Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-434/2023 20.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(118)-363/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Ağdam Hərbi Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat pul cəzasına məhkum edilmiş, Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır.
2. İddiaçı 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsinə çağırılaraq N saylı hərbi hissədə Motoatıcı taborun Qərargah rəisi vəzifəsində xidmətə başlamışdır.
3. İddiaçı Vətən Müharibəsindəki xidmətlərinə görə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibə iştirakçısı” medalları medalları ilə təltif edilmişir.
4. xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Ümumqoşun ixtisasını bitirmiş, 1997-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2001-ci ildən 2004-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində Kadr taborunda bölük komandiri vəzifəsində xidmət etmiş, 2004-cü ildən 2007-ci ilə qədər N saylı hərbi hissədə Kadr taborunda bölük komandiri vəzifəsində xidmət etmiş, 2007-ci ildən 2008-ci ilə qədər N saylı hərbi hissədə Qərargah bölük komandiri vəzifəsində ximdət etmişdir. Azərbaycan Respublikası Ağdam Hərbi Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat pul cəzasına məhkum edilmiş, Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin B bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. İddiaçı 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsinə etimad göstərilib çağırılaraq növbəti dəfə xx.xx.2020-ci il tarixində N saylı hərbi hissədə Motoatıcı taborun Qərargah rəisi vəzifəsində xidmətə başlamışdır. Qubadlı rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmiş, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibə iştirakçısı” medalları ilə təltif edilmişdir. Onun yuxarıda qeyd etdiyi xidmətlərini, keçdiyi döyüş yolunu rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən zabit olduğunu nəzərə alaraq onun istənilən bölgədə işğaldan azad edilmiş torpaqlarda xidmətə təkrar bərpa edilməyi üçün əsasdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət ələyhinə cinayət törətmiş şəxslərə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşma imzalamasından imtina edilir. Həmçinin qeyd edilir ki, iddiaçının yenidən hərbi xidmətə qəbul olunması barədə komanda üzrə məruzə edilmiş, lakin yuxarı komandalıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. İstinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(118)-363/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov).
8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş (Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasının 3.9.2-ci yarımbəndinə əsasən həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxsin məhkümlüğü ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törədikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina olunur. Cəza siyasətinin humanistləşdirilməsini və cinayətin dekriminailaşdırılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişilik edilməsi haqqında" 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra bir sıra, o cümlədən hərbi xidmət əleyhinə olan əməllər cinayət kateqoriasından çıxarılmışdır. Bunun nəticəsi olaraq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişilik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 69-VİQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsində “Hərbi xidmət əleyhinə olan inzibati xətalar" adlı 41-ci fəsil əlavə olunmuş və qeyd edilən qanunlar 2020-ci il iyunun 1-dən qüvvəyə minmişdir. Bundan əlavə, Cinayət Məcəlləsinin “Hərbi xidmət əleyhinə olan cinayətlər” fəslinin bəzi maddələrinin dispoziyasında nəzərdə tutulmuş əməllərin bir hissəsi dekriminallaşma nəticəsində inzibati xəta hesab edilsə də, bir hissəsi cinayət əməli olaraq qüvvədə saxlanılmışdır. İş materialarından görünür ki, İddiaçı Ağdam Hərbi Məhkəməsinin 1-13/200 nömrəli 01 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci və 331.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (rəisinin öz tabeliyində olan şəxsi döyməsi) maddəsində nəzərdə tutulmuş əməllər cəza siyasətinin humanistləşdirilmə və cinayətlərin dekriminailaşdırılmasını nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişilik edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən cinayət kateqoriyasından çıxarılmamışdır. İddiaçı yenidən həqiqi hərbi xdmətə qəbul olunması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasının tələblərinə zidd olduğuna görə inzibati orqan ona imtina etmişdir. Məhkəmə qeyd edilən Qanunun tələblərini pozmuş nəticədə əsassız qərar qəbul etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 158-ci bəndinə əsasən törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. 165-ci bəndinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156—158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Əsasnaməyə 6 saylı əlavə olan “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması üçün təqdimatların tərtib edilməsi” Qaydalarının 9-cu bəndinə əsasən, həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda) göndərilir.
13. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 113-114-cü bəndlərinə əsasən 113. Tabor komandirinin müavini döyüş hazırlığı məşğələlərinin təşkilinə və keyfiyyətlə keçirilməsinə; maddi-tədris bazasının saz saxlanmasına, onun təkmilləşdirilməsinə və təlim vaxtı ondan düzgün istifadə edilməsinə; kütləvi idman işlərinə, həmçinin taborda daxili qayda-qanunun və hərbi intizamın olmasına cavabdehdir. O, tabor komandirinə tabedir, taborun bütün şəxsi heyətinin birbaşa rəisidir və tabor komandiri olmadıqda onun vəzifəsini yerinə yetirməlidir.
114. Tabor komandiri müavininin vəzifəsidir: taborun döyüş və ictimai-siyasi hazırlıq planının işlənib hazırlanmasında iştirak etmək; taborun bölmələrində döyüş hazırlığının təşkilini və gedişini yoxlamaq, aşkar edilən nöqsanları aradan qaldırmaq və bölmə komandirlərinə məşğələlərin təşkili və keçirilməsində kömək etmək; taborlardakı zabitlərin, gizirlərin və çavuşların işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək; zabitlər, gizirlər və çavuşlarla döyüş hazırlığı üzrə nümunə və təlimat-metodiki məşğələlər, həmçinin taborun bölmələri ilə təlimlər və yoxlama məşğələləri keçirmək; taborun maddi-tədris bazasını saz saxlamaq və ondan tədris vaxtı düzgün istifadə edilməsinə nəzarət etmək; taborun bölmələrində olan silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, ləvazimatın və əmlakın qorunub saxlanmasına nəzarət etmək; onların baxışdan keçirilməsində iştirak etmək; taborda fiziki hazırlığa və idmana rəhbərlik etmək, idman tədbirləri keçirmək; taborun bölmələrində daxili qayda-qanuna və intizama riayət edilməsini yoxlamaq, sutkalıq naryadın hazırlanmasına və aparılmasına nəzarət etmək; taborda ixtiraçılıq və səmərələşdirmə işinə rəhbərlik etmək.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
15. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 74.İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-434/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin hallarından görünür ki, İddiaçı 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini Ümumqoşun ixtisasını bitirmiş, 1997-ci ildən 2001-ci ilə kimi N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2001-ci ildən 2004-cü ilə kimi isə N saylı hərbi hissənin tərkibində Kadr taborunda bölük komandiri vəzifəsində xidmət etmiş, 2004-cü ildən 2007-cı ilə kimi N saylı hərbi hissədə Kadr taborunda bölük komandiri vəzifəsində xidmət etmiş, 2007-ci ildən 2008-ci ilə kimi N saylı hərbi hissədə Qərargah bölük komandiri vəzifəsində xidmət etmişdir.
20. Azərbaycan Respublikası Ağdam Hərbi Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat pul cəzasına məhkum edilmiş, Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır.
21. Daha sonra isə ölkədə başlanan Vətən müharibəsi ilə əlaqədar şərait dəyişmiş, tərəflər arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur.
22. Məlumdur ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Respublikası ilə təmas xətti boyunca atəşkəsdən sonra müşahidə olunan ən gərgin qarşıdurmalar başlamışdır.
23. AR Konstitusiyasının 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
24. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi.
25. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununun 5.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda dərhal ümumi və ya qismən səfərbərlik elan edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmişdir.
26. Məlumdur ki, qismən səfərbərlikdə yalnız ehtiyac olan ixtisaslar üzrə çağırış olur. Söhbət təbii ki, ən birinci növbədə hərbi ixtisaslardan gedir. İstinad olunan Qanuna əsasən ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar. (14.2.)
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində, apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul olunmasının mümkünsüz olması qeyd olunsa da, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, müharibə dövründə hərbi xidmət keçmiş, Qubadlı istiqamətində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsinə çağırılaraq N saylı hərbi hissədə 1-ci taborun Qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində xidmət etmişdir. Hətta, xidmətlərinə görə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildmişir. xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır.
28. Kollegiya hesab edir ki, Ağdam Hərbi Məhkəməsinin 113/2008 nömrəli, 01 aprel 2008-ci il tarixli hökmü ilə iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci, 331.3-cü maddəsinə əsasən məhkum edilməsinə istinad edərək hazırkı halda iddiaçının müraciətindən imtina edilməsini əsaslı hesab etmək olmaz. Belə ki, Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilmiş və 331.2-ci maddə (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin şərəf və ləyaqətini alçaltması) Məcəllədən çıxarılmış, bununla da həmin əməl dekriminallaşdırılmışdır.
29. Eyni zamanda Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə inzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilərək həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması) ilə inzibati məsuliyyət müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 01 may tarixli 68-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.
31. İşin yuxarıda qeyd edilən hallarından da aydın olduğu kimi, iddiaçı ehtiyata buraxıldıqdan sonra xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissədə Motoatıcı taborun Qərargah rəisi vəzifəsində xidmətə başlamış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, müharibə dövründə hərbi xidmət keçmiş, Qubadlı istiqamətində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə səfərbərlikdən tərxis edilmiş və SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyata alınmışdır. Hətta, xidmətlərinə görə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibə iştirakçısı” medalları ilə təltif edildmişir.
32. İşdə olan N nömrəli hərbi hissənin 1-ci taborunun qərargah rəisi- tabor komandirinin müavini vəzifəsində xidmət edən mayor İddiaçı verilən xidməti xasiyyətnamədən görünür ki, mayor İddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyatlarında fəal iştirak etmişdir. Döyüş meydanında öz vəzifəsini qorxmadan və layiqincə yerinə yetirmişdir. Düşmənin əks hücumunun qarşısının alınmasında, düşmən cəbhəsinin yarılmasında və onun strateji mövqeylərinin ələ keçirilməsində fəallıq nümayiş etdirmişdir. Taborun şəxsi həyətinin mənəvi-psixoloji döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və onların bütün növ təminatlarının vaxtlı-vaxtında ödənilməsi üçün əlindən gələni əsirgəməmişdir. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxşdir, vəzifəsinin vicdanla yerinə yetirilməsi üçün əlindən gələni əsirgəmir. Təşəbbüskardır, vətənpərvərdir. Şəxsi nizam-intizamı və dürüstlüyü yüksək səviyyədədir. Nizamnamə qaydalarını bilir və gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmağı bacarır. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirir. Bir zabit kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk edir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütəmadi olaraq çalışır. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır.
33. Beləliklə də müəyyən olunur ki, ölkə miqyasında aparılan hərbi əməliyyatlarla əlaqədar iddiaçı ilə cavabdeh arasındakı münasibətlər əvvəlki vəziyyətinə qayıtmış, hətta iddiaçı qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. İddiaçının ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan hərbi qulluqçu kimi müharibə dövründə yenidən ordu sıralarına çağırılması anlaşılandır.
34. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinin müvafiq qanuna əsasən cinayət kateqoriyasından çıxarılmaması və bununla da iddiaçının yenidən həqiqi hərbi xdmətə qəbul olunmasının “bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasının tələblərinə zidd olması barədə cavabdehin mövqeyi ilə nəinki uzlaşmır, əksinə iddiaçının yuxarıda qeyd olunan medallarla təltif olunması, yenidən məsul vəzifəyə təyin olunması onun həqiqi hərbi xidmətə yenidən qəbul edilməsinə əsas verir.
35. Diqqəti çəkən növbəti məqam isə bunun müharibə dövründə baş verməsidir.
36. Kollegiya bu məsələyə ona görə diqqət edir ki, hərbi xidmətlə bağlı tənzimlənən qanunvericiliklərdə hər hansı bir prosedurun, məsələn, törədilmiş əməlin və ya hərbi xidmətə yararlılığın müəyyən edilməsi zamanı sülh və müharibə şəraiti fərqləndirilir. Məsələn, qanunverici bəzi cinayətlərdə (CM 328.4, 333.6) müharibə vaxtı və ya döyüş şəraitində törədilmiş əməli məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutmuş, həmin ərəfədə törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini artıran hal hesab etmişdir.
37. Bu ona görə baş verir ki, dinc dövrdə ölkədə əmin amanlıq olur, dövlət orqanlarının normal fəaliyyəti həyata keçirilir, dövlətin ictimai-siyası quruluşunu, cəmiyyətin həyatını təhlükə altına ala biləcək hər hansı qüvvə olmur. Bu səbəbdən də həyatın istənilən sferasında hər şey real vəziyyətinə uyğun yerləşdirilir.
38. Müharibə vaxtı isə dövlətin ümumiyyətlə mövcudiyyəti təhlükə altına alındığından, belə həlledici və önəmli məqamda orduda məsul vəzifəyə intizamsız və bacarıqsız (cavabdehin iddia etdiyinə görə) hərbi qulluqçunun təyin olunması ağlabatan deyil.
39. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 113-114-cü bəndlərinə əsasən:
113. Tabor komandirinin müavini döyüş hazırlığı məşğələlərinin təşkilinə və keyfiyyətlə keçirilməsinə; maddi-tədris bazasının saz saxlanmasına, onun təkmilləşdirilməsinə və təlim vaxtı ondan düzgün istifadə edilməsinə; kütləvi idman işlərinə, həmçinin taborda daxili qayda-qanunun və hərbi intizamın olmasına cavabdehdir. O, tabor komandirinə tabedir, taborun bütün şəxsi heyətinin birbaşa rəisidir və tabor komandiri olmadıqda onun vəzifəsini yerinə yetirməlidir.
114. Tabor komandiri müavininin vəzifəsidir: taborun döyüş və ictimai-siyasi hazırlıq planının işlənib hazırlanmasında iştirak etmək; taborun bölmələrində döyüş hazırlığının təşkilini və gedişini yoxlamaq, aşkar edilən nöqsanları aradan qaldırmaq və bölmə komandirlərinə məşğələlərin təşkili və keçirilməsində kömək etmək; taborlardakı zabitlərin, gizirlərin və çavuşların işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək; zabitlər, gizirlər və çavuşlarla döyüş hazırlığı üzrə nümunə və təlimat-metodiki məşğələlər, həmçinin taborun bölmələri ilə təlimlər və yoxlama məşğələləri keçirmək; taborun maddi-tədris bazasını saz saxlamaq və ondan tədris vaxtı düzgün istifadə edilməsinə nəzarət etmək; taborun bölmələrində olan silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, ləvazimatın və əmlakın qorunub saxlanmasına nəzarət etmək; onların baxışdan keçirilməsində iştirak etmək; taborda fiziki hazırlığa və idmana rəhbərlik etmək, idman tədbirləri keçirmək; taborun bölmələrində daxili qayda-qanuna və intizama riayət edilməsini yoxlamaq, sutkalıq naryadın hazırlanmasına və aparılmasına nəzarət etmək; taborda ixtiraçılıq və səmərələşdirmə işinə rəhbərlik etmək.
40. Qanunvericilikdə tabor komandirinin müavini vəzifəsini icra edən şəxsin vəzifələri dəqiq qeyd edilmiş və sadalanan vəzifələrdən də göründüyü kimi, tabor komandirinin müavini taborun döyüş və ictimai-siyasi hazırlıq planının işlənib hazırlanmasında iştirak etmək; taborun bölmələrində döyüş hazırlığının təşkilini və gedişini yoxlamaq, aşkar edilən nöqsanları aradan qaldırmaq və bölmə komandirlərinə məşğələlərin təşkili və keçirilməsində kömək etmək; taborlardakı zabitlərin, gizirlərin və çavuşların işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək və s. cavabdehdir.
41. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, sadalanan vəzifələrin icrasının həyata keçirilməsi yüksək bacarıq tələb etdiyindən bu vəzifəni icra edən hərbi qulluqçuların tutduğu vəzifəyə uyğunluğu mütləqdir. Vəzifəsinə uyğun gəlməyən və yaxud onun öhdəsindən lazımınca və layiqincə gələ bilməyən hərbi qulluqçunun yenidən həmin vəzifəyə təyin olunması, həm də bu təyinatın müharibə şəraiti dövründə, aktiv döyüş əməliyyatları aparılan zamanda baş verməsi cavabdeh inzibati orqanın “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsaslanmaqla onun müraciətindən imtina etməsi inzibati orqanın hərəkətinin(hərəkətsizliyinin) əsaslılığını şübhə altına alır.
42. İş materiallarında olan xx.xx.2011-ci il tarixli arayışla müəyyən olunur ki, AR Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən İddiaçı ona təyin olunmuş cərimə cəzasını ödəyib qurtardığı gündən bir il keçdiyindən onun məhkumluğu göstərilən hökm üzrə ödənilmişdir.
43. Əgər cəza - cinayət törətmiş şəxsin əməlinə dövlətin verdiyi hüquqi reaksiyadırsa, məhkumluq-törədilən cinayətə görə çəkilən cəzanın hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təsadüfi deyil ki, Cinayət Məcəlləsinin 16.3-cü maddəsində qeyd olunub ki, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr-şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur.
44. Belə olan halda iddiaçı barəsində əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
45. İşin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya qarşı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(118)-363/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.