Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-531/2024 17.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarların ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-98/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərara əsasən 2021-ci ilə mənfəət vergisi üzrə 424 381,88 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərara əsasən 2021-ci ilə mənfəət vergisi üzrə 424 381,88 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022- cı il tarixli **********302300 nömrəli qərarı qanunsuz və əsassız hesab edirlər: İddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində il ərzində ümumi gəlir 1 057 973.32 manat, ümumi gəlirdən çıxılan xərclər 1 049 174.57 manat (o cümlədən malın dəyəri 1 027 158.57 manat), vergiyə cəlb edilən mənfəət 8 798.75 manat, mənfəət vergisi isə 1 759.75 manat bəyan edilmişdir. Lakin vergi orqanı vergi bəyannaməsində öz əksini tapmış 1 057 973.32 manat gəlir ilə razılaşmamış, həmin gəliri 2 346 353.82 manat artıraraq 3 404 327.14 manat olaraq qəbul etmişdir. Hesablama barədə qərardan və uyğunsuzluq məktubundan aydın olur ki, cavabdeh hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində ümumi dövriyyə 6 768 421.72 manat göstərildiyi halda, 2021-ci ilin Mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1 057 973.32 manat bəyan edilmişdir ki, bu da vergi orqanı tərəfindən kənarlaşma kimi qiymətləndirilmişdir. , 2021-ci il ərzində iddiaçı tərəfindən 1 027 158.57 manat dəyərində mallar idxal edilmiş və üzərinə 3 faiz ticarət əlavəsi qoyulmaqla 1 057 973.32 manata təqdim edilmiş və həmin satışdan əldə edilən gəlir Mənfəət vergisi bəyannaməsində tam şəkildə bəyan edilmişdir. Lakin cavabdeh vergi orqanı 2021-ci il Mənfəət vergisi bəyannaməsində göstərilən ümumi gəliri cəmiyyətin bütün fəaliyyəti dövründə - 2019-2021-ci illərin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin göstəricilərinin cəmi ilə müqayisə etmişdir ki, bu da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki, mənfəət vergisi bəyannaməsi illər üzrə təqvim edilir və həmin bəyannamədə cari ilin gəlir və xərcləri barədə göstəricilər əks etdirilir. Bundan başqa, cavabdehin istinad etdiyi ƏDV bəyannamələri üzrə 6 768 421.72 manat dövriyyə iddiaçının özü tərəfindən bəyan edilmiş dövriyyə deyil, əvvəlki tarixdə kameral vergi yoxlaması nəticəsində hesablanmış dövriyyədir ki, həmin hesablamalar tərəfimizdən məhkəmə qaydasında mübahisələndirilmişdir. VM-nin 67.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri ödənilməli olan verginin məbləği hesablanan zaman vergi orqanı tərəfindən əlaqəli məlumat qismində istifadə edilə bilər. Qeyd olunan normadan aydın olduğu kimi, vergi orqanı kameral vergi yoxlaması zamanı əlaqəli məlumat qismində əvvəlki kameral vergi yoxlamalarının məlumatlarından deyil, vergi ödəyicisinin özü tərəfindən əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarından istifadə edə bilərdi. İnzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şüphə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İddiaçı iddia ərizəsinə əlavəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş “Sorğunun cavablandırılması barədə” ərizədə qeyd edilir ki, cəmiyyət tərəfindən xx.xx.2019-xx.xx.2021 -ci il tarixədək 14 367 594.61 manat (ƏDVsiz) mallar idxal edildiyi halda, müvafiq dövlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7 599 172.88 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, idxal edilmiş mallar üzrə 14 253 761.72 manat (ƏDV-siz) dəyərində YGBnin əvəzləşdirildiyi müəyyən edilmişdir. Qeyd edilən səbəbdən kənarlaşma yaranmışdır. Belə ki, əvvəlki il üzrə mənfəət vergisi bəyannaməsində (2020-ci il üzrə) mal qalığının olmadığı nəzərə alınaraq 6 768 421.72 manat dəyərində malların (14 367 594.61 - 7 599 172.88) təqdim edilməsi kimi qiymətlədırilmişdır. 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində təqdim edilmə kimi qiymətləndirilmiş malların 2019-2020-ci illərdə (3 699 897.79 + 7 282 069.64) mənfəət vergisinə cəlb edilən hissəsi nəzərə alınmaqla qalan hissəsi 2021-ci ilin mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlaması ilə təqdim edilmə kimi qeyd edilmişdir”. Cavabdan göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçıya məxsus 14 367 594.61 manat dəyərində idxaldan ƏDV bəyannamələrində göstərilən 7 599 172.88 manat (ƏDVsiz) dövriyyəni çıxaraq, yaranan 6 768 421.72 manat fərqi təqdim edilmiş mallar kimi qiymətləndirmiş və həmin fərqə mənfəət vergisi hesablamışdır. Bununla bağlı ilk öncə qeyd edir ki, vergi orqanı müqayisəni əvvəlki illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri ilə aparmalı olduğu halda, düzgün olmayaraq ƏDV bəyannamələri üzrə aparmışdır. Belə ki, cəmiyyətin mənfəət vergisinə cəlb edilən ümumi gəliri 2019-cu il üzrə 3 699 897.79 manat, 2020-ci il üzrə 7 282 069.64 manat, 2021-ci il üzrə 1 057 973.32 manat, ümumilikdə 12 039 940.75 manat olduğu halda, vergi orqanı ƏDV bəyannamələrinə əsasən cəmiyyətin satış dövriyyəsini 7 599 172.88 manat götürmüşdür. Bundan başqa, vergi orqanı kameral vergi yoxlaması zamanı cəmiyyət tərəfindən idxal edilmiş malların ümumi dəyərini 14 253 761.72 manat qəbul etmişdir. Halbuki, ərizəyə əlavə edilmiş idxal edilmiş mallar barədə məlumat cədvəlindən göründüyü kimi, cəmiyyət 2019-2021- ci illər arasında invoys dəyəri 9 379 145.36 manat olan mallar idxal etmişdir. Lakin vergi orqanı əsassız olaraq hesablama zamanı malların gömrük dəyərini əsas götürmüşdür. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu istehsal etdiyi mallara münasibətdə istehsal xərclərinə əsasən, satın aldığı mallara münasibətdə isə faktiki satınalma qiymətlərinə, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən həyata keçirir. Gömrük dəyəri gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədilə “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbit edilmiş üsullardan biri ilə müəyyən edilən göstəricidir. Yuxarıda göstərilənləri ümumiləşdirsək belə nəticə əldə olunur ki, gömrük orqanı tərəfindən gömrük rüsumlarının hesablanması zamanı gömrük dəyərinin hansı üsulla hesablanmasından asılı olmayaraq, vergi ödəyicisi mülkiyyətində və istifadəsində olan malların uçotunu malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərcləri nəzərə almaqla, satın alma qiymətinə əsasən həyata keçirir. Göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı idxal edilmiş malların dəyərini invoys dəyəri əsasında müəyyən etməli olduğu halda, gömrük rüsumunun hesablanması məqsədilə gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərini nəzərə almaqla hesablamışdır ki, bu da nəticədə mal qalığının şişirdilməsi ilə nəticələnmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı 2021-ci ilin Mənfəət vergisi üzrə hesablama apararkən əvvəlki illər üzrə baş tutmuş əməliyyatları nəzərə almışdır ki, vergi qanunvericiliyində belə bir hesablama üsulu nəzərdə tutulmamışdır. Belə ki, 2021-ci il Mənfəət vergisi bəyannaməsində həmin il üzrə gəlir və xərclərə dair göstəricilər öz əksini tapır və vergi orqanı kameral vergi yoxlaması zamanı məhz həmin hesabat ili üzrə qiymətləndirmə apararaq, bəyannamədə öz əksini tapmış gəlir və xərclərin düzgünlüyünü araşdırmalı idi. Bundan başqa, cavabdehin istinad etdiyi ƏDV bəyannamələri üzrə 6 768 421.72 manat dövriyyə iddiaçının özü tərəfindən bəyan edilmiş dövriyyə deyil, əvvəlki tarixdə kameral vergi yoxlaması nəticəsində hesablanmış dövriyyədir kı, həmin hesablamalar tərəfimizdən məhkəmə qaydasında mübahisələndirilmişdir. Vergi orqanı kameral vergi yoxlaması zamanı əlaqəli məlumat qismində əvvəlki kameral vergi yoxlamalarının məlumatlarından deyil, vergi ödəyicisinın özü tərəfindən əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarından istifadə edə bilərdi. İddiaçı mülahizəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilmiş hesablamanın əsasında iddiaçı tərəfindən idxal edilmiş malların invoys dəyəri ilə statistik (gömrük) dəyəri arasındakı fərq dayanır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Sorğunun cavablandırılması barədə” xx.xx.2023-cü il tarixli məktubda kənarlaşmanın səbəbi qismində göstərilmişdir ki, cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021 -ci il tarixədək 14,367,594.61 manat (ƏDV-siz) mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7,599,172.88 manat dövriyyənin göstərildiyi müəyyən edilmiş və nəticədə 6,768,421.72 manat məbləğində mallar təqdim edilmiş kimi qiymətləndirilmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı hesab edir ki, cəmiyyət 14,367,594.61 manat dəyərində mal idxal etmiş, onun 7,599,172.88 manat hissəsinin satışını təqdim etdiyi bəyannamələrdə əks etdirmiş, lakin geridə qalan 6,768,421.88 manat hissəsini bəyan etməmişdir. Məhz cavabdeh də bu fərqi (kənarlaşmanı) əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Vəsatətə baxılması haqqında” məktubda xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasında idxal edilmiş malların invoys dəyərinin 10,903,767.58 manat olduğu qeyd edilmişdir. Bu isə o deməkdir ki, vergi ödəyicisi tərəfindən hər hansı kənarlaşmaya yol verilməmişdir. Belə ki, 2019-2021 -ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən cəmiyyətin mənfəət vergisinə cəlb edilən ümumi gəliri 2019-cu il üzrə 3,699,897.79 manat, 2020-ci il üzrə 7,282,069.64 manat, 2021-ci il üzrə 1,057,973.32 manat, ümumilikdə 12,039,940.75 manat olmuşdur ki, bu da idxal edilmiş malların dəyərindən yüksəkdir. Göründüyü kimi, cavabdeh vergi orqanı hesablama apararkən malların faktiki alış (invoys) dəyərini (10,903,767.58 manat) deyil, düzgün olmayaraq gömrük (statistik) dəyərini (14,367,504.61 manat) əsas götürmüşdür ki, bu da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, gömrük (statistik) dəyəri idxal zamanı gömrük rüsumunun və ƏDV-nin hesablanması məqsədilə gömrük orqanları tərəfindən müəyyən edilən göstəricidir və vergi orqanı vergilərin hesablanması zamanı həmin göstəriciyə istinad edə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 139 və 143-cü maddələrinə əsasən vergi ödəyicisi malların uçotunu məhz faktiki alış (invoys) dəyərinə əsasən həyata keçirməlidir. 2. Vergi orqanı tərəfindən yol verilən ikinci pozuntu ilə bağlı bildirirlər ki, cavabdeh 2021- ci il üzrə mənfəət vergisini hesablayarkən həmin təqvim ilində baş tutmuş əməliyyatları deyil, məhz əvvəlki 3 il ərzində - 2019-2021-ci illər ərzində baş tutmuş əməliyyatları nəzərə almışdır. Halbuki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusu;; gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Mənfəət vergisinin ödəyicisi təqvim ili ərzində əldə etdiyi ümumi gəlirlər və gəlirdən çıxılan xərclərini özündə əks etdirən mənfəət vergisi bəyannaməsini hesab dən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və vergi orqanı öz növbəsində həmin bəyannamənin təqdim edildiyi gündən 60 işi günü müddətində kameral vergi yoxlaması həyata keçirir. Hazırki halda, vergi orqanı 2019-2020-ci illər üzrə kameral vergi yoxlamasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddəti ötürdüyündən, 2019-2021-ci illər üzrə əməliyyatları ümumiləşdirilərək 2021-ci il üzrə hesablama həyata keçirməyə cəhd etmişdir. Halbuki 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri üzrə hər hansı kənarlaşma aşkar edilməmişdir. Kənarlaşma 2019-2021-ci illər ərzində idxal edilmiş malların məbləği ilə bağlı olmuşdur ki, bunun əsassızlığını da yuxarıda izah etmişdirlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə (VÖEN: **********) 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 424381,88 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Belə ki, aparılmış araşdırma zamanı kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1057973,32 manat məbləğində gəlir göstərməyinə baxmayaraq, təqvim ilinin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 5710448,40 manat artıq, yəni 6768421,72 manat dövriyyə məbləğləri göstərilmişdir. Bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində 1427864,18 manat məbləğində mallar idxal edilməsinə və e- qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin 1 №li Əlavəsində “Dövr ərzində daxil olmuşdur” xanasında göstərilmiş 1027158,57 manat məbləğ vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 400705,61 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Yaranmış kənarlaşma üzrə 424381,88 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 2121909,4*20%=424381,88 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********302300 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-98/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərar”ın ləğv edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarında da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. İnzibati orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati aktın qəbul edilməsinə və mübahisənin yaranmasına səbəb idxal olunmuş malların invoys dəyəri yox gömrük dəyərinin əsas götürülməsi olmuşdur. Formalaşmış məhkəmə təcrübəsi ilə müəyyən edilmişdir ki, vergi öhdəlikləri hesablanan zaman malların invoys dəyəri əsas götürülməlidir. Bu hal isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərar” qanunsuz inzibati akt olmaqla ləğv edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, malların gömrük dəyəri vergilərin deyil, məhz gömrük rüsumlarının hesablanması məqsədilə müəyyən edilən göstəricidir. Məhkəmə heç bir araşdırma aparmadan və qanunvericiliyi yanlış təfsir edərək tətbiq edilməli olmayan “Gömrük tarifi haqqında” qanunun 1.1.5, 3.5, 4.1 və 12.1-ci maddələrini və Vergi Məcəlləsinin 139-cu maddəsini iş üzrə tətbiq etmiş, lakin tətbiq edilməli olan Vergi Məcəlləsinin 143 və 162-ci maddələrini isə iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə vergilərin hesablanmasını şübhə altına almaq üçün invoys dəyərini vergilərin hesablanması üçün əsas götürülməli olduğunu qeyd edərək hesablanmış vergilərin qanunsuzluğunu diqqətə çatdırmışdır. Məhkəmə əsas niyyətdən kənara qaçış edərək gömrük dəyərinin xüsusi qanunda tənzimlənən mahiyyətini açıqlamağa cəhd etmişdir. Məhkəmə yanlışlığa yol verərək gömrük qanunvericiliyinin mövcud mübahisənin həll edilməsini müəyyən edən müddəalarına da tam istinad etməmiş, yalnız işin birtərəfli yanlış həllinə rəvac verən müddəaları tətbiq etmişdir. Belə ki, Gömrük Məcəlləsinin 242,1-ci maddəsində qeyd edilmişdir ki, elavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanərkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Lakin məhkəmə bu müddəam görməzdən gəlmiş, əlavə deyər vergisinin idxal edilmiş malların invoys dəyərinə əsasən hesablanmalı olduğunu əsaslandırmağa çalışmışdır. Məhkəmə isə iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək yanlış mövqe şərgiləmiş və nəticədə kameral yoxlamasının nəticələrini şübhə altın almağa cəhd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin normaları, yəni xüsusi normalar tətbiq edilməlidir. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Maddə 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:.... Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında” Qanunun: Maddə 1. Əsas anlayışlar 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi;... Maddə 3. Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Maddə 4. Gömrük rüsumu dərəcələrinin növləri 4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin aşağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan; Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Maddə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlamasının nəticəsində 2021-ci il üzrə mənfəət vergisinə dair 424381,88 manat əlavə vergi məbləğinin hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan 2021-ci hesabat ili üzrə həyata keçirdiyi hesablamanı belə əsaslandırır ki, iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergi bəyannaməsində 1057973,32 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, təqvim ilinin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 6768421,72 manat dövriyyə məbləğləri göstərilmişdir, bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində 1427864,18 manat məbləğində mallar idxal edilməsinə baxmayaraq, bəyannamənin 1 №li Əlavəsində “Dövr ərzində daxil olmuşdur” xanasında göstərilmiş 1027158,57 manat məbləğ vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 400705,61 manat az əks etdirdiyindən kənarlaşma aşkarlanmışdır, yaranmış kənarlaşma üzrə 424381,88 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur, vergi ödəyicisi tərəfindən heç bir əsaslı münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq, 2021-ci ilin mənfəət vergisi bəyannamsəi üzrə 424381,88 manat kameral vergi məbləği hesablanmış, və bu barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, işin faktiki hallarına əsasən cavabdeh inzibati orqan iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 14367594,61 manat (ƏDV-siz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7599172,88 manat (ƏDV-siz) dövriyyə göstərdiyini, idxal edilmiş mallar üzrə 14253761,72 manat (ƏDV-siz) dəyərində YGB-nin əvəzləşdirildiyinin müəyyən edildiyini, bu səbəbdən də kənarlaşma yarandığını, 2020-ci il üzrə mal qalığı olmadığı nəzərə alınaraq, 6768421,72 manat (14367594,61-7599172,88) təqdim edilmə kimi qiymətləndirildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın vergi ödəyicisinə ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması ilə bağlı istinad etdiyi yeganə dəlil məhz mal qalığı ilə bağlıdır. İddiaçı tərəf isə mal qalığının olmadığını bildirir və dəlilini əsaslandırmaq məqsədilə təqdim etdiyi yük gömrük bəyannamələrinə, malların satışı ilə bağlı elektron qaimə-fakturalara, vergi bəyannamələrinə, habelə dəqiqləşdirilmiş vergi bəyannamələrinə istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi və inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən indiki halda mal qalığının yaranmasının, habelə ona əsasən əlavə vergi məbləğinin hesabalanmasının əsaslarını sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında, o cümlədən vergidən yayınmaqda təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Qeyd olunanlara əsasən, hazırkı işdə bir haldaki iddiaçı müvafiq dövrə hər hansı əskik gələn mal qalığının olmadığını iddia edir, bu halda cavabdeh vergi orqanı həmin tarixə iddiaçının 6768421,72 manat mal qalığının olduğunu sübut etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ölkə ərazisinə idxal etdiyi malları faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq uçota alaraq satmış və satışdan daxil olan ödənişlərə 18% dərəcə ilə ƏDV hesablayaraq dövlət büdcəsinə ödəmiş, lakin cavabdeh vergi orqanı iddiaçının mal qalığını hesablayarkən idxal zamanı tərtib edilmiş yük gömrük bəyannamələrində öz əksini tapmış malların invoys dəyərini deyil, məhz gömrük dəyərini əsas götürmüşdür. Halbuki, qanunvericiliyin tələblərinə əsasən mallar vergitutma məqsədləri üçün faktiki satın alma (invoys) dəyərinə əsasən uçota alınır və gömrük dəyəri isə yalnız malların idxal zamanı gömrük rüsumunun hesablanması məqsədilə tətbiq edilir. Həmçinin, məhkəmə kolegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 1 №li Əlavəsində hesabat dövrünün sonuna malq alığı o manat qeyd edilmiş, daha sonra cavabdeh vergi orqanı tərəfindən məhz kameral vergi yoxlaması nəticəsində idxal olunmuş malların statistik dəyəri əsas götürülməklə, 2021-ci il üzrə vergi ödəyicisinin 6768421,72 manat mal qalığının olması müəyyən edilmişdir. Bu hal isə işin halları baxımından yuxarıda istinad olunan müvafiq qanunvericlik normalarının tələbinə zidd olmuşdur. Bununla yanaşı, işin tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, sözügedən vergi məbləği hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 3 illik fəaliyyət dövrü əsas götürülmüşdür. Vergi Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada mənfəət vergi məbləği hesablanan zaman təqvim ilində baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən mənfəət vergisi üzrə hesabat dövrü təqvim ili sayılır. Odur ki, vergi orqanı 2021-ci il üçün kameral qaydada mənfəət vergisi hesablandığı zaman hesabat ili dövründə, yəni 2021-ci il üzrə baş vermiş əməliyyatları əsas götürməlidir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Qeyd olunan vergi qanunvericiliyi haqqında normalarının məzmunundan görünür ki, mənfəət vergi bəyannaməsində təqvim ili ərzində baş vermiş əməliyyatlar, yəni əldə edilmiş gəlirlər və çəkilmiş xərclər öz əksini tapır. Lakin vergi orqanı 2021-ci il üzrə kameral vergi yoxlaması həyata keçirən zaman sadəcə həmin il ərzində baş vermiş əməliyyatları deyil, 2019- 2020-ci illərdə baş vermiş əməliyyatları əsas götürmüşdür. Bu hal isə özlüyündə qeyd edilən qanunvericilik normalarının tələbinə zidd olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya kameral vergi yoxlaması zamanı mənfəət vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin, onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-98/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-531/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-531/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver