Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-533/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: vergi öhdəliyi üzrə qərarın ləğvi. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 oğlunun və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2-1(118)-876/2021 saylı qərarından cavabdeh tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 fevral 2021-ci il tarixdə ünvanına Sumqayıt Kommersiya Məhkəməsinin 25.01.2021-ci il tarixli, e-2-2(119)-287/2021 nömrəli qətnaməsini göndərilmiş və qətnamə ilə tanış olanda ona məlum olmuşdur ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və ərizə təmin edilərək onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Buna səbəb kimi onun 25.12.2020-ci il tarixədək dövlət büdcəsinə ödənilməli olan 5.862.91 manat vergi borcunun olması qeyd edilmişdir. Qətnamədə vurğulanır ki, guya 2 saylı Ərazi Vergilər Baş İdarəsi vergi ona borcunun ödənilməsinə dair 19.06.2020-ci il tarixli, **********4 nömrəli bildiriş göndərmiş və xəbərdarlıq da edilmişdir. Onun ünvanına məhkəmə qətnaməsindən başqa 2 saylı Ərazi Vergilər Baş İdarəsinin heç bir bildirişi və ya məktubu (qərarı) göndərilməmişdir. Eyni zamanda qətnamədə onun vergi ödəyicisi (VÖEN: **********) olmağı barədə məlumat qeyd edilib. Halbuki, o heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmamış və ya uçota alınması barədə ərizə təqdim etməmişdir. Vergi ödəyicisi kimi uçota alınmış olsa idi, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin tələblərinə əsasən vergi orqanına ərizə ilə müraciət etmiş olardı. Məsələnin aydınlaşdırılması və araşdırılması üçün 12.02.2021 -ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində olmuş və İdarədən onun xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi 33.936,73 manat gəlirdən 14 faiz dərəcə ilə (4751,14 manat) vergidən yayınma riskinin olmasını bildirmişlər. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 04.06.2020-ci il tarixli məktubun və 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarın surətlərini ona təqdim etmişlər. Guya ki, qeyd edilən məktub və qərar ünvanına göndərilib, lakin heç biri ünvanına göndərilməyib və məlumatı olmayıb. Göndərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Qeyd edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və vergi orqanında vergi ödəyicisi kimi uçotda olmadığı halda vergi orqanında adına ********** nömrəli VÖEN açmışlar. Əgər VÖEN varsa bu barədə müarciət ərizəsi və şəxsi elektron kabineti, elektron kabinetə giriş üçün parol və pin kodu da olmalı idi. Ona ********** nömrəli bildiriş təqdim etmişlər ki, 15 fevral 2021-ci il tarixdə ona elektron kabinetə giriş üçün parol və pin kod veriləcək. Vergi orqanının əməkdaşları bildirdilər ki, xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirə görə vergi orqanı birbaşa olaraq fiziki şəxsi vergi orqanında uçota alır (fiziki şəxsin ərizəsi olmadan) və adına VÖEN açılır. Bankda konvertasiya əməliyyatı zamanı ona bankdan xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi anketinin doldurulması tələb edildi. Həmin anketdə vəsaitin mənbəyini əmək haqqı göstərmişdir. Buna baxmayaraq əsassız olaraq ona vergi hesablanmışdır. Əmək haqqı nəyə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 99.3-cü maddəsində qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid olan fəaliyyət növləri sadalanır. Heç bir sübut və təsdiqedici hal olmamasına baxmayaraq vergi orqanı əmək haqqını qeyri-sahibkarlıq fəaliyyətindən əldə eidilmiş gəlir kimi qələmə verib. Adına nə vaxt VÖEN açılıb, nə vaxt vergi ödəyicisi kimi uçota alınmasından xəbəri yoxdur. Barəsində tərtib edilmiş bütün sənədlərin (vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması, elektron məlumat mübadiləsi haqqında ərizə, qərarın və məktubun ünvanına göndərilməsini təsdiq edən sənədin surəti, adına VÖEN açılması barədə ərizə və s.) surətlərinin göndərilməsi və 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarı ləğv edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinə 17.02.2021ci il tarixli şikayət ərizəsi ilə müraciət etmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvanına 23.02.2021-ci il tarixli, **********47480 nömrəli sənədlərin təqdim edilməsi barədə məktub göndərilmişdir. Həmin məktubda guya 17.02.2021-ci il tarixli müraciətində (şikayət ərizəsində) 2019-cu il üzrə kameral vergi yoxlaması ilə hesablanmış gəlir vergisi məbləğinin azaldılmasını xahiş etmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı 17.02.2021-ci il tarixli şikayət ərizəsində yuxarıda qeyd etdiyi kimi sənədlərin surətlərini və 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarın ləğv edilməsini tələb etmiş, kameral vergi yoxlaması ilə hesablanmış gəlir vergisi məbləğinin azadılmasını xahiş və ya tələb etməmiş, 2 saylı Ərazi Vergilər Baş idarəsi ünvanladığı şikayət ərizəsinin məzmununu təhrif etmiş və şikayət ərizəsində tələb edilən sənədləri göndərməkdən yayınmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi **********47480 nömrəli sənədlərin təqdim edilməsi barədə məktubunda məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), bank hesablarından çıxarışların (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarının (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), müqavilələrin, üzləşmə aktının, bank hesabları vasitəsilə aparılmış əməliyyatlara dair sənəd və məlumatların, müvafiq olaraq valyuta mübadiləsi aparılmış müxbir üzləşmə aktlarının, müvafiq olaraq valyuta mübadiləsi aparılmış müxbir bankla üzləşmə aktlarının, o cümlədən satışdankənar gəlirlər-bu halda konvertasiya olunmuş nağd pul vəsaitin əldə olunma mənbəyini təsdiq edən kassa-mədaxil orderi, kassa kitabından çıxarış, kassa məxaric orderi, mübadilə (konvertasiya) olunmuş vəsaitin mənbəyi barədə məlumat və təsdiqedici sənədlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyiniz gəlirlər daxil olmaqla, araşdırma üçün zəruri hesab etdiyiniz digər sənədləri göndərilməsi qeyd edilmişdir. Sadalanan sənədlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan sənədlərdir, o, isə sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Adına xəbəri olmadan VÖEN açmışlar və onu vergi ödəyicisi kimi uçota almışlar. Şikayət ərizəsində tələb etdiyi sənədlər ona göndərilməmiş və ondan əsası olmayan sənədlər istənilmişdir. Barəsində əsassız tərtib edilmiş sənədlər və qərarın heç bir əsası yoxdur. Ona görə də 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərar ləğv edilməlidir.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən 11.03.2020-ci il tarixdə 33.936,73 məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 19.933,50 dollar məbləğində xarici valyuta əldə etmişdir. Bununla əlaqədar olaraq konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi məsələsinin ətraflı araşdırılması məqsədi ilə iddiaçıya 01.04.2020-ci il tarixli **********897500 nömrəli məktub göndərilərək vergi orqanına dəvət edilmiş, lakin iddiaçı heç bir açıqlama vermədən vergi orqanına gəlməmiş və məktuba münasibət bildirməmişdir. Eyni zamanda yaranmış kənarlaşma ilə bağlı 04.06.2020-ci il tarixli **********791500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. İddiaçı tərəfindən konvertasiya əməliyyatı ilə bağlı heç bir məlumat təqdim etmədiyinə görə kameral vergi yoxlaması aparılaraq 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 4751,14 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 18.06.2020-ci il tarixli **********835500 nömrəli Qərarı göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (Vergi Məcəlləsinin 16-cı maddəsi). Fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda, vergi orqanı tərəfindən vergi ödəyicisi məcburi qaydada uçota alınır (Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələri). Vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır (Vergi Məcəlləsinin 67.1-ci maddəsi). Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir (Vergi Məcəlləsinin 66-cı maddəsi) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-cı il tarıxlı 2-1(118)-876/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) iddia tələbi təmin edilməklə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş vergilərin hesablanması haqqında 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarı ləğv olunmuşdur.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2- 1(118)-876/2021 saylı qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apelyasiya şikayətində vurğulanmışdır ki, iddiaçı tərəfindən 11.03.2020-ci il tarixdə 33936,73 məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 19933,50 dollar məbləğində xarici valyuta əldə edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib edilməməsi məsələsinin ətraflı araşdırılması məqsədi ilə 01.04.2020-ci il tarixli **********897500 nömrəli məktub göndərilərək vergi orqanına dəvət edilmiş, lakin iddiaçı heç bir açıqlama vermədən vergi orqanına gəlməmiş və məktuba münasibət bildirməmişdir. Eyni zamanda yaranmış kənarlaşma ilə bağlı 04.06.2020-ci il tarixli **********791500 nömrəli «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktub göndərilmişdir. İddiaçı tərəfindən konvertasiya əməliyyatı ilə bağlı heç bir məlumat təqdim edilmədiyinə görə kameral vergi yoxlaması aparılaraq 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 4751,14 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının «Vergilərin hesabanması barədə» 18.06.2020-ci il tarixli **********835500 nömrəli Qərarı göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin) o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (Vergi Məcəlləsinin 16-cı maddəsi). Fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda, vergi orqanı tərəfindən vergi ödəyicisi məcburi qaydada uçota alınır (Vergi Məcəlləsinin 33.3 və 33.5-ci maddələri). Vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümldən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır (Vergi Məcəlləsinin 67.1-ci maddəsi). Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir (Vergi Məcəlləsinin 66-cı maddəsi). Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas olan hallar ətraflı şəkildə göstərilmişdir. Onu da əlavə edə bilər ki, vergi borcunun yaranması konvertasiya ilə bağlıdır, yəni şəxs il ərzində 20000 manatdan çox pulu konvertasiya edərsə, bank məlumatı vergi orqanına göndərilir və avtomatik olaraq şəxsin adına VÖEN açılır. Bundan sonra vətəndaşlar ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmə mübahisəsi olduqda adlarına VÖEN açılmasından və vergi borcunun olmasından xəbərdar olurlar. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, apelyasiya şikayətini qəbul etmirlər, belə ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərarın ləğvinə əsas ola bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
21. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
31. Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi).
32. Konstitusiyanın 73-cü maddəsinə əsasən: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Apelyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırkı qərarın 10-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 11.03.2020-ci ildə aparılıb və 2016-ci ilin sonlarından hal hazıradək Azərbaycan manatın ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməyib. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edildi və 34% ucuzlaşdırıldıqdan sonra 1 dollar 1,05 manata bərabər oldu. X5 Heyəti 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etdi. 21 dekabr 2015-ci il tarixindən sonra 1 ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yəni Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə həmin vəsaitdən konvertasiyası nəticəsində 4.751,14 manat gəlirin əldə edilməsindən söhbət gedə bilməz. Digər tərəfdən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi İddiaçı tərəfindən 11.03.2020-ci ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Halbu ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən və "xxxx" MMC-nin 08.06.2021-ci il tarixli 253 saylı arayışından məlum olmuşdur ki, İddiaçı 29.07.2008-ci ildən əmək fəaliyyətinə başlamış və 2010-cu ildən bu günədək "xxxx" MMC-də işləyir. Bi isə bir daha ona dəlalət edir ki, İddiaçı tərəfindən Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində qeyd olunan satışdan kənar gəlirin müyyən edilməsi istiqamətində cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır.
36. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillərdə əsasən iddiaya dair etirazda göstərilən hallar təkrarlanmış ki, həmin hallara da birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətlə məhkəmə kollegiyası razılaşır və o da vurğulanır ki, hazırkı qərarın 31-32-ci bəndlərində göstərilən konstitusion normaların tələbinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, həmçinin vergilərin və başqa dövlət ödənişlərini vaxtında ödəmək hər bir kəsin borcu kimi müəyyən edilsə də, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan vergi və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
37. Həmçinin hazırkı qərarın 33-cü bəndində istinad edilən maddi hüquq normalarının tələbləri onu özündə ehtiva edir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin normaların məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.
38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(118)-876/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.