Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-682/2022 02.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2-1(118)-1872/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası, Qusar rayonu, Ləyər-Qışlaq kəndində anadan olmuşdur. Sumqayıt şəhəri, 26-cı məhəllə, məh.,4/10,11 ünvanında qeydiyyatdadır. (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). AR DİN-in DQ-ın Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli, 1566 “Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən iddiaçıda “Partlayış travması (xx.xx.2020):Sol yuxarı ətrafın çoxsaylı odlu silah qəlpə yaralanması. Sol bazu sümüyünün 1/3-nin açıq qəlpəli, yerdəyişmiş sınığı, sol bazu və sol saidin yuxarı 1/3-nin yumşaq toxuma defetli yaralanması. Yaraların birincili cərrahi işlənməsi, sol bazu sümüyünün eksternal fiksatorla osteosintezi (xx.xx.2020), yaraların ikincili cərrahi işlənməsiindən (xx.xx.2020) sonrakı bazu sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığından xarici fiksator aparatının çıxarılması (xx.xx.2020). Bazunun ön nahiyəsinin böyük həcmli tam bərkimiş çapıq toxuması. Sol bazunun yuxarı və aşağı nahiyələrinin, sol saidin yuxarı 1/3nin kiçik ölçülü yad cisimləri (metal qəlpələr qoltuqaltı sinirinin hissəvi neyropatiyası. Bazu oynağının kontrakturası, ağrı sindromu ilə. Sol yuxarı ətraf funksiyalarının mülayim dərəcədə pozulması. OS-tor qişanın zədədən sonrakı distrofiyası. Vis OD-1,0 (vahid); Vis OS - 0,2 k/etmir” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” müəyyən edilmişdir. N saylı hərbi hissə komandirinin N sentyabr 2021-ci il tarixli, 231 saylı əmrinə əsasən gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək 3-cu qrup vətən müharibəsi əlili kimi Sumqayıt şəhərində mənzil uçotuna alınmasını xahiş etmişdir. Cavabdeh 01 mart 2022-ci il tarixli, S-22-068 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, o, Qusar rayonundan qeydiyyatdan çıxaraq, 2022-ci ildə qohumuna məxsus yaşayış sahəsi 34,96 kv.m-dən ibarət 2 otaqlı ünvan 6-ə qeydiyyata düşmüşdür. Qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Qeyd edilən səbəbdən müraciətin müsbət həlli mümkün olmamışdır. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdehin 25 aprel 2022-ci il tarixli, S-22/3-174 saylı və 13 may 2022-ci il tarixli, S-22/2-068/2 saylı məktubları ilə müraciətə eyni məzmunda imtina cavabı verilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 4 (dörd) nəfər ailə üzvü tərkibi ilə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 iyul 2013-cü il tarixdən N sentyabr 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsində hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatlarına qatılmış, 02 oktyabr 2020-ci il tarixdə yaralanmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sol yuxarı ətrafın çoxsaylı odlu silah qəlpə yaralanmaları, sol bazu sümüyünün orta 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığı, sol bazunun və sol saidin yuxarı 1/3-nin yumşaq toxuma deffektli qəlpə yaralanmağı üzrə birinci cərrahi işlənməsi, sol bazu sümüyünün ekstremal fıksatorla osteosintezi, yaraların ikinci cərrahi işlənməsindən sonrakı bazu sümüyünün orta 1/3-i qeyri-düzgün bitişmiş sınığından xarici fıksator aparatının çıxarılması cərrahi əməliyyatları aparılmışdır. AR DİN-in Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının 23 iyun 2021-ci il tarixli 1566 nömrəli qərarına əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. DİN-in Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin N sentyabr 2021-ci il tarixli, 231 saylı əmri ilə Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ya müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr 2021-ci il tarixinə kimi hərbi xidmətdə olduğu dövrdə mənzillə təmin edilmədiyi üçün 10 iyun 2014-cü il tarixli və 05 mart 2022-ci il tarixli müqavilələrə əsasən, ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışdır. 2012-ci il təvəllüdlü oğlu Səfərli Rəşad Sakin oğlu Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və halhazırda da həmin məktəbin 4-cü sinfində oxuyur. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərancamının tələblərini nəzərə alaraq mənzil növbəsinə qəbul edilməsi məqsədi ilə 01 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Heab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər. Şəxsin yaşayış yeri, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 17 mart 2022-ci il tarixli, 91 saylı arayışına əsasən, gizir İddiaçı 25 yanvar 2022-ci il tarixdən SHXŞDX-in Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır. 10 iyun 2014-cü il tarixli və 5 mart 2020-ci il tarixli kirayə müqavilələrinə əsasən iddiaçı 31 iyul 2013-cü il tarixdən bu günə kimi ailəsilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışdır və hal-hazırda da yaşayır. Beləliklə, o, daha çox yaşadığı, daimi yaşayış yeri olan Sumqayıt şəhərində ailəsilə birlikdə kirayədə yaşamışdır. Hərbi xidməti başa vurduqdan sonra da Sumqayıt şəhərində yaşamışdır və yaşamaqda davam edirlər. Mənzil Məcəlləsinin 52-ci maddəsinin məzmunu yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verərək vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri barədədir. İddiaçı ailəsi ilə birlikdə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 2-ci maddəsinə və AR Mülki Məcəlləsinin 27.1ci maddəsinə əsasən, hərbi xidmətdən istefaya buraxıldıqdan sonra əvvəllər qeydiyyatda olduğu Qusar rayonundan qeydiyyatda çıxaraq, 31 iyul 2013-cü il tarixdən bu günə kimi ailəsilə birlikdə daha çox yaşadığı, daimi yaşayış yeri üzrə Sumqayıt şəhərinə qeydiyyata alınmaqla, Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verməmişdir. İddiaçı və ailəsi yaşayış şəraitlərini qəsdən pisləşdirməmiş və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verməmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü gizir İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək AR DİN-in Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etmişdir. DİN-in 28 06.2021ci il tarixli 103 ş/h nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Hərbi qeydiyyata alınmaq üçün xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən SHXÇDXin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyata alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 4 nəfər ailə üzvü tərkibi ilə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, N sentyabr 2021-ci il tarixində hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmış, buna görə də 2022-ci il tarixdə Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 16. Sosial inkişaf və dövlət 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43. Mənzil hüququ ... 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
2. ... Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
Mülki Məcəllə: Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətədaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətədaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhərində mənzil uçotuna götürülməsindən imtinası təşkil edir. Cavadehin imtina məktubu, habelə iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlilləri iddiaçının Qusar rayonundan qeydiyyatdan çıxaraq, 2022-ci ildə qohumuna məxsus Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 4/10 ünvanında yerləşən 11 saylı mənzilə qeydiyyata düşməsidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı Qusar rayonunda qeydiyyatda olduğu 31 iyul 2013-cü il tarixdən N sentyabr 2021ci il tarixlərində onun faktiki yaşayış yerinin Sumqayıt şəhəri olduğu müəyyən edilir. Hazırki iş üzrə iddiaçı formal olaraq Qusar rayonunda qeydiyyatda olsa da, DİN-in Daxili Qoşunlarında Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr 2021-ci il tarixinə kimi hərbi xidmətdə olmuşdur. Bu isə onun həmin dövrlərdə Qusar rayonunda yaşamasını istisna edir. İddiaçı 31 iyul 2013-cü il tarixdən N sentyabr 2021-ci il tarixinə kimi DİN-in Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsində hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatlarına qatılmış, 02 oktyabr 2020-ci il tarixdə yaralanmış və ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. DİN-in Daxili Qoşunlarının Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr 2021-ci il tarixinə kimi hərbi xidmətdə olduğu dövrdə mənzillə təmin edilmədiyi üçün 10 iyun 2014-cü il tarixli və 5 mart 2022-ci il tarixli müqavilələrə əsasən, ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçının cavabdeh inzibati orqanın istinad etdiyi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş şəxs kimi nəzərə alınmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin sonuncu abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi iddiaçının məhz seçdiyi yaşayış yerində mənzillə növbədənkənar təmin olunmasını nəzərdə tutur. Bu hüququn reallaşdırılması üçün isə iddiaçının mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi zəruridir. İddiaçı da məhz bu hüququnun reallaşdırılması məqsədi ilə 2013-cü ildən yaşadığını iddia etdiyi Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyata alınmış və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün cavabdehə müraciət etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. (Maddə 5). Qeyd olunan Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. İddiaçı dəlillərində 2013-cü ildən Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayə yaşadığını, oğlunun Sumqayıt şəhərində orta məktəbə getdiyini bildirmiş, habelə N sentyabr 2021-ci il tarixində hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxıldığını, buna görə də 2022-ci il tarixdə Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyata alındığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunları N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 175 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixinədək DİN Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etmişdir. 10 iyun 2014-cü il tarixli kirayə müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 23 saylı mənzili 3 il müddətinə, 05 mart 2021-ci il tarixli kirayə müqaviləsinə əsasən isə X4 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 11 saylı mənzili 2 il müddətinə iddiaçıya kirayə vermişdir. AR Təhsil Nazirliyi İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli, 11 nömrəli arayışdan görünür ki, iddiaçının oğlu Səfərli Rəşad Sakin oğlu həqiqətən də, 2018-ci ildə məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və hal-hazırda həmin məktəbin 4-cü sinfində oxuyur. AR DİN tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, iddiaçı 25 yanvar 2022-ci il tarixindən ünvan 6 ünvanında qeydiyyatdadır. Qeyd olunmalıdır ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret olaraq sadalanmış, lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməmiş, bununla bağlı nə imtinasında, nə də etiraz və apellyasiya şikayətində hər hansı dəlil irəli sürməmiş, sübutlar təqdim etməmişdir. Cavabdehin istinad etdiyi yeganə hal Mənzil Məcəlləsinin “Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri“ adlanan 52-ci maddəsində nəzərdə tutulmuş haldır ki, həmin normaya görə də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətədaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətədaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Lakin, kollegiya qeyd edir ki, iddiaçı həmin normada nəzərdə tutulmuş “...uçota durmaq hüququnu əldə etmək niyyəti ilə ...yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətə” (məsələn mülkiyyətində olan mənzili satmaq, bağışlamaq və digər qaydada özgəninkiləşdirmək və s.) yol verməmiş, əksinə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun yuxarıda istinad edilən normasında nəzərdə tutulmuş seçdiyi yaşayış yerində mənzillə növbədənkənar təmin olunmaq hüququnu realizə etmək üçün uzun müddətdir yaşadığı, övladının təhsil aldığı Sumqayıt şəhərinə yayşayış yeri üzrə qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, cavabdehin Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməklə iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırılmışdır. İşin yuxarıda qeyd edilən hallarını, iddiaçının 44 günlük vətən müharibəsinin iştirakçısı olmaqla döyüşlərdə xəsarət alaraq üçüncü dərəcə Vətən müharibəsi əlili olmasını, onun özünün uzun müddət Sumqayıt şəhərində yaşamasını və övladının da həmin şəhərdə orta məktəbdə təhsil almasını nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddanın təmin edilməsi ilə bağlı düzgün və ədalətli nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2-1(118)-1872/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.