Məhkəmə qərarları › İş №2-1(105)-612/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-612/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-612/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinə qarşı “iddiaçıdan 192,85 manat və 186,73 manat vəsaitin tutulması barədə Xaçmaz Bələdiyyəsinin 13/2023 nömrəli xx.xx.2023-cü il tarixli hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2-1(118)-986/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayon Xaçmaz Bələdiyyəsi tərəfindən iddiaçıya 192.85 manat və 186.73 manat məbləğində vergi hesablanmış, həmin vergi məbləğinin tutulması üçün “Hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilməsi” barədə 13 saylı, xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ondan 192,85 manat və 186,73 manat vəsaitin tutulması barədə Xaçmaz Bələdiyyəsinin 13/2023 nömrəli xx.xx.2023-cü il tarixli hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin İcra Məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarında göstərilir ki, Xaçmaz Bələdiyyəsinin 13/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçıdan 192,85 manat məbləğində pul vəsaiti tutularaq Xaçmaz Bəldəiyyəsinin xeyrinə ödənilməlidir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin İcra Məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarlarında göstərilir ki, Xaçmaz rayon Bələdiyyəsinin 13/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçıdan 186,73 manat məbləğində pul vəsaiti tutularaq Xaçmaz Bələdiyyəsinin xeyrinə ödənilməlidir. Qərarlar iddiaçının ünvanına xx.xx.2024-cü il tarixdə daxil olduqdan sonra müraciət edərək Xaçmaz rayon Bələdiyyəsinin qeyd olunan qərarlarının ksero surətlərini əldə etmişdir. Həmin vaxta qədər Xaçmaz, rayon Bələdiyyəsindən ünvanına hər hansı sənəd, o cümlədən qərarların surətləri daxil olmamışdır. Bu səbəbdən də iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində göstərir ki, Xaçmaz bələdiyyəsinin 13/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 192 manat 85 qəpik və 186 manat 73 qəpik cəmi 379 manat 58 qəpik məbləğində vergi borcunun ödənilməsi onun özünə aid olmayan guya Üzeyir Hacibəyov küçəsi 54 saylı ünvanda mərhum anası X1 məxsus yaşayış evi üçün tələb olunur. Əslində isə iddiaçının həmin ünvanda qeydiyyatda olan İddiaçı Xaçmaz şəhəri M.Hüseynzadə küçəsindəki 125 m2 və Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən ( 2 qeyri-yaşayış obyektindən) (120 m2 və 200 m2) 120 m2-lik qeyri yaşayış obyektinə aiddir. Beləliklə göründüyü kimi İddiaçı məhkəməyə yalan məlumat verməklə vergidən yayınmaq məqsədi güdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2-1(118)-986/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 192,85 manat və 186,73 manat vəsaitin tutulması barədə Xaçmaz Bələdiyyəsinin 13/2023 nömrəli xx.xx.2023-cü il tarixli hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə qərarları ləğv edilmişdir. (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən 13 saylı, 22 sentyabr 2023-cü il tarixli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin bələdiyyə qərarlarını ləğv etməsi əsassızdır. Beləki, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.4- cü maddəsinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı- ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxıb və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə . qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır, yaxud belə qərarın çıxarılmasından imtina edir. Göründüyü kimi sözügedən Əsasnamədə hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərin və ödənişlərin vergi ödəyicilərindən tutulmasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi birbaşa öz əksini tapmamış, orada ödəyiciyə münasibətdə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. İddiaçıya Xaçmaz rayon Xaçmaz Bələdiyyəsi tərəfindən hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən vergilərin ödənilməsi üçün bildiriş və bələdiyyənin vergi xidməti orqanının müvafiq aktın surəti göndərilmiş, lakin iddiaçı tərəfindən həmin bildiriş və aktın surəti alınsa da, heç bir etirazı daxil olmamış və vergi ödənişlərin ödənilməsi təmin edilməmişdir. Belə olan vəziyyətdə hesab edirik ki, iddiaçı barəsində bələdiyyə tərəfindən çıxarılmış qərarlar qanuna müvafiq qəbul edilmişdir. b) Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Vergi Məcəlləsi: Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1 dövlət vergiləri; 4.1.2 muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). (-). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun: Maddə 1. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Maddə 3. Yerli vergilər və ödənişlər (-). 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. 3.5. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır. Maddə 9. Yerli ödənişlərin tərkibi 9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir: 9.1.1. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş; 9.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş; 9.1.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş; 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir;] 9.1.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. 9.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır. Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi 11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. 11.3. Bu Qanunun 9.1.5.-ci maddəsində göstərilən ödənişlər hər bir ödəyicidən tutularaq, bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla bələdiyyələrə ödənilir. 11.4. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.

196. Həmin Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika (bundan sonra - avtonəqliyyat vasitələri), su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;

«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununu 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir.

Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin» 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununu 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmetini cavabdehin iddiaçıya 192.85 manat və 186.73 manat məbləğində vergi hesablanmış, həmin vergi məbləğinin tutulması üçün “Hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilməsi” barədə 13 saylı, xx.xx.2023-cü il tarixli qərarlarının qəbul edilməsi təşkil edir. İddiaçının hüquqi marağı həmin qərarların ləğv olunmasına nail olmaqdan ibarətdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xaçmaz rayon Xaçmaz Bələdiyyəsi tərəfindən iddiaçıya 192.85 manat və 186.73 manat məbləğində vergi hesablanmış, həmin vergi məbləğinin tutulması üçün “Hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilməsi” barədə 13 saylı, xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı barəsində bələdiyyə tərəfindən ötən dövrlərə aid olaraq ümumilikdə 192,85 manat və 186,73 manat məbləğində vergi borcu hesablansa da, bu borcun necə və hansı əsaslarla hesablanması barədə məlumat iş materialları ilə sübut olunmur. Yəni, bələdiyyə tərəfindən iddiaçıya qarşı hesablanmış vergilərin dəqiq hesablanma üsulu və hüquqi əsasları açıqlanmamışdır. Belə ki, torpaq vergisi ilə bağlı borcun ayrı-ayrılıqda nə qədər olduğu göstərilməmişdir. Həmçinin, verginin hesablanması zamanı torpağın hansı kateqoriyaya aid olduğu və buna uyğun olaraq hansı vergi dərəcəsinin tətbiq olunduğu barədə məlumat təqdim edilməmişdir. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Çünki yerli vergilərin hesablanması zamanı vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi və verginin necə hesablanması kimi detallı elementlər qanunla müəyyən edilir və bunlar açıq şəkildə göstərilməlidir. Cavabdeh hesablamış əmlak vergisi borcunun iddiaçının mülkiyətində olan daşınmaz əmlaklara görə hesablandığını bildirsə də, bununla bağlı, yəni iddiaçının adına daşınmaz əmlakın (torpaq, yaşayış və ya qeyri yaşayiş) olması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmiş, ümumiyyətlə mübahisələndirilən qərarda vergi borcunun hansı ünvanda verləşən və hansı əmlaka görə hesablanması da müəyyən olunmamışdır (daha sonra iddia ərizəsinə etirazında və s. iddiaçının qeydiyyatda olduğu ünvan barəsində vergi borcunun hesablanmasını qeyd etsə də, qəbul etdiyi qərarda hansı yaşayış sahəsinə münasibətdə borcun hesablanması müəyyən olunmur). Eyni zamanda Elektron məhkəmə sistemində olan iddiaçıya məxsus əmlak məlumatlarına əsasən onun mülkiyyətində hər-hansı bir daşınmaz əmlak mövcud olmadığı görünür. Nəticədə, bələdiyyənin həmin qərarı qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulması səbəbindən hüquqi cəhətdən qanuni sayıla bilməz və iddiaçının hüquqlarının müdafiəsi üçün həmin qərarın ləğv edilməsi vacibdir. Bu, həm də inzibati orqanın səlahiyyətlərinin düzgün və qanuni çərçivədə həyata keçirilməsinin təminatı üçün zəruridir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2-1(118)-986/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar