Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-393/2025 30.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli **********307000 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(118)-1013/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı X16 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdehin xx.xx.2024-cü il tarixli **********307000 nömrəli qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 14 fevral 2024-cü il tarixli **********307000 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, görülmüş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Vergi orqanı belə hesab etmişdir ki, guya qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Hesab edir ki, cavabdehin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qəbul etdiyi 14 fevral 2024-cü il tarixli **********307000 nömrəli Qərarı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1 .yarımbəndlərinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir. 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Azərbaycan Respublkası Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri, vergilərin bu məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanmış əqd və ya aparılmış əməliyyat başa düşülür. “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci maddəsinə əsasən Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. Həmin Qaydaların 3.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi və xx.xx.2020-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM,109.9 maddə). Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” təsdiq edilmişdir. Meyarların 2.1.2-ci yarımbəndinə uyğun olaraq İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2024-ci il tarixli **********307000 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bildirilir ki, İddiaçı tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə görə, vergidən yayınma sxemi dedikdə, vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Belə ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə X9 tərəfindən daxil olmuş məktuba (arayışa) əsasən İddiaçı mal təqdim etdiyi "xxxx" MMC-nin (VÖEN: **********) obyekti real olmadığı müəyyən edilmişdir. Faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən obyektdən istifadə hüququ olmadığı, istifadə etmədiyi aşkar olunmuşdur. Yəni, "xxxx" MMC tərəfindən özünün fəaliyyətlə məşğul olduğu görüntüsü yaratmaq üçün X4 anbar tipli obyekt icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. İddiaçı tərəfindən riskli əməliyyatların aparılması, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təqdim edilməsi nəticəsində vergi üstünlüyü əldə edərək, həmin malları sənədsiz əldə edən vergi ödəyicilərinin də vergidən yayınması üçün şərait yaratdığı ehtimal edildiyindən, qeyd olunan əməliyyatların vergidən yayınma riski yüksək olan əməliyyatlara (o cümlədən əmtəəsiz əməliyyatlara) uyğun olduğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixli **********307000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(118)-1013/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçı X16 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********307000 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdehin heç bir arqumenti "xxxx" MMC-nin riskli vergi ödəyicisi olub-olmaması ilə bağlı deyildir. Cavabdehin dəlilləri qeyd olunan alqı-satqı əməliyyatının baş tutması (faktiki həyata keçirilməsi) ilə bağlı mövcud bazanın olmaması ilə bağlı olmuşdur. Belə ki, Dövlət Vergi Xidmətinə X9 tərəfindən daxil olmuş məktuba (arayışa) əsasən İddiaçı mal təqdim etdiyi "xxxx" MMC (VÖEN: **********) obyekti real olmadığı müəyyən edilmişdir. Faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən obyektdən istifadə hüququ olmadığı, istifadə etmədiyi aşkar olunmuşdur. Yəni, "xxxx" MMC tərəfindən özünün fəaliyyətlə məşğul olduğu görüntüsü yaratmaq üçün X4 anbar tipli obyekt icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. Belə olan halda İddiaçı ilə "xxxx" MMC arasında aparılmış alqı-satqı əməliyyatlarının faktiki olaraq həyata keçirilməsi üçün mövcud bazanın olmaması səbəbindən əməliyyatlarının əmtəəsiz olduğu öz təsdiqini tapır. Beləliklə müəyyən olunur ki, məhkəmə sübutetmə yükü üzrə vəzifələri müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları" təsdiq edilmişdir. Meyarların 2.1.2ci yarımbəndinə əsasən, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyi halda, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Lakin Məhkəmə qərar qəbul edərkən işin faktiki hallarına düzgün yanaşmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları’’-nın 3-cü və 3.1.1-ci, 3.1.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə qərarında qeyd edir ki, “Məhkəmə araşdırması zamanı iddiaçının hər hansı riskli əməliyyat hesab olunan əməliyyat aparmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir". Cavabdeh isə vergi ödəyicisi İddiaçı qeyd olunan meyarların 2.1.2-ci yarımbəndinə əsasən (yəni riskli əməliyat yox əmtəəsiz əməliyyatlar aparması) əmtəəsiz əməliyyatlar apardığına görə riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə kollegiyasının bu dəlili bir daha təsdiq edir ki, məhkəmə kollegiyası iş üzrə düzgün araşdırma aparmamış və işin faktiki hallarını xidməti vəzifəsinə görə müəyyən etməli olduğu halda etməmişdir. Belə ki, malların təqdim edilməsi üçün mövcud bazanın (təsərrüfat subyektinin) olmaması əməliyyatların əmtəəsiz olaraq həyata keçirildiyini göstərir. Belə olan halda malların hara göndərilməsini təsdiq edən sübutları iddiaçı təqdim edə bilərdi ki, lakin nə inzibati icraat zamanı, nə də məhkəmə icraatı zamanı belə sübutlar təqdim edilməmişdir. Qeyd edilməlidir ki, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərarın qəbul edilməsində məqsəd məhz tətbiq edilən bir sıra tədbirlər əsnasında vergidən yayınma hallarının qarşısını almaq, vergi ödəyicisinin fəaliyyətinin qanunauyğun şəkildə tənzimlənməsini təmin etmək, ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması, vergidən yayınma hallarına qarşı mübarizənin genişləndirilməsi və riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsidir. Hesab edilir ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, gəldiyi nəticəyə əsas olmuş işin faktiki halları barədə heç bir məlumat verməmişdir. İşin faktiki hallarını düzgün müəyyən etməyən məhkəmə iş materiallarında olan və bir-birini təkzib etməyən heç bir sübuta söykənmədən qeyd olunan nəticəyə gəlməsi anlaşılan və ağlabatan deyildir. Lakin məhkəmə icraatı boyu ancaq cavabdehin vəzifələri üzərindən prosesi təşkil etmiş və bu şəkildə də nəticəyə gəlmişdir. Halbuki cavabdehin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı kifayət qədər dəlillər irəli sürülmüşdür. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Göstərilənlərə əsasən hesab edilir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edilir ki, barəsində şikayət olunan Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Beləliklə nəticə etibarı ilə bildirilir ki, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq vəzifəsi olduğu halların müəyyən edilməsi üzrə vergi orqanını yüklü etmişdir ki, bu da inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. Məhkəmə tərəfindən iddia ərizəsi təmin edilərək, xx.xx.2024-ci il tarixli **********307000 nömrəli qərarın ləğv edilməsi qərara alınsa da, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübut tam nəzərdən keçirilməmiş, materiallar mötəbər sübut kimi qəbul edilməyərək cavabdehin hüquqları məhdudlaşdırılmışdır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə əlavə ünvanlanaraq qeyd edilmişdir ki, tərəflərindən aparılmış araşdırma zamanı İddiaçı ilə qarşılıqlı əməliyyatları həyata keçirən vergi ödəyicilərinin vergidənyayınma sxemlərində iştirak etdikləri müəyyən edilmişdir. İnzibati icraat zamanı X6 təqdim etdiyi e-qaimə fakturalar üzrə bir neçə uyğunsuzluqlar aşkar edilmiş və qeyd olunan riskli əməliyyatlar barədə xx.xx.2023-cü il tarixli **********287600 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” məktub vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Məktub elektron qutuda xx.xx.2023-ci il tarixdə saat 12:25-də oxunmuşdur. Belə ki, İddiaçı ilə qarşılıqlı əməliyyat aparan vergi ödəyicilərindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lər üzrə aparılan araşdırmalar zamanı, X18 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Həmin malların satışından daxil olan ƏDV məbləğlərini idxal əməliyyatlarını həyata keçirən vergi ödəyicilərinə e-qaimə əsasında (əmtəəsiz) malların alışı üzərindən köçürərək nağdlaşdırma əməliyyatları apardıqlarına görə təqdim olunmuş karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Bundan əlavə, X11 arasında aparılmış qarşılıqlı əməliyyatlar əsasında e-qaimə faktura ilə təqdim edilmiş malların mövcudluğu Məcidov Mübarizin təqdim etdiyi vergi ödəyicilərində yoxlanılmış və həmin vergi ödəyicilərinin təsərrüfat subyektlərinin (obyektlərinin) olmaması, malların e-qaimə faktura ilə də təqdim edilməməsi müəyyən olunmuşdur. "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar nəticəsində e-qaimə faktura ilə təqdim edilmiş malların mövcudluğu həmin vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) aparılmış yoxlama zamanı araşdırılmış, obyektin mülkiyyətçisi tərəfindən "xxxx" MMC ilə icarə müqaviləsinin olmaması barədə yazılı izahat təqdim edilmişdir. Eləcə də "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar nəticəsində e-qaimə faktura ilə təqdim edilmiş malların mövcudluğunun yoxlanılması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin qüvvədə olan icarə müqaviləsi və icarə obyekti yoxdur. Bu səbəbdən İddiaçı bu ödəyicilərlə apardığı qarşılıqlı əməliyyatları riskli hesab edilmiş və qeyd edilən şəxslərə verilmiş eqaimə fakturalar riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı ilə qarşılıqlı əməliyyatlar aparmış vergi ödəyiciləri də riskli əməliyyatlarına görə riskli hesab edilərək barələrində risk qərarı çıxarılmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə İddiaçı ilə "xxxx" MMC (VÖEN **********) və xx.xx.2023-cü il tarixdə Lider-60 MMC (VÖEN **********) arasında ƏDVDH üzrə mədaxil-məxaric əməliyyatlarından müəyyən olunur ki, "xxxx" MMC-nin İddiaçı ƏDVDH-na 7300 manat məbləğində və Lider-60 MMC-nin İddiaçı ƏDVDH-na 10267 manat məbləğində mədaxil əməliyyatı aparmış lakin qeyd olunan əməliyyat üzrə elektron-qaimə fakturalar və mall təqdim etmə əməliyyatları həyata keçirilməmişdir. İddiaçı ƏDVDH (əlavə dəyər vergisinin depozit hesabı) üzrə çıxarışına əsasən İddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarix aralığında ƏDV məbləği 264823,99 manat madaxil və 258020,22 manat məxaric əməliyyatları aparmışdır. b) Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, lakin vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfaktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. 4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildirişxəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildirişxəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur. 4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaiməfaktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; “İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixli **********307000 nömrəli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İş materiallarına əlavə olunmuş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 14 fevral 2024-cü il tarixli, **********307000 nömrəli qərardan görünür ki, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş "xxxx" MMC ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisənin riskli vergi ödəyicisi siyahısında olmasından iddiaçı məlumatlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının müvafiq siyahıya daxil edilməsi əsassız olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, cavabdeh vergi ödəyicisi İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları’’-nın 2.1.2-ci yarımbəndinə əsasən (yəni riskli əməliyat yox əmtəəsiz əməliyyatlar aparması) əmtəəsiz əməliyyatlar apardığına görə riskli vergi ödəyicisi hesab etmişdir. Həmçinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 14 fevral 2024-cü il tarixli, **********307000 nömrəli qərardan da görünür ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyat aparılması faktı aşkar edilmişdir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının alqı-satqı əməliyyatları aparılan zaman əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi siyahısında olmasından məlumatlı olmaması halına istinad edərək cavabdeh inzibati orqanın qərarını qanunsuz hesab etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçını riskli vergi ödəyicisi hesab edərkən yuxarıda qeyd olunan meyarların müvafiq bəndinə əsasən iddiaçı tərəfindən əmtəəsiz əməliyyatlar aparılmasına istinad etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan “Riskli əməliyyatların araşdırılması barədə” məktubda qeyd edilir ki, ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq iddiaçı müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab olunur. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatlar və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərinin 5 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu iddiaçıya bildirilir. Tələb olunan sənədlər: malların təhvil-qəbul aktları müqavilələr kassa mədaxil-məxaric sənədləri üzləşmə aktları alış aktlarının tarixi, seriya və nömrələri invoys əldə edilmiş elektron qaimələrin tarixi, seriya və nömrələri mülkiyyətində olan və ya icarəyə götürülmüş daşınar və daşınmaz əmlaklar barədə təsdiqedici sənədlər görülmüş işlər və ya göstərilmiş xidmətlər üzrə mal-material sərfi barədə sənədlər riskli sayılan əməliyyatlar üzrə malların satışının həyata keçirildiyi obyekt, obyektin adı, fəaliyyət sahəsinə uyğunluğu barədə izahat əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar. Həmçinin həmin məktuba əlavə olunmuş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”-dan görünür ki, həmin məktub vergi ödəyicisinə məxsus elektron qutuya göndərilmişdir. Məktub elektron qutuda iddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə saat 12:25-də oxunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məktub ünvanlanaraq iddiaçı tərəfindən həyata keçirilən əməliyyatların qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının və riskli halların araşdırılması məqsədilə müvafiq sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin iddiaçı tərəfindən əməliyyatların əmtəəsiz əməliyyat olmadığını təsdiq edən zəruri sənədlər təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı qəbul edərkən qanunsuzluğa yol vermədiyini təsdiqləyir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Həmçinin Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları’’-na əsasən bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildirişxəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildirişxəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-faktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması bu Sənədin 4.5-ci bəndində nəzərdə tutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə; aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbi gözlənilməklə iddiaçıya xəbərdarlıq və məktublar göndərilmiş, müvafiq sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Sözügedən sənədlərin tələb edilməsi barədə iddiaçı da məlumatlı olmuş, lakin aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olmadığını təsdiqləyən müvafiq sənədləri vergi orqanına təqdim etməmişdir. Bununla da cavabdeh inzibati orqan tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 14 fevral 2024-cü il tarixli, **********307000 nömrəli qərar qəbul edilərkən hər hansı qanun pozuntusu və ya yalnışlığa yol verilməsi müəyyən edilməmişdir. Həmçinin apellyasiya instansiyasında icraat zamanı iddiaçıya müvafiq məktub ünvanlanaraq aparılan əməliyyatların əmtəəssiz əməliyyat olmaması ilə bağlı sübutları olduğu təqdirdə, həmin sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən müvafiq sübutlar təqdim edilməmiş, o cümlədən məhkəmə iclaslarında iştirak edilərək bununla bağlı hər hansı izahat və ya dəlil irəli sürülməmişdir. Beləliklə də yuxarıda qeyd olunan hallar iddiaçının tələbinin əsassız olduğunu təsdiqləyir. Əlavə olaraq cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehin heç bir arqumenti "xxxx" MMC-nin riskli vergi ödəyicisi olub-olmaması ilə bağlı deyildir. Cavabdehin dəlilləri qeyd olunan alqı-satqı əməliyyatının baş tutması (faktiki həyata keçirilməsi) ilə bağlı mövcud bazanın olmaması ilə bağlı olmuşdur. Belə ki, Dövlət Vergi Xidmətinə X9 tərəfindən daxil olmuş məktuba (arayışa) əsasən İddiaçı mal təqdim etdiyi "xxxx" MMC (VÖEN: **********) obyekti real olmadığı müəyyən edilmişdir. Faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən obyektdən istifadə hüququ olmadığı, istifadə etmədiyi aşkar olunmuşdur. Yəni, "xxxx" MMC tərəfindən özünün fəaliyyətlə məşğul olduğu görüntüsü yaratmaq üçün X4 anbar tipli obyekt icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. Belə olan halda İddiaçı ilə "xxxx" MMC arasında aparılmış alqı-satqı əməliyyatlarının faktiki olaraq həyata keçirilməsi üçün mövcud bazanın olmaması səbəbindən əməliyyatlarının əmtəəsiz olduğu öz təsdiqini tapır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsaslı hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsi alqı-satqı əməliyyatları aparılan zaman "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olmasından iddiaçının məlumatlı olmamasına halına istinad edərək iddia tələbini əsaslı hesab etmişdir. İş materiallarına əlavə olunmuş “Qeyri-yaşayış binalarının icarəyə verilməsi” haqqında 16 noyabr 2022-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, X7 tərəfindən "xxxx" MMC-yə Sabunçu rayonu, Ramana südçülük sovxozu ünvanında yerləşən ümumi sahəsi 4008,3 m2 olan qeyri-yaşayış binasının 50 m2 anbar məqsədilə 1 il müddətinə icarəyə verilmişdir. X2 tərəfindən verilmiş arayışdan görünür ki, Sabunçu rayonu, Ramana südçülük sovxozu ünvanında mülkiyyətində olan 0,7 ha torpaq sahəsində yerləşən, sahəsi 4008,3 kv.m-in 2508,3 kv.m hissəsi fiziki şəxs X5 (VÖEN **********), 300,0 kv.m hissəsi isə BETA AYDİNLATMA MMC (VÖEN **********) icarəyə verilmişdir. Qeyd olunan şəxslərdən başqa heç kimə həmin ünvanda icarəyə obyekt verməmişdir. Göründüyü kimi X9 tərəfindən verilmiş arayış “Qeyri-yaşayış binalarının icarəyə verilməsi” haqqında 16 noyabr 2022-ci il tarixli, 01 nömrəli müqavilənin mötəbərliyini şübhə altına alır. Lakin birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan hallar nəzərə alınmamış, iddiaçı ilə "xxxx" MMC arasında həyata keçirilən əməliyyatların əmtəəsiz əməliyyat ola bilməsi araşdırılmamış, "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olmasından iddiaçının məlumatlı olmamasına istinad olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(118)-1013/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli **********307000 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.