Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-544/2023 15.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndələri X5 və X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin iddiaçı barəsində tərtib etdiyi 02 iyun 2021-ci il tarixli **********992500 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-54/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” şəhadətnamənin surətindən görünür ki, "MAK.GO GLOBAL MMC (VÖEN:**********) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********992500 saylı, 02 iyun 2021-ci il tarixli qərardan görünür ki, keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0.00 manat olması nəticəsində 600839.48 manat məbləğində fərq müəyyən edilmiş, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqının məbləği 65.082.94 manat qeyd edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********5298 saylı tələbnamədən görünür ki, iddiaçıdan yoxlama ilə bağlı zəruri bir sıra sənədlərin təqdim olunması tələb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin iddiaçının barəsində tərtib etdiyi 02 iyun 2021-ci il tarixli **********992500 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra MMC) xx.xx.2018-ci ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 iyun 2021-ci il tarixli **********992500 nömrəli qərarı MMC-yə kameral yoxlama nəticəsində 65.082,94 manat əlavə vergi və ya sosial sığorta haqqı məbləği hesablanmışdır. Qərarda göstərilmişdir ki, tərəfimizdən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi vəya sığorta haqqı 29.863,87 manat məbləğindədir. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 35.219,07 manat məbləğindədir. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi göstərilmişdir ki, tərəflərindən əvvəlki il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3-cü ehtiyatlar sətrinin hesabat dövrünün sonuna sütununda əks etdirilmiş ƏDV ilə birlikdə 414936.14 manat məbləğində mal-material qalığı ilə cari il ərzində əldə edilmiş elektron qaimə-faktura üzrə müəyyən edilmiş 16606.84 manat məbləğin və YGB məlumatlarına əsasən alınmış 6429269.69 manat məbləğində malmaterialın cəmi ilə cari ilin müvafiq ayları üzrə tərəfilərindən təqdim edilmiş bəyannamələrin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV ilə birlikdə 6259973.19 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri məbləğinin fərqinin 600839.48 manat olmasına baxmayaraq, keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0.00 manat olması nəticəsində 600839.48 manat məbləğində fərq müəyyən edilmişdir. Cavabdeh tərəfindən öz mülahizələrinə əsasən qəbul etdiyi qərar əsassızdır və müəyyən edilmiş əlavə vergi məbləği düzgün hesablanmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Bildirilir ki, 2020-ci il Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3-cü Ehtiyatlar sətrinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş 351640,80 manat (ƏDV-siz) məbləğində mal-material qalığı ilə cari il ərzində YGB məlumatlarına əsasən alınmış 3971642,87 manat (ƏDV-siz) məbləğində mal-materialların cəmi ilə cari ilin müvafiq ayları üzrə tərəfinizdən təqdim edilmiş bəyannamələrin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDVsiz 3961711.76 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri məbləğinin fərqinin 361571.91 manat olmasına baxmayaraq, iddiaçıda xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0 manat olması nəticəsində 361571.91 manat məbləğində fərq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixdə **********607400 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral qaydada 65082,94 manat əlavə dəyər vergisi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********992500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-54/2023 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 02 iyun 2021-ci il tarixli, **********992500 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə vergi dövriyyəsi müəyyən edilmədən, dəqiqləşdirilmiş bəyənnamə məlumatları əsas götürülmədən, cari bəyannamə məlumatlarını əsas götürməklə əlavə olaraq vergi məbləğinin hesablanması nəzərdə tutulmamışdır. Kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq maddələri vergilərin hesablanması ilə bağlı maddələrinə istinad edilmədən, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmayan qaydada vergi ödəyicisi olan müəssisəyə ƏDV hesablanmışdır. Cavabdeh inzibati orqan məhkəmə icraatı zamanı İPM-in 14.1-ci maddəsinə əsasən, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdeh qurum həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Hazırki inzibati mübahisə üzrə cavabdeh orqan Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ilə razılaşmayaraq, qərarın ləğv edilməli olduğunu hesab edir. Belə ki, 2020-ci il Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3-cü Ehtiyatlar sətrinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş 351640,80 manat (ƏDV-siz) məbləğində mal- material qalığı ilə cari il ərzində YGB məlumatlarına əsasən alınmış 3971642,87 manat (ƏDV-siz) məbləğində malmaterialların cəmi ilə cari ilin müvafiq ayları üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV-siz 3961711.76 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri məbləğinin fərqinin 361571.91 manat olmasına baxmayaraq, iddiaçıda xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0 manat olması nəticəsində 361571.91 manat məbləğində fərq müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə **********607400 uyğunsuzluq məktubunda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2021ci il tarixli **********992500 nömrəli qərara əsasən 2021-ci ilin aprel ayı üzrə hesabat dövrünə görə 65082,94 manat məbləğində kameral vergi yoxlaması ilə əlavə vergi hesablanmışdır. Məhkəmə inzibati mübahisə üzrə inzibati m®hkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətləndmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndələri X5 və X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Maddə 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:.... Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında” Qanunun: Maddə 1. Əsas anlayışlar 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi;... Maddə 3. Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Maddə 4. Gömrük rüsumu dərəcələrinin növləri 4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin aşağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan; Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Maddə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlamasının nəticəsində 2021-ci ilin aprel ayına ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması ilə bağlı qəbul edilmiş qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan 2021-ci hesabat ili üzrə həyata keçirdiyi hesablamanı belə əsaslandırır ki, 2020-ci il Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3-cü Ehtiyatlar sətrinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş 351,640.80 manat (ƏDV-siz) məbləğində mal-material qalığı ilə cari il ərzində YGB məlumatlarına əsasən alınmış 3,971,642.87 manat (ƏDV-siz) məbləğində mal-materialların cəmi ilə cari ilin müvafiq ayları ərzində iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV-siz 3961711.76 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri məbləğinin fərqinin 361571.91 manat olmasına baxmayaraq, iddiaçıda xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0 manat olması nəticəsində 361,571.91 manat məbləğində fərq müəyyən edilmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqan təqdim edilmiş bəyannamələrin müvafiq sətirlərində öz əksini tapmış mal qalığı və satılmış malların məbləğinin cəmi ilə idxal edilmiş malların məbləğinin cəmini müqayisə edərək belə nəticəyə gəlmişdir ki, xx.xx.2021-ci il tarixə iddiaçının 361,571.91 manat (351,640.50 manat ilin əvvəlinə olan mal qalığı + 3,961,711.76 manat müvafiq aylarda satılmış mallar – 3,971,42.87 manat idxal edilmiş mallar) mal qalığı olmalı olduğu halda, operativ vergi nəzarəti zamanı həmin mallar aşkar edilməmişdir ki, buna əsasən cavabdeh vergi orqanı həmin malların iddiaçı tərəfindən faktiki olaraq satıldığı qənaətinə gəlmişdir. Qeyd olunan uyğunsuzluğa dair təsdiqedici sənədlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli **********607400 nömrəli məktuba hər hansı münasibət bildirilmədiyindən və tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********992500 nömrəli qərara əsasən iddiaçıya 2021-ci ilin aprel ayına ƏDV üzrə 65,082.94 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, işin faktiki hallarına əsasən cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixdə iddiaçının müvafiq ünvanda yerləşən anbarına baxış keçirmiş, bununla bağlı akt tərtib etmiş, tədbir anına 361,571.91 manat məbləğində mal qalığı olmalı olduğu halda, anbarın boş olduğunu aşkar etmiş və buna əsasən də iddiaçıya əskik gələn mal qalığına görə ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması barədə qərar qəbul etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın vergi ödəyicisinə ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması ilə bağlı istinad etdiyi yeganə dəlil məhz mal qalığı ilə bağlıdır. İddiaçı tərəf isə mal qalığının olmadığını bildirir və dəlilini əsaslandırmaq məqsədilə təqdim etdiyi yük gömrük bəyannamələrinə, malların satışı ilə bağlı elektron qaimə-fakturalara, vergi bəyannamələrinə, habelə dəqiqləşdirilmiş vergi bəyannamələrinə istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi və inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən indiki halda mal qalığının yaranmasının, habelə ona əsasən əlavə vergi məbləğinin hesabalanmasının əsaslarını sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında, o cümlədən vergidən yayınmaqda təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Qeyd olunanlara əsasən, hazırkı işdə bir haldaki iddiaçı xx.xx.2021-ci il tarixə hər hansı əskik gələn mal qalığının olmadığını iddia edir, bu halda cavabdeh vergi orqanı həmin tarixə iddiaçının 361,571.91 manat mal qalığının olduğunu, lakin anbarda aşkar edilmədiyini sübut etməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı həyata keçirdiyi hesablamanı sübuta yetirmək məqsədilə operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin anbarına baxış keçirdiyi və anbarın boş olduğu faktına istinad etsə də, məhkəmə araşdırması zamanı xx.xx.2021-ci il tarixə iddiaçının əskik gələn 361,571.91 manat mal qalığının olduğunu sübuta yetirə bilməmişdir. Əksinə, iş materiallarının tədqiqi nəticəsində müvafiq hesabat dövrləri üzrə vergi bəyannamələrinə, dəqiqləşdirilmiş vergi bəyannamələrinə, yük gömrük bəyyanamələrinə, o cümlədən elektron qaimə-fakturalara əsasən vergi orqanının dəlilinin əksinə olaraq iddiaçının 2021-ci ilin əvvəlinə 351,640.50 manat məbləğində hər hansı mal qalığının olmadığı, idxal edilən malların müvafiq aylar ərzində tam satıldığı, məhz bu səbəbdən də xx.xx.2021-ci il tarixdə anbarın boş olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ölkə ərazisinə idxal etdiyi malları faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq uçota alaraq satmış və satışdan daxil olan ödənişlərə 18% dərəcə ilə ƏDV hesablayaraq dövlət büdcəsinə ödəmiş, lakin cavabdeh vergi orqanı iddiaçının mal qalığını hesablayarkən idxal zamanı tərtib edilmiş yük gömrük bəyannamələrində öz əksini tapmış malların invoys dəyərini deyil, məhz gömrük dəyərini əsas götürmüşdür. Halbuki, qanunvericiliyin tələblərinə əsasən mallar vergitutma məqsədləri üçün faktiki satın alma (invoys) dəyərinə əsasən uçota alınır və gömrük dəyəri isə yalnız malların idxal zamanı gömrük rüsumunun hesablanması məqsədilə tətbiq edilir. Həmçinin, məhkəmə kolegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 1 №li Əlavəsində hesabat dövrünün sonuna malq alığı 0 manat qeyd edilmiş, daha sonra cavbadeh vergi orqanı tərəfindən məhz kameral vergi yoxlaması nəticəsində idxal olunmuş malların statistik dəyəri əsas götürülməklə, 2020ci ilin sonuna vergi ödəyicisinin 361,571.91 manat mal qalığının olması müəyyən edilmişdir. Bu hal isə işin halları baxımından yuxarıda istinad olunan müvafiq qanunvericlik normalarının tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, sübutetmə yükünün məhz cavabdeh inzibati orqanın üzərinə düşməsi ilə bağlı qənaəti düzgün olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlanmaqla onunla eynilik təşkil edir, nəticə etibarilə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-54/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-544/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-544/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver