Məhkəmə qərarları › İş №2-1(105)-520/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-520/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-520/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, əmək pensiyası məbləğinin bərpa olunması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə 09 fevral 2023-cü il tarixli, 3-17-1/3-3- 1742/2023 saylı qərarının ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1373/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1742/2023 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4174,56 manat sığorta kapitalına uyğun xx.xx.2018-ci il tarixindən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 4174,56 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (4174,56/72=57,98 manat) əmək pensiyası (193,94 manat) üzərinə əlavə edilərək (193,94+57,98=251,92 manat (xx.xx.2022-ci il tarixinə indeksləşdirilməklə 348,50 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 8198,64 manat sığorta kapitalı 72 aya bölünərək (8798,64/72=113,87 manat) əmək pensiyasının (193,94 manat) üzərinə əlavə edilməklə (193,94+113,87=307,81 manat (xx.xx.2022- ci il tarixinə indeksləşdirilməklə 428,50 manat)) ona artıq əmək pensiyası ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 2676,56 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 2676,56 manat pul vəsaiti cari ilin mart ayından etibarən hər ay hissə-hissə (46,92 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bundan başqa, iddiaçının 22.11,2022- ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işlədiyi dövrdə qazandığı 3163,68 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq 348,50 manatdan 392,44 manata artırılıb. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 409,10 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 469,24 manat müəyyən edilib. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyidə görə fərdi hesabının siğorta hissəsində qeydə alınmış 4174,56 manat sığorta kapitalına uyğun xx.xx.2018-ci il tarixindən əmək pensiyası yenidən hesablanmasının düzgün olmadığı müəyydn edilmişdir. Belə ki, 4174,56 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 57,98 manat (4174,56/72) əmək pensiyasının (193,94 manat) üzərinə əlavə edilərək 251,92 manat (193,94+57,98) (indeksləşdirilməklə xx.xx.2022-ci il tarixinə 348,50 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 8198,64 manat sığorta kapitalı 72 aya bölünərək 113,87 manat (8798,64/72) əmək pensiyasının (193,94 manat) üzərinə əlavə edilməklə 307,81 manat (193,94+113,87) (xx.xx.2022-ci il tarixinə indeksləşdirilməklə 428,50 manat)) artıq əmək pensiyası ödənilib. Bundan başqa, xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar işlədiyi dövrdə fərdi hesabının siğorta hissəsində qeydə alınmış 3163,68 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144 ay-72 ay) bölünməklə 43,94 manat (3163,68/72) əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən yenidən hesablanaraq 348,50 manatdan 392,44 manata artırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı fərdi şəxsi hesabında sığortaedənlər, "xxxx" ASC (SUN: **********9; VÖEN:**********) tərəfindən 2009-cu ilin may - noyabr və "xxxx" ASC (SUN: **********9; VÖEN: **********) tərəfindən 2009-cu ilin yanvar - oktyabr aylarına dair hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumat aşkar edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı İl tarixdən başlamışdır. Əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın yenidən hesablanaraq artırılması və pensiyasından əsassız tutulmaların dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması barədə 09 fevral 2023-cü il tarixli, 3-17-1/3-3-1742/2023 saylı qərarının ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1952-ci il təvəllüdlüdür. 1970-ci ildən Boruyayma zavodunda əmək fəaliyyətinə başlamış, 2 il hərbi xidmətdə olmuş və qayıtdıqdan sonra da əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2022-ci ilədək işləmiş və ümumi əmək stajı 52 il təşkil edir. Ona 25 ildən artıq əmək stajının və onun da 12 il 6 aydan arrtıq hissəsinin zərərli işlərdə olması nəzərə alınaraq ona 2009-cu ilin iyul ayından, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və sonradan işlədiyi dövrlər üzrə (2009-2022) 13 illik əmək stajı əsasında iddiaçıya 2018-ci ildə sığorta kapitalında olan vəsait üzrə əmək pensiyasının yenidən hesablanması aparılmış və pensiyaya əlavə olunmuşdur. Lakin cavabdeh təşkilat ona xx.xx.2023-cii il tarixdə bir məktub ünvanlayaraq həmin məktubda iddiaçının pensiyasına əlavənin düzgün hesablanmadığını və sığorta kapitalının 4174,56 manat olduğu halda 8198,64 manat sığorta kapitalı əsasında hesablamanın aparıldığını və nəticədə təyin edilmiş pensiyaya (193,94) üzərinə 57,98 manat əlavə olunmaqla və xx.xx.2022-ci il tarixə indeksləşdirilməklə 348,50 manat ödənilməli olduğu halda, onun pensiyasına 113,87 manat əlavə edildiyini və həmin ümumi məbləğ-307,81 manat xx.xx.2022-ci il tarixə indeksləşdirilməklə 428,50 manat olmuş və ona ödənildiyini bildirmişdir. Cavabdeh son 3 il üçün guya artıq 2676,56 manat pulun ödənilməsini bildirməklə ondan bu ilin mart ayından 46,92 manat əmək pensiyasından tutulduğunu bildirmişdir. Bundan başqa xx.xx.2022-ci ildən işdən çıxmağı ilə bağlı həmin dövrə kimi toplanan 3163,68 manat sığorta kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci ildən pensiyası yenidən hesablanmış və 392,44 manat olmuş və xx.xx.2023-cü ildən indeksləşdirmə ilə əlaqədar pensiyası 469,24 manat olmuşdur. Cavabdeh təyin edilmiş pensiyanı azaltmaqda haqlı olmamışdır. Belə ki, o, pensiyaya çıxdıqdan sonra 13 il işləmiş və sığorta kapitalında böyük məbləğdə istifadə olunmamış vəsait toplanmış və həmin vəsait hesabına pensiyanın yenidən hesablanması həyata keçirilmişdir. Bundan başqa qarşı tərəf onun pensiyasını azaltmaqla yanaşı, guya əlavə aldığı pensiyanın son 3 ilini geri tutmağa qərar vermişdir. Halbuki, bu qərardan məlumatsızdır və ondan həmin vəsaitin mart ayından tutulduğu bildirilsə də, bu barədə 5 ay sonra rəsmi məlumat vermişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, araşdırma zamanı iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4174,56 manat sığorta kapitalına uyğun xx.xx.2018-ci il tarixindən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 4174,56 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (4174,56/72=57,98 manat) əmək pensiyası (193,94 manat) üzərinə əlavə edilərək (193,94+57,98=251,92 manat (xx.xx.2022-ci il tarixinə indeksləşdirilməklə 348,50 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 8198,64 manat sığorta kapitalı 72 aya bölünərək (8798,64/72=113,87 manat) əmək pensiyasının (193,94 manat) üzərinə əlavə edilməklə (193,94+113,87=307,81 manat (xx.xx.2022- ci il tarixinə indeksləşdirilməklə 428,50 manat)) ona artıq əmək pensiyası ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 2676,56 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 2676,56 manat pul vəsaiti cari ilin mart ayından etibarən hər ay hissə-hissə (46,92 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bundan başqa, iddiaçının 22.11,2022- ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işlədiyi dövrdə qazandığı 3163,68 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq 348,50 manatdan 392,44 manata artırılıb. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 409,10 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 469,24 manat müəyyən edilib. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1373/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 09 fevral 2023-cü il tarixli, 3-17-1/3-3- 1742/2023 saylı qərarının ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət oluna bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya əlilliyə görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, iddiaçının qanunla müəyyən edilmiş qaydada razılığı alınmadan ödənilmiş pensiya məbləğinin müəyyən hissəsini geri tutmağa başlanılmışdır. İddiaçı qanunla qorunan etimad hüququna malik olduğundan, ondan artıq ödənilmiş pensiya məbləğinin tutulması yolverilən deyil. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36. İnzibati icraatda iştirakçılar ... 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. ... Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4174,56 manat sığorta kapitalına uyğun xx.xx.2018-ci il tarixindən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmiş, 8198,64 manat sığorta kapitalı əsas götürərələrək, ona artıq əmək pensiyası hesablanmış, iddiaçıya 2676,56 manat artıq pul vəsaiti öədnilmiş, hər ay hissə-hissə tutulmalar aparılır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı işləyən əmək pensiyaçısı olmuş, xx.xx.2022-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir, həmin qərarda hazırki pensiya məbləği kimi 428 manat 24 qəpik, yenidən hesablanmış pensiya məbləği kimi 409 manat 10 qəpik qeyd edilmişdir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd eidlən qərarı qəbul edərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığının (pensiya kapitalının düz hesablanmaması) müəyyən edilməməsi ilə bağlı hallara istinad etmişdir. İş materiallarında olan iddiaçının sığortaolunan hesabı haqqında məlumatdan çıxarışın məzmunundan görünür ki, 2009 dekabr-2018 dekabr dövrü üzrə cəmi hesablanmış pensiya kapitalı 4517,00 və cəmi ödənilmiş pensiya kapitalı 4516,91 qeyd edilmişdir. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı əvvəlki pensiya ödənişinin bərpa edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq qeyd edir ki, qanunvericilik qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh inzibati orqan iddiaçının pensiyasının yenidən hesablanaraq azaldılması barədə qərar qəbul etsə də, həmin qərarın “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbindən irəli gələn qaydada qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı pensiya kapitalını əsas götürməklə, əmək pensiyasını yenidən hesablamaqda haqlıdır. Lakin, bu haqqından istifadə edərək pensiya məbləğinin azalmasına və hətta həmin məbləğdən də artıq ödəmənin tutulmasına gətirib çıxaran qərar qəbul edilərkən, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun müvafiq normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan olan cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişinin məbləğini azaltmaqda və artıq ödəmə halını müəyyən etməkdə cavabdeh haqlı sayıla bilməz. Qeyd edilməlidir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 09 fevral 2023-cü il tarixli, 3-17-1/3-3-1742/2023 saylı qərarı ləğv edilməli, iddiaçının “əvvəlki əmək pensiyası məbləğinin bərpa edilməsi” barədə müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Həmçinin, kollegiya qeyd edir ki, kassasiya məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarında (2-1(102)-30/2024, 2-1(102)-115/2024 və 2-1(102)-244/2024 nömrəli) da əmək pensiyalarının ləğv edilməsi, o cümlədən, yenidən hesablanması barədə inzibati orqanın qərarları inzibati icraat lazımi qaydada aparılmadan qəbul edildiyindən ləğv edilmiş, lakin iddiaçıların müraciətlərinə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün müraciətlərə baxılması öhdəliyi inzibati orqanın üzərinə qoyulmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1373/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 09 fevral 2023-cü il tarixli, 3-17-1/3-3-1742/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki əmək pensiyasının bərpa edilməsi" barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar