Məhkəmə qərarları › İş №2-1(105)-588/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-588/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-588/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə onlara məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: fəaliyyətinə qoyulmuş qadağa və məhdudiyyətin aradan qaldırılması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı direktoru X1 və cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)- 851/2021 saylı qərarından İddiaçı direktoru X1 apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksnin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı MMC-nin direktoru ilkin olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı “cavabdehlərin hərəkətlərini qanunsuz hesab etməklə MMC-yə məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın hər iki cavabdehdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı MMC-i daha sonra iddiaya dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh qismində qeyd etdiyi "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılaraq Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ilə birlikdə üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmələrini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı MMC-i direktoru tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-i 2011-ci ildə təsis edilmiş və həmin cəmiyyətin nəzdində Sumqayıt şəhəri üzrə tətbiq edilmiş sxem əsasında 10A saylı marşrut fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 10A saylı şəhərdaxili avtobus marşrutunun pasportu hazırlanmış və cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin göstərişi əsasında həmin marşrut üçün “İsuzu SAZ” markalı 18 ədəd avtobus alınmışdır. MMC-nin təsisçisi həmin avtobusları almaq üçün 2011-ci ildə "xxxx" ASC-dən daşınar və daşınmaz əmlaklarını girov qoyaraq 784 min manat kredit götürmüş və 2014-cü ilin dekabr ayınadək ümumilikdə 975839 manat kredit qaytarmışdır. Həmin marşrutda iş yerləri açmış, işçilər qəbul etmiş, onlara əmək haqqı ödəmiş, dövlətin vergi və rüsumlarını vaxtı-vaxtında ödəmişdir. Bir sözlə, bu marşrutun normal fəaliyyəti üçün bütün imkanlardan istifadə etmişdir. 10A saylı marşrut onun rəhbərliyi altında 2018-ci ilin oktyabr ayına kimi fəaliyyət göstərmiş, lakin həmin vaxt heç bir əsas, heç bir məhkəmə qərarı olmadan marşrut üzrə avtobusların işə çıxmasına cavabdeh tərəfindən icazə verilməmiş və "xxxx" MMC-nin rəhbəri kimi tanıdığı Elgiz Fərəcov adlı şəxs qeyd edilən marşruta “İsuzu Novociti” avtobusları buraxaraq həmin marşrutu mənimsəmişdir. MMC-nin təsisçisi bununla bağlı X12, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Nəqliyyat Departamentinə müraciət etmiş, lakin onun şikayətlərinə baxılmamışdır. Sonuncu dəfə etmiş olduğu müraciətə cavabdeh tərəfindən bildirilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, avtomobil nəqliyyatının təkmilləşdirilməsi, sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi məqsədilə Türkiyə istehsalı olan iri və kiçik tutumlu, müasir avro-5 və avro-6 standartlara cavab verən ümumilikdə 206 ədəd olmaqla “AKİA ULTRA”, “KARSAN JET” və “İSUZU” markalı avtobuslar gətirilərək 19 marşrut xəttinə buraxılmışdır. Avtobuslar wifi və mərkəzləşdirilmiş dispetçer xidməti sistemi ilə tam təchiz olunmuşdur. Həmin avtobuslar Bakı-Sumqayıt, Sumqayıtın inzibati ərazisi, Corat və Hacı Zeynalabdin qəsəbəsi, Stansiya Sumqayıt, Ceyranbatan qəsəbəsi ərazilərində əhaliyə xidmət göstərir. Köhnə yararsız dayanacaqlar yeni müasir tipli dayanacaqlarla əvəz olunmuşdur. Sizin yuxarıda qeyd olunan standartlara cavab verən avtobuslarınız olduğu təqdirdə müraciətinizə yenidən baxılacaqdır. Onlar cavabdehin bu cavabı ilə razılaşmır. Belə ki, 2011-ci ildə “İsuzu SAZ” markalı 18 ədəd avtobus məhz cavabdehin sifarişi əsasında alınmış, isifadə edilmiş və həmin avtobuslar yeni standartlara cavab vermişdir. Cavabdeh təşkilat tərəfindən 206 ədəd yeni avtobusların gətirilməsinə gəldikdə isə hazırda 10A saylı marşrutda hərəkət edən “İsuzu Novociti” avtobuslarının üzərində Sumqayıt şəhər İcra Hakimiyyəti sözü yazılsa da həmin avtobuslar "xxxx" MMC-yə məxsus olmaqla hüquqi ünvanı kimi ünvan 2yat-1” MMC cavabdehə və Sumqayıt Nəqliyyat Departamentinə tabe olmayan müstəqil şirkətdir və gətirilən maşınlar da şirkətin mülkiyyətindədir. Onlar 2 ildən artıqdır ki, qazanc və gəlirdən məhrumdur və MMC-nin illik dövriyyəsindən gələn gəlir təxminən 300 min manat olmuş, iki il yarım işsiz qaldıqları müddətdə 750 min manat gəlirdən məhrum olmuşlar. MMC-nin təsisçisi bankdan külli miqdarda götürdüyü kreditlər hesabına aldığı avtobuslar istifadə edilmədiyi üçün öz yararlılığını tədricən itirdiyindən onların bir qismini dəyərindən də aşağı satmaq məcburiyyətində qalmışdır. O, hətta cavabdeh təşkilatda olarkən uzun illər boyu işlətdiyi 10A saylı marşruta onların təklif etdiyi markalı avtobusları almağa da etiraz edilmədiyini bildirmiş, lakin bütün bunlara baxmayaraq MMC-i cavabdehin bilavasitə təhriki üzündən bu marşrutdan məhrum olmuş və hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuzdur.

Cavabdehin etirazları:

4. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaya etirazında qeyd etmişdir ki, 17.11.2016-cı ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, Cəmiyyət tərəfindən mülkiyyət və təşkilati, hüquqi formasından asılı olmayaraq daşıyıcıların sərnişin daşınması prosesinə cəlb edilməsi, cəmiyyətin xidmət etdiyi ərazi üzrə şəhərdaxili avtomobil nəqliyyatı ilə sərnişin daşıma, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi, mövcud marşrutların bağlanması, birləşdirilməsi paralel marşrutların ləğv edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşınmanın təkmilləşdirilməsi, sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi məqsədilə Türkiyə istehsalı olan iritutumlu, müasir standartlara cavab verən 149 ədəd (75 ədəd AKİA, 26 ədəd KARSAN və 48 ədəd İSUZU) avtobus şəhər sakinlərinin ixtiyarına verilmişdir. Şəhər ərazisində qanunsuz işləyən kiçik tutumlu, yararsız vəziyyətdə olan avtobusların fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq Sumqayıt şəhər X15 əməkdaşları ilə birlikdə reydlər keçirilir və sakinlər tərəfindən sərnişindaşıma ilə bağlı qaldırılan məsələlər maksimum qısa müddətdə həll edilir. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli, 704 Fərmanına əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılmış və müəyyən edilmişdir ki, Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişindaşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişin daşınmanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməlidir. Bu baxımdan maraqlı hüquqi şəxslərin iştirakı ilə keçirilmiş 17A saylı, 03 oktyabr 2016-cı il tarixli protokola əsasən həmin iclasda iddiaçı da iştirak etmiş və əhalinin rahatlığının təmin edilməsi məqsədilə şəhərə müasir tipli avtobusların gətirilməsinin zəruriliyi onun diqqətinə çatdırılmışdır. Lakin həmin xəbərdarlıqdan 2 il müddət keçməsinə baxmayaraq iddiaçı MMC-i tərəfindən bu sahədə heç bir irəliləyiş əldə olunmamış, 10A saylı marşrut xətti üzrə şəhərə müasir tipli orta və iri tutumlu avtobusların gətirilməsində onlar tərəfindən heç bir addım atılmamışdır. Belə ki, iclasın keçirildiyi 2016-cı ilin oktyabr ayından 2018-ci ilin noyabr ayına kimi iddiaçı MMC-i köhnə, istifadəyə yararsız, istismar müddəti bitmiş avtobuslarda əhaliyə xidməti davam etdirmişdir. 2018-ci ilin dekabr ayından isə sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 10A saylı marşrut xətti üzrə müasir standartlara cavab verən 15 ədəd buraxılış ili 2018-ci il olan “İSUZU NOVOCİTİ” markalı müasir tipli avtobuslar "xxxx" MMC tərəfindən reysə buraxılmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 saylı qərardadı (hakim İ.R.Burcayev) ilə İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ona vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın cavabdehdən tutulması hissəsində iddiası mümkün sayılmaması qərara alınmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 saylı qərarı (hakim İ.R.Burcayev) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

7. Qərardan narazı qalan İddiaçı direktoru M.V.Qurbanov apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 saylı qərarının ləğv edilməsini, İddiaçı MMC-nin cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı “cavabdehlərin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya məxsus olan avtobusların Sumqayıt şəhərində sərnişinlərə xidmət göstərən 10A saylı marşrut üzrə fəaliyyətinə qoyulmuş qadağanın və məhdudiyyətin aradan qaldırılması, fəaliyyətinin bərpası vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın cavabdehlərdən müşətərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

8. İddiaçı MMC-nin direktoru X6 apellyasiya şikayətində iddia tələbində göstərilən halları bir daha qeyd edərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə 10A saylı marşrut üzrə İddiaçı MMC-yə məxsus olan avtobusların fəaliyyətinin bərpası və həmin fəaliyyətə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul etməli olduğu halda qarşı tərəfin heç bir sübuta söykənməyən dəlillərini əsaslı hesab etmişdir. Belə ki, qarşı tərəf guya yığıncaq çağırıldığını və həmin yığıncaqda onlara maşın almaq üçün vaxt verildiyini, guya yeni avtobuslar alınmadığı təqdirdə onların avtobusları marşruta buraxılmayacağı barədə qabaqcadan xəbərdar etmiş, lakin onlar qarşı tərəfin tapşırığına əməl etməmişdir. Bununla bağlı bildirmək istəyir ki, cavabdeh tərəfindən ona belə bir xəbərdarlıq olmamış, digər tərəfdən tərəflərindən alınan avtobuslar da cavabdehin məhz sifarişi əsasında alınmaqla 2011-ci il istehsalı olmuş, həmin vaxt üçün onlar köhnə və istismara yararsız avtobuslar hesab edilmirdi. Bundan başqa o bu avtobusları kredit əşasında alaraq marşruta buraxmış və bir neçə il real gəlir götürməyərək toplanan pullurla bank borclarını ödəmişdir. Lakin artıq bu borcları bitirib mənfəətli işə keçən anda cavabdeh tərəfindən bu addım atılmış və təzyiq altında onlar marşrut xəttindən sıxışdırılaraq çıxarılmışdır. Belə ki, növbəti gün işçilər maşına əyləşərək marşruta çıxdıqda artıq bu marşrutda eyni «10a» nömrəsi altında başqa maşınların işlədiyini görmüşlər, halbuki qarşı tərəf bu addımı atmazdan qabaq onları xəbərdar etməli idi, vaxt verməliydi, şərtlərini yazılı surətdə təqdim edərək həmin şərtlərin qarşılıqlı razılaşdırılması üçün təkliflərini verməli idi, lakin bütün bunlar olmadan birbaşa onları qeyri-qanuni olaraq marşrutdan çıxarmışdır. Məhkəmə araşdırması zamanı qarşı tərəf bir protokol surəti təqdim edərək guya 03.10.2016-cı il tarixli, 17/A saylı Protokolla onlar rəsmi qaydada marşrutdan çıxarılacağı barədə xəbərdar edilmişlər, halbuki həmin protokolla onlar tanış edilməmişlər. Tanış edilsəydilər, orada imzaları olardı, yaxud da bu protokolla bağlı onlara xəbərdarlıq məktubu göndərilərdi. Lakin bütün bunların olmaması ona dəlalət edir ki, irəli sürülən bu versiyanın heç bir əsası yoxdur.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı direktoru M.V.Qurbanov apellyasiya şikayətində qeyd edilənləri müdafiə edərək əlavə olaraq göstərdi ki, İddiaçı 2018-ci ilin dekabrına qədər fəaliyyət göstərmişdir. Əvvəllər lisenziya əsasında fəaliyyət göstərmişlər, sonradan lisenziya ləğv edilmiş və MMC fəaliyyətini fərqlənmə nişanı əsasında həyata keçirmişdir. Dəfələrlə "xxxx" MMC-nin, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və İcra Hakimiyyətinin səlahiyyətlilərinin iştirakı ilə keçirilən iclaslarda iştirak etmiş olsalar da, konkret olaraq 03 oktyabr 2016-cı il tarixində keçirilmiş iclasda iştirak edib-etmədiyini xatırlamır, amma bir şeyə əmindir ki, köhnə avtobusların xətlərdən yığışdırılması ilə bağlı MMC-yə hər-hansı rəsmi müraciət edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək əlavə olaraq göstərdi ki, 17.11.2016-cı ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaranmışdır. Cəmiyyət tərəfindən mülkiyyət və təşkilati, hüquqi formasından asılı olmayaraq daşıyıcıların sərnişin daşınması prosesinə cəlb edilməsi, cəmiyyətin xidmət etdiyi ərazi üzrə şəhərdaxili avtomobil nəqliyyatı ilə sərnişin daşıma, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi, mövcud marşrutların bağlanması, birləşdirilməsi paralel marşrutların ləğv edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşınmanın təkmilləşdirilməsi, sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi məqsədilə Türkiyə istehsalı olan iritutumlu, müasir standartlara cavab verən 75 ədəd AKİA, 26 ədəd KARSAN və 48 ədəd İSUZU markalı avtobuslar şəhər sakinlərinin ixtiyarına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli Fərmanına əsasən yaradılmış Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi tərəfindən keşirilən iclaslar da bütün daşıyıcı şirkətlərin nümayəndələri, o cümlədən iddiaçı MMC-nin rəhbərliyi də iştirak etmiş və mütəmadi olaraq həmin daşıyıcılara vtobus parklarının yenilənməsi, köhnə, istismara yararsız avtobusların yenisi ilə əvəzlənməsi barədə təkliflər verilsə də, iddiaçı 2016-cı ilin oktyabr ayından 2018-ci ilin noyabr ayına kimi köhnə, istifadəyə yararsız, istismar müddəti bitmiş avtobuslarda əhaliyə xidməti davam etdirmişdir. 2018-ci ilin dekabr ayından isə sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 10A saylı marşrut xətti üzrə müasir standartlara cavab verən 15 ədəd buraxılış ili 2018-ci il olan “İSUZU NOVOCİTİ” markalı müasir tipli avtobuslar "xxxx" MMC tərəfindən reysə buraxılmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən 3-cü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Hümbətova Dildar Babaş qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli Qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" MMC yaradılmış, Nizamnaməsi təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 03 oktyabr 2016-cı il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin iclası keçirilmiş və həmin iclasa İddiaçı MMC də dəvət olunmuşdur. İclasda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin istifadəsində olan, günün tələblərinə cavab verməyən, istifadəyə yararsız avtobusların marşrutlardan kənarlaşdırılması barədə müvafiq tədbirlərin görülməsi təklif edilmişdir. Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşınmanın təkmilləşdirilməsi, sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi məqsədilə Türkiyə istehsalı olan iritutumlu, müasir standartlara cavab verən 75 ədəd AKİA, 26 ədəd KARSAN və 48 ədəd İSUZU markalı avtobus şəhər sakinlərinin ixtiyarına verilmişdir. "xxxx" MMC-yə məxsus avtobuslar 2018-ci ilin istehsalı olmaqla müasir standartlara cavab verir və əhalinin rahatlığının təmin edilməsinə xidmət edir. Həmçinin qeyd edir ki, iddiaçı təşkilat tərəfindən "xxxx" MMC-yə onlara marşurt xətti verilməsi ilə bağlı müraciət olmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

13. Məhkəmə iclasının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış 3-cü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndələri üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

15. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

16. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

17. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

18. Həmin Məcəllənin 34-cü maddəsinin tələblərinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

30. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

31. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

32. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə. (-);

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri 3.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 3.9.1. müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; (-).

4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri (-); 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: (-); 4.9.2. müvafiq ərazidə sərnişin axınını öyrənmək və təhlil etmək, yerüstü sərnişin nəqliyyatı vasitələrinin hərəkətinin vətəndaşlar üçün daha əlverişli və təhlükəsiz marşrutları, həmin marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkət cədvəlləri barədə aidiyyəti dövlət orqanına (qurumuna) təkliflər vermək, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək; (-).

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hazırkı qərarın 14-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işdə olan sənədlərdən görünür ki: - İddiaçı 01 №-li əmrindən görünür ki, MMC-nin ümumi yığıncağının 20.09.2011-ci il tarixli protokoluna əsasən X6 20.09.2011-ci il tarixdən cəmiyyətin direktoru vəzifəsinə təyin olunmuşdur(i.v.117). - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı (VÖEN 2********) 22.09.2011-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi X4r(i.v.27). - İddiaçı MMC-nin Nizamnaməsindən görünür ki, MMC-nin təsisçiləri X2, X6 və X7r. İddiaçı MMC 22 sentyabr 2011-ci ildə qeydiyyatdan keçməklə təsis edilmişdir(i.v.19-21). - İşdə olan iddiaçı MMC-i ilə "xxxx" ASC arasında bağlanmış 06.12.2011-ci il tarixli lizinq müqaviləsinə əsasən iddiaçı MMC-yə 36 ay müddətinə 784000 manat kredit ayrılmış və ödəniş cədvəlinə əsasən 23.12.2014-cü ilədək kredit borcu və faizlərlə birlikdə 975839 manat iddiaçı MMC-i tərəfindən banka ödənilmişdir(i.v. 35). - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının 19.01.2021-ci il tarixli imtina məktubu ilə müəyyən olunur ki, Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, avtomobil nəqliyyatının təkmilləşdirilməsi, sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi məqsədilə Türkiyə istehsalı olan iri və kiçik tutumlu, müasir avro-5 və avro-6 standartlara cavab verən ümumilikdə 206 ədəd olmaqla “AKİA ULTRA”, “KARSAN JET” və “İSUZU” markalı avtobuslar gətirilərək 19 marşrut xəttinə buraxılmışdır. Avtobuslar wifi və mərkəzləşdirilmiş dispetçer xidməti sistemi ilə tam təchiz olunmuşdur. Həmin avtobuslar Bakı-Sumqayıt, Sumqayıtın inzibati ərazisi, Corat və Hacı Zeynalabdin qəsəbəsi, Stansiya Sumqayıt, Ceyranbatan qəsəbəsi ərazilərində əhaliyə xidmət göstərir. Köhnə yararsız dayanacaqlar yeni müasir tipli dayanacaqlarla əvəz olunmuşdur(i.v.4). - Azərbaycan Respublikası Prezidentinin 07.12.2015-ci il tarixli, 704 nömrəli Fərmanına əsasən: 1. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılmış. 2. Müəyyən edilmişdir ki, Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə" çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir(i.v.147-148). - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 365 nömrəli qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tabeliyində "xxxx" MMC-i təsis edilmişdir(i.v.150). - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 04.02.2016-cı il tarixli, 14 nömrəli sərəncamına əsasən Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir(i.v.133-137). - Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin 03 oktyabr 2016-cı il tarixdə iclası keçirilmiş və həmin iclasda tərtib olunmuş 17/A saylı protokolla müəyyən olunmuşdur ki, dəvət olunanlar siyahısında İddiaçı MMC-nin də adı vardır. Həmin iclasda gündəmdə olan məsələ Sumqayıt şəhərinin inzibati ərazisində şəhərdaxili sərnişindaşımaya cəlb olunan nəqliyyat vasitələrinin dövlət standartlarına və qanunvericiliklə müəyyən olunmuş təhlükəsiz və ətraf mühitin mühafizəsi üzrə norma və tələblərə uyğun təmin olunması olmuşdur. Həmin iclasın protokolundan da göründüyü kimi nəqliyyat vasitələrinin yeni, müasir tipli, orta və iritutumlu avtobuslarla təmin olunmasının vacibliyi bildirilmişdir. Həmin iclasda qərara alınmışdır: 1) yaxın aylarda şəhərdaxili avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin istifadəsində olan marşrut xətlərində köhnə, istismar müddətini başa vurmuş, şəhərin estetik mənzərəsinə xələl gətirən avtobusların yeni, müasir tipli, orta və iritutumlu avtobuslarla əvəz olunması; 2) tələblər icra olunmadığı təqdirdə daşıyıcı olduqları marşrut barədə aidiyyatı müvafiq tədbirlər görüləcəyi barədə məlumatladırılsınlar(i.v.215-217). - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən “"xxxx" MMC (VÖEN **********) 17.11.2016-cı il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi X3r(i.v.143). - “Sumqayıt Nəqliyyat“ MMC tərəfindən təqdim edilən və 16 noyabr 2016-cı il tarixdə digər daşıyıcılarla yanaşı, iddiaçı MMC-yə ünvanlanan məktubdan göründüyü kimi şəhərdaxili sərnişindaşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsi, habelə yeni müqavilələrin bağlanılması məsələsinə baxılması məqsədilə 2016-cı ilin noyabr 18-i, saat 11:00-da ünvan 3 ünvana gəlmək iddiaçıdan xahiş olunmuşdur(i.v.142).

35. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 365 nömrəli qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tabeliyində "xxxx" MMC təsis edilmişdir. "xxxx" MMC-yə məxsus 2018-ci il istehsalı olan “İSUZU NOVOCİTİ” markalı avtobuslar müasir tipli avtobuslar olmaqla əhalinin rahatlğının təmin olunmasına xidmət edir. Lakin iddiaçıya məxsus nəqliyyat vasitələri isə 2011-ci il istehsalı olmaqla müasir standartlara cavab vermir və belə imkanlara malik deyildir. "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri istismara yararlı olduğu üçün cavabdeh tərəfindən onların fəaliyyətinə icazə verilməsi daha məqsədə müvafiq hesab edilmişdir. İddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

36. Məhkəmə kollegiyasının ilk öncə hazırkı qərarın 7-ci bəndində öz əksini tapan apelyasiya şikayətinin xahiş etdi hissəsində maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ona vurulmuş maddi ziyanın əvəzi olaraq 750 min manat məbləğində təzminatın cavabdehdən tutulması hissəsində iddiası mümkün sayılmamış, iddiaçı MMC-i həmin qərardaddan apellyasiya şikayəti vermədiyindən, qərardad qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı şikayət yalnız, 28.07.2021-ci il tarixli qərardan verildiyi üçün maddi ziyanın ödənilməsi ilə bağlı məsələyə məhkəmə kollegiyası tərəfindən qiymət verilə bilməz.

37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı qərarın 8-ci bəndində öz əksini tapan iddiaçının apellyasiya şikayətində göstərilən hallar əsaslı hesab edilə bilməz ona görə ki, hazırkı qərarın 31-ci bəndində istinad edilən qanun normasının tələbləri, eləcə də 32-ci bənddə istinad edilən direktiv sənədlə müəyyən edilən sələhiyyətlər cavabdeh orqan tərəfindən pozulmamış, əksinə 7 il müddətində iddiaçı MMC-yə sərnişin nəqliyyatı üzrə müvafiq marşrut xəttində işləməklə həm bankdan götürülən kreditin ödənilməsi, həmçinin MMC-nin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmış, lakin sonralar sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi ilə bağlı qəti addımlar ataraq avtobus parkının yenilənməsi istiqamətində iddiaçı MMC-nin hərəkətsizlik göstərməsi inzibati orqanın diskresion səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərarı həmin səlahiyyətlərin məqsədinə uyğun olmuşdur. Belə ki, iddiaçı MMC-nin 2011-ci ildən işləmiş olduğu marşrut xəttinə istismar müddəti keçmiş avtobusların əvəzinə 2018-ci ilin sonlarında 2018-ci il istehsalı olan “İSUZU NOVOCİTİ” markalı müasir tipli avtobuslar buraxılmaqla əhalinin rahatlğının təmin olunması istiqamətində, Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 07.12.2015-ci il tarixli, 704 nömrəli Fərmanın icrası ilə bağlı tədbirlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir.

36. Apelyasiya şikayətində vurğulanan İddiaçı direktoru M.V.Qurbanovun 03 oktyabr 2016-cı il tarixli yığıncağın olmaması, əgər iclas keçirilsəydi iclas protokolunda imzalarının olmasının qeyd edilməməsi barədə dəlililə bağlı kollegiya qeyd edir ki, məhkəmə iclası zamanı iddiaçı MMC-nin direktoru dəfələrlə "xxxx" MMC-nin, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və İcra Hakimiyyətinin səlahiyyətlilərinin birgə keçirdikləri iclaslarda iştirak etsə də, 03 oktyabr 2016-cı il tarixdə keçirilmiş iclasda iştirak edib-etmədiyini xatırlamadığını bildirməsi özü-özlüyündə şikayətin dəlilinin əsassız olmasına dəlalət edir və iddiaçı MMC-nin inzibati orqana müraciəti əsasında verilmiş cavab məktubunda da, məhz 03 oktyabr 2016-cı il tarixdə keçirilmiş iclas zamanı müzakirə olunan məsələ ilə bağlı, yəni Sumqayıt şəhərinin inzibati ərazisində şəhərdaxili sərnişindaşımaya cəlb olunan nəqliyyat vasitələrinin dövlət standartlarına və qanunvericiliklə müəyyən olunmuş təhlükəsiz və ətraf mühitin mühafizəsi üzrə norma və tələblərə uyğun təmin olunması barədə məlum fərmanın icrası ilə əlaqədar yeni, müasir tipli, orta və iritutumlu avtobuslarla təmin olunmasının vacibliyi, eyni zamanda yeni standartlara cavab verən avtobusların olacağı təqdirdə müraciətə yenidən baxılacağı vurğulanmış, lakin bu istiqamətdə iddiaçı MMC-i tərəfindən görülmüş tədbirlər barəsində hər hansı bir sübut məhkəmələrə təqdim edilməmişdir. Bu baxımdan apelyasiya şikayətinin bu dəlili də əsaslı hesab edilə bilməz.

37. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyasının iclasında 3-cü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iddiaçı MMC-i tərəfindən "xxxx" MMC-yə onlara marşurt xətti verilməsi ilə bağlı müraciət olmadığı bildirilsə də, iddiaçı MMC-nin nümayəndəsi buna əks arqument gətirməmiş, həmçinin iddiaçı MMC-nin direktorunun xətlərdən köhnə avtobusların yığışdırılması barədə məlumat verilməməsini bildirməsi dolayı yolla MMC-yə məxsus avtobusların müasir standartlara cavab vermədiyini göstərdiyi halda, MMC-nin direktorunun cavabdehin nümayəndəsinə MMC-yə məxsus olan avtobusların müasir standartlara cavab verdiyini, nə əsasla cavabdeh orqan MMC-yə məxsus olan avtobusların müasir standartlara cavab vermədiyini bildirmiş, bu da özü-özlüyündə birbirinə zidd fikirlər formalaşdırır. Həmçinin cavabdehin nümayəndəsinin iddiaçı direktorun həmin sualına cavab olaraq “avtobusun kondisionerinin olmaması onun müasir standartlara cavab vermədiyini göstərir” deməsinə əks arqument gətirməməsi MMC-yə məxsus avtobusların müasir standartlara cavab vermədiyini bir daha sübut edir. Bunun əksinə olaraq "xxxx" MMC-yə məxsus 2018-ci il istehsalı olan “İSUZU NOVOCİTİ” markalı avtobuslar müasir tipli avtobuslar olmaqla əhalinin rahatlğının təmin olunması məqsədilə xəttə buraxılmış, lakin iddiaçı MMC-yə məxsus “İsuzu Saz” markalı nəqliyyat vasitələri isə 2011-ci il istehsalı olmaqla artiq 2018-ci ilin sonunadək işləməklə istismar müddətini keçirməklə müasir standartlara cavab vermək imkanlarına malik deyildirlər.

38. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçı MMC-nin direktorunun apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı direktoru M.V.Qurbanovun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)-851/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar