Məhkəmə qərarları › İş №2-1(105)-528/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-528/2024

02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-528/2024 02.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Rəhimov Elman Gülbaba oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(118)- 57/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçı barəsində 2021-ci ilin oktyabr ayı üzrə 1.212.079,29 manat əlavə dəyər vergisi, xx.xx.2022-ci il tarixli, **********041300 nömrəli qərarı ilə 2020-ci ilin yanvar ayı üzrə 362.792,52 manat əlavə dəyər vergisi, xx.xx.2022-ci il tarixli, **********030400 nömrəli qərarı ilə isə 2020-ci il üzrə 159.855,09 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı "xxxx" MMC cavabdeh DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli, xx.xx.2022-ci il tarixli, **********041300 nömrəli və xx.xx.2022-ci il tarixli, **********030400 nömrəli qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən 2020-ci ilin yanvar ayına ƏDV üzrə hesablanmış 362,792.52 manat əlavə vergi məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı 2020-ci ilin yanvar ayına görə təqdim etdiyi ƏDV bəyannaməsində vergiyə cəlb edilən dövriyyəni əvvəlcə düzgün olmayaraq 3.166.852.0 manat bəyan etmişdir. Lakin, daha sonra vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində yanvar ayında bəyan edilmiş dövriyyənin bir qisminin (2.015.514 manat hissəsinin) məhz 2019-cu ilin oktyabr ayının dövriyyəsi olduğu müəyyən edilmiş və bu səbəbdən də həmin dövriyyə 2019-cu ilin oktyabr ayına bərpa edilərək ƏDV üzrə 449.496,0 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən, iddiaçı yol verdiyi səhvi düzəltmək məqsədilə 2020-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edərək vergiyə cəlb edilən dövriyyəni qeyd edilən ay üzrə təqdim edilmiş elektron qaimə-fakturalara və ödənişlərə müvafiq olaraq azaldaraq 1.151.338,0 manat bəyan etmişdir. Eyni zamanda, iş materiallarında mövcud olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ilkin uçot sənədləri nəzərə alınmaqla 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə hər hansı kənarlaşma aşkar edilməmişdir. Lakin vergi orqanı sadəcə dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilə dövriyyənin izahat və təsdiqedici sənədlər təqdim edilmədən azaldılmasını kənarlaşma kimi qiymətləndirərək, azaldılmış dövriyyəni bərpa etmişdir. Təqdim edilmiş bəyannamə ilə ilkin uçot sənədləri arasında uyğunsuzluq olduğundan, iddiaçı haqlı olaraq xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş və vergiyə cəlb edilən dövriyyəni ilkin uçot sənədlərinə (elektron qaimə fakturalara və ödənişlərə) uyğunlaşdıraraq əvvəlki bəyannamə ilə hesablanmış manat vergi məbləğini azaltmışdır. Vergi orqanı tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə hesablanmış 159.855,09 manat əlavə vergi məbləğinə münasibətdə qeyd edir ki, vergi orqanı hesablama apararkən 2020-ci ilin əvvəlinə olan mal qalığını əsassız olaraq 72.606,41 manat müəyyən etmişdir. Belə ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində hesabat dövrünün əvvəlinə mal qalığı 871.875,88 manat bəyan edilsə də, vergi orqanı hər hansı sübut və əsas olmadan həmin göstəricini azaldaraq, 72.606,41 manat müəyyən etmişdir. Halbuki, əvvəlki - 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3.2-ci sətrinin “Hesabat dövrünün sonuna” sütununda da ilin sonuna mal qalığı 871.875,88 manat əks etdirilmiş və həmin bəyannamə vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində təsdiq edilmişdir. İş materiallarında mövcud olan xx.xx.2022-ci il ekspert rəyi də bu faktı, yəni iddiaçının ilin əvvəlinə olan mal qalığının vergi orqanı tərəfindən düzgün müəyən edilmədiyini təsdiq edir. Beləliklə, vergi orqanı iddiaçının ilin əvvəlinə olan 871.875,88 manat mal qalığını səhvən 72.606,41 manat müəyyən etdiyindən, nəticədə iddiaçıya əsassız əlavə vergi məbləği hesablamışdır. Vergi orqanı tərəfindən 2021-ci ilin oktyabr ayına ƏDV üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləğinə münasibətdə qeyd edir ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı müəyyən edilmiş 14.367.594.61 manat (ƏDVsiz) idxal cəmiyyət tərəfindən 2019-2021-ci illər ərzində idxal edilmiş malların gömrük dəyəridir. Halbuki, cəmiyyətin həmin dövrlər üzrə idxal etdiyi malların invoys dəyəri 10.890.005,39 manat olmuşdur. Göründüyü kimi, vergi orqanı vergilərin hesablanması zamanı malların faktiki (invoys) dəyərini yox, məhz gömrük (statistik) dəyərini əsas götürmüşdür ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, gömrük dəyəri idxal zamanı gömrük rüsumunun və ƏDV-nin hesablanması məqsədilə gömrük orqanı tərəfindən müəyyən edilən göstəricidir. Bundan başqa, vergi orqanı 2019-2021-ci illər ərzində baş vermiş əməliyyatlara görə 2021-ci ilin oktyabr ayına kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablamaqda haqsız olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Məcəllənin 178-ci maddəsinə görə, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, vergi ödəyicisi təqvim ayı ərzində həyata keçirdiyi əməliyyatları özündə əks etdirən ƏDV bəyannaməsini növbəti ayın 20-dən gec olmayaraq, vergi orqanına təqdim edir və vergi orqanı da öz növbəsində bəyannaməmənin təqdim edildiyi gündən 30 iş günü müddətində kameral vergi yoxlaması həyata keçirir. Lakin, göründüyü kimi, vergi ödəyicisinin 2021-ci ilin oktyabr ayında hər hansı satış əməliyyatı və daxil olan ödənişi olmadığı halda, vergi orqanı 2019-2021-ci illərin əməliyyatlarına görə həmin aya əlavə vergi məbləği hesablamışdır ki, bu da Vergi Məcəlləsinin qeyd olunan müddəalarının kobud pozuntusudur. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci il yanvar ayı üzrə ƏDV bəyannaməsində 570.033,36 manat ƏDV məbləği hesablanmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək izahat və təsdiqedici sənədlər təqdim edilmədən vergi məbləği azaldılmışdır. xx.xx.2022-ci il tarixdə **********972000 nömrəli və xx.xx.2022-ci il tarixdə **********220900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 14.367.504,61 manat (ƏDVsiz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7.599.172,88 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, idxal edilmiş mallar üzrə 14.253.761,72 manat (ƏDV-siz) dəyərində YGB-nin əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma ilə əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixdə **********067500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, iddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2021-ci ilin oktyabr ayına analoji qaydada 1.197.826,03 manat əlavə dəyər vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********126200 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim edilərək izahat və təsdiqedici sənədlər təqdim edilmədən vergi məbləği azaldıldığından vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********329900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən “Mənfəət vergisinin bəyannaməsi" nin 1 nömrəli əlavəsinin cəmi aktivlər sətrindəki "hesabat dövrünün əvvəlinə olan 871875,88 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2019-mənfəət vergisi bəyannaməsi) əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 879540,54 manat məbləğ arasında 7664,66 manat məbləğində fərq müəyyən edilmişdir. Kənarlaşma ilə əlaqədar iddiaçıya xx.xx.2022ci il tarixdə **********972000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, iddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2020-ci il üzrə 159855,09 manat mənfəət vergisi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********030400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(118)-57/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********041300 nömrəli qərarı ləğv edilmiş, xx.xx.2022-ci il tarixli, **********030400 nömrəli qərarı 2020-ci il üzrə hesablanmış 159.855,09 manat mənfəət vergisi məbləğinin 157.835,09 manat hissəsində ləğv edilmiş, xx.xx.2022-ci il tarixli **********329900 nömrəli qərar isə 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləğinin 619.729,45 manat hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən, cəmiyyət tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 2.020,00 manat vergi məbləğinin vergi ödəyicisi tərəfindən az bəyan edildiyi müəyyən edilmişdir və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********030400 nömrəli qərara əsasən 2020-ci ilə hesablanmış 159.855,09 manat mənfəət vergisi məbləği 157.835,09 manat hissədə öz təsdiqini tapmamışdır. Müəssisə tərəfindən 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə hər hansı kənarlaşma aşkar edilməmiş və həmin hesabat dövrü üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********041300 nömrəli qərar əsasında hesablanmış 362.792,52 manat əlavə vergi məbləği öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən 2019-2021-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə isə ümumilikdə, 592.349,85 manat ƏDV məbləğinin az bəyan edildiyi müəyyən edilmiş və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********329900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləği 619.729,45 manat hissədə öz təsdiqini tapmamışdır. Ekspert rəyindən göründüyü kimi vergi orqanı tərəfindən 2020-ci il üzrə hesablanmış 159.855,09 manat mənfəət vergisi məbləği 157.835,09 manat hissədə, 362.792,52 manat ƏDV bütövlükdə, 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat ƏDV isə 619.729,45 manat hissədə öz təsdiqini tapmamışdır. Göründüyü kimi ekspert rəyi ilə iddiaçıya hesablanmış vergilərin əksər hissəsinin əsassız olduğu öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar ekspert rəyi ilə öz təsdiqini tapan əsassız vergi məbləğinin hesablandığı hissələrdə ləğv edilməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********329900 nömrəli qərar 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləğinin 619.729,45 manat hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir, iddiaçı məhkəmə qərarının yalnız həmin hissəsi ilə razılaşmır. Bu baxımdan, şikayətini dəqiqləşdirərək məhkəmə qərarının cavabdehin xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli qərarının 592.349,84 manat hissəsində qüvvədə saxlanılması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan və qanunvericiliyi yanlış təfsir edərək tətbiq edilməli olmayan “Gömrük tarifi haqqında” Qanunun 3.5, 4.1 və 12.1-ci maddələrini və Vergi Məcəlləsinin 139-cu maddəsini iş üzrə tətbiq etmiş, lakin tətbiq edilməli olan Vergi Məcəlləsinin 143 və 162-ci maddələrini isə iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məlumat üçün bildirir ki, malların gömrük dəyəri vergilərin deyil, məhz gömrük rüsumlarının hesablanması məqsədilə müəyyən edilən göstəricidir. Məhkəmə vergilərin hesablanmasını şübhə altına almaq üçün invoys dəyərini vergilərin hesablanması üçün əsas götürülməli olduğunu qeyd edərək hesablanmış vergilərin qanunsuz olduğunu diqqətə çatdırmışdır. Halbuki, Vergi Məcəlləsinin 143 və 162-ci maddələri vergilərin hesablanması məqsədilə idxal zamanı malların gömrük dəyərinin əsas götürülməsini müəyyən etmişdir ki, məhkəmə bu tənzimlənməni nəzərə almamışdır. Həmin maddələrin tələblərindən göründüyü kimi vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən ibarətdir. Məhkəmə isə gömrük qanunvericiliyinin mövcud mübahisənin həll edilməsini müəyyən edən müddəalarına da tam istinad etməmiş, yalnız işin birtərəfli yanlış həllinə rəvac verən müddəaları tətbiq etmişdir. Belə ki, Gömrük Məcəlləsinin 242.1-ci maddəsində qeyd edilmişdir ki, əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Qanuna uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Lakin, məhkəmə qeyd olunan maddəyə istinad etməmiş, əlavə dəyər vergisinin idxal edilmiş malların invoys dəyərinə əsasən hesablanmalı olduğunu əsaslandırmağa çalışmışdır. Hesab edir ki, iş üzrə Vergi Məcəlləsinin 143 və 162-ci maddələri tətbiq edilməli və vergilərin hesablanması zamanı xərclər müəyyən edilərkən malların dəyəri olaraq da gömrük dəyəri götürülməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 162. Vergi tutulan idxalın dəyəri 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. ... Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – cavabdehin xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli qərarının 592.349,84 manat ƏDV hesablanmasına dair hissədə ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qərar qəbul edilərək iddia təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”: 1) xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli; 2) xx.xx.2022-ci il tarixli, **********041300 nömrəli; 3) xx.xx.2022-ci il tarixli, **********030400 nömrəli qərarlarının ləğvinə yönəlmişdir. 1-ci qərarla iddiaçı barəsində 2021-ci ilin oktyabr ayı üzrə 1.212.079,29 manat əlavə dəyər vergisi hesablanmış və verginin hesablanmasına əsas kimi 2019-2021-ci illər ərzində 14.367.504,61 manat (ƏDV-siz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7.599.172,88 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, idxal edilmiş mallar üzrə 14.253.761,72 manat (ƏDV-siz) dəyərində YGB-nin əvəzləşdirildiyi olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 09 dekabr 2021-ci il tarixli, 9/5710 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı yük gömrük bəyannamələrinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə invoys dəyəri, ümumilikdə, 9.379.145,36 manat məbləğində olan mallar idxal edilmiş, həmin mallara görə 1.414.098,32 manat idxal rüsumu, 92.790,00 manat digər rüsum və yığımlar, 3.971,71 manat aksiz vergisi ödənilmişdir. Göründüyü kimi cəmiyyətin xx.xx.2019-xx.xx.2021-ci il tarixləri aralığında idxal etdiyi malların dəyəri, ümumilikdə,10.890.005,39 manat (9.379.145,36+1.414.098,32+92.790,00+3.971,71) olduğu halda, 14.367.504,61 manat, azaldılan dövriyyə məbləğini isə 3.290.832,51 manat (10.890.005,39 - 7.599.172,88) olduğu halda, 6.768.421,72 manat (14.367.504,61 - 7.599.172,88) müəyyən etmişdir. Beləliklə, tədqiqat nəticəsində cəmiyyət tərəfindən 2019-2021-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə azaldılmış dövriyyə məbləğinin 3.290.832,51 manat, azaldılmış ƏDV məbləğinin isə 592.349,85 manat (3.290.832,51 manat*18%) olduğu müəyyən edilmiş və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli qərara əsasən 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləği 619.729,45 manat hissədə öz təsdiqini tapmamışdır. Ekspert rəyindən də göründüyü kimi iddiaçının 2019-2021-ci illər ərzində idxal etdiyi malların invoys dəyəri 10.890.005,39 manat olsa da, vergi orqanı malların 14.367.504,61 manat gömrük dəyəri əsasında 1.212.079,29 manat ƏDV hesablamışdır. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə istinad edərək, iddiaçı barəsində hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləğinin yalnız 619.729,45 manat hissədə öz təsdiqini tapmaması əsası ilə iddianı həmin hissədə qismən təmin etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli qərarının qismən - 619.729,45 manat hissəsində ləğv edilməsini qərara almışdır. Cavabdeh də apellyasiya şikayətinin dəlillərində vergi orqanı tərəfindən həmin dövrlərdə ölkə ərazisinə idxal edilən malın dəyərinin invoys dəyəri ilə deyil, gömrük dəyəri ilə hesablandığını etiraf etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, malın dəyərinin hansı formada hesablandığından asılı olmayaraq, inzibati orqan tərəfindən qeyd edilən qərarın qəbulu zamanı vergi qanunvericilik normalarının tələbləri pozulmuşdur. Ona görə də, kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli qərarı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş və həmin qərarla iddiaçı barəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 2021-ci ilin oktyabr ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2021-ci ilin oktyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2021-ci ilin oktyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Sadalanan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2021-ci ilin oktyabr ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun. Lakin, hazırkı işdən görünür ki, vergi ödəyicisinin 2021-ci ilin oktyabr ayında hər hansı vergitutma obyekti olmadığı halda, vergi orqanı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2021ci ilin oktyabr ayı üzrə əlavə vergi məbləği hesablamışdır ki, bu da Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının pozuntusudur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 2270/2023 nömrəli qərarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vergi orqanı kameral qaydada ƏDV hesabladığı zaman həmin hesabat dövründə baş vermiş əməliyyatları əsas götürməlidir. Bundan başqa, vergi qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi müvafiq hesabat dövrü (Əlavə dəyər vergisinə münasibətdə təqvim ayı) üzrə vergi bəyannaməsi təqdim etməli və vergi orqanı həmin bəyannamə təqdim edildikdən sonra müəyyən edilən müddət ərzində (ƏDV-yə münasibətdə 30 iş günü müddətində) kameral vergi yoxlaması həyata keçirə bilər. Əks təqdirdə, yəni 30 iş günü başa çatdığı halda isə vergi orqanı aşkar edilmiş uyğunsuzluq ilə bağlı vergi ödəyicisinə sadəcə dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərə bilər və həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirə bilməz (Vergi Məcəlləsinin 37.2 və 37.2-1-ci maddələri). Lakin, hazırki işin hallarından göründüyü kimi, cavabdeh vergi orqanı 2019-2021-ci illərin müvafiq ayları üzrə ƏDV bəyannamələrinin təqdim edilməsindən 30 iş günü ötdüyü halda, həmin dövrlərdə baş vermiş əməliyyatlara görə kameral vergi yoxlamasını 2021-ci ilin oktyabr ayına münasibətdə həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin yuxarıda sadalanan normalarının tələblərinə zidd olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən iddiaçı barəsində əsassız qərar qəbul edilmişdir. Odur ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli qərarı bütövlükdə qanunsuz olduğundan həmin qərar iddianın rədd edilməsi hissəsində (592.349,84 manat) ləğv edilməli, bu hissədə iddia tələbi təmin edilməlidir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********041300 nömrəli qərarı ilə 2020-ci il yanvar ayı üzrə 362.792,52 manat ƏDV-nin hesablanmasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Bu hissədə vergi məbləğinin hesablanmasına əsas iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci il yanvar ayı üzrə ƏDV bəyannaməsində 570.033,36 manat ƏDV məbləği hesablanmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək izahat və təsdiqedici sənədlər təqdim edilmədən vergi məbləğinin azaldılması olmuşdur. İşdən görünür ki, iddiaçı vergi orqanına 2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi təqdim edərək vergiyə cəlb edilən dövriyyəni 3.166.852.,0 manat, ƏDV məbləğini isə 570.033,36 manat bəyan etmişdir. Daha sonra iddiaçı həmin bəyannamə üzrə dövriyyəni və vergi məbləğini düzgün bəyan etmədiyini aşkar etdiyindən vergi orqanına həmin dövr üzrə yenidən ƏDV bəyannaməsi təqdim edərək 1.151.338,0 manat dövriyyəsinin, 207.240,84 manat isə ƏDV öhdəliyinin olduğunu göstərmişdir. Vergi orqanı isə iddiaçı tərəfindən sonuncu dəfə təqdim edilmiş həmin bəyannamə məlumatlarını nəzərə almayaraq, ilkin ƏDV bəyannaməsinə uyğun olaraq 362.792,52 manat (570.033,36 - 207.240,84) ƏDV hesablamışdır. Məhkəmə icraatı zamanı alınmış yuxarıda qeyd edilən ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı mühasibatlıq sənədlərinə (elektron qaimə-fakturalar, ƏDV sub-uçot hesabından çıxarış, bank əməliyyatları barədə çıxarış, yük gömrük bəyannamələri barədə məlumat və s.) əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci ilin yanvar ayı ərzində, ümumilikdə, 1.151.338,00 manat dəyərində elektron qaimə-fakturalar göndərilmiş və malların dəyəri həmin ay ərzində ödənilmiş, həmçinin, həmin hesabat ayında 121.524,50 manat məbləğində mallar idxal edilmişdir. Buna baxmayaraq, vergi orqanı müəssisənin 2020-ci ilin yanvar ayı üzrə vergiyə cəlb edilən dövriyyəsini hər hansı səbəb (malların, işlərin, xidmətlərin təqdim edilməsinə dair elektron qaimə-faktura, ödəniş və s.) olmadan 3.166.852,0 manat müəyyən etmişdir. Belə olan halda, iddiaçının 2020-ci ilin yanvar ayı üzrə ƏDV məqsədləri üçün vergiyə cəlb edilən dövriyyəsi 1.151.338,00 manat (ƏDV 207.240,84 manat), əvəzləşdirilən ƏDV məbləği 21.874,41 manat, dövlət büdcəsinə ödənilməli ƏDV məbləği isə 185.366,43 manat müəyyən edilmişdir. Tədqiqat nəticəsində vergi ödəyicisinin 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannanməsi üzrə hər hansı vergi məbləğinin azaldılmadığı müəyyən edilmiş və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********041300 nömrəli qərara əsasən 2020-ci ilin yanvar ayı üzrə hesablanmış 362 792.52 manat əlavə vergi məbləği öz təsdiqini tapmamışdır. Beləliklə, ekspert rəyindən göründüyü kimi iddiaçının mühasibat sənədləri nəzərə alınmaqla, həqiqətən də onun 2020-ci ilin yanvar ayı üzrə dövriyyəsi vergi orqanına təqdim etdiyi sonuncu ƏDV bəyannaməsində qeyd etdiyi kimi 1.151.338,00 manat, ƏDV öhdəliyi isə 207.240,84 manat olmuş, bununla da həmin bəyannamə üzrə hər hansı kənarlaşma aşkar edilməmişdir. Lakin, vergi orqanı dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən dövriyyənin izahat və təsdiqedici sənədlər təqdim edilmədən azaldılmasını kənarlaşma kimi qiymətləndirərək, azaldılmış dövriyyəni bərpa etmiş, həmin dövriyyə əsasında iddiaçı barəsində 362.792,52 manat ƏDV hesablamışdır. Cavabdeh bu hissədə apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə hər hansı dəlilə istinad etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********041300 nömrəli qərarla 362.792,52 manat ƏDV – nin hesablanmasının düzgünlüyü müəyyən olunmur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********030400 nömrəli qərarı ilə 2020-ci il üzrə 159.855,09 manat mənfəət vergisinin hesablanmasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Həmin verginin hesablanmasını cavabdeh belə əsaslandırmışdır ki, əvvəlki (2019-cu) il üzrə təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsində hesabat ilinin sonuna mal qalığı 72.606,41 manat, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövr ərzində daxil olmuş malların məbləği 6.198.094,64 manat, il ərzində təqdim edilmiş malların məbləği 7.069.970,52 manat, hesabat dövrünün sonuna mal qalığı isə 0 manat göstərilmişdir ki, nəticədə 799.269,47 manat (72,606.41 + 6,198.094.64 – 7.069.970,52) kənarlaşma yaranmışdır. Bu səbəbdən, vergi orqanı cəmiyyət tərəfindən göstərilmiş 799.269,47 manat xərcləri tanımaqdan imtina edərək, iddiaçıya buna müvafiq olaraq 159.855,09 manat əlavə vergi məbləği hesablamışdır. İşdən görünür ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsində hesabat dövrünün əvvəlinə mal qalığı 871.875,88 manat bəyan edilmiş, vergi orqanı isə mal qalığını 72.606,41 manat müəyyən etmişdir. Halbuki, əvvəlki - 2019-cu il üzrə iddiaçı tərəfindən təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3.2-ci sətrinin “Hesabat dövrünün sonuna” sütununda da ilin sonuna mal qalığı 871.875,88 manat əks etdirilmiş və həmin bəyannamə vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində təsdiq edilmişdir. Həmçinin, yuxarıda qeyd edilən ekspert rəyində də iddiaçının 2020-ci ilin əvvəlinə olan mal qalığının 871.875,88 manat olduğu təsdiq edilmişdir. Belə ki, ekspert rəyindən görünür ki, tədqiqat zamanı müəyyən edilmişdir ki, iddiaçının 2020-ci ilin əvvəlinə 871.875,88 manat dəyərində mal qalığı olmuş və 2020-ci il ərzində, ümumilikdə, müəssisə tərəfindən 6.198.094,64 manat dəyərində mallar idxal edilmişdir. İddiaçı 2020-ci il ərzində həmin malların hamısını, yəni 7.069.970,52 manat dəyərində malları təqdim etmiş və həmin təqdim etmədən 7.282.069,64 manat məbləğində gəlir əldə etmişdir. Buna baxmayaraq, vergi orqanı iddiaçı tərəfindən 2020-ci ilin əvvəlinə olan mal qalığını 72.606,41 manat olaraq qəbul etmiş və satılmış malların dəyərini 6.198.094,64 manat idxalı nəzərə alaraq, 6.270.701,05 manat məbləğində müəyyən etmişdir. Belə olan halda, iddiaçının 2020-ci il üzrə ümumi gəliri 7.282.069,64 manat, ümumi gəlirdən çıxılan xərclər 7.125.887,94 manat, vergiyə cəlb olunmalı mənfəət 156.181,70 manat, ödənilməli olan mənfəət vergisi 31.236.34 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, tədqiqat nəticəsində vergi ödəyicisi tərəfindən 2020-ci il “Mənfəət vergisi” bəyannaməsi üzrə 2.020,00 manat vergi məbləğinin az bəyan edildiyi müəyyən edilmiş və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********030400 nömrəli qərara əsasən 2020-ci il üzrə hesablanmış 159.855,09 manat əlavə vergi məbləği 2.020,00 manat hissəsi istisna olmaqla, qalan hissədə (157.835,09 manat) öz təsdiqi tapmamışdır. Ekspert rəyindən də göründüyü kimi həqiqətən də iddiaçının 2020-ci ilin əvvəlinə 871.875,88 manat dəyərində mal qalığı olmuş, cavabdeh əsassız olaraq həmin mal qalığını 72.606,41 manat qəbul etmişdir. Bununla da, iddiaçı barəsində 2020-ci il üzrə hesablanmış 159.855,09 manat mənfəət vergisinin qanuniliyi yalnız 2.020,00 manat hissədə öz təsdiqini tapmış, qalan 156.181,70 manat hissədə mənfəət vergisinin hesablanması əsaslı olmamışdır. Mənfəət vergisinə münasibətdə də cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi mübahisələndirilən qərarlarla iddiaçı barəsində hesablanmış vergi məbləğlərinin əsassızlığı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2021-ci il tarixli, 9/5710 nömrəli ekspert rəyi ilə sübuta yetirilir. Hansı ki, ekspert rəyi Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinin tələbləri baxımından iş üzrə zəruri sübut növlərindən hesab edilir. Həmin maddələrin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İddiaçı ilkin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etsə də, sonradan nümayəndəsi (vəkili) məhkəməyə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmənin qərarının yalnız “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********329900 nömrəli qərarının 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləğinin 619.729,45 manat hissəsində ləğv edilməsi ilə razılaşmadıqlarını qeyd etmiş, bu baxımdan, şikayətlərini dəqiqləşdirərək məhkəmə qərarının cavabdehin xx.xx.2022-ci il tarixli **********329900 nömrəli qərarının 592.349,84 manat hissəsində qüvvədə saxlanılması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, iddiaçı 159.855,09 manat mənfəət vergisinin hesablanmasına əsas olmuş cavabdehin xx.xx.2022-ci il tarixli, **********030400 nömrəli qərarının 2.020,00 manat hissədə qüvvədə saxlanılmasına dair məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Beləliklə, qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********329900 nömrəli qərarının 2021-ci ilin oktyabr ayı üzrə hesablanmış 1.212.079,29 manat əlavə vergi məbləğinin ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində (592.349,84 manat) ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia bu hissədə tam təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(118)-57/2024 nömrəli qərarı qismən, yəni cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci ilin oktyabr ayı üzrə 1.212.079,29 manat əlavə dəyər vergisinin hesablanmasına dair xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli qərarının ləğvinə dair iddianın rədd edilməsi hissəsində (592.349,84 manat ƏDV) ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********329900 nömrəli qərarı 2021-ci ilin oktyabr ayı üzrə 592.349,84 manat əlavə dəyər vergisinin hesablanması hissəsində də ləğv edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar