olunmuşdur ki, Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozu üzrə 28 noyabr 1991-ci il tarixli, 114 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının və adlı siyahının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının 0,015 ha hissəsinin isə avtomobil yolunun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. “Avtomobil yolları haqqında” 22 dekabr 1999-cu il tarixli AR Qanunun 15.1-ci maddəsinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında AR NK-nın 11 sentyabr 2015-ci il tarixli qərarına əsasən Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Abşeron rayon XDS İK-nın Xırdalan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında 18 oktyabr 1991-ci il tarixli 213 nömrəli qərarı ilə Xırdalan südçülük sovxozunun kənd təsərrüfatına yararsız sahəsindən hər ailəyə 0,10 ha hesabı ilə 80 ailəyə 8,0 ha həyətyanı torpaq fondu, 2.0 ha küçə və meydançalar altına, cəmi 10,0 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün sovxoza ayrılması, tələb edilən torpaq sahəsinin baş planı (sxeması) tərtib edilməsi və sahələrin vətəndaşlara həmin sxema üzrə paylanılması qərara alınmışdır. Həmin qərara əsasən ayrılmış torpaq sahəsindən Xırdalan südçülük tərəvəzçilik sovxozu üzrə 28 noyabr 1991-ci il tarixli 114 saylı əmrə əsasən iddiaçıya fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı qeyd edilən sovxozun əmrinə əsasən, ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu müraciəti təmin etməkdən imtina edərək, ayrılmış torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının və adlı siyahının ərizəyə əlavə edilmədiyini, həmçinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının 0,015 ha hissəsinin isə avtomobil yolunun mühafizə zolağında yerləşdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və öz qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Şəxsin qanuni sahibliyinə verilmiş torpaq sahəsinin dövlət qeydiyyatına alınması cavabdehin qanunvericilikdən irəli gələn öhdəliyidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apelyasiya şikayətində iki hala istinad edərək birinci instansiya məhkəməsinin qərarını mübahisələndirmişdir: 1) iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı, həmçinin adlı siyahı ərizəyə əlavə edilməmişdir; 2) torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının, 0,015 ha hissəsinin isə avtomobil yolunun mühafizə zolağında yerləşir. Apelyasiya şikayətinin birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli, H229 saylı məktubdan görünür ki, Abşeron rayon XDS İK-nın 18 oktyabr 1991-ci il tarixli 213 saylı əmri ilə Xırdalan südçülük tərəvəzçilik sovxozunun işçilərinə fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Adlı siyahıda vətəndaş İddiaçı 20-ci sıra vahidi ilə qeyd edilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, əmrə ayrıc aktı və cizgi əlavə edilməmişdir. Beləliklə də məhkəmə kollegiyasının araşdırması nəticəsində məlum oldu ki, Abşeron rayon XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli 213 saylı qərarı ilə sovxoz işçilərinə fərdi ev tikdirmək üçün ayrılmış torpaq sahəsinin baş planının(sxeması) tərtib edilməsi qərara alınmış və sahələr vətəndaşlara həmin sxema üzrə paylanılmışdır. Lakin hazırda həmin baş plan arxivə təhvil verilməmişdir. Kollegiya hesab edir ki, baş planın arxivə təhvil verilməməsi iddiaçının məsuliyyəti ilə nəticələnə bilməz. Belə ki, torpaq üzərində hüquqlara dair hüquqmüəyyənedici sənədlərin hazırlanması, verilməsi, qeydiyyatı və qorunması aidiyyəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Hansısa məlumatların, sənədlərin arxivə təhvil verilməməsi və ya digər sənədlər arasında öz əksini tapmaması vətəndaşın deyil, aidiyyəti orqanların problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Ərizəçi isə-hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, torpaq sahəsinin ayrıc aktı ayrılacaq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını özündə ehtiva edir ki, bu da məzmun və mahiyyət etibarilə elə plan sxemə bərabər sənəddir. İşdə olan Abşeron rayon X1 planından çıxarışdan görünür ki, iddiaçıya sovxoz tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə görə naturada döngə nöqtələrinin koordinatlarıları müəyyən edilmiş və həmin sənəd Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, eləcə də, Xırdalan Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Aparılan qiymətləndirməyə əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçının müraciətini yuxarıda qeyd olunan sənədlərin ərizəyə əlavə olunmaması səbəbindən təmin etməkdən imtina etməsi əsassız olmuşdur. Mübahisələndirilən torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsində olduğundan cavabdehin həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatından imtinası yolverilməzdir. Qanuni əsas dedikdə, kollegiya aşağıdakıları nəzərdə tutur. Torpaq sahəsi iddiaçıya ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən isə müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. İstinad olunan normalardan göründüyü kimi rayon, şəhər xalq deputatları Sovetləri torpaqları müddətli və ya müddətsiz vətəndaşların, idarə, təşkilat və ya hüquq şəxslərin icarəsi, istifadəsi və s. verə bilər və bu cür istifadə qanuni istifadə sayılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İstinad olunan normalardan görünür ki, torpaqlar vətəndaşların mülkiyyətinə qanuni istifadəyə götürdüyü ölçüdə verilir. Hazırda da iddiaçının istifadəsinə 0,10 ha torpaq sahəsi ayrılmış, iddiaçı da həmin 0,10 ha torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq istəyir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, həyətyanı torpaq sahəsi Xırdalan südçülük tərəvəzçilik sovxozunun 28 noyabr 1991-ci il tarixli 114 nömrəli əmri ilə verildiyindən, iddiaçının birinci instansiyası məhkəməsi tərəfindən təmin olunan tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə uyğun olmuşdur. Həmin normanın tələbinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda sadalanan qanunvericilik normaları ilə yanaşı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2.5-ci maddəsində də nəzərdə tutulmuşdur ki, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Cavabdehin imtinasının növbəti dəlili torpaq sahəsinin bir hissəsinin avtomobil yolunun mühafizə zolağında yerləşməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya Xırdalan südçülük tərəvəzçilik sovxozunun 28 noyabr 1991-ci il tarixli 114 saylı əmrinə əsasən fərdi ev tikmək üçün ayrılmış 0,10 ha torpaq sahəsinə aid ilkin torpaqayırma sxemi və ayrıc aktı həmçinin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təqdim olunmadığından torpaq sahəsinin qeyd olunan əmrə əsasən döngə nöqtələrinin koordinatlarının avtomobil yolunun mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmədən göndərilən məktuba əlavə olunmuş Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi və Xırdalan bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə naturada şəhərdaxili (Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi) avtomobil yolu arasında olan məsafəsi 5,74 metr, faktiki istifadəsində olan 0,0640 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə naturada şəhərdaxili avtomobil yolu arasında olan məsafəsi 10,53 metr təşkil edir. Vətəndaşın faktiki istifadəsində olan 0,0640 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi və Xırdalan bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməklə hüquqi statusuna görə bələdiyyə mülkiyyətdə olan torpaqlara aiddir. Məqsədli təyinatına görə qeyd edilən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. İddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatlarının avtomobil yolunun mühafizə zolağına düşməsinin müəyyən edilməsi ilə bağlı mütəxəssis qarşısında qoyulan birinci sual tam olaraq cavablandırılmadığından, yəni suala cavab olaraq rəydə mübahisəsi gedən torpaq sahəsinin şəhərdaxili avtomobil yolu ilə arasında olan məsafələrin ölçüsü qeyd edilsə də, konkret olaraq torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşüb-düşmədiyi qeyd edilmədiyindən, kollegiya təkrarən Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təkrar sorğuya cavab olaraq verdiyi arayışda ilkin rəydə qeyd edilənləri təkrarlayaraq, qeyd olunan ərazidə avtomobil yolunun mühafizə zolağının neçə metr təşkil olunması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə "xxxx" ASC-yə müraciət edilməsini məqsədəuyğun hesab etmişdir. Bundan sonra kollegiya tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 04 oktyabr 2021-ci il tarixli, ********** saylı məktubla sorğuya cavab olaraq bildirmişdir ki, müraciətdə qeyd olunan Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi yerli icra və ya bələdiyyə orqanlarının mülkiyyətində olduğundan sözügedən məsələ ilə əlaqədar münasibət bildirmək mümkün olmamışdır. Beləliklə, verilmiş mütəxəssis rəyi, eləcə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubundan müəyyən edilmişdir ki, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən avtomobil yolu şəhər avtomobil yoludur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən əhəmiyyətinə və yol şəbəkəsində tutduğu yerə görə avtomobil yolları respublika, yerli, şəhər və sahə yollarına bölünür. Həmin Qanunun 9-cu maddəsinə əsasən Respublika əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin tərkib hissəsi olmaqla ölkə ərazisində avtomobillərlə zəruri yük və sərnişin daşınmalarına xidmət edir. Respublika əhəmiyyətli avtomobil yolları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən avtomobillərin Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrə çıxışını təmin etməklə, Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmir yol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirir. Respublika əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, rayonlararası və konkret şəhər və rayonla onun inzibati ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir. Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən Şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir. Şəhər avtomobil yolları şəbəkəsinin idarə olunması, təmiri, saxlanılması, qorunması və vəziyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Şəhər avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən Sahə avtomobil yollarına təsərrüfatdaxili və texnoloji daşımaları, habelə digər ehtiyacları ödəmək üçün müvafiq qaydada müəssisə və təşkilatların mülkiyyətində və ya istifadəsində olan, həmçinin bu məqsədlə onların öz vəsaitləri hesabına yaradılan avtomobil yolları aiddir. Sahə yollarından istifadə qaydalarını həmin yolların mülkiyyətçiləri bu qanunun tələblərinə uyğun olaraq müəyyən edirlər. Sahə yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, əhəmiyyətinə və yol şəbəkəsində tutduğu yerə görə avtomobil yolları 1) respublika, 2) yerli, 3) şəhər və 4) sahə yollarına bölünür. Yalnız dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli yollar üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli qərarı ilə qorunma zolağının ölçüləri müəyyən edilmişdir. Belə ki, Nazirlər Kabinetinin həmin qərarına əsasən respublika əhəmiyyətli yolların mühafizəsi üçün 30 metr enində, yerli əhəmiyyətli yolların mühafizəsi üçün 12,5 metr enində qorunma zolağı nəzərdə tutulmuşdur. Lakin nəzərə alınmalıdır ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları üçün həmin yolların respublika və ya yerli əhəmiyyətli yollara aid olmasından asılı olmayaraq qorunma (mühafizə) zolağı nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı da müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla yaşayış binalarının ətrafında, yəni yaşayış məntəqələrinin hüdudlarında yerləşir. Bu səbəbdən də həmin torpaq sahəsinin bir hissəsinin yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolunun qorunma zolağına düşməsi mümkün deyil və bu barədə cavabdeh inzibati orqanın gətirdiyi dəlil əsassızdır. Kollegiya bir məqama diqqət yetirir ki, mütəxəssis tərəfindən verilmiş rəydə 0,10 ha torpaq sahəsindən faktiki istifadədə olan torpağın sahəsi 0,0640 ha göstərildiyindən, qeyd edilən xüsusata aydınlıq gətirilməsi məqsədilə mütəxəssis rəyini vermiş "xxxx" MMC-nin Bakı Layihə Tədqiqat İdarəsinin mühəndisi X2 şahid qismində məhkəmə kollegiyasının iclasında dindirilmişdir. A.Əhmədov ifadəsində bildirmişdir ki, yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü 0.10 ha təşkil edir, lakin 0.06 ha ərazidə tikili yerləşdiyindən, rəydə faktiki istifadədə olan sahə kimi 0.0640 ha qeyd edilmişdir. Qalan 0.04 ha yaxın torpaq sahəsi isə boş sahə idi. Lakin hər iki sahə bir hasar daxilində idi. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh inzibati orqanın özü tərəfindən 27.11.2020-ci il tarixdə tərtib olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki istifadə üzrə 0,10 ha təşkil edir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-717/2021 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-717/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-390/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-390/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver