Məhkəmə qərarları › İş №2-1(105)-402/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-402/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-402/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar rayon Aşağı Ləgər bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri götürülmüş sayılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı cavabdeh Qusar rayon Aşağı Ləgər bələdiyyəsinə qarşı “ona Qusar rayon Aşağı Ləgər bələdiyyəsi tərəfindən verilmiş kənd təsərrüfatı təyinatlı 2.5 ha torpaq sahəsinin sənədləşdirilməsi öhdəliyinin Qusar rayon Aşağı Ləgər bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 698/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona Qusar rayon Aşağı Ləgər bələdiyyəsi tərəfindən verilmiş kənd təsərrüfatı təyinatlı 2.5 ha torpaq sahəsinin sənədləşdirilməsi öhdəliyinin Qusar rayon Aşağı Ləgər bələdiyyəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-698/2024 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim İsmayıl Quliyev). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə ətraflı araşdırma aparmadan, ona hüquqi yardım göstərmədən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə müraciətinə baxmadan qərardad qəbul etmişdir. Bu səbəbdən qərardad ləğv edilməli və iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətlərin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə inzibati məhkəmə icraatının iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçının xx.xx.02023-cü il tarixli ərizəsindən görünür ki, məhkəmə hazırlıq iclasının və məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, indiki halda, iddiaçı hazırki iddia tələbinə dair inzibati iş məhkəmə icraatı çərçivəsində baxılmasına dair mövqeyini ifadə etməklə, məhkəmə araşdırmasının onun iştirakı olmadan həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki iş üzrə istinad etdiyi İPM-in 55.3-cü maddəsinin dispozitiv şərtlərinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Göründüyü kimi, qeyd edilən normanın mahiyyəti iddiaçının icraatın davam etdirilməsinə marağının olmasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlir. İndiki halda isə iddiaçının işə onun iştirakı olmadan baxılmasına dair ərizəsi mövcuddur ki, bu hal özlüyündə onun hazırki iş üzrə məhkəmə icraatından yayınması halını istisna edir. Belə olan halda isə hazırki iş üzrə iddiaçıya münasibətdə İPM-in 55.3-cü maddəsinin dispozitiv şərtləri mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qanuni əsas olmadan, hazırki iş üzrə İPM-in 55.3-cü maddəsi tətbiq edilməklə, iddia geri götürülmüş hesab edilmiş, bununla da gəldiyi nəticə qanunazidd olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, prosessual qanunvericilik normalarının tələbinə əsasən proses iştirakçısının məhkəmə iclasına gəlməməsi halı işə baxılmasına mane olmur, proses iştirakçısının şəxsən iştirakı zəruri olduğu halda isə məhkəmə onun şəxsən iştirakını tələb edə bilər, bu tələbə əməl edilmədikdən qanunvericiliklə müəyyən edilmiş tədbirləri görə bilər. İndiki halda qeyd edilən hallarla bağlı (şəxsən iştirakının zəruriliyi) məhkəmənin tələbi olması və hər hansı tədbir görməsi halı müəyyən edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yalnış olmuş, iddiaçının şikayəti əsaslı olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-698/2024 nömrəli qərardadı nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Qusar rayon Aşağı Ləgər bələdiyyəsinə qarşı “ona Qusar rayon Aşağı Ləgər bələdiyyəsi tərəfindən verilmiş kənd təsərrüfatı təyinatlı 2.5 ha torpaq sahəsinin sənədləşdirilməsi öhdəliyinin Qusar rayon Aşağı Ləgər bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar