Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-63/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “polkovnik hərbi rütbəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-774/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 1992-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 701, N və N nömrəli hərbi hissələrində hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirinin 30 dekabr 2003-cü il tarixli, 0151/rt nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq, polkovnikleytenant İddiaçı növbəti “polkovnik” hərbi rütbəsi verilmiş, 20 may 2004-cü il tarixli, 021/rt nömrəli əmri ilə isə Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq iddiaçının “polkovnik” hərbi rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. Daha sonra iddiaçı barəsində hərbi xidmət dövründə yol verdiyi əməllərlə bağlı cinayət işi başlanmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının 17 oktyabr 2005-ci il tarixli, 5k-130/2005 nömrəli qərarına əsasən o, Cinayət Məcəlləsinin 341.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən suiistifadə və ya vəzifə səlahiyyətlərini aşma) ilə təqsirli bilinərək ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyun 2005-cı il tarixli, 0336 nömrəli əmri ilə xx.xx.2005ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxılmışdır. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən onun barəsində 2020-ci ildə polkovnik hərbi rütbəsinin bərpa edilməsinə dair təqdimat tərtib edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qarşısında irəli sürülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 13273 nömrəli məktubuna əsasən təqdimata aidiyyəti üzrə baxılmış, qeyd olunan məsələ yuxarı komandanlığa məruzə olunmuş, lakin barəsində müsbət qərar qəbul edilməmişdir. Daha sonra iddiaçının bununla bağlı yenidən müraciəti əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun barəsində 2022-ci ildə polkovnik hərbi rütbəsinin bərpa edilməsinə dair təqdimat tərtib edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qarşısında irəli sürülmüş, bundan sonra iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək təqdimatın icra vəziyyəti barəsində ona məlumat verilməsini, həmçinin, hərbi rütbəsinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh 09 sentyabr 2022-ci il tarixli, 1/N-8481 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ehtiyatda olan zabit kimi hərbi rütbəsi bərpa edilməsi üçün yuxarı komandalığına məruzə edilmiş, lakin barəsində müsbət qərar qəbul edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş hərbi rütbəsinin bərpa edilməsi barədə təqdimat icra olunmadan geri qaytarılmışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinə uyğun olaraq onun polkovnik hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “polkovnik” hərbi rütbəsinin bərpa olunması üçün ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinə və Müdafiə Nazirliyinə müraciətlər etmişdir. Müraciətinə cavab olaraq SHXÇDX tərəfindən hərbi rütbəsinin bərpa olunması üçün cavabdeh orqana müvafiq təqdimat göndərilmişdir. Eyni vaxta iddiaçı cavabdehə ərizə ilə müraciət edərək sözügedən təqdimatın icra olunaraq onun polkovnik hərbi rütbəsinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinin icrasından imtina etmiş, imtina məktubunu əsaslandırmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 021rt nömrəli əmri ilə N nömrəli hərbi hissədə komandanlıq etdiyi dövrdə vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyinin Mülki Müdafiə idarəsinin mülki müdafiə kurslarının təlim hissəsinin rəisi-mülki müdafiə kursları rəisinin müavini polkovnik İddiaçı rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli, 5k-130/2005 nömrəli qərarı ilə (Ağdam hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli 09/2005 nömrəli hökmü) iddiaçı AR CM-nin 341.2-ci maddəsi ilə təqsirli bilinərək ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İntizam Nizamnaməsinin 42ci bəndinə əsasən rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rol oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin. İddiaçıya verilən cəza xidmətlə bağlı ciddi nöqsanlara görə olmuşdur, buna görə də tərbiyəvi xarakter kimi qiymətləndirilə bilməz. Ağdam Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 09/2005 nömrəli hökmündən göründüyü kimi iddiaçı vəzifə borclarının yerinə yetirilməsində ciddi qanun pozuntularına yol vermişdir. İddiaçı barəsində hər hansı qeyri-qanuni hərəkətlər edilməmişdir. Qeyd olunan hökm bunu sübut edir. Əlavə olaraq, iddiaçı həm xüsusi, həm ümumi iddia müddətini ötürmüşdür. Belə ki, xx.xx.2004-cü il tarixdə iddiaçının “polkovnik" rütbəsi “polkovnik-leytenant" hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. İddiaçı isə bundan 16-17 il keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da AR İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. (MPM-nin 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsində iddia müddəti bir ay göstərilmişdir.) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-774/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2005-ci il tarixdən hərbi xidmətdən ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmətə bərpa olunmamış, cəzasını çəkdikdən sonra xidmətini davam etdirməmişdir. Bu halda, AR Silahlı X1 42-ci maddəsində xidmətə bərpa edilmək üçün şərt kimi nəzərdə tutulmuş “cəzanın tərbiyəvi rol oynamasından” başqa “hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etməsi” tələbinin ödənilməsi də praktik olaraq baş verməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş, həmin səlahiyyətlərin məqsədinə və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq imtina vermişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh diskresion səlahiyyətlərinə uyğun olaraq onun müraciətindən haqlı olaraq imtina etmişdir. Eləcə də, məhkəmə onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə xx.xx.2005-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxıldığına istinad etmişdir. Məhkəmənin bu mövqeyi ilə razıalşmayaraq bildirir ki, onun hərbi rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq, intizam cəzası qaydasında bir pillə aşağı salınmışdır. Onun hərbi rütbəsinin aşağı salınmasının 2005-ci ildə cinayət məsuliyyətinə cəlb edilməsi ilə heç bir əlaqəsi olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(105)-626/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar onun barəsində polkovnik hərbi rütbəsinin bərpa edilməsi üçün tərtib edilmiş təqdimat məxfi olduğundan tərəflərindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinə göndərilmişdir. İddiaçının ehtiyatda olduğu dövrdə istehsalatda və digər ictimai işlərdə özünü doğruldubdoğrultmaması ilə bağlı əsaslarla əlaqədar tərəflərindən xidməti araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı ictimai faydalı işlərlə bağlı tədbirlərdə iştirak edir, şəhid ailələrini ziyarət edir. Barəsində cinayət işi olmadığı halda, təqdimat verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: V f ə s i l . HƏRBİ RÜTBƏLƏRDƏN MƏHRUM ETMƏ, HƏRBİ RÜTBƏLƏRİN AŞAĞİ SALİNMASİ VƏ BƏRPA EDİLMƏSİ
67. Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. Bundan başqa, hərbi qulluqçular (zabit heyətindən başqa) Azərbaycan Respublikası Silahlı X3 ilə nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum edilə və hərbi rütbədə bərpa edilə bilərlər.
69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X3 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı X3 ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 6 saylı əlavə - Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 30. Hərbi rütbələr 30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:
Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Baş çavuş Baş çavuş Gizirlər və miçmanlar Kiçik gizir Kiçik miçman Gizir Miçman Baş gizir Baş miçman Zabitlər: Kiçik leytenant Kiçik leytenant Kiçik zabitlər Leytenant Leytenant Baş leytenant Baş leytenant Kapitan Kapitan-leytenant Baş zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan Ali zabitlər General-mayor Kontr-admiral General-leytenant Vitse-admiral General-polkovnik Admiral Ordu generalı
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3: 42-ci bənd. Hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rolunu oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin. Çavuş rütbəsindən məhrum edilmə, hərbi rütbədə (vəzifədə) aşağı salınma kimi intizam cəzaları: müddətli və müddətindən artıq xidmət hərbi qulluqçuları — çavuş rütbəsindən məhrum edildiyi, hərbi rütbədə (vəzifədə) aşağı salındığı gündən ən azı altı aydan sonra; gizirlər və miçmanlar — hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı altı aydan sonra; zabitlər — hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı bir ildən sonra; generallar və admirallar — vəzifələri aşağı salındığı gündən ən azı bir ildən sonra; ehtiyatda, yaxud istefada olan zabitlər — hərbi rütbələri aşağı salındığı gündən ən azı üç ildən sonra götürülə bilər. Hərbi rütbələri aşağı salınmış zabitlər, gizirlər, miçmanlar, çavuşlar və həmçinin hərbi rütbəsindən məhrum edilmiş müddətli xidmət çavuşları tutduqları vəzifələrdən asılı olmayaraq, intizam cəzasının götürülməsi ilə eyni zamanda əvvəlki hərbi rütbələrinə bərpa olunmalıdırlar. Vəzifəni aşağı salma şəklində intizam cəzası hərbi qulluqçunun üstündən götürülərkən o, əvvəlki vəzifəsinə bərpa edilməyə də bilər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.7. diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; (-). Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı 1992-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, ona 30 dekabr 2003-cü il tarixdə “polkovnik” hərbi rütbəsi verilmiş, Müdafiə nazirinin 20 may 2004-cü il tarixli, 021/rt nömrəli əmri ilə isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq “polkovnik” hərbi rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. Daha sonra iddiaçı barəsində hərbi xidmət dövründə yol verdiyi əməllərlə bağlı cinayət işi başlanmış və Ağdam Hərbi Məhkəməsinin 24 yanvar 2005-ci il tarixli hökmünə əsasən iddiaçı Cinayət Məcəlləsinin 341.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə xx.xx.2005ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxılmışdır. Hazırda iddiaçı onun polkovnik hərbi rütbəsinin bərpa olunmasını tələb edir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələnin cavabdehin diskresion səlahiyyətləri dairəsi olduğunu, eləcə də iddiaçı hərbi xidmətə bərpa edilmədiyindən, qanunvericiliklə intizam cəzasının götürülməsi şərtlərindən olan hərbi qulluqçunun nümunəvi xidmətilə bunu sübut etməsi tələbinin ona münasibətdə ödənilmədiyini əsas gətirərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin faktiki hallarından göründüyü kimi iddiaçı hazırda ehtiyatda olan hərbi qulluqçu – baş zabitdir. Ehtiyatda olan hərbi qulluqçulara münasibətdə hərbi rütbələrin aşağı salınması və bərpa edilməsi ilə bağlı hüquq münasibətləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci fəsli (Azərbaycan Respublikası Silahlı Qüvvələrində ehtiyatda olanların xidmət keçməsi) il tənzimlənir. Həmin fəslin 181-ci bəndinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər: gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər. 184-cü bəndinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli, 692 nömrəli Fərmanına əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 181-ci maddəsinin 3-cü hissəsində, həmçinin, 184-cü maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçının şəxsində ehtiyatda olan hərbi qulluqçunun həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbəsinin bərpa edilməsi üçün aşağıda göstərilən 3 şərt ödənilməlidir: 1) Hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçməlidir; 2) Hərbi rütbənin bərpa edilməsi barədə hərbi komissarlıq tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdimat verilməlidir; 3) Həmin şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultmalıdılar. Birinci şərtə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının hərbi rütbəsi 20 may 2004-cü il tarixdən bir pillə aşağı salındığından 3 illik müddətlə bağlı məhdudiyyət şərti ona münasibətdə ödənilmişdir. Təqdimatın verilməsi ilə bağlı ikinci şərtə münasibətdə işdən görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən 2020-ci ildə, daha sonra isə Xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə onun polkovnik hərbi rütbəsinin bərpa edilməsi barədə təqdimatlar verilmiş, təqdimatlara cavabdeh inzibati orqanda baxılmış, yuxarı komandanlığa məruzə olunmuş, lakin hər iki təqdimat üzrə müsbət qərar qəbul edilməmişdir. Üçüncü şərtlə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qeyd olunan kateqoriyadan olan şəxslərin istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultmasına dair məsələlər təqdimatın əsaslandırıcı hissəsində göstərilir. Hansı ki, bu münasibətlər “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 6 saylı əlavə - Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 1-ci bəndinə görə təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. Həmçinin, Qaydaların məzmunundan görünür ki, təqdimat bir neçə bölmədən ibarət olmaqla, “Təqdimatın əsaslandırılması” adlı İİ bölmədə hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin yüksəldilməsində şəxsən gördüyü işlər və s. məlumatlar göstərilməlidir. İş materiallarında olan (iş vərəqə səh.57) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Hüquq İdarəsinə ünvanlanmış məktubdan isə görünür ki, iddiaçı barəsində tərtib edilmiş sonuncu - xx.xx.2022-ci il tarixli təqdimat “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 6 saylı əlavəsinə zidd olaraq nöqsanlarla tərtib edilmiş, hərbi rütbənin bərpa edilməsi üçün təqdimatların tərtib edilməsi qaydalarının tələblərinə riayət olunmamışdır. Bununla belə, həmin təqdimata mahiyyəti üzrə baxılmış, yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, lakin iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən təqdimatın surətinin tələb olunması ilə bağlı cavabdeh inzibati orqana və eləcə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinə sorğu versə də, təqdimatın məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Belə ki,MN Şəxsi Heyət Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş həmin təqdimatın baxılaraq müsbət qərar qəbul edilmədiyindən xx.xx.2022-ci il tarixdə icra olunmadan Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinə geri qaytarıldığını, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidməti isə xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2022-ci il tarixli təqdimatın baxılıb qərar qəbul edilməsi üçün məxfi poçtla xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə göndərildiyini bildirmişdir. Üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin nümayəndəsi isə sözügedən təqdimatın məxfi sənəd olduğunu və onlarda olmadığını bildirmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, bu normada məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun qərar qəbul edilməsi istisna edilmiş və bu 3 halla məhdudlaşdırılmışdır. Hansı ki, 73.3.1-ci maddədə bu hallardan biri kimi inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edilməsi göstərilmişdir. Buna münasibətdə istisna hal, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul edilməsi yalnız bu səlahiyyətlərin sıfıra endirilməsi zamanı mümkündür. Bu isə o deməkdir ki, qanun diskresion səlahiyyət müəyyən etsə də, bəzən işin xüsusiyyətlərindən asılı olaraq mütənasiblik baxımından yalnız bir hakimiyyət tədbiri tətbiq olunmalıdır. Hazırkı iş üzrə isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 181-ci bəndinin tələbindən göründüyü kimi hərbi rütbəsi aşağı salmış şəxslər müvafiq şərtlər ödənildiyi halda (istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultma) inzibati orqan tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Yəni, qanunverici bu halda inzibati orqanın üzərinə hətta müvafiq şərtlərin ödənilməsi halında belə zəruri hakimiyyət tədbiri kimi hərbi qulluqçunun əvvəlki hərbi rütbəsinə bərpa edilməli olmasını imperativ olaraq müəyyən etməmiş, bərpa edilə bilməsini dispozitiv imkan kimi tanımışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının əvvəlki hərbi rütbənin bərpa edilməsi ilə bağlı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən irəli gələn məsələdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən 14-cü maddəsinin təhlili onu deməyə əsas verir ki, inzibati orqan diskresion səlahiyyətlərini həyata keçirərkən səlahiyyətlərin sərhədlərini, onun ictimai mənafeyin təmin edilməsinə yönəlməsini, eyni zamanda, fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edən normalara riayət etməlidir. İPM-nin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü adlanan 74-cü maddəsində göstərilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. İşin müəyyən olunmuş faktiki halları nəzərə alındığında kollegiya hesab edir ki, iddiaçının müraciətinin icrasından imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Birinci instansiya məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş və əsaslandırılmış düzgün nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-774/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.