Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-58/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər: Məmmədov Zahid Tahir oğlu (sədrlik edən və məruzəçi hakim), Babayeva Hökümə Çingiz qızı, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “Bakı Süd Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 23.04.2021-ci il tarixli, **********146267 saylı qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2-1(118)-1103/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqinin 13 mart 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin (VÖEN **********) gəlir mənbələri, fəaliyyəti barədə dövlət orqanlarına hesabatlar təqdim edib-etməməsi, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsi, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasında iştirakı, pul vəsaitlərinin dövriyyəsi, sair daxilolmaların təyinatının qanuniliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları mütəxəssis qismində cəlb edilməklə bütün fəaliyyət dövrləri üzrə yoxlanılmasının təyin edilməsi qərara alınmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisinin 23.04.2021-ci il tarixli **********146267 saylı qərarına əsasən "xxxx" MMCüzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunverivciliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015-fevral 2021-ci illə əhatə olunan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23.04.2021-ci il tarixli, **********146267 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlamasına əsas olan Vergi Məcəlləsinin 38.3.6-cı maddəsində təsbit edilən hüquqi əsas mövcud deyildir. Odur ki, sözügedən maddəyə istinadən səyyar vergi yoxlamasının təyin edilməsi qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Baş Prokurorluğu İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi E.Hüseynovun 02.09.2020-ci il tarixli məktubundan onlara məlum olmuşdur ki, sözügedən istintaq idarəsində müəssisənin istehsal etdiyi süd məhsullarının tərkibinin saxtalaşdırılması faktı ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş material üzrə araşdırılma aparılır. Qeyd olunan məktubda aparılan araşdırma ilə əlaqədar yaranmış zərurətə istinad olunaraq "xxxx" MMC-də işləyən bütün işçilərin, o cümlədən müəssisənin direktorunun əmək müqavilələri, işçilərin işə götürülməsi barədə bütün əmrlər, bütün işçilərin vəzifə təlimatları, bütün işçilərin sağlamlığı haqqında arayışlar və sair sənədlərin istintaq idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Aparılan araşdırma ilə əlaqədar olmayan sənədlərin də tələb edilməsinə baxmayaraq, tərəflərindən yuxarıda sözügedən məktubda göstərilən bütün sənədlər istintaq orqanına təqdim edilmişdir. Bildirmişdir ki, barələrində yuxarıda göstərilən araşdırmaya əsas olan "xxxx" MMC tərəfindən istehsal olunmuş adları hazırkı iddia ərizəsinə qoşma ilə məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Malların (məhsulların) zərərsizləşdirilməsi və ya ləğv edilməsi haqqında” 01.02.2020-ci il tarixli, 001 nömrəli qərarda göstərilən süd və süd məhsullarının bəzilərində bağırsaq çöpləri qrupu bakteriyalarının miqdarının normativ sənədlərin tələblərinə cavab verməməsinin iddia edilməsi olmuşdur. İstinad edilən qərarla sözügedən qərarda adları göstərilən məhsullar bu məhsulların tərkibində bağırsaq çöpləri qrupu bakteriyaların miqdarı laboratoriya sınaqlarının nəticələrinə əsasən normativ sənədlərin tələblərinə cavab verməməsi əsası ilə xüsusi ayrılmış yerdə ləğv edilməsi qərara alınmışdır. 21 sentyabr 2020-ci il tarixli “Tullantıların təhvil-təslim edilməsi haqqında akt’ının surətindən görünür ki, ümumi sayı 705 ədəd, həcmi 2 m3 olan, “RB” əmtəə nişanlı müxtəlif çeşiddə olan süd məhsulları istifadəyə yararsız olduğundan zərərsizləşdirilmişdir. Sözügedən məhsullarda aşkar olunan "bağırsaq çöpünə” görə 8 (səkkiz) aydan çox müddətdir ki, onlarla ən qatı cinayətkar kimi rəftar edilir. Belə eyni işçiləri dəfələrlə istintaq orqanına çağırılır, koridorlarda saatlarla gözlədildikdən sonra heç bir izahat alınmadan geri qaytarılır, sonradan həmin işçi təkrar istintaqa çağırılır, yenə heç bir izahat alınmır və ya izahat alındıqdan sonra təkrarən çağırılır və beləliklə də müəssisənin normal iş ahəngi pozulur. Əsassız süründürməçiliyə məruz qalırlar. Vəziyyət elə həddə çatdırılır ki, artıq işçiləri kütləvi şəkildə işdən çıxarıb, müəssisənin fəaliyyətini dayandırmağa məcburdurlar. Müstəntiq iş vaxtı bitdikdən sonra müəssisəyə əməkdaş göndərir, müəssisənin sənədlərini istəyir. Gecə vaxtı işdə gözətçilərdən başqa işçilərin olmadığı bildirildikdə, dərhal işə gəlməyi, onların göstərişlərini icra etməyi tələb edirlər. İddia ərizəsində daha sonra Azərbaycan Respublikasının Qida X1 03 noyabr 2020-ci il tarixli, 19 nömrəli qərarı ilə 6 saylı əlavə kimi təsdiq olunmuş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”na istinad edilərək göstərilir ki, istehsal prosesi zamanı qida məhsullarının, xüsusən də süd və süd məhsullarının mikrobioloji çirklənməyə məruz qalması, həmin məhsullarda bağırsaq çöpləri qrupuna aid bakteriyaların miqdarının normativlərdən artıq olmasının aşkarlanması təbiidir və bu hal hər hansı bir cinayət məsuliyyətinə əsas yaratmır. Həmçinin nəzərə alınmalıdır ki, müəssisə tərəfindən istehsal olunmuş süd məhsullarının tərkibinin saxtalaşdırılıması hallarına yol verilməmişdir və hətta belə bir saxtalaşdırma mümkünsüzdür. Eyni zamanda nəzərə alınmalıdır ki, hətta bu hal təsdiqini tapdığı halda, əməlləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsi ilə qiymətləndirilməlidir. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, "xxxx" MMC-də səyyar vergi yoxlamasmın keçirilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinin tələblərinə uyğun olmamaqla yanaşı, bu yoxlama prokurorluq orqanının müstəntiqinin qərəzli hərəkətlərinə əsaslanır ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 13.03.2021-ci il tarixli Qərarında ********* N-li cinayət işi üzrə İbtidai istintaqın tam, hərtərəfli, obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə "xxxx" MMCnin bütün fəaliyyət dövrü üzrə gəlir mənbələri, fəaliyyəti barədə dövlət orqanlarına hesabatlar təqdim edib-etməməsi, vergi qanunvericiliyinin tələblərinə riayət edilibedilməməsi, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırmasında iştirakı, pul vəsaitlərinin dövriyyəsi, sair daxilolmaların təyinatının qanuniliyinin və başqa xüsusatların Dövlət Vergi Xidmətinin əməkdaşları mütəxəsis qismində cəlb edilməklə yoxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 13.03.2021-ci il tarixli Qərarına və Vergi Məcəlləsinin 38.3.6 maddəsinə əsasən Baş İdarənin 23.04.2021-ci il tarixli **********146267 saylı Qərarına əsasən “Bakı Süd CO" MMC-də (VÖEN **********) 01.10.2015-ci il tarixdən 28.02.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Vergi ödəyicisinə 26.04.2021-ci il tarixli **********146294 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə” təqdim edilmişdir. Etirazda Vergi Məcəlləsinin 38.3 və 49.1-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, iddia tələbini mümkünsüz hesab edilməlidir. Belə ki, səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar “İnzibati icraat haqqında” qanunun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(118)-1103/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin qərarının məzmununa istinad edilərək göstərilir ki, məhkəmənin gəldiyi nəticəsni əsaslandırmaq üçün istifadə etdiyi hüquqi mövqe anlaşılan olmamaqla yanaşı hazırkı iddianın təmin edilməməsinə əsas deyildir. Şikayətdə daha sonra Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə istinad olunaraq göstərilir ki, cavabdeh vergi orqanı diskresion səlahiyyətindən istifadə edərək müəssisədə səyyar vergi yoxlamasının keçirilməsini qərara almamışdır. İşin mübahisəsiz halıdır ki, cavabdeh vergi orqanı yalnız hüquq mühafizə orqanının yoxlama aparılması haqqında qərarına əsasən müəssisədə səyyar vergi yoxlamasının aparılması haqqında qərar qəbul etmişdir ki, bu da müvafiq qərarda Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsaslanması ilə tam təsdiq olunur. Apellyasiya şikayəti daha sonra onunla əsaslandırılmışdır ki, məhkəməyə yazılı vəsatətlə müraciət olunaraq hazırkı iş üzrə icraatın istintaq orqanının 13.03.2021-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayətə baxılanadək dayandırılması xahiş olunmuş, lakin məhkəmə bu vəsatətə əhəmiyyət verməyərək qərar qəbul etmiş, iş üzrə icraatı dayandırmamaqla yalnış nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, yalnız CPM-nin tələblərinə uyğun olaraq qəbul edilmiş qərar müəssisədə səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasdır. İstintaq orqanın 13.03.2021-ci il tarixli qərarı CPM-nin tələblərinə uyğun deyildir və bu iddia ərizəsinin məzmununda kifayət qədər əsaslandırılmışdır. Apellyasiya şikayətinin digər dəlili isə cavabdehin etirazının hazırkı iş üzrə iddianın mümkünsüz hesab edilməli olması ilə bağlı dəlilləri ilə bağlıdır. İddiaçının mövqeyinə görə etirazın əsasları qanunun tələblərinə deyil, vergi orqanının subyektiv mülahizələrinə əsaslanır və səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar inzibati akt olmaqla məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək və etirazın məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş üzrə iddiaçı birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İlk növbədə, hazırkı iş üzrə iddianın mümkünlüyü məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının səyyar vergi yoxlaması keçirilməsi barədə qəbul edilmiş qərarları publik hüquq sahəsinə (vergitutma və vergi nəzarəti) aid olan yazılı inzibati aktlardır və bu aktların hüquqi nəticəsi vergi ödəyicisi tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasından ibarətdir. Həmin qərarlar yazılı inzibati aktın bütün rekvizitlərinə malikdir və qərarların məzmununda bütün yazılı inzibati aktlarda olduğu kimi, həmin qərarlardan şikayət vermə müddəti və qaydası qeyd edilir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iddia ilə mübahisələndirilən, növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş 23.04.2021-ci il tarixli, **********146267 saylı qərarın özündə də qərardan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə şikayət verilə bilməsi göstərilmişdir. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan, habelə cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqinin 13.03.2021-ci il tarixli qərarına və Vergi Məcəlləsinin 38.3.6 maddəsinə əsasən cavabdeh vergi orqanının 23.04.2021-ci il tarixli **********146267 saylı Qərarına əsasən "xxxx" MMC-də 01.10.2015-ci il tarixdən 28.02.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3.6-cı maddəsinə əsasən cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması həyata keçirilə bilər. Hazırkı iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin əsas dəlilləri mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqinin yoxlama aparılması haqqında 13.03.2021-ci il tarixli qərarının özünün qanunvericiliyin tələblərinə uyğun olmaması və həmin qərarın iddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında mübahsiləndirilməsi ilə bağlıdır. İşin 55-ci vərəqində olan arayışdan görünür ki, iddiaçının bununla əlaqədar iş üzrə icraatın dayandırılmasına dair ərizəsi Sumqayıt İnzibati Məhkəməsinə hazırkı iş üzrə qərar qəbul edildikdən sonra daxil olmuşdur. Qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli 6(001)-98/2021 qərarından görünür ki, şikayətçi "xxxx" MMC-nin direktoru Fərman Quliyevin ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqininn “yoxlama aparılması haqqında” 13.03.2021-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, şikayətçi “yoxlama aparılması haqqında” 13.03.2021-ci il tarixli qərarın qanunsuz və əsassız olması səbəsindən ləğv olunmasını bildirsə də, bunu hüquqi cəhətdən əsaslandırmamış və məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1 və 70.1-ci maddələrinin tələbləri baxımından birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir və apellyasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğvi üçün əsas ola bilməz. İPM-nin istinad olunan maddələrinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı mübahisədə cavabdeh vergi orqanı mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin (Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqinin 13 mart 2021-ci il tarixli qərarı) mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmiş, habelə mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın qəbulu zamanı inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, vergi orqanın qərarı qanunun tələblərinə uyğun qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2-1(118)-1103/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-58/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-58/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver