Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-440/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-298/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.2014-cü il tarixli əmrlə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işə qəbul edilərək Azərbaycan Respublikasının İordaniya X1 referenti vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixli əmrlə həmin səfirliyin attaşesi vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır.
2. Azərbaycan Respublikası Xarici İşlər nazirinin 04 dekabr 2021-ci il tarixli, 1940/2021 saylı əmrinə əsasən Azərbaycan Respublikasınin İordaniya X3 ateşşesi vəzifəsindən geri çağrılmış İddiaçı ilə bağlı cari ilin oktyabr-noyabr aylarında aparılmış araşdırmaların nəticələrini və onun tərəfindən xidməti fəaliyyəti zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 18.0.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrin mütəmadi şəkildə pozulduğu nəzərə alınaraq Azərbaycan Respublikasınin İordaniya X3 ateşşesi vəzifəsindən 2019-cu ilin yanvar ayının 17-dən azad edilərək geri çağırılmış İddiaçı diplomatik xidmət orqanlarında qulluğuna həmin tarixdən xitam verilmişdir. Əmrdə onun verilməsinə əsas kimi təşkilat-nəzarət idarəsinin rəisinin xx.xx.2021-ci il tarixli xidməti qeydi və İddiaçı izahatı göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli Qərarı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanlarında - İordaniya Səfirliyində dövlət qulluğuna başlamışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli əmri ilə İddiaçı diplomatik xidmət orqanlarında qulluğuna xitam verilmişdir. İşdən azad olunduqdan sonra bu barədə ona heç bir rəsmi sənəd - müvafiq əmr təqdim edilməmişdir. Yalnız əmək kitabçasını əldə etdikdən sonra xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.4-cü, 18.0.12-ci və 33.1.6-cı maddələrinin tələblərinə müvafiq olaraq diplomatik xidmət orqanlarında qulluğuna xitam verildiyi bəlli olmuşdur. Məsələ ilə əlaqədar tərəfindən müvafiq dövlət orqanlarına şikayətlər etməyinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 18.0.12-ci maddələrinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli və etik davranış qaydalarına əməl etməlidir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanlarında qulluq etdiyi 2014-2019-cu illər ərzində tərəfindən hər hansı etik davranış pozuntusuna yol verilməmiş, heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qeyd olunan maddələrinin necə və hansı hallarda şamil olunması açıqlanmamış və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli əmrin verilməsi tamamilə gözlənilməz olmuşdur.
5. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmiş, onun nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahataında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının yazılı izahatında qeyd edilən hallar və daxil olmuş məxfi sənəd iddiaçı barəsində mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuşdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-298/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən inzibati iş üzrə məhkəmə prosesinə təqdim edilən sənədlə iddiaçı tərəfin tanış olmasına şərait yaradılmaması qanunvericiliyin normalarının kobud surətdə pozulması deməkdir. Qanunun müddəalarına əsasən hətta dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər belə heç bir yoxlama tədbirləri keçirilmədən sənədlərlə tanış olur, dövlət sirri ilə işləyirlər. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən vəzifəyə təyin edilmiş şəxslər, öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə bu Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. Məhkəmə tərəfindən iş araşdırılarkən iddiaçının iddia ərizəsində və məhkəmə prosesində qeyd etdiyi faktlara, təqdim edilən sübutlara hüquqi qiymət verilməmiş, yalnız formal mülahizələri əsasında cavabdehin qeyd etdiyi hallar təkrarlanaraq və guya sübut kimi təqdim edilməyən məxfi sənədə istinad edilərək qətnamə qəbul edilmişdir. Mülki-Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, AR MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, mübahisələndirilən əmrin verilməsinə səbəb iddiaçının araşdırmalar nəticəsində verdiyi izahat və idarəyə daxil olmuş məxfi sənəd əsas olmuşdur. Məhkəmə və cavabdeh orqan tərəfindən qeyd edilən məxfi sənədin sübut kimi iş materiallarına əlavə edilmədiyi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları əsas gətirilərək iddiaçının vəkilinin məxfi sənədlə tanış olmasına şərait yaradılmamışdır. Lakin məhkəmə tərəfindən qərar qəbul edilərkən birbaşa olaraq məhz cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş məxfi sənəd əsas götürülmüşür. Həmçinin məhkəmə qərar qəbul edərkən iddiaçının araşdırmalar nəticəsində verdiyi izahata əsaslanmışdır ki, iddiaçı tərəfindən izahatın onun tərəfindən yazıldığı və işlədiyi müddət ərzində baş verənlərin qeyd olunduğu bir daha təsdiq olunmuşdur. İddiaçının səfirliyin attaşesinin ona ayrılmış spirtli içkinin bir hissəsini satması və eyni zamanda 2 ədəd Hundai Elentra markalı maşınların Suriyalı tanışı tərəfindən alınmasına tərcüməçilik etməsinin “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinin tələblərinə uyğun olub-olmadığı əsaslı şübhə yaradır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan hərəkətlərin həyata keçirilməsi zamanı səfirin birbaşa məlumatı olmuş, eyni zamanda görüşlərdə səfirliyin digər əməkdaşları da onunla birlikdə iştirak etmişdirlər. Bu halda iddiaçının işdən çıxarılmasına səbəb kimi etik davranış qaydalarına əməl edilməməsinin əsas götürülməsi tamamilə əsassız və qanunsuzdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə 2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: ... 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;
12. İnzibati Prosessual Məcəllə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Maddə 17. Məhkəmə baxışının aşkarlığı prinsipi 17.1. Məhkəmə iclasları, bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ictimaiyyət üçün açıq keçirilir. Məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmaması qadağandır. ...17.3. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses iştirakçılarının vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclası qapalı keçirilə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 60. İnzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsi İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Maddə 61. İş üzrə icraat materialları ilə tanış olmaq hüququ 61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər. 61.2. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər. Sədrlik edən hakim bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təşəbbüsü ilə məhkəmə aktlarını həmin aktlarla işləmək üçün müvafiq prosessual nümayəndəyə verə bilər. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
15. İşin hallarından görünür ki, iddiaçı dövlət qulluqçusu olmuş, cavabdehin 04 dekabr 2021-ci il tarixli, 1940/2021 saylı əmri ilə onun diplomatik xidmət orqanlarında qulluğuna xitam verilmişdir. Əmrdə “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4 (dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli) və 18.0.12-ci maddələrində (etik davranış qaydalarına əməl etməli) nəzərdə tutulmuş vəzifələrin mütəmadi şəkildə pozulmasına istinad edilmişdir.
16. İddiaçı hazırda Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsini və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsini istəyir.
17. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılaraq və iddiaçının təqdim edilmiş özü tərəfindən yazılmış izahatının məzmununa istinad edilərək bu nəticəyə gəlinmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının izahatında qeyd edilən halları və xüsusi xidmət orqanlarından daxil olan məxfi sənədi əsas götürərək “Dövlət qulluğu” haqqında Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinə istinad edərək mübahisələndirilən qərarı qəbul etməsi əsassız hesab edilə bilməz. Beləki, iddiaçının işlədiyi işin məsuliyyətini və cavabdeh inzibati orqanın fəalyyətinin əhəmiyyətini nəzərə alanda, mübahisələndirilən qərarın qəbul edilməsində xüsusi xidmət orqanlarından daxil olmuş məxfi sənədin əsas götürülməsi əsaslı hesab edilə bilər. Qeyd edilənlərdən başqa məhkəmə hesab etmişdir ki, səfirliyinin attaşesinin ona ayrılmış spirtli içkinin bir hissəsini satması və eyni zamanda 2 ədəd maşının Suriyalı tanışı tərəfindən alınmasına tərcüməçilik etməsidə “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinin tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda iddiaçının istinad edilən izahatında qeyd edilən halları və hazırda həm keçmiş Səfirin, həm də hazırkı iş üzrə iddiaçının diplomatik xidmət orqanlarından uzaqlaşdırılmasını nəzərə alanda cavabdeh inzibati orqanın hərəkətləri əsaslı hesab edilə bilər.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla razılaşaraq qeyd edir ki, iş materiallarında olan izahatında iddiaçının qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi və etik davranış qaydalarına əməl etməməsi ilə bağlı hallar mövcuddur.
19. Bundan əlavə, kollegiya tərəfindən apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar olaraq cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi istinad etdiyi müvafiq məxfi sənədlər cavabdehdən tələb olunaraq İPM-nin 60cı maddəsinin tələblərinə uyğun şəkildə qapalı məhkəmə iclasında baxış keçirilmiş, məzmunu ilə tanış olunmuşdur.
20. Müvafiq orandan cavabdeh Xarici İşlər Nazirliyinə daxil olmuş və əmrdə də istinad edildiyi kimi iddiaçı barədə araşdırmaların aparılmasına əsas olan, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə məxfilik qrifi müəyyənləşdirilmiş həmin sənədlərin, həmin Qanunda (maddə 5), habelə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dövlət sirri təşkil edən məlumatlar kimi göstərilmiş məlumatlar olmasını müəyyən edən kollegiya qeyd edir ki, qeyd edilən sənədlər qanuna əsasən məxfi saxlanılmalı olan məlumat olduğundan iddiaçının və onun nümayəndəsinin həmin sənədlərlə tanış olmaq imkanlarının məhdudlaşdırılması “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun və İPM-nin 60-61-ci maddələrinin tələblərinə uyğundur.
21. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə uyğun olaraq çəkişmə prinsipi əsasında həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının qanunvericiliyin tələblərinə uyğun şəkildə tanış olduğu müvafiq orandan cavabdeh inzibati orqana daxil olmuş sənədlərin məzmunu iddiaçının xidməti fəaliyyəti zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 18.0.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrin mütəmadi şəkildə pozulması əsası ilə dövlət qulluğuna xitam verilməsi barədə cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının (əmrinin) əsaslı olması nəticəsinə gəlməyə imkan verir.
22. Kollegiya iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə oxşar iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad edərək qeyd edir ki, Regner Çex Respublikasına qarşı iş üzrə Böyük Paltanın 19 sentyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, bir-biri ilə yaxın əlaqədə olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi Konvensiyanın 6-cı maddəsinin İ hissəsinin mənası baxımından ədalətli məhkəmə araşdırılması hüququnun fundamental komponentləridir. Həmin prinsiplər tərəflər arasında “ədalətli balans” tələb edir: hər bir tərəf onu qarşı tərəfdən əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə salmayan şəkildə öz işini təqdim etmək üçün ağlabatan imkanlarla təmin olunmalıdır (bax: Avotiņš v. Latvia [GC], no. 17502/07, § 119 and other references, ECHR 2016). Bununla belə bu prinsiplərdən irəli gələn hüquqlar mütləq hüquqlar deyildir. Məhkəmə artıq bir sıra işlərdə qərara almışdır ki, tərəfin tam çəkişmə prosesi hüququ inkar edilərkən üstünlük yüksək milli maraqlara verilir (Miryana Petrova, §§ 39-40, and Ternovskis §§ 65-68). X5 bu sahədə müəyyən qiymətləndirmə azadlığına malikdirlər. Bu baxımdan Məhkəmə ərizəçi tərəfindən müstəqilliyi və qərəzsizliyi mübahisələndirilməyən, yalnız hakimlərin müvafiq sənədlərə tam çıxışı olmadığını bildirdiyi yerli məhkəmələrə verilmiş səlahiyyətləri qeyd etmiş və göstərmişdir ki, “birincisi məhkəmələrin Səlahiyyətli orqanın öz qərarını əsaslandırdığı müvafiq təsnifatlandırılmış sənədlərlə məhsudiyyətsiz çıxış imkanları olmuşdur. Daha sonra onlar Səlahiyyətli orqanın məzmunun açıqlanmasını istəmədiyi sənədlərin açıqlanmamasına əsaslandığı halları ətraflı olaraq yoxlamaq səlahiyyətinə malikdirlər. Onlar müvafiq məlumatların açıqlanmamasına səbəb olan halları yoxlaya və əgər məlumat müvafiq təsnifata aid deyilsə onları açıqlamağı tələb edə bilərlər”. Məhkəmə qeyd edir ki, məhkəmələr bu işdə onlara məxsus yoxlama səlahiyyətlərini müvafiq sənədlərin məxfiliyinin qorunması zərurəti və hazırkı işin spesifik halları nəzərə alnımaqla ərizəçinin “təhlükəsizlik təmizliyi”nin ləğv edilməsi barədə qərarın qəbulunun əsaslandırılması da nəzərə alınmaqla lazımi qaydada icra etmişlər. Prosesi bütövlükdə, habelə mübahisənin təbiəti və səlahiyyətli dövlət orqanlarının qiymətləndirmə azadlığını nəzərə almaqla Məhkəmə hesab edir ki, ərizəçinin çəkişmə və tərəflərin bərabərliyi prinsipindən irəli gələn hüquqlarından istifadə etmək imkanı azaldan məhdudiyyətlər o dərəcədə olmuşdur ki, tərəflər arasında ədalətli balans ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun əsas mahiyyətinə təsir edəcək dərəcədə pozulmamışdır. (Regner v. the Czech Republic [GC], no. 35289/11, §§ 146 - 162, 19 sentyabr 2017-ci il, 146-147, 152, 154, 161-ci bəndlər; qərarın tam mətni üçün bax: https://hudoc.echr.coe.int/eng?i=001-177299).
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-298/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.