Məhkəmə qərarları › İş №2-1(105)-744/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-744/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-744/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(118)-1787/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun “törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu” üçün ehtiyata buraxılması ilə bağlı cavabdehin xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməsi, ehtiyata buraxılarkən tutduğu vəzifədən aşağı olmayan vəzifə təmin edilməklə həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(118)-1787/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. (hakim İ.Quliyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, sənədlərin geri qaytarılması işə baxan məhkəmə tərəfindən ona təklif olunmuş, yəni bunu könüllü olaraq xahiş etməmişdir. Mahiyyətini başa düşmədiyindən səhvən həmin ərizəni təqdim etmişdir. İddianın geri götürülməsinin onun ziyanına olduğunu sonradan vəkili ilə məsləhətləşdikdən sonra həmin gün məhkəmənin dəftərxanasına ərizə təqdim edərək iddianın geri götürülməsi ilə bağlı ərizəsinin geri qaytarılmasını və işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciəti nəzərə alınmayaraq, ona artıq gec olduğunu və məhkəmə iclasının yekunlaşdığını bildirdilər. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin sonuncu iclasında vəkili olmadan iştirak etmiş, bu səbəbdən məhkəmənin hüquqi yardımına uyğun olaraq onun mahiyyətini anlamadan iddianın geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Bundan dərhal sonra isə yenidən həmin məhkəməyə ərizə verərək iddianın geri götürülməsi ilə bağlı ərizəsinin ləğv edilməsini xahiş etmiş, lakin ərizəsi nəzərə alınmamışdır. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən görünür ki, iddiaçının tələbi xx.xx.2017-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə olmuşdur. Birinci instansiya məhkəməsinin 21 iyul 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək mərminin tapılması ilə bağlı hissədə iddiaçı barəsində başlanmış cinayət işinə xitam verilib iddiaçıya bəraət verildiyi halda təkrar müraciət edə biləcəyini bildirmiş və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri götürülməsini təklif etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı məhkəməyə ərizə təqdim etmiş, mübahisələndirilən qərardadla iddiaçının ərizəsi nəzərə alınaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı həmin qərardadla razılaşmayaraq apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, o, aşağı instansiya məhkəməsinin sonuncu iclasında vəkili olmadan iştirak etmiş, bu səbəbdən, məhkəmənin hüquqi yardımından sonra onun mahiyyətini anlamadan iddianın geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Bundan dərhal sonra isə yenidən həmin məhkəməyə ərizə verərək iddianın geri götürülməsi ilə bağlı ərizəsinin ləğv edilməsini xahiş etmiş, lakin ərizəsi nəzərə alınmamışdır. İşdən görünür ki, iddiaçı tərəfindən 21 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın geri götürülməsi ilə bağlı ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iş üzrə icraata xitam verildikdən dərhal sonra məhkəmənin dəftərxanasına ərizə təqdim edərək həmin ərizənin ləğv edilməsi və işə baxılıb qərar qəbul edilməsi ilə bağlı məhkəməyə yenidən müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsinin geri götürülməsinə əsas məhz işə baxan məhkəmənin hüquqi yardımı olmuş, iddiaçı isə onun mahiyyəti tam anlamadan iddiasını geri götürmüşdür. Kollegiya bununla bağlı qeyd edir ki, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən xüsusiyyətlərdən biri məhz İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla yanaşı, İPM-nin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Həmin maddə Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsinin həyata keçirilməsi zamanı tamamlayıcı funksiya daşıdığından əhəmiyyətli norma kimi qiymətləndirilir. Belə ki, İPM-in 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi məhkəmənin yardım etmək vəzifəsinin sərhədləri İPM-nin 13-cü maddəsi və işin hallarının araşdırılması baxımından, həmin Məcəllənin 48-ci maddəsi ilə məhdudlaşdırılmışdır. Həmin maddələrdə hüquqi yardım qaydasında edilə biləcək hərəkətlərin sırasında iddianın geri götürülməsi ilə bağlı bağlı iddiaçıya təklif edilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya qeyd olunan məzmunda hüquqi yardım etməkdə haqlı olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə hazırki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından zəruridir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(118)-1787/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar