Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-454/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, сavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X7 Xidmətinə qarşı "xxxx" MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-550/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X7 Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzrəniə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının mülkiyyətində 8 ədəd nəqliyyat vasitəsinin olduğu nəzərə alınaraq Rusiyaya işlək olan 8 ədəd BNF jurnalı və ya Rusiyaya üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Rusiyaya ikinci ölkə daşıma üçün 80 ədəd, Türkiyəyə üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Türkiyəyə ikinci ölkə daşıma üçün 80 ədəd, Belarusa üçüncü ölkələrdən daşıma üçün 25 ədəd, Belarusa ikinci ölkə daşıma üçün 25 ədəd, Qazaxstan üçüncü ölkələrdən daşıma üçün 15 ədəd, Qazaxstana ikinci ölkə daşıma üçün 5 ədəd, Gürcüstana üçüncü ölkələrdən daşıma üçün 100 ədəd, Gürcüstana ikinci ölkə daşıma üçün 100 ədəd, İrana 20 ədəd icazə vərəqələrinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (və ya onun müvafiq sturkturuna) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğuldur. Şirkət öz fəaliyyətinə 2019-cu ildən başlamışdır. Ötən müddət ərzində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün X6 Xidmətindən icazə vərəqələri və BNF jurnalları əldə edilmişdir. Həmin müddətdən də iddiaçı şirkət Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Asossasiyası (ABADA) İctimai Birliyinə üzv olmuşdur. Fəaliyyət göstərdiyi müddət ərzində iddiaçı böyük çətinliklər bahasına DANXdan “icazə” blankları və BNF jurnalları əldə etməklə fəaliyyət göstərmişdir. Lakin 2021-ci ilin iyun ayından başlayaraq X7 Xidməti tərəfindən iddiaçıya bildirilmişdir ki, artıq bölgünü Azərbaycan Beynəlxalq Avtomobil X1 Birliyi həyata keçirir. İddiaçı 2021-ci ilin iyun ayından başlayaraq ABADA İctimai Birliyinə üzv olmaqla həmin bölgüdə iştirak etmişdir. Qeyd olunan müddət ərzində iddiaçıya çox az miqdarda Rusiya Federasiyasına keçərli olmayan “icazə" blankları və BNF jurnalları verirdilər. İddiaçı “icazə” vərəqələri və BNF yurnallarını əldə etmək üçün DANX tərəfindən məcbur edilərək Azərbaycan Beynəlxalq Avtomobil X3 Birliyinə üzv olmuşdur. Beləliklə Lakin ABADA İctimai Birliyində “icazə” blankları və BNF jurnallarının bölgüsündə ayrıseçkiliyə yol verildiyi, bölgünün ədalətli aparılmadığı və üzvlərə hesabat təqdim edilmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdən ABADA üzvülyündən öz xahişi ilə çıxmışdır. Bundan sonra o, “icazə" blankları və BNF jurnallarını əldə etmək üçün dəfələrlə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və X6 Xidmətinə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə həmin blank və jurnalların verilməsi yubadılmışdır. Sonuncu dəfə olunan müraciətə X7 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC rəsmi olaraq ABADA İctimai Birliyinə üzv otmadığı üçün həmin ictimai birliyə müraciət edilməsi hüquqi cəhətdən mümkün deyildir. Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə “icazə” blankları məhz X7 Xidməti tərəfindən təqdim edilməlidir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “İcazə” blankları əsasında yerinə yetirilir. Qeyd edilən müvafiq icra hakimiyyəti orqanı isə hazırkı halda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X7 Xidmətidir. Normanın tələbindən də görsəndiyi kimi “İcazə” vərəqələri məhz Xidmət tərəfindən verilməlidir. Normada əlavə hər hansı quruma yönəldilmə ilə bağlı müddəa mövcud deyildir. İddiaçı ABADA-nın üzvü olmadan və ABADA nəzdində bölgü komissiyasına müraciət etmədən ona xx.xx.2022-ci il tarixdə 6 ədəd “İcazə” blankları təqdim edilmişdir. Həmin icazə blanklarının verilməsi sübut edir ki, DANX hazırda əsasız olaraq iddiaçını ABADA-ya müraciət etməyə məcbur edir, yəni bilavasitə icazə blankları verməkdə səlahiyyətlidir. Eyni zamandan, ABADA-ya müraciət etdikdə iddiaçıdan həm üzvlük haqqı, həm də hər bir “İcazə" blankı üçün qanunsuz olaraq “xidmət haqqı" adı altında 20 manat vəsait tələb edir. İddiaçının nümayəndəsi daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək MMC-nin mülkiyyətində 8 ədəd nəqliyyat vasitəsinin olduğunu nəzərə alaraq, Rusiyaya işlək olan BNF jurnalı -8 ədəd, və ya aşağıdakı sayda icazə vərəqələrinin verilməsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (və ya onun müvafiq strukturuna) həvalə edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir: A) Rusiyaya üçüncü ölkələrdən daşıma üçün 80 ədəd B) Rusiyaya ikinci ölkə daşıması üçün 80 ədəd C) Türkiyəyə üçüncü ölkələrdən daşıma üçün 80 ədəd D) Türkiyəyə ikinci ölkə daşıması üçün 80 ədəd E) Belarusiyaya üçüncü ölkələrdən daşıma üçün 25 ədəd F) Belarusiyaya ikinci ölkə daşıması üçün 25 ədəd G) Qazaxıstan üçüncü ölkələrdən daşıma üçün 15 H) Qazaxıstan ikinci ölkə daşıması üçün 5 İ) Gürcüstan üçüncü ölkələrdən daşıma üçün 100 J) Gürcüstan ikinci ölkə daşıması üçün 100 K) İran üçün 20 ədəd. Cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iddiaya etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə sistemi” haqqında Əsasnamə”nin 6-cı hissəsinin ikinci abzasına əsasən kvota ilə müəyyən edilmiş, qarşılıqlı razışlama əsasında “İcazə” blankının mübadiləsi, beynəlxalq avtomobil əlaqələri haqqında hökümətlərarası sazişlərə uyğun olaraq nazirlik və digər tərəfin səlahiyyətli orqanı vasitəsi ilə həyata keçirilir. Həmin Əsasnamənin 3-cü hissəsinə görə Azərbaycan Respublikasının ərazisində (gömrük sərhəd buraxılış məntəqələri istisna olmaqla) xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. “İcazə” blankları verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzər alınır. “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur. Bundan başqa ictimai iştirakçılığın təmin edilməsi istiqamətində müvafiq nazirlik və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında imzalanmış 30 dekabr 2021-ci il tarixdə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında memoranduma əsasən xarici ölkələrə beynəlxalq avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə “İcazə” blankları və BNF “İcazə”ləri Bölgü Komissiyasının bölgüsünə əsasən verilir. Həmin bölgü komissiyası Nazirliyin, X7 Xidmətinin, daşıyıcıların, müstəqil ekspertlərin, ictimai birliyin nəzarəti altında fəaliyyət göstərir. İddiaçıya da həmin bölgü komissiyasına müraciət etmək tövsiyə edilmişdir. Hazırda iddiaçı ilə nazirlik arasında həll edilməyən mübahisə olmadığı üçün və cavab verməli orqan nazilrik olmadığı üçün iddia mümkün sayılmamalıdır. Eyni zamanda, digər cavabdeh X7 Xidməti iddiaya qarşı etiraz təqdim edərək müvafiq normativ hüquqi aktlara və iddiaçının müraciətlərinə verilmiş cavablara istinad etməklə göstərilir ki, Xidmət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Xidmətin iddiaçıya “İcazə blankları” və “BNF” kitabçalarını verməkdən imtina etmədiyi, ona bölgüdə iştirak etmək məqsədi ilə Bölgü Komissiyasına müraciət etməsi tövsiyə edilmişdir və qeyd edilən cavab məktubu imtina kimi qəbul edilə bilməz. Etirazda iddia tələbinin mümkünsüz hesab edilməsi haqqında qərar qəbul olunması xahiş olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-550/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı təqdim edilən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazilriyinin iddiaçı müəssisənin direktoru R.Cəfərova ünvanladığı xx.xx.2022ci il tarixli 1-8-13/8942-22 saylı məktubundan görünür ki, “İcazə” blanklarına olan tələbatın müəyyən edilməsi və həmin “İcazə”lərin avtodaşıyıcılar arasında bölgüsü Memorandum əsasında yaradılmış Bölgü Komissiyası tərəfindən daşıyıcıların iştirakı ilə aşkar şəkildə əvvəlcədən elan olunmuş qaydada həyata keçirilir. Cəmiyyətin beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu nəzərə alaraq cəmiyyətə münasibətdə “İcazə”lərin bölgüsü aparılmır. Bölgü Komissiyasının xx.xx.2022-ci il tarixli 60 N-li protokolu ilə Komissiyanın 22 dekabr 2021-ci il tarixli 24 N-li protokolunda BNF “icazə”lərinin bölgüsü cədvəlindən "xxxx" MMCnin adının çıxarılması və həmin bölgünün nəticəsinin Cəmiyyətə münasibətdə ləğv edilməsi qərara alınmışdır. İddiaçı hazırki mərhələdə adının bölgü cədvəlindən çıxarılması və bölgünün nəticəsinin ona münasibətdə ləğv edilməsinə dair qərarı (protokolu) mübahisələndirməli, bundan sonra ona müvafiq icazə blanklarının verilməsi ilə bağlı iddia qaldırmalıdır. Həmin qərar qüvvədə olduğu müddətdə iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli 24№li protokol cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə bir protokolun olması belə sual doğurur. Sadəcə olaraq məktubda belə bir protokolun olduğunu bildirmişdirlər. Ümumiyyətlə isə belə bir protokol məhkəmə prosesində tədqiq edilməyib. Tədqiq edilməyən və məhkəməyə təqdim edilməyən bir sübut əsasında məhkəmənin qərar qəbul etməsi qanunvericiliyə ziddir. AR İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qərardadı qəbul edərkən cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna istinad edir. Lakin eyni zamanda cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu da məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübuta istinad etməmişdir. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi DANX-ın xx.xx.2022-ci il tarixli məktubunun 3-cü abzasında qeyd edilmişdir ki, "xxxx" MMC-yə Bölgü Komissiyasının xx.xx.2021-ci il tarixli, 24 nömrəli protokoluna əsasən 1 ədəd Avro-5 və 1 ədəd Avro-6 nəqliyyat vasitələri üçün BNF İcazəsi ayrılmışdır. Lakin İddiaçı MMC-nin nümayəndəsi tərəfindən sözügedən BNF icazələri götürülməmişdir. Məhkəmə hər iki sübuta yanaşı qiymət versə idi, o zaman bəlli olardı ki, xx.xx.2021-ci il tarixli 24 №li protokol yalnız qeyd edilən tarixdə təqdim edilmiş icazələrin verilməsi üçün tərtib olunmuşdur. Həmin protokolun ləğv edilməsi isə məhz protokolda qeyd edilən İcazə Blanklarına münasibətdə nəzərə alınmalı idi. Məhkəmə isə səhvən belə qənaətə gəlmişdir ki, həmin Protokol İddiaçı MMC-yə ümumiyyətlə İcazə Blanklarının verilməsini dayandırmışdır. Eyni zamanda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunun 3-cü abzasında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Komissiya tərəfindən Rusiyaya giriş-çıxış üçün 2, Belarusa girişçıxış üçün 2 və Belorusa 3-cü ölkəyə daşımalar üçün 2 ədəd İcazə Blankı İddiaçı MMC-yə verilmişdir. Onda belə bir sual yaranır ki, əgər məhkəmənin gəldiyi qənaətə əsasən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli 24№li protokolunda BNF “İcazə”lərinin bölgüsü cədvəlindən İddiaçı MMC-nin adı çıxarılmışdırsa, onda xx.xx.2022-ci il tarixdə həmin şirkətə icazə blankları necə verildi? Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunun 2-ci abzasında Bölgü Komissiyasının ABADA İB-nin nəzdində olduğunu qeyd edir. Onlar isə həmin ictimai birlikdən xx.xx.2022-ci il tarixdə öz ərizələri ilə çıxmışlar. Üzvü olmadıqları buir ictimai birliyin onların barələrində hər hansı protokol qəbul edə bilmə hüququ da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yəni onların barələrində hər hansı protokol qəbul etmək üçün subyektiv hüququ olmayan, qanunvericiliyə zidd olan bir protokola məhkəmə hansı əsasla istinad etməsini sübuta yetirməmişdir. Qeyd edilənlərə əsasən məlum olur ki, məhkəmə işin faktiki hallarını araşdırmamış, sadəcə cavabdehin təqdim etdiyi məktubda yazılanları təsdiq etməklə məhkəmə araşdırması aparmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən iin bütün halları tam və hərtərəfli araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar formal araşdırılmış, məhkəmə zamanı işə baxılarkən tərəfindən verilmiş sübutlar nəzərə alınmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X8 təmsil etdiyi Agentliyin hazırkı iş üzrə cavabdeh olmadığını qeyd edərək şikayətə dair hər-hansı mövqe bildirməmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Mülki Məcəllənin 44.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya və icazə sistemi – lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısının müəyyən edilməsi, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi, şərtlərinə riayət olunmasına nəzarətlə bağlı prosedurların məcmusudur. İcazə şərtləri-icazənin alınması üçün ərizəçinin və icazədə göstərilən hərəkəti həyata keçirərkən icazə sahibinin yerinə yetirilməli olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərdir. İcazə – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra – hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkət, səlahiyyətli orqan isə lisenziya (icazə) verilməsi sahəsində dövlət siyasətini və metodiki rəhbərliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdı (1.0.5, 1.0.7, 1.0.11, 1.0.12-ci maddələr). Həmin qanunun 19-cu maddəsində lisenziyanın və icazənin verilməsinin, 20-ci maddəsində lisenziyanın və icazənin verilməsindən imtinanın əsasları və qaydası tənzimlənir. Qeyd edilən Qanuna 3 nömrəli əlavə ilə müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin “İcazə” blankı icazə növü kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin 3.0.14-cü bəndində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın ..33-cü... maddələrində nəzərdə tutulmuş icazələri ... bilavasitə və ya strukturuna daxil olan qurum vasitəsilə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək Nazirliyin vəzifələrinə aid edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı tələbi beynəlxalq yükdaşımalarının həyata keçirilməsi üşün müvafiq icazə blankları və BNF jurnallarının verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında icazənin verilməsi ilə bağlı inzibati hüquq münasibəti yarandığından İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin Məcəlləsnin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia növünə aiddir. İPMnin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən isə Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarından və istinad edilən normaıarın məzmunundan da göründüyü kimi, məcburetmə haqqında iddialarda iddianın xüsusi mümkünlük şərti kimi iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı cavabdehə müraciəti və cavabdehin həmin aktın qəbul edilməsindən imtinası, yaxud hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə də iddiaçının iddia ərizəsinə əlavə etdiyi və cavabdehin də etirazında istinad etdiyi müraciətlərdən göründüyü kimi iddiaçı müvafiq tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə müvafiq cavab məktublarında iddiaçıya bölgü komissiyasına müraciət etməyi tövsiyə etmiş, bununla da faktiki olaraq hərəkətsizliklə iddiaçının arzuladığı inzibati aktı qəbul etməmişdir. Lakin, işin yuxarıda qeyd edilən hallarını nəzərə almayan birinci instansiya məhkəməsi Bölgü Komissiyasının xx.xx.2022-ci il tarixli 60 N-li protokolu ilə Komissiyanın 22 dekabr 2021-ci il tarixli 24 N-li protokolunda ayrılmış BNF “İcazə”lərinin bölgüsünün ləğv edilməsinə istinad etməklə həmin qərarın qüvvədə olduğu müddətdə iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması, hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulmasının müəyyən edilmədiyi nəticəsinə gəlməklə iddia tələbini mümkün saymamışdır. Halbuki, qeyd edilən qərar yalnız 22 dekabr 2021-ci il tarixdə aparılmış bölgünün nəticələrinə dair birdəfəlik akt olmaqla yükdaşıma sahəsində fəaliyyət göstərən iddiaçının yenidən icazə alınması üçün müraciət etməsini və həmin müraciətin təmin edilməsini istisna edən inzibati akt kimi qiymətləndirilə bilməz. Cavabdeh özü də apellyasiya şikayətində etirazda qeyd edilən protokolun iş üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3cü bənd). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müvafiq icazələrin verilməməsi və iddaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olamaması əsası ilə onun iddiasının mümkün sayılmaması iddiaçının Konstitusiyadan və sadalanan digər normalardan irəli gələn sahibkarlıq hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi müvafiq hallar iddianın mümkünlüyü ilə əlaqədar deyil, onun əsaslılığının yoxlanılması zamanı ortaya çıxan və qiymət verilməli olan hüquqi məsələlərlə bağlıdır. Buna görə də, iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidmətinin əsasnaməsinə əsasən həmin Xidmət avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, ... dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olmuş, əsasnamənin 9.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini həyata keçirmək və bu sahədə müvafiq tələblərə və şərtlərə əməl olunmasına nəzarət etmək Xidmətin vəzifələrinə aid olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidmətinin və bu sahədə fəaliyyət göstərən bir sıra digər qurumların əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmana əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; Həmin Fərmana əsasən Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinin Nizamnaməsinə əsasən Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini və bu sahədə nəzarəti həyata keçirmək; beynəlxalq avtomobil daşımaları sahəsində icazə blanklarının mübadiləsi üzrə kvotaların müəyyən edilməsi ilə əlaqədar Nazirliyə təkliflər vermək, habelə icazə blanklarının mübadiləsini və uçotunu aparmaq; xarici ölkələrin birdəfəlik “İcazə” blankı, X4 çoxtərəfli illik və qısamüddətli icazələri (jurnalları) və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr ilə müəyyən edilən icazələrin operatorlar arasında bölgüsünü və uçotunu aparmaq; Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarını xarici ölkələrin birdəfəlik “İcazə” blankı, X4 çoxtərəfli illik və qısamüddətli icazələri (jurnalları) və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr ilə müəyyən edilən icazələrlə təmin etmək (3.1.7-3.1.10-cu bəndlər) Agentliyin vəzifələrinə aid edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi S.Əliyev Agentlik fəaliyyətə başladıqdan sonra artıq müvafiq sahədə yeni mexanizmin tətbiq edildiyini və Agentliyin internet səhifəsi vasitəsi ilə müraciət edən daşıma şirkətlərinə icazələrin verildiyini, iddiaçı da qanunla müəyyən edilmiş qaydada müraciət edərsə onun da müraciətinə baxılacağını bildirmişdir. Kollegiya qeyd edir ki, işə yenidən baxılarkən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hazırkı iş üzrə prosessual statusu müəyyən edilməli, eyni zamanda İnzibati Prosessual Məcəllənin “İddiaçının tələblərinin təmin olunması” adlanan 67-ci maddəsinin tələblərinə uyğun qaydada mübahisənin həllinə münasibət bildirilməlidir. Belə ki, həmin maddədə nəzərdə tutulur ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. 67.3-cü maddəyə əsasən isə Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilən normaların təhlilindən görüdüyü kimi, qanunvericilik birinci instansiya məhkəməsi tərəfindən yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlı olmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-550/2023 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-454/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-454/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver