Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-444/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı rayonu Qaleybuğurd Bələdiyyəsinə qarşı iş üzrə açar sözlər: bələdiyyə qərarının etibarsız hesab edilməsi, evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunmasi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı cavabdeh Şamaxı rayonunun Qaleybuğurd bələdiyyəsinə qarşı “Şamaxı rayon Sis bələdiyyəsi tərəfindən 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarının etibarsız hesab edilməsi, fərdi yasayış evinin və onun yerləşdiyi 0,30 ha həyətyanı torpaq sahəsinin üzərində mərhum X6 mülkiyyət hüququnun bərpa olunmasi” tələbinə dair Sumqayit İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(118)-63/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Şamaxı rayonunun Qaleybuğurd bələdiyyəsinə qarşı “Şamaxı rayon Sis bələdiyyəsi tərəfindən 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarının etibarsız hesab edilməsi, fərdi yasayış evinin və onun yerləşdiyi 0,30 ha həyətyanı torpaq sahəsinin üzərində mərhum X6 mülkiyyət hüququnun bərpa olunmasi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərarın etibarsız hesab olunması və fərdi yaşayış evinin və onun yerləşdiyi 0.30 ha həyətyanı torpaq sahəsinin üzərində mərhumə Q.H.Qəniyevanın mülkiyyət hüququnun bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir .
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X10 adına Şamaxı rayonunun Sis kəndi ərazisində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi mövcud olmuşdur. Həmin evdə valideyinlərilə birlikdə yaşayıb boya-başa çatmış və atası vəfat etdikdən sonra ev Sis kəndi üzrə təsərüfatbaşına kitabda anaları X6 adına qeyd olunmuşdur. Lakin, anası yaşlandığına görə, məcbur olub onu Şamaxı rayonunun Sabir qəsəbəsində yerləşən fərdi evinə gətirib orda saxlamış, hazırda anası da vəfat etmişdir. Anasının adına olan fərdi yaşayış evini və onun yerləşdiyi 0.30 ha torpaq sahəsini qeydiyyata aldırmaq və vərəsəlik qaydasında rəsmiləşdirilməsi məqsədilə DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin, 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən onun ərizəsinin icrasına imtina verilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Sis kəndi ərazisində yerləşən mərhumə Qızbəs Qəniyevaya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,24 ha hissəsi Şamaxı rayon Sis Bələdiyyəsi tərəfindən 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə hər birinə 0.12 ha olmaqla həyətyanı məqsədilə X3 və onun mülkiyyətinə satılmış və həmin torpaq sahələrinin alqı-satqısına dair müvafiq alqı-satqı aktı tərtib olunmuşdur. Qeyd olunan Bələdiyyə qərarı qüvvədə olduğu üçün və torpaq sahəsinin üzərində mübahisə olduğuna görə, fərdi yaşayış evini və onun yerləşdiyi 0.30 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyrimümkün olmuşdur. Şamaxı rayonunun Sis kəndində 0.30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun mərhum valideyinlərinin mülkiyyətidir, lakin buna baxmayaraq, Şamaxı rayonunun Sis Bələdiyyəsi (hal-hazırda Qaleybuğurd Bələdiyyəsi) qeyri-qanuni olaraq 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə həyətyanı torpaq sahəsini alqı-satqı qaydasında ona və qardaşı X1. O, Bələdiyyənin qərarını qeyri qanuni hesab edir, anasının qanuni istifadəsində olan torpaq sahəsi onun övladlarına alqı-satqı qaydasında yox, vərəsəlik qaydasında keçməlidir. Sənədləşmə düz aparılmadığına görə, o, əmlakı qeydiyyata aldıra bilməmişdir. Hesab edir ki, qeyd olunan bələdiyyə qərarı ləğv olunmalı və onun anasının mülkiyyət hüququ bərpa olunmalıdır.
Cavabdehin etirazları:
3. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Şamaxı rayonunun Sis kəndi ərazisində yerləşən iddiaçının mərhum anası X11 məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.30 ha torpaq sahəsinin 0.24 ha hissəsi Şamaxı rayon Sis bələdiyyəsi tərəfindən 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə hər birinə 0.12 ha olmaqla həyətyanı məqsədilə X5 və X7 mülkiyyətinə satılmış və həmin torpaq sahələrinin alqı-satqısına dair müvafiq alqı-satqı aktı tərtib olunmuşdur. Qeyd olunan bələdiyyə qərarı qüvvədə olduğu üçün və torpaq sahəsinin üzərində mübahisə olduğuna görə, fərdi yaşayış evini və onun yerləşdiyi 0.30 ha torpaq sahəsinin vahiq daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri mümkün olmuşdur. Qeyd olunanlara əsasən iddiaçının DƏDRXin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddiası əsassız olduğundan iddianın rədd edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(118)-63/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(118)-63/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri
5. İddiaçı Sumbat oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində araşdırma zamanı, hakim belə bir nəticəyə gəlmişdir ki, təsərrüfatbaşına kitabı hər hansı bir hüquqi əsasa söykənən sənəd hesab edilə bilməz və həmin kitabda kəndçinin istifadəsində olması barədə qeyd həmin torpaq sahəsinin mülkiyyətdə olmasına əsas vermir. Hakimin belə bir nəticəyə gəlməsi tamamilə qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Repsublikası Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə 13.01.2015-ci il tarixli 439№-li Fərmanının 2.3-cü bəndində təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün əsas kimi qeyd olunmuşdur. Bundan əlavə məhkəmə prosesi zamanı cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuş Qaleybuğurd Bələdiyyəsinin sədri qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid deyil və keçmiş Sis Bələdiyyəsi tərəfindən Qəniyeva Qızbəs Hətəm qızına məxsus həyətyanı torpaq sahəsini qeyri-qanuni olaraq satdığını bildirirərək faktiki olaraq iddia tələbini qəbul etmişdir. Buna baxmayaraq məhkəmə qərarında israrla qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Halbuki bələdiyyənin nümayəndəsi təsdiq etmişdir ki, həmin torpaq sahəsi onun anasının qanuni istifadəsində olan torpaq sahəsidir. Şamaxı rayonunun Sis kəndində 0,30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun mərhum valideynlərinin mülkiyyətidir. Lakin buna baxmayaraq Şamaxı rayonunun Sis Bələdiyyəsi (hal-hazırda Qaleybuğurd Bələdiyyəsi) qeyri-qanuni olaraq 09.10.2006-cı il tarixli 16№-li qərarı ilə həyətyanı torpaq sahəsini alqı-satqı qaydasında satmışdır. Azərbaycan Respublikaının Qanunlarına əsasən mülkiyyət hüququ toxunulmazdır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Əgər hansısa insanın mülkiyyət hüququ pozularsa bu zaman qanunda nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə edərək öz hüququnun bərpası üçün müəyyən işlər görməlidir. Konstitusiyamızda göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hesab edir ki, bələdiyyə qərarı ləğv olunmalı və anasının mülkiyyət hüququ bərpa olunmalıdır.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları
7. İş üzrə 3-cü şəxs Qəniyev Gürcüvan Sumbat oğlu Sumqayıt Apelyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə iddiaçı, eləcə də iddiaçının nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
16. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.
28. Azərbaycan Respublikasının Torpaq İslahatı haqqında Qanun: Maddə 7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.
3. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Maddə 19. Torpaqların alqı-satqısının ümumi qaydaları və şərtləri Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır.
29. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 8. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində - 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
30. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hazırki qərarın 10-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, Şamaxı rayonunun keçmiş Sis bələdiyyəsinin 05 yanvar 2006-cı il tarixli 1 saylı qərarı əsasında X8 tikinti məqsədi üçün 0,12 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, torpağın satılması ilə əlaqədar DTXK-nın Şamaxı rayon şöbəsinin 03.01.2006-cı il tarixli müvafiq rəyi və qiyməti barədə arayışı alınmış, nəhayət torpağın alqı-satqısına dair akt tərtib edilməklə həmin akt səlahiyyətlilər və İddiaçı tərəfindən də imzalanmışdır (i.v.43-48).
33. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 10.11.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qaleybuğurd kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəliyinin Sis kəndi üzrə 1962-1965-ci illərə aid təsərrüfatbaşına kitabında mərhumə X9 adına 0,30 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi qeyd olunmasına baxmayaraq, sozügedən torpaq sahəsinin faktiki ölçüsü 0.47 ha təşkil edir. Eyni zamanda Sis bələdiyyəsinin 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə mərhumə X12 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.24 ha hissəsi hər birinə 0.12 ha olmaqla X2 və İddiaçı Sumbat oğlunun mülkiyyətinə satılmışdır (i.v.107- 108).
34. Daşınmaz Əmlakın Kadastrı və X13 15.04.2021-ci il tarixli rəyindən görünür ki, Şamaxı rayonu Qaleybuğurd kəndində XDS İcraiyyə Komitəsinin qərarına əsasən Qəniyev Sumbat Cuvan oğlunun adına ayrılmış 0.30 ha həyatyanı torpaq sahəsi, o cümlədən tikili altında yerləşən 0.01 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmaması səbəbindən həmçinin Şamaxı rayonu Sis Bələdiyyəsinin 09.10.2006-cı il tarixli qərarı ilə İddiaçı Sumbat oğluna 0.12 ha və X4 ayrılmış 0.24 ha torpaq sahələrinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri göstərilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyiyini müəyyən etmək mümükün olmadı (i.v.124-127).
35. Məhkəmə kollegiyası iddiaçının hazırkı qərarın 5-ci bəndində öz əksini tapan apelyasiya şikayətində göstərilən dəlilləri əsaslı hesab etmir, ona görə ki, hazırki qərarın 27-30-cu bəndində istinad edilən qanun normalarının tələblərinə görə torpaq islahatı keçirilən zaman aparılmış islahat nəticəsində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrindən başqa yerdə qalan torpaq sahələri bələdiyyələrin mülkiyyətinə verilmiş, bələdiyyələr isə həmin torpaq sahələrinin üzərində olan sərəncam hüquqlarını “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirməyə başlamışlar. Aqrar islahatın keçirilməsilə bağlı torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edildiyi qanunla müəyyən edilmiş, lakin iddiaçı aparılan islahatla bağlı onların ailələrinə ayrılan torpaq sahəsilə bağlı hər hansı bir sübut təqdim etməmiş, beləliklə də, pay bölgüsü zamanı iddia olunan həyatyanı torpaqlarda artıq sahənin olub-olmaması müəyyən edilə bilinməmişdir. Başqa sözlə desək islahat zamanı həyatyanı sahələrdə normadan artıq torpaq müəyyən edildiyi halda ya həmin sahə vətəndaşa ayrılan pay torpağından çıxılaraq həyətyanı torpaq kimi mülkikyyətinə verilə, ya da ki, həmin torpaqlar artıq sahə olaraq bələdiyyə mülkiyyətində saxlanılırdı.
36. Beləliklə, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-63/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-63/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.