Məhkəmə qərarları › İş №2-1(105)-407/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-407/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-407/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1097/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1097/2025 nömrəli qərarı ilə iddiası təmin edilmiş, İddiaçı “müharibə veteranı” adının və vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun adının müharibə iştirakçısı siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 29 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şamaxı rayonu şöbəsindən xidmətə çağrılıb, 30 sentyabr 2020-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyetinin siyahısına və bütün növ təminatlara daxil edilərək, xidmət etmişdir. N saylı hərbi hissənin ştatında olan, şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmağına baxmayaraq ona müharibə veteranı adı verilməmişdir. Hərbi biletində “27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir” qeydi var. Bu qeyd özü müharibə iştirakçısı medalı ilə təmin edilməsinə əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 5-ci tabor hərbi hissənin ümumqoşun ehtiyyatı olub hər zaman verilən tapşırıqların icrasına hazır olub. (Döyüş nizamnaməsinə əsasən ümumqoşun ehtiyyatının tapşırıqlarına görə birinci eşalon bölmələrini dəyişməyə, gücləndirməyə qəflətən peydə olmuş tapşırıqların icrasına hazır olmaq). Taborun şəxsi heyəti, hücum eden bölmələrin yaralı və Şəhidlərin yerini komplektləşdirməyə cəlb olunub. Hər zaman hazır vəziyyətdə N saylı hərbi hissənin daimi dislokasiya yerində olub. 10 noyabr 2020-ci il tarixli sazişindən sonra Talış kəndinə sonra isə Qubadlı rayonuna getmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Nazirlər Kabinetinin 420 nömrəli qərarına əsaslanaraq: Döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə “Müharibə veteranı” adı verilsin. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1819 nömrəli məktubunun surətindən görünür ki, Vətən müharibəsi zamanı İddiaçı, məktubda adları sadalanan hərbi qulluqçularla birlikdə hərbi hissənin döyüş əməliyyatlarında birbaşa iştirak etməmiş, yalnız hərbi hissənin dislokasiya olunduğu ərazidə ümumqoşun ehtiyatını təşkil etmişlər. İddiaçı xidmət etdiyi hərbi hissənin tərkibində birbaşa döyüş əməliyyatında iştirak etməmiş, yalnız bir qrup hərbi qulluqçu ilə birlikdə hərbi hissənin dislokasiya məntəqəsində ümumqoşun ehtiyatını təşkil etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan Tərtər rayonu Sarov kəndində hərbi xidmət keçmişdir. Tərtər rayonu Sarov yaşayış məntəqəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. İddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Bundan başqa yuxarıda qeyd edildiyi kimi inzibati məhkəmə iddiaçının “Laçının azad olunmasına görə” medalı ilə təltif edildiyini əsas gətirərək iddia tələbini təmin etmişdir. Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti nəticəsində düşməni kaputulasiya aktını imza etməyə məcbur edərək xx.xx.2020-ci il tarixdə üç dövlət arasında (Azərbaycan, Rusiya və Ermənistan) bağlanmış müqaviləyə əsasən Laçın, Ağdam və Kəlbəcər rayonları bir güllə sərf etmədən və dövüs əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Həmin qeyd edilən rayonların müqavilə əsasında (döyüş əməliyyatları aparılmadan) işğaldan azad olunmasına baxmayaraq Laçın rayonunda dislokasiva olunmuş N nömrəli hərbi hissənin hərbi qulluqçularına “Laçının azad olunmasına görə” medalı verilmiş və təltif edilmişlər. İddiaçı Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında birbaşa iştirak etdiyinə görə deyil, hərbi hissənin şəxsi heyətinin Laçın rayonu ərazisində dislokasiya olunduqlarına görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalla mükafatlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsinə dair xx.xx.2021-ci il tarixli 420 nömrəli qərarına əsasən şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işləri, ezamiyyət vərəqələri, əmrlərdən çıxarış və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Əsasnaməyə əlavə edilmiş 420 nömrəli qərarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən sənədlər mövcud olsun. Əsasnamədən də göründüyü kimi hərbi qulluqçunun rayonların azad olunmasına görə və sair medallarla təltif olunması ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-)

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir,(-) (-). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Səfərbərlikdən tərxisetmə 18.1. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir. (-)

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli 275 nömrəli Fərmanı: 2.1. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun ........ 18.1-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; (-).

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı inzibati mübahisə iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etməsi olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Cavabdeh hazırkı tələblə ona müraciət edən iddiaçının müraciətinin təmin edilməsindən imtinasını iddiaçının xx.xx.2020-ci il tarixdən - xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etməsi ilə əsaslandırmışdır. İşin araşdırılan halları ilə müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 273 nömrəli əmri ilə iddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və xx.xx.2020-ci il tarixli 361 nömrəli əmri ilə təxris edilmişdir. İddiaçıya məxsus AO № ******* saylı “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı xx.xx.1990ci il təvəllüdlüdür, xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə kimi N saylı hərbi hissədə xidmət etmiş, N saylı hərbi hissənin qərargah rəisi Vüqar Məcidov tərəfindən hərbi biletinin 14-cü qrafasında “Vətən Müharibəsində iştirak etmişdir” qeydi edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı Sərəncamının məzmunundan görünür ki, İddiaçı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər hərbi qulluqçuları Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə “Laçının azad olunmasına görə” medalla təltif edilmişlər. Yəni, iddiaçının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və buna görə təltif olunması istinad olunan Sərəncamla birbaşa sübuta yetirilir. Bundan başqa iddiaçının hərbi biletinin 7-ci səhifəsində Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad olunması istiqamətində (Talış-Suqovuşan ərazisində) gedən döyüşlər əməliyyatlarında iştirak etməsi barədə qeyd yazılmışdır. Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İş materiallarında olan məhkəmə qərarlarından (Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-432/2024 nömrəli qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-2869/2023 nömrəli qərarı) aydın olur ki, iddiaçı ilə eyni hərbi hissədə, eyni dövrlərdə xidmət edən digər şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Bu kateqoriya işlər üzrə isə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, “analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2869/2023 nömrəli qərarı ilə N nömrəli hərbi hissədə xidmət etmiş X3 müharibə veteranı adı və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 79-1-ci maddəsinə əsasən Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə - Ali Baş Komandan səviyyəsində təltif edilmiş iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı iddianın təmin edilməsi ilə bağlı zəruri sübutları məhkəməyə təqdim etsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmiş, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal və əsassız olmuşdur. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1097/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar