Məhkəmə qərarları › İş №2-1(105)-735/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-735/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-735/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “müsahibə nəticələrinin ləğv edilməsi və təkrar müsahibədə iştirakının təmin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(118)- 3904/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: xx.xx.2024-cü il tarixli vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan görünür ki, iddiaçıya 4 sual (1. cinayət işi üzrə materialların məhkəmə hazırlıq iclasından geri qaytarılması, 2. inzibati prosesdə apellyasiya icraatı, 3. əməyin mühafizəsi və məsuliyyət, 4. dövlət sərhədlərinin delimitasiya və demarkasiyası) ünvanlanmış, Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən onun cavabları 10 məqbul və 17 qeyri-məqbul olaraq qiymətləndirilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasinin 29 aprel 2024-cü il tarixli, 7 saylı iclas protokolundan çıxarışda qeyd edilmişdir ki, Vəkillərin İxtisas Komissiyası İddiaçı cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək,Vəkillər Kollegiyasında xx.xx.2024-cü il tarixdə iştirakı ilə keçirilmiş şifahi müsahibə qaydalarının pozulmuş hesab edilməsinə, bu səbəbdən ləğv edilməsinə və təkrar müsahibədə iştirakının təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10657/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3916/2024 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10657/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı vəkilliyə qəbulla bağlı test imtahanını keçəndən sonra xx.xx.2024-cü il tarixdə Vəkillər Kollegiyasında şifahi müsahibə mərhələsində iştirak etmişdir. O, komissiya üzvlərinin suallarını cavablandırmışdır. Lakin, onu növbəti 7-ci dəfə üzvlüyə qəbul etməmişlər. O, cavabdehə müraciət edib bunun səbəbini bilmək istəmiş, eyni zamanda protokolla tanış olmaq və aparılmış videogörüntüyə baxmaq istədiyini bildirmişdir. Həmçinin, müsahibə zamanı qaydaların pozulduğunu bildirib ləğv olunmasını və yenidən müsahibədə iştirakını xahiş etmişdir. Ona imtina edilmiş və qiymətləndirmə cədvəlindən çıxarış təqdim olunmuşdur. O, həmin çıxarışı və cavabı xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Cədvəldə 9 nəfər komissiya üzvünün iştirak etdiyi yazılmış, onlar iddiaçının bilik səviyyəsini məqbul hesab etmiş, lakin hüquqi nəticə çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü qeyriməqbul hesab etmişlər. Cəmi nəticə 10 məqbul, 17 qeyri-məqbul yazılmışdır. Şifahi müsahibə mərhələsi zamanı "Vəkillər və vəkillik haqqında'' qanunun 13-cü maddəsinin tələbləri, müsahibə qaydaları pozulmuşdur. Belə ki, müsahibə zamanı komissiya üzvlərindən 7 nəfəri zalda faktiki iştirak etmiş, 2 nəfəri isə videgörüntü vasitəsi ilə müsahibə prosesinə qoşulmuşdur. Müsahibə zamanı həmin 2 nəfər komissiya üzvü iddiaçıya suallar verməmişlər. Müsahibə zamanı videogörüntünün keyfiyyəti zəifləmiş, bir neçə dəfə həmin 2 nəfər komissiya üzvünün görüntüsü donub qalmış, sonra görüntülər bərpa olunmuş, müsahibə mərhələsinin yarısından sonra isə görüntülər tamamilə donub qalmış və müsahibə prosesinin sonunadək bərpa olunmamışdır. O, bu barədə komissiya sədrinə bildirmişdir. Komissiya sədri həmin 2 nəfər şəxsin onları görməsə də, eşitdiyini söyləmişdir. Növbəti dəqiqələrdə məlum oldu ki, həmin 2 nəfər komissiya üzvü nə onları görür, nədə ki eşidir. Müsahibə prosesinin sonunadək həmin şəxslərin səsi çıxmamış və görünməmişlər. Bu 2 nəfər komissiya üzvünün faktiki olaraq müsahibə prosesində iştirakı təmin olunmamışdır. Belə olan halda onların iddiaçını necə qiymətləndirmələri başadüşülən deyildir. Digər tərəfdən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda ixtisas komissiyası üzvlərinin videomüşahidə vasitələri ilə müsahibə prosesinə qoşulmaları nəzərdə tutulmamışdır. Üzvlərin videomüşahidə vasitələri ilə müsahibəyə qoşulmaları Vəkillər Kollegiyasının müvafiq qaydasında nəzərdə tutulmuşdur ki, bu da qeyd olunan qanunun tələbləri ilə üst-üstə düşmür. Beləliklə də, şifahi müsahibə zamanı ixtisas imtahanı qaydaları pozulmuşdur. İddiaçını qiymətləndirən 2 nəfər komissiya üzvü müsahibə zamanı müsahibə aparılan zalda iştirak etməmişlər. Bu səbəbdən verilmiş qərar ləğv olunmalı və iddiaçının yenidən müsahibə mərhələsində iştirakı təmin olunmalıdır. Belə ki, o, 2008-ci ildən, yəni 15 ildir ki, vəkillər kollegiyasına sənəd verir. Bu müddət ərzində 8 dəfə testdə iştirak etmiş və 7 dəfə kifayət qədər çətin olan testləri keçmişdir. 7 dəfə şifahi müsahibədən yalançı bəhanələrlə kəsilmişdir. İddiaçı həmişə hüquq sahəsində işləmişdir. O, 2008-ci ildən müstəqil olaraq öz hüquq ofisini açmış və orada hüquqi xidmət göstərməklə məşğuldur. Onun hüquq sahəsi üzrə kifayət qədər təcrübəsi vardır. 2018-ci ildə nümayəndəlik fəaliyyəti ləğv olunandan sonra məhkəmə işlərinə çıxa bilmir. İddiaçının fəaliyyəti faktiki olaraq dayandırılmış və o, işsiz qalmışdır. Onun qazancı azalmış və maddi problemlərlə üzləşmişdir. Hüquqşünas olaraq peşəsi üzrə işləyə bilmir və əmək hüquqları pozulmuşdur. O, məhkəmələrə çıxmaq, istintaq və təhqiqatda iştirak etmək, Ali və Konstitusiya icraatlarında çıxış etmək və ixtisası üzrə tam fəaliyyət göstərmək istəyir. O, əziyyətlə oxuyub təhsil almış, ən çətin işlərdə işləyib təcrübə qazanmış, zəhməti ilə müştəri bazası toplamışdır. Lakin, 15 ildir ki, ona peşəsi üzrə işləməyə icazə verilmir. O, Azərbaycan Respublikasının müharibə veteranıdır. 1993-1997-ci illərdə, 4 il döyüşən orduda müddətli həqiqi hərbi xidmətdə olmuş və döyüşlərdə iştirak etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “müsahibə nəticələrinin ləğv edilməsi” tələbi tamamilə əsassız və qeyri-obyektivdir. Belə ki, iddiaçı öz tələbini onunla əsaslandırmağa çalışmışdır ki, vəkilliyə qəbulla bağlı 29 aprel 2024-cü il tarixdə Vəkilər Kollegiyasında keçirilmiş şifahi müsahibə mərhələsində müsahibə qaydaları pozulduğundan, həmin müsahibənin ona münasibətdə nəticələri ləğv edilməlidir. Həmin pozuntular kimi iddiaçı müsahibə zamanı ixtisas komissiyası üzvlərindən 7 nəfərinin zalda iştirak etdiyi halda, iki nəfər komissiya üzvünün videogörüntü vasitəsi ilə müsahibə prosesinə qoşulduğunu, həmin iki nəfər komissiya üzvünün qoşulduğu videogörüntülərin keyfiyyətisiz olduğunu, bu səbəbdən onların faktiki olaraq müsahibə prosesində iştirak etmədiklərini qeyd etmiş, eləcə də qanunvericilikdə, o cümlədən “Vəkillər və vəkillik fəaliyəti haqqında” Azərbaycan Respublikası Qanununda ixtisas komissiyası üzvlərinin videomüşahidə vasitələri ilə müsahibə prosesinə qoşulmalarının nəzərdə tutulmadığını göstərmişdir. İddiaçının 29 aprel 2024-cü il tarixdə Vəkilər Kollegiyasında keçirilmiş şifahi müsahibə nəticələrinin ləğv edilməsi ilə bağlı dəlilləri qanuni və əsaslı deyildir. İlk növbədə qanunvericiliyin tələblərinə cavab verən namizədlərin vəkilliyə qəbulu “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Vəkillər X3 7 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” ilə tənzimlənir.'Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azıərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır.İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X2 müvafiq rəy təqdim edir. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 2.1 -ci bəndinə əsasən ixtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilir ki, həmin Komissiyanın tərkibi də beş vəkil, üç hakim və üç hüquqşünas alimdən formalaşmaqla 11 nəfərdən ibarət olur. Qeyd edilən Qaydaların 2.4cü bəndində birbaşa göstərilmişdir ki, Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyətli sayılır və qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul olunur. Adı çəkilən Qaydaların 5.3-cü bəndinin tələblərinə əsasən namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar verilə bilər. Qaydaların 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolada müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən isə Komissiyanın qərarı ilə şifahi müsahibə videokonfrans formatında keçirilə bilər. Göründüyü kimi, qanunvericiliklə vəkillər kollegiyasının üzvlüyünə qəbul olunmasının müvafiq prosedur qaydaları müəyyən edilmişdir. İş materillarında olan sənədlərdən görünür ki, Vəkillərin İxtisas Komissiyasının 29 aprel 2024-cü il tarixdə keçirilmiş şifahi müsahibə mərhələsində iddiaçının cavabları “qeyri-məqbul” olaraq qiymətləndirilmişdir. İddiaçının komissiya üzvlərindən 7 nəfərinin müsahibədə iştirak etməsi ilə bağlı müsahibə nəticələrinin etibarsız sayılmasına dair dəlili ilə əlaqədar bildirir ki, hətta digər komissiya üzvlərinin iştirak etməməsi halında belə, 7 nəfər üzvün iştirakı həmin islasın səlahiyyətli olduğunu təsdiq edir. Belə ki,sözügedən iclasda Komissiya üzvlərinin üçdə iki hissəsinin iştirakı təmin edilməklə yetərsaya nail olunmuşdur. Həmçinin, sözügedən Qaydalardan da görünür ki, şifahi müsahibə videokonfrans formatında keçirilə bilər və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azıərbaycan Respublikasının Qanununda şifahi müsahibənin videokonfrans formatında keçirilməsini istisna edən yaxud buna qadağa qoyan hər hansı müddəa mövcud deyildir. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi, Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir, yəni iddiaçının müsahibə zamanı verdiyi cavablar Komissiya üzvləri tərəfindən müvafiq fikir mübadiləsi aparıldıqdan sonra qiymətləndirilmişdir. İddiaçı müsahibənin nəticəsində verdiyi cavabların “qeyriməqbul” qiymətləndirilməsi ilə razı olmadığını bildirsə də, bunun Komissiya üzvlərinin keçirilmiş şifahi müsahibə qaydalarının pozulması nəticəsində baş verdiyini hər hansı şəkildə sübuta yetirə bilməmişdir. İddiaçının keçirilmiş şifahi müsahibə zamanı suallara verdiyi cavabların “məqbul” və ya “’qeyri-məqbul” qiymətləndirilməsi ilə bağlı məsələnin məhkəmə tərəfindən yoxlanılması tələbi isə məhkəmənin səlahiyyətində və imkanında olmadığından məhkəmə tərəfindən bu hallar müdaxilə edilə bilinməz. İddiaçı tərəfindən Vəkillərin İxtisas Komissiyasının 29 aprel 2024-cü il tarixdə keçirilmiş şifahi müsahibə mərhələsində müsahibənin keçirilmə qaydalarının pozulmasını sübuta yetirən hər hansı hal aşkar edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı və ədalətli sayıla bilməz. Sadalananlarla əlaqədar olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “müsahibə nəticələrinin ləğv edilməsi” tələbi əsassız olduğundan,həmin tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(118)-3904/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Qəşəm Məmmədli). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, keçirilmiş məhkəmə iclaslarında şifahi müsahibənin video görüntüsünə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, müsahibə başlamadan əvvəl iddiaçı iki nəfər komissiya üzvünün videokonfrans əlaqə sistemi vasitəsilə müsahibədə iştirak edəcəyi barədə xəbərdar edilmiş və İddiaçı həmin üzvlərin videokonfrans əlaqə sistemi vasitəsilə iştirak etmələrinə etiraz etməmişdir. Həmin şəxslərin şifahi müsahibənin gedişində müəyyən vaxtlarda kameraları bağlamaları onların müsahibədə iştirak etməmələri kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı hissəsinə əsasən üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir. Yəni İxtisas Komissiyasının yeddi nəfər üzvünün şifahi müsahibədə iştirak etməsi onun səlahiyyətli olması üçün kifayətdir. Həmçinin şifahi müsahibədə videokonfrans əlaqə sistemi vasitəsilə iştirak etmiş üzvlərin qiymətləndirilməsi nəzərə alınmayacağı təqdirdə, iddiaçının şifahi müsahibə nəticələri dəyişməz olaraq qalır. Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi iləeyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. (-) İİİ. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Maddə 11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti (-) İİİ. Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; (-) İxtisas Komissiyasına üzvlər təyin edir; İxtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; (-). Maddə 13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (-) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X2 müvafiq rəy təqdim edir. (-) Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (-) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”: Bənd 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. (-) 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı (-) Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (-). Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2024-cü il tarixli vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışa əsasən iddiaçıya 4 sual (1. cinayət işi üzrə materialların məhkəmə hazırlıq iclasından geri qaytarılması, 2. inzibati prosesdə apellyasiya icraatı, 3. əməyin mühafizəsi və məsuliyyət, 4. dövlət sərhədlərinin delimitasiya və demarkasiyası) ünvanlanmış, Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən onun cavabları 10 məqbul və 17 qeyriməqbul olaraq qiymətləndirilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasinin 29 aprel 2024-cü il tarixli, 7 saylı iclas protokoluna əsasən Vəkillərin İxtisas Komissiyası İddiaçı cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir. Hazırda iddiaçı müsahibə nəticələrinin ləğv edilməsi və təkrar müsahibədə iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V hissələri, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətinin peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Məhkəmə kollegiyası razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. Qanunverici İPM-nin 73.3-cü maddəsində məhkəmənin iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməsi səlahiyyətini istisna edən ümumi qəbul edilmiş qaydadan istisnalar müəyyən etmişdir. Belə ki, 73.3.1-ci maddəyə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, 73.3.2-ci maddəyə əsasən isə inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları” nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. Belə ki, İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə peşə hazırlığı və yararlılığının müəyyən edilməsi, qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Qanunvericilik məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. İddiaçı apellyasiya şikayətinin dəlillərində tələbinin əsası kimi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsində təsbit edilmiş normaya istinad etmişdir. Həmin normaya əsasən vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. Maddənin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, normada qeyd edilən “qanunvericilik” mənasında komissiyanın qərarının inzibati icraatla bağlı hüquq normalarının tələblərinə uyğun qəbul edilibedilməməsinin yoxlanılması, “ixtisas imtahanı qaydaları” dedikdə isə yuxarıda qeyd olunan müvafiq prosedur qaydaların tətbiqinin düzgünlüyünü ilə bağlı şikayətin mümkünlüyü başa düşülür. Yəni, bununla bağlı məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. Belə ki, İPM-nin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü adlanan 74cü maddəsində göstərilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş və əsaslandırılmış nəticəyə gəlmişdir. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, keçirilmiş məhkəmə iclaslarında müsahibənin video görüntülərinə baxış zamanı müəyyən olunmuşdur ki, müsahibə başlamazdan əvvəl iddiaçı komissiyanın iki üzvünün videokonfrans vasitəsilə iştirak edəcəyi barədə məlumatlandırılmış və bu barədə heç bir etiraz bildirməmişdir. Videokonfransla iştirak edən üzvlərin müəyyən vaxtlarda kameralarını bağlamaları onların müsahibədə iştirak etmədikləri mənasına gəlmir və bu, onların qiymətləndirmələrinə təsir etmir. Bundan əlavə, Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununun 13-cü maddəsinin 6-cı hissəsinə əsasən, üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Bu o deməkdir ki, komissiyanın şifahi müsahibəsində fiziki olaraq yeddi üzvün iştirak etməsi onun səlahiyyətli sayılması üçün kifayətdir. Eyni zamanda, kollegiya qeyd edir ki, b "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir və onun səlahiyyətli olması üçün üzvlərinin üçdə iki hissəsi iştirakı kifayət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin maddəyə istinad edərək vurğulamışdır ki, qanunvericilikdə İxtisas Komissiyasının səlahiyyətli olması üçün yetərsayın olması (üzvlərinin üçdə iki hissəsi) qeyd edilmiş, hər hansı bir üzvünün iştirakı zəruri hesab edilməmişdir. Nəticə etibarilə, kollegiya hesab edir ki, İxtisas Komissiyası müvafiq iclasını qanunvericiliyin tələblərinə uyğun olaraq keçirmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(118)-3904/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar