Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-484/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qubadlı rayon Polis şöbəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qubadlı rayon polis şöbəsinə qarşı onun Qubadlı rayonu Ulaşlı kəndinə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-386/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qubadlı rayon polis şöbəsi qarşı iddia qaldıraraq cavabdehin üzərinə İddiaçı Qubadlı Rayon Ulaşlı kəndinə yaşayış yeri üzrə qeydiyyata almaq öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Onun məcburi köçkün statusu yoxdur. İddiaçı xx.xx.2001-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. X2 xx.xx.1973-cü ildə Qubadlı rayonu Ulaşlı kəndində doğulmuşdur, hazırda həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla məcburi köçkün statusuna malikdir. Birgə nikahlarından xx.xx.2004cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. O, məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq yemək xərci müavinətini alır. X1 orta məktəbi bitirərək ödənişli əsaslarla ali məktəbə daxil olmuşdur. Lakin məcburi köçkün vəsiqəsi olmadığına görə, təhsil haqqının ödənilməsindən azad olma barədə güzəştdən yararlana bilmir və təhsil haqqını ödəməyə məcburdur. Əks halda ali təhsilə başlaya bilməyəcəkdir. Hazırda onun valideynlərindən biri (anası) məcburi köçkün statusuna malik olmadığı üçün ona məcburi köçkün vəsiqəsi verilməyəcəyi barədə şifahi qaydada məlumat verilib. İddiaçı Qubadlı rayonu Ulaşlı kəndinə yaşayış yeri üzrə qeydiyyata alınmağı ilə bağlı Qubadlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də imtina verilmiş və aşağıdakı məzmunda cavab məktubu göndərilmişdir: ‘'Sizin xx.xx.2021-ci il tarixdə Qubadlı rayon Polis şöbəsinə ünvanladığınız müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, G2/xiü nömrəli göstərişinin tələblərinə əsasən respublikanın digər ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin işğaldan yeni azad olunmuş ərazi vahidlərinə, o cümlədən Qubadlı rayonuna qeydiyyata alınmaları müvəqqəti məhdudlaşdırılmışdır”. Hesab edir ki, imtina qanunsuz olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-386/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov)
4. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırsa da, vəsatətləri və özünün təşəbbüsü ilə sübutlar əldə etsə də, demək olar ki, işdə olan heç bir sübuta istinad etməmiş, sübutlara hüquqi qiymət verməmişdir. Şəxsin müstəqil surətdə özünə yaşayış yeri seçmək hüququ Azərbaycan Respublikasının qanunlarında və tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda əks olunmuşdur. Hazırda ölkədə əvvəllər işğalda olunmuş rayonlara və həmin rayonların sakinlərinin başqa rayonlara yaşayış yeri üzrə qeydə alınmaları qanunsuz olaraq dayandırılmışdır. Bunun yeganə “hüquqi əsası” daxili işlər nazirinin işğaldan azad olunmuş şəhər və rayonlardan yaşayış yeri üzrə qeydiyyatdan çıxma barədə tələbnaməsidir. Əvvəla nazirin yazılı göstərişi normativ hüquqi akt deyil, heç bir qanundan üstün sayıla bilməz. İkincisi nazirin imzaladığı tələblərdə işğaldan azad olunmuş rayonlarda qeydiyyatda olan sakinlərin başqa rayonlara qeydiyyata alınmasının qadağan edilməsi barədədir. Başqa sözlə nazirin yazılı göstərişi işğaldan azad edilmiş rayon və şəhərlərə yaşayış yeri üzrə qeydiyyata alınmağı qadağan etmir. Məhkəmə sorğu verərək həmin yazılı göstərişi əldə etsə də, ona istinad etməmiş, hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İnzibati məhkəmə icraatının iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları
Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
Maddə 4. Qeydiyyata almanın məhdudlaşdırılması əsasları
Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.
Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir...
Maddə 8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsinin qərarında göstərdiyi kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.
13. Yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda qeydiyyat aparıla bilər.
14. Hazırkı işin hallarından görünür ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir.
15. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir.
16. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək gəldiyi nəticəni apellyasiya şikayətində göstərilən hallara deyil, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun normalarına istinad edərək əsaslandırmışdır.
17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.
18. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-386/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.