Məhkəmə qərarları › İş №2-1(105)-642/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-642/2024

02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-642/2024 02.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2- 1(118)-600/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 19 aprel 2023-ci il tarixli, **********534600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə kameral yoxlama nəticəsində İddiaçı MMC barəsində 2023-cü ilin fevral ayı üzrə 10497,80 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı MMC cavabdeh DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 2023-cü il fevral ayı ƏDV vergisi üzrə 19 aprel 2023-ci il tarixli, **********534600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra DVX-nin 2 saylı Ərazi Vergilər İdarəsinin 12 iyul 2023-cü il tarixli, **********215200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə kameral yoxlama nəticəsində iddiaçı barəsində 2023-cü ilin may ayı üzrə 32979,45 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2023-cü il may ayı ƏDV vergisi üzrə 12 iyul 2023-cü il tarixli, **********215200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ƏDV depozit hesablarına 1821867,10 manat məbləğində mədaxil olmuşdur. Bu məbləğin 1788693,28 manat hissəsinin əsas məbləği bank hesablarına daxil olmuş və vergiyə cəlb edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın aparıldığı vaxt pul vəsaitinin bankda onbun hesabına daxil olduğu vaxt sayılır. Bu dövr ərzində "xxxx" MMC-yə ƏDV daxil olmaqla, ƏDV daxil 380492,65 (322451.40+58041.25=380492.65) manat məbləğində e-qaimə təqdim edilmişdir. Təqdim edilən e-qaimənin ƏDV hissəsi (58041.25) ödənilmiş, əsas məbləğdən isə 205419.00 manat bank hesablarına köçürülmüş, 67032.55 (67032.55*0.18=12065.86) manat hissəsi isə köçürülməmiş və ƏDV bəyannaməsində yaranan debitor borc olaraq qeyd edilmişdir. Əlavə olaraq xx.xx.2023-cü il tarixində "xxxx" MMC 3057.20 manat məbləğində avans ödəmiş, lakin əsas məbləğ (3057.2/0.18=16984.44) bank hesablarına daxil olmamışdır. "xxxx" MMC-yə ƏDV daxil 177289.10 (150245.00+27044.10) manat e-qaimə təqdim edilmişdir. Təqdim edilən qaimənin dəyərinin ƏDV hissəsi (27044.10) dövr ərzində tam ödənilmiş, lakin əsas məbləğ hissəsindən 49963.00 manat ödənilmişdir. Qalan 100282.00 (100282*0.18=18050.76) manat hissəsi isə dövr ərzində deyil, iyun ayında bank hesablarına daxil olduğu üçün Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən iyun ayı üzrə ƏDV bəyannaməsində qeyd edilərək vergiyə cəlb ediləcəkdir. Belə ki, 18050.76+3057.2+12065.86=33173.82 manat hissəsinin əsas məbləğ hissəsi dövr ərzində ödənilməmiş və vergiyə cəlb edilməmişdir. Həmçinin, ƏDV depozit hesablarına 46253.16 manat məbləğ mədaxil olmuşdur. Bu məbləğdən 37990.26 manat hissəsinin əsas məbləği (37990.26/0.18=211057.00) dövr ərzində bank hesablarına mədaxil olduğu üçün cari dövr ərzində vergiyə cəlb edilmişdir. Qalan 8262.90 manat hissəsinin əsas məbləğ hissəsi bank hesablarına daxil olmamışdır. Əlavə olaraq bildirir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində ƏDV depozit hesablarına ödənən məbləğin 941.75 manat hissəsinin əsas məbləğ hissəsi (941.75/0.18=5231.95) xx.xx.2023-cü il tarixində bank hesablarına ödənildiyi üçün Vergi Məcəlləsinə uyğun olaraq may ayında vergiyə cəlb edilmiş və debitor borcdan silinmişdir. Dövr ərzində təqdim edilən e-qaimənin 31970.50 manat hissəsinin dəyəri ödənilmədiyi üçün ƏDV bəyannaməsinin yaranan debitor borc sütununda qeyd edilmişdir. 2-ci bəndə uyğun olaraq bildirir ki, xx.xx.2020-xx.xx.2023-cü il tarixində ƏDV depozit hesablarına 1816669.37 manat mədaxil olmuşdur. Bu məbləğin 33173.82 manat hissəsinin əsas məbləğ hissəsi dövr ərzində bank hesablarına daxil olmamış və vergiyə cəlb edilməmişdir. Əlavə olaraq bildirir ki, 18050.76 manat hissəsinin əsas məbləğ hissəsi iyun ayında bank hesabına mədaxil olduğu üçün iyun ayında vergiyə cəlb ediləcəkdir. Bu kimi hallar isə vergi orqanı tərəfindən yoxlamaların düzgün aparılmadığına, qanunsuz və əsassız olaraq qərarlar qəbul etməsinə dəlalət edir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) 2023-cü ilin may ayı üçün 19 iyun 2023-cü il tarixdə təqdim etdiyi ƏDV bəyannaməsi üzrə vergi orqanının 12 iyul 2023-cü il tarixli, **********215200 nömrəli qərarı ilə 32979,45 manat əlavə vergi hesablanılmışdır. Belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 816669.37 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1783689.92 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə, 32979.45 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən 3 iyul 2023-cü il tarixli, **********585500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2023-cü may ayına analoji qaydada 32979.45 manat ƏDV məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 iyul 2023-cü il tarixli, **********215200 nömrəli qərarı göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(118)-600/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin İddiaçı barəsində qəbul edilmiş 12 iyul 2023-cü il tarixli, **********215200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 2023-cü ilin may ayı üzrə ƏDV vergisi üzrə borcun hesablandığı 12 iyul 2023-cü il tarixli **********215200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın hansı əsaslarla hesablanması və hansı sübutlara, qanunvericilik normalarına əsasən qəbul edilməsi qeyd edilməmişdir. Həmin borc məbləğinin hesablanmasına dair qərara dair hər hansı mötəbər sübut olmamışdır. Məhkəmə qeyd olunan dəlilin araşdırılması üçün cavabdehin nümayəndəsinə müvafiq sənədlərin məhkəməyə təqdim edilməsini, eyni zamanda borc məbləğinin hansı əsaslarla hesablanmasına dair məlumatın məhkəməyə təqdim edilməsini bildirsə də, cavabdehin nümayəndəsi qeyd edilən borc məbləğinin yaranma əsaslarını məhkəməyə təqdim edə bilməmişdir. Vergi orqanı elektron alış aktları məlumatlarına əsasən iddiaçıya əlavə vergi öhdəliyi hesablamaqla səhvə yol vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında vergi orqanının elektron alış aktları məlumatlarına əsasən iddiaçıya əlavə vergi öhdəliyi hesablamaqla səhvə yol verdiyini və mübahisələndirilən inzibati aktın qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyini qeyd etmişdir. Hesab edir ki, məhkəmənin bu dəlili formal olmaqla yanaşı, məntiqə əsaslananan deyildir. Belə ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İşə baxan məhkəmə sözügedən maddi hüququ normalarını işin faktiki hallarına uyğun olaraq mübahisə üzrə tətbiq etməıli olduğu halda tətbiq etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı barəsində vergi məbləği xx.xx.2020-ci il tarixdən 2023-cü ilin may ayına qədər olan 3 illik dövriyyə əsasında hesablanmışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinin 166.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən elektron qaimə üzrə ƏDV məbləğinin yaxud ƏDV-nin əsas məbləğinin ilkin olaraq daxil edilməsindən asılı olmayaraq ƏDV hesablanmalıdır. 1 yanvar 2024-cü il tarixədək isə belə qayda nəzərdə tutulmamışdır. Bu baxımdan, hesab edir ki, iddiaçı barəsində ƏDV düzgün hesablanmamışdır. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyası) ... 58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. ... Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. ... Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. ... Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyası) 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. ... 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. ... Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyası) 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 iyul 2023-cü il tarixli, **********215200 nömrəli qərarının ləğvinə yönəlmişdir. Bu qərarla iddiaçı barəsində 2023-cü ilin may üzrə 32979,45 manat əlavə dəyər vergisi hesablanmış və verginin hesablanmasına əsas iddiaçının təqdim etdiyi malların (işlər, xidmətlər) ƏDV-sinin ƏDV depozit hesabına ödənildiyi, lakin malların (işlər, xidmətlər) əsas dəyəri (əsas məbləğ) ödənilmədiyi halda, iddiaçının həmin əməliyyat üzrə ƏDV vergisini bəyan etməməsidir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müvafiq qərarla iddiaçı barəsində vergilərin hesablanmasına əsas olmuş halların göstərilmədiyi və bununla bağlı mötəbər sübutun olmadığını bildirərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV üzrə vergitutma obyektini, 166-cı maddəsi ƏDV üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxtı, 175-ci maddəsi isə ƏDV əvəzləşdirilməsini, ƏDV üzrə hesabat dövrünü tənzimləyir. Yuxarıda istinad edilən həmin normaların əlaqəli təhlilindən görünür ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Beləliklə, əsas məbləğlə ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsi mümkündür. ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad edir, lakin qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi vergi ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir. Qeyd edilməlidir ki, ƏDV bəyannaməsi aylıqdır. Yəni, təqvim ayında olan əməliyyatları vergi ödəyicisi ƏDV hesabatında bəyan etməlidir. Büdcə qarşısında yaranan ƏDV vergisi isə daxil olan əsas məbləğ əsasında formalaşır. Belə ki, Vergi Məcəlləsinin 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş yuxarıda qeyd edilən 166.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı, təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtıdır. Başqa sözlə, 01 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDV-nin hesablanması həmin malların (işlər və xidmətlər) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarından isə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən etibarən təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə fakturalara əsasən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləği Cəmiyyətin ƏDV hesabına ödənilmişdir. Qeyd edilən əməliyyatlara görə əsas məbləğ ödənilmədiyindən, iddiaçı təqvim ayında ƏDV vergisi bəyan etməmişdir. Qeyd olunan normaları hazırkı işə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, əsas məbləğin ödənilməməsi yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV-ni bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir. Həmçinin, qeyd edilməlidir ki, VM-nin 166.7-ci maddəsinə 05 dekabr 2023-cü il tarixli, 1033 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, 166-cı maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdu. Həmin maddənin xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş redaksiyasında isə ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilikdə xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsini, vergi ödəyici üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutmamışdır. Bununla yanaşı, işin tərəflər arasında mübahisəsiz digər halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərarla ƏDV hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 3 illik fəaliyyət dövrü əsas götürülmüşdür. Vergi Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2023-cü ilin may ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2023-cü ilin may ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2023-cü ilin may ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən iddiaçı barəsində əsassız qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya kameral vergi yoxlaması zamanı əlavə dəyər vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin, onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2024- cü il tarixli, 2-1(118)-600/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar