Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-68/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xxxx” MMC tərəfindən yarandığı tarixdən hazırkı vaxtadək təqdim edilmiş vergi və sosial müdafiə fondu üzrə bəyannamə və hesabatların, şəxsi hesab vərəqəsindən çıxarışın təsdiq edilmiş surətlərinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2-1(118)-215/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) “xxxx” MMC-nin (VÖEN: **********) 3 (üç) təsisçisindən biridir. MMC-nin maliyyə göstəricilərinin araşdırılması məqsədi ilə MMC-nin yarandığı tarixdən bu günə qədər vergi orqanına təqdim edilmiş bəyannamələrin və şəxsi hesab vərəqəsindən çıxarışın təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi xahişi ilə 01.10.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən, tələb eilən məlumatların kommersiya sirri olduğunu əsas gətirərək sənədləri təqdim etməkdən imtina etmiş və bu barədə iddiaçıya elektron cavab məktubu göndərilmişdir. Bununla razılaşmayan iddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən yarandığı tarixdən bu günədək olan dövrə təqdim edilmiş vergi və sosial müdafiə fondu üzrə bəyannamə və hesabatların, MMC-nin şəxsi hesab vərəqəsindən çıxarışların təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən ona təqdim edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli 2-1(118)-215/ 2020 saylı qərardadı ilə MMC-nin digər təsisçiləri X10 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2-1(118)-215/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:vergi ödəyicisinin razılığı ilə aşkar edilən;vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında;müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında: vergi ödənişləri üzrə borclar: hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) . Sadalanan hüquq normalarından aydın olduğu kimi, vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur və Vergi Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan məlumatlar istisna olmaqla digər məlumatların vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən başqa şəxslərə təqdim olunması qanunla qadağan edilmişdir. Bundan əlavə Mülki Məcəlləyə əsasən, məhdud məsuliyyətli cəmiyyətin cari fəaliyyətinə rəhbərlik cəmiyyətin iştirakçılarının ümumi yığıncağı tərəfindən və ya nizamnamə ilə müvəkkil edilmiş digər orqan tərəfindən təyin edilən icra orqanı (kollegial və (və ya) təkbaşçı) tərəfindən həyata keçirilir və cəmiyyətin öhdəlikləri üzrə cəmiyyətin təsisçiləri deyil, məhz icra orqanı (kollegial və (və ya) təkbaşçı) məsuliyyət daşıyır. Cəmiyyətin təsisçiləri (iştirakçıları) isə cəmiyyətin təftiş komissiyası (müfəttişi), o olmadıqda direktorlar (müşahidə) şurası vasitəsilə həmin orqanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malikdir. Belə ki, cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının (müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar. Cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq edə bilməz, habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz. Göründüyü kimi, iddiaçı təsisçisi olduğu cəmiyyətin maliyyə sənədlərini, o cümlədən vergi hesabatlarını həmin cəmiyyətin təftiş komissiyası (müfəttişi) vasitəsilə icra orqanından tələb etmək və yoxlamaq hüququna malik olduğu halda, həmin sənədlərin əldə edilməsi məqsədilə icra orqanı vasitəsilə deyil, birbaşa vergi orqanına müraciət etmişdir. Halbuki, cəmiyyətin adından çıxış etmək, cəmiyyəti üçüncü şəxslər qarşısında təmsil etmək qanunvericiliklə təsisçilərin deyil, icra orqanının səlahiyyətinə aid edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. İşin hallarından görünür ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehdən tələb olunan məlumatlar “xxxx” MMC-nin fəaliyyət müddəti əzrində təqdim etdiyi vergi və sosial müdafiə fondu üzrə bəyannamələr və hesabatlar, eləcə də, cəmiyyətin şəxsi hesab vərəqəsindən çıxarış Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-cu maddəsində kommersiya və (və ya) vergi sirri kimi nəzərdə tutulmamışdır. Cavabdeh isə iddiaya etirazında qeyd etmişdir ki, tələb olunan məlumatlar vergi(kommersiya) siiridir və Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. İşə baxan məhkəmə iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı birgə təsisçi olmaqla yanaşı eyni zamanda “xxxx” MMC-də kommersiya sirrinin sahiblərindən biridir və onun “Kommersiya sirri” haqqında Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən kommersiya sirrindən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını tətbiq etmək kimi hüquqları vardır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından hüquqqi şəxsin adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanları ümumi təsisçilərin qərarı əsasında təyin edilir. Belə olduğu halda hüquqi şəxsə aid olunan kommersiya sirri təşkil edən məlumatların təsisçi tərəfindən əldə edilməsi hüququnun olmaması, lakin onun tərəfindən təyin edilən icraçı orqan tərəfindən əldə etmək hüququnun olması məntiqsizdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəlmiş olduğu bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. 30.2-ci maddəsində vergi sirri olmayan məlumatlar sadalanmala, həmin məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumatın vergi sirri və şəxsi həyata dair məlumat hesab edildiyi göstərilmişdir: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında. 30.2.5. vergi ödənişləri üzrə borclar. 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. Həmçinin, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən, aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar; 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar; 4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; 4.1.8. qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar; 4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; 4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; 4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar ; 4.1.13. ekoloji və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; 4.1.14. kommersiya sirri rejiminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar Hazırkı işin hallarından görünür ki, iddiaçı 2010-cu il tarixdə yaradılan “xxxx” MMCnin (VÖEN: **********) 3 (üç) təsisçisindən biri olmaqla cavabdehdən MMC-nin maliyyə göstəricilərinin araşdırılması məqsədi ilə Cəmiyyətin yarandığı tarixdən bu günə qədər vergi orqanına təqdim etdiyi vergi və sosial sığorta üzrə hesabatların, bəyannamələrin, həmçinin şəxsi hesab vərəqəsindən çıxarışın təsdiq edilmiş surətinin ona təqdim edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, kollegiya hesab edir ki, iddiaçının vergi orqanından tələb etdiyi məlumatlar Vergi Məcəlləsinin 30.2, həmçinin “Kommersiya sirri haqqında” qanunun 4-cü maddəsində sadalanan məlumatlara aid olmadığından vergi (kommersiya) sirri hesab edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, tələb edilən məlumatlar kommersiya sirri olsa da, iddiaçı “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanununa əsasən, kommersiya sirrinin sahibidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Kommersiya sirri haqqında” qanunun 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır. 2.0.1.-ci maddəsinə əsasən, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar; 2.0.3-cü maddəsinə əsasən, kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxsdir. Vergi Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. 30.4-cü maddəsinə əsasən vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər. 30.5-ci maddəsinə əsasən, kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Sadalanan qanunvericilik normalarına əsasən, kollegiya qeyd edir ki, hazırkı iş üzrə “xxxx” MMC üzrə vergi (kommersiya) sirrinin sahibi həmin sirrə qanuni əsaslarla malik olan hüquqi şəxs, yəni vergi ödəyicisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3-cu maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır 89-cu maddəyə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. İş materiallarına əlavə edilmiş "xxxx Mahdud Məsuliyyətli Cəmiyyəti təsisçilərinin 30 sentyabr 2010-cu il tarixli qərarından görünür ki, sahibkarlıq fəaliyyətinin hayata keçirilməsi məqsədilə nizamnamə kapitalı 30 manata bərabər tutulan, hər birinin nominal dəyəri 1 manat olan 30 paydan ibarət yeni "xxxx" məhdud məsuliyyətli cəmiyyətin yaradılması və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. Həmçinin təsisçilərin qərarına əsasən, yeni yaradılan "xxxx" X1i təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X6 təyin edilmişdir. Cəmiyyətin Nizamnaməsinin 4.5-ci maddəsinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi Yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər verir. Hüquqi şəxsin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC-nin rəhbəriqanuni təmsilçi qismində X6 qeydə alınmışdır. Sadalan qanunvericilik normalarından və cəmiyyətin nizamnaməsindən göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin cari fəaliyyətinə rəhbərlik cəmiyyətin iştirakçılarının ümumi yığıncağı tərəfindən və ya nizamnamə ilə müvəkkil edilmiş digər orqan tərəfindən təyin edilən icra orqanı (kollegial və (və ya) təkbaşçı) tərəfindən həyata keçirilir və cəmiyyətin öhdəlikləri üzrə cəmiyyətin təsisçiləri deyil, məhz icra orqanı (kollegial və (və ya) təkbaşçı) məsuliyyət daşıyır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC-yə aid kommersiya (vergi) sirrinin sahibi- kommersiya sirrinə qanuni əsaslarla malik olan, “xxxx” MMC-nin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik olan direktor M.M.Ağayevdir. Belə olan təqdirdə isə, cavabdeh vergi (kommersiya) sirri sayılan məlumatları verməməklə qanunvericiliyin tələbinə uyğun davranmış, iddiaçının hüququnun pozulması halına yol verilməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hazırkı iddianı qaldırmaqda əsas məqsədi cəmiyyətin yarandığı 2010-cu il tarixdən hazırkı vaxtadək MMC-nin maliyyə fəailiyyətini təftiş etmək, əldə edilən mənfəətdən ona düşən payı almaqdır. Bununla bağlı kollegiya qeyd edir ki, mülki qanunvericilikdə Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisinə bir sıra hüquqi müdafiə imkanları verilmişdir. Belə ki, Mülki Məcəllənin: - 91.1-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. - 91-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə şurasına) verilə bilər. 91-3.1-ci maddəsinə əsasən, bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş halda cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə təftiş komissiyası (müfəttiş) seçilir (təyin edilir). 91-3.4-cü maddəsinə əsasən, cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının (müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar. 91-3.5-ci maddəsinə əsasən, cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq edə bilməz, habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz. Sadalanan qanunvericilik normalarına əsasən, kollegiya qeyd edir ki, cəmiyyətin təsisçiləri (iştirakçıları) cəmiyyətin təftiş komissiyası (müfəttişi), o olmadıqda direktorlar (müşahidə) şurası vasitəsilə həmin orqanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malikdir. Belə ki, cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının (müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar. Cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq edə bilməz, habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz. Göründüyü kimi, İddiaçı təsisçisi olduğu cəmiyyətin maliyyə sənədlərini, o cümlədən vergi hesabatlarını həmin cəmiyyətin təftiş komissiyası (müfəttişi) vasitəsilə icra orqanından tələb etmək və yoxlamaq hüququna malikdir. Bundan əlavə işdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçı, MMC-nin təsisçisi olaraq mülki qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cəmiyyətin direktoru X4, Cəmiyyətin təsisçiləri X10 və X7 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə “xxxx” MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsi üçün 2010-2019-cu illər üzrə illik maliyyə hesabatlarının və Audit yoxlamasının aparılması üçün bütün zəruri sənədlərin onun tərəfindən seçilmiş sərbəst X2 təqdim edilməsi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 33,3%-lik iştirak payına uyğun olaraq, 2010-2019cu illər üçün ona mənfəətdən dividendin ödənilməsinin təmin edilməsi vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda həmin iş Abşeron rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, mübahisənin yuxarıda sadalanan xüsusatlarına və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və işin hallarını tam araşdırmadan iddia tələbini təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2-1(118)- 215/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2-1(118)-215/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-68/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-68/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver