Məhkəmə qərarları › İş №2-1(105)-788/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-788/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-788/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı “iddiaçının təsisçisi olduğu “yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-352/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin R/56 saylı, 13 aprel 2023-cü il tarixli “Media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina haqqında” Qərarın surətindən görünür ki, təqdim edilmiş sənəd və məlumatlar araşdırılmaqla belə nəticəyə gəlinmişdir ki, "İddiaçı MİRZƏCAN OĞLU” media subyektinin və "Yenixeber.org" onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmalıdır. Belə ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 74.1.3-cü maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxsin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır. Buna baxmayaraq, "İddiaçı MİRZƏCAN OĞLU" media subyekti və "Yenixeber.org" onlayn media redaksiyası istinad olunan maddənin tələbinə cavab vermir. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Media reyestrinin aparılması Qaydaları"nın 6.5.3-cü yarımbəndinə görə fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının təsisçisi olduğu “yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9616/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı “iddiaçının təsisçisi olduğu “yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi” iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır, 5 iyul 1972-ci il tarixdə anadan olmuş, jurnalistdir, 27 ildən artıqdır ki, peşəkar fəaliyyəti ilə məşğuldur. İddiaçı həmçinin “yenixeber.org” onlayn media subyektinin təsisçisidir. “Yenixeber.org” onlayn media subyekti ictimai-siyasi məzmunlu mediadır. Gündəlik olanları özünün redaksiya siyasətinə uyğun olaraq oxucularına çatdırır. Medianın yaydığı materialların əksəriyyəti media subyektinin özünə məxsusdur. Bəzi hallarda başqa resursların materilları da yayılır, ancaq həmin materialların yayılması zamanı istinad edilir, məlumatlar yenidən işlənilir. Qanunvericiliyə əsasən media subyektləri digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər, abunəlik və ya müqavilə olmadıqda isə digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsi istinad edilməklə istifadə oluna bilər. “Yenixeber.org” həmişə qanunun qeyd edilən maddələrinə əməl etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Media haqqında” Qanuna üzv ölkələrin qanunlarının keyfiyyətini yoxlayan X4 Komissiyası rəy vermiş, həmin rəydə də qanunun qeyd edilən müddəalarının Avropa Şurası standartlarına uyğun gəlmədiyi göstərilmişdir. Komissiyanın rəyində bildirilmişdir ki, yeni xəbər və araşdırma materialı hazırlamaq üçün tələb edilən vaxt nəzərə alınarsa, davamlı fəaliyyətlə bağlı irəli sürülən azı 20 gün və gündəlik azı 20 kütləvi informasiya tələbi olduqca aşırı və lazımsız tələbdir. X5 üzv olan bir dövlətdə medianı tənzimləyən qanununun davamlı fəaliyyətlə bağlı tələbinin ləğv edilməli olduğunu ifadə edir Bundan əlavə, onlayn media subyektinin reyestrə daxil edilməsi üçün irəli sürülən tələblər dövlətin ifadə azadlığı ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərlə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedenti, eləcə də BMT İnsan Hüquqları Komitəsinin təcrübəsi ilə bir araya sığmır. Cavabdehin iddiaçı haqqında çıxardığı imtina qərarı ümumiyyətlə anlaşılmazdır. Həmin qərarda istinad edilən maddələrdə digər mediaların materiallarından istifadədən bəhs edilir. İddiaçı yaydığı kütləvi informasiyalarda bəzi hallarda digər mediaların materillarına istinad edib, ancaq həmin materialları olduğu kimi yaymayıb, bütün hallarda onun üzərində işlənilib, inkişaf etdirilib. Cavabdeh iddiaçın müraciəti üzrə imtina qərarı qəbul edərkən, hər hansı əsaslandırma tətbiq etməmiş, sadəcə, ümumi şəkildə qanunvericiliyə istinad etməklə kifayətlənmişdir. Cavabdeh həmin müddəaların nəyə görə hazırkı konkret işə tətbiq edilməli olmasını əsaslandırmamışdır. Göründüyü kimi, iddiaçı sahibi olduğu onlayn media resursuna özünün yaratdığı, qanunun tələblərinə uyğun sayda kütləvi informasiyalar daxil etmişdir. Həmin kütləvi informasiyalar redaksiyanın özünün yaratdığı kütləvi informasiyalar olmuşdur. Bu baxımdan, kütləvi informasiyalar redaksiyanın özü tərəfindən yaradıldığından cavabdehin imtina qərarındakı əsaslandırmalar, ümumiyyətlə, aktuallığını itirmiş olur. Cavabdeh iddaçının fəaliyyətini geniş şəkildə təhlil etdiyini, onun yaydığı kütləvi informasiyaların məzmununu, qanunun tələblərinə uyğun olub-olmadığını göstərmək üçün resursu ətraflı şəkildə nəzərdən keçirdiyini, fəaliyyətində hansı çatışmazlıqlar olduğunu, reyestrə düşə bilmək üçün bu çatışmazlıqları hansı formada aradan qaldırmalı olduğunu izah etməyib. Qanunun dilinin aydın olmaması və reyestrin idarə edilməsi səlahiyyətinin bütövlükdə cavabdehə verilməsi nəzərə alındıqda, bu məsələdə cavabdehin üzərinə daha çox yük düşürdü, o, ən azı yuxarıda sadalanan mərhələləri keçməli və bunu öz qərarında göstərməli idi. Beləliklə, iddiaçının media subyekti, kimi ifadə azadlığının xüsusiyyətləri və cavabdehə qanunla verilən geniş səlahiyyətlərin işığında, o, imtina qərarını xüsusi həssaslıqla əsaslandırmalı idi. Hazırkı işdə cavabdeh buna əməl etməmiş və iddiaçının ifadə azadlığı hüququnu pozmuşdur. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi onun media sahəsində gələcək fəaliyyətinə ciddi maneələr yaradır. İddiaçı, o cümlədən, media, redaksiya olaraq, bir sıra imkanlardan məhrum edilmiş olur. Əvvəla, reyestrə daxil olmadan fəaliyyət göstərən media redaksiyalarının bir sıra sanksiyalarla - inzibati və bəzi hallarda hətta cinayət məsuliyyəti ilə üzləşmə riski vardır. Hazırkı işdə də iddiaçının reyestrə salınmasından imtina edilməsi qeyri-hüquqi olmaqla heç bir qanuni məqsəd güdmür, demokratik cəmiyyətdə zəruri deyil, hansısa təcili sosial ehtiyaca əsaslanmır və iddiaçının Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə təminat altına alınan ifadə azadlığı hüququnu pozur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı media subyekti və “yenixeber.org” onlayn media redaksiyası istinad olunan qanunun tələblərinə cavab vermədiyindən imtina haqqında qərar qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən “Yenixeber.org” onlayn media redaksiyasının Media Reyestrinə müraciət tarixindən əvvəlki 1 ay ərzində dərc olunan materiallarının ekspertizası həyata keçirilmiş və materiallarında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.2-ci maddələrinin pozulması ilə bağlı aşağıdakı faktlar müəyyən edilmişdir: “Yenixeber.org” veb-saytında 10 mart saat 18:00-da dərc olunan “Azərbaycanda İT mütəxəssisləri niyə çatışmır? adlı material 10 mart saat 17:39-da “Azpolitika.info” vebsaytında; 13 mart saat 09:26-da dərc olunan “Geofizika və Geologiya İdarəsində Ailə Podratı” adlı material 13 mart 08:37-də “Dia.az” veb-saytında; 16 mart tarixdə dərc olunan “Füzuli rayon İcra başçısının subsidiya maxinasiyaları...” adlı material 15 mart tarixdə “Dəryaz.az” veb saytında; 24 mart saat 11:17-də dərc olunan “Krım azadlığı üçün hücum planı...” adlı material 24 mart saat 10:25-də “Ayna.az” veb-saytında; 28 mart saat 09:10-da dərc olunan “İvan, idi domoy” deməyin zamanı – Bakı 2025-i gözləməyə bilər!” adlı material 28 mart saat 09:05-də “Musavat.com” veb saytında; 29 mart saat 22:18-də dərc olunan “Rəşad Əliyev vəzifəsindən çıxarılır?...” adlı material 29 mart saat 14:38-də “Xalqxeber.az” veb saytında; 30 mart saat 23:39-da dərc olunan “Şimalın ifşa olunan planı...” adlı material 30 mart saat 23:12-də “Modern.az” veb-saytında; 31 mart saat 11:48-də dərc olunan “X3 dərman yalanına qəzəbin səbəbi: Talıbov izi” adlı material 31 mart saat 10:19-da “Aztoday.az” veb-saytında; 4 aprel saat 09:09-da dərc olunan “Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlirdelimitasiya başlayır?” adlı material 4 aprel saat 08:50-də “Musavat.com” vebsaytlarında yerləşdirilmiş, həmin saytlardan olduğu kimi götürülərək dərc edilmişdir. İddia ərizəsinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmaması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması hissəsi hazırkı mübahisənin və məhkəmə baxışının predmeti olmadığından həmin hissəyə qiymət verilməsinin məhkəmənin mülahizəsinə buraxılması bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-352/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdehin istinad etdiyi məlumatlar internet resurslarında vebsaytların səhifələrinə daxil edilməklə (məhkəmə iclas katibinin vasitəsilə və iddiaçının, o cümlədən cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı ilə) araşdırılmışdır. Eyni zamanda, cavabdeh tərəfindən istinad olunmuş məlumatların olduğu CD-yə (Compact Disk) baxış keçirilmişdir. “Media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina haqqında” qərarın qəbul edilməsinə əsas olmuş iş materialına əlavə edilmiş sənədlərə daxildir: “Xalqxeber.az” veb-saytında dərc olunan “Rəşad Əliyev vəzifəsindən çıxarılır? – İdarə rəisi Adil Kərimlinin islahatlarından təşvişə düşüb?” adlı məqəladən elektron çıxarış. “Müsavat” veb-saytında dərc olunan ““İvan, idi domoy!” deməyin zamanı – Bakı 2025-i gözləməyə bilər!” adlı məqalədən elektron çıxarış. “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” adlı məqalədən elektron çıxarış. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Azərbaycanda İT mütəxəssisləri niyə çatışmır? - “İKT güzəştlər paketi gec qəbul olunsa da ...” məqaləsinin “azpolitika.info” vebsaytında dərc edilmiş “Azərbaycanda İT mütəxəssisləri niyə çatışmır? - “İKT güzəştlər paketi gec qəbul olunsa da ...” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” vebsaytında dərc edilmiş “Geofizika və Geologiya İdarəsində Ailə Podratı - De-Fakto” məqaləsinin “dia.az” veb-saytında dərc edilmiş “Geofizika və Geologiya İdarəsində Ailə Podratı - Bu nədi belə?” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Füzuli Rayon İcra başçısının subsidiya maxinasiyaları “Köhnə” şəhid ailələri ilə “təzə” qaziləri üz-üzə qoyub - Video” məqaləsinin “dəryaz.az” veb-saytında dərc edilmiş “Füzuli Rayon İcra başçısının subsidiya maxinasiyaları “Köhnə” şəhid ailələri ilə “təzə” qaziləri üz-üzə qoyub- Video” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” məqaləsinin “ayna.az” veb-saytında dərc edilmiş “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş ““İvan, idi domoy!” deməyin zamanı - Bakı 2025-i gözləməyə bilər!” məqaləsinin “Müsavat” veb-saytında dərc edilmiş ““İvan, idi domoy!” deməyin zamanı - Bakı 2025-i gözləməyə bilər!” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Şimalın ifşa olunan planı: X7 həbs edəcəkmi?” məqaləsinin “modern.az” veb-saytında dərc edilmiş “Şimalın ifşa olunan planı: X7 həbs edəcəkmi?” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “X3 dərman yalanına qəzəbin səbəbi: Talıbov izi - De-Fakto” məqaləsinin “aztoday.az” vebsaytında dərc edilmiş “X3 dərman yalanına qəzəbin səbəbi: Talıbov izi - De-Fakto” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlir - delimitasiya başlayır?” məqaləsinin “Müsavat” vebsaytında dərc edilmiş “Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlir - delimitasiya başlayır?” məqaləsi ilə müqayisəli video. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, əslində cavabdeh Media Agentliyi qanun qəbul edilənə qədər müntəzəm fəaliyyət göstərmiş, reyestrdə qeydiyyatdan keçmək istəyən şikayətçini avtomatik olaraq Media Resyetrində qeydiyyatdan keçirməli, ardınca onun fəaliyyətinin qanuna uyğun olub-olmadığını nəzarət etməli idi. Cavabdeh Media Agentliyi bunu etməməklə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsini, xüsusilə də həmin maddənin 7-ci bəndini kobudcasına pozmuşdur. ... Məhkəmədə “Media haqqında” qanunun keyfiyyətini- onun Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olmamasını da mübahisələndirmişdir. Məhkəmə, şikayətçinin “Media haqqında” Qanunun keyfiyyəti ilə bağlı dəlillərinə də ümumiyyətlə münasibət bildirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə qarşı etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməədn saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 50. Məlumat azadlığı İ. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. İİ. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. İİİ. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir “Media haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar; 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs; 1.1.4. journalist - əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs; (-) 1.1.7. onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı vebsaytda yayımlayan media; 1.1.8. informasiya agentliyi -kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media; (-) Maddə 4. Media sahəsində dövlətin vəzifələri 4.1. Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır: 4.1.1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək; 4.1.2. Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq; 4.1.3. istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq; 4.1.4. medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək; 4.1.5. media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq; 4.1.6. media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq; 4.1.7. Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək; 4.1.8. ictimai yayımın təmin olunması üçün şərait yaratmaq. Maddə 13. İnformasiyadan istifadə edilməsi 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. 13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir. 13.4. Bu Qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımır. 13.5. Audiovizual proqramlardan istifadə bu Qanunun 38-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. 13.6. Bu Qanunun 38.2-ci və 38.3-cü maddələrinin tələbləri pozulduqda proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçı Şuraya müraciət edə bilər Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər 14.1. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir: 14.1.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir; 14.1.2. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir; 14.1.3. dövlət dili normalarına riayət edilməlidir; 14.1.4. irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir; 14.1.5. terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir; 14.1.6. əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir; 14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir; 14.1.8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir; 14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; 14.1.10. sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır; 14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir; 14.1.12. parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir; 14.1.13. pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir; 14.1.14. qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir; 14.1.15. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir; 14.1.16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir. 14.2. Yerüstü yayımçı proqramlarında bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir. 14.3. Yerüstü yayımçı proqramlarında yalnız Şuranın razılığı ilə digər dillərdən istifadə edə bilər. Maddə 15. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar 15.1. Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir: 15.1.1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına; 15.1.2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına; 15.1.3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına; 15.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına; 15.1.5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına; 15.1.6. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına; 15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına. 15.2. Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. 15.3. Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır: 15.3.1. insan həyatının müdafiəsi üçün; 15.3.2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün; 15.3.3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün. 15.4. Bu Qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır. Maddə 16. Xarici mənbələrdən alınan informasiyanın yayılması 16.1. Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının hüquqi şəxslərinin xarici mənbələrdən, o cümlədən xarici media subyektlərindən birbaşa məlumat əldə etmək hüququ vardır. 16.2. Azərbaycan Respublikasında yerüstü yayım üçün nəzərdə tutulmuş radiotezliklərdən istifadə olunmaqla xarici televiziya və radio proqramlarının yayımlanmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. 16.3. Redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. Bu müqavilələrdə xarici çap mediası məhsulunun yayılması qaydası nəzərdə tutulmadıqda, bu məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 25. Media subyektləri 25.1. Media subyektləri aşağıdakılardır: 25.1.1. audiovizual media subyektləri; 25.1.2. çap mediası subyektləri; 25.1.3. onlayn media subyektləri; 25.1.4. informasiya agentlikləri. Maddə 26. Media subyektinə dair tələblər 26.1. Media subyektinə dair tələblər aşağıdakılardır: 26.1.1. təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; 26.1.2. təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır; 26.1.3. media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, bu Qanunun 26.3-cü maddəsinin tələblərinə cavab verməlidır. 26.2. Bu Qanunun 26.1.1-ci və 26.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir. 26.3. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər: 26.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər; 26.3.2. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər; 26.3.3. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər. 26.4. Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər. 26.5. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. 26.6. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən 1 (bir) ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə 1 (bir) ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər 1 (bir) ay müddətində Şuraya təqdim olunmalıdır. 26.7. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir. 26.8. Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə bu Qanunun 26.1.1-ci və 26.3-cü maddələrinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”: 1.2. Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. (-)

2. Əsas anlayışlar 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. reyestr – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı; 2.1.2. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldə etmək və ya informasiyadan istifadə hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, media subyektləri, habelə digər hüquqi və fiziki şəxslər; 2.1.3. iştirakçı – Reyestrin informasiya proseslərində iştirak edən dövlət orqanları (qurumları); 2.1.4. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin aparılmasını təmin edən Agentlik; 2.1.5. Media Reyestri şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) – media subyektlərinə, o cümlədən onların redaksiyalarına dair məlumatların Reyestrə daxil edilməsini təsdiq edən sənəd; (-)

3. Reyestrin fəaliyyət prinsipləri 3.1. Reyestr Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır: 3.1.1. istifadə rahatlığı – Reyestrdən istifadənin və məlumat mübadiləsinin əlavə əməliyyatlar aparılmadan təmin edilməsi; 3.1.2. fasiləsizlik – Reyestrdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi; 3.1.3. operativlik – Reyestrdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı proseslərinin sürətli şəkildə həyata keçirilməsi; 3.1.4. şəffaflıq – Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

6. Reyestrin aparılması qaydaları 6.1. Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir. 6.2. Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində Reyestrin operatoru çatışmazlıqların olub-olmamasını yoxlayır və çatışmazlıqlar aşkar edilmədikdə Reyestrə daxil edir. 6.3. Təqdim edilmiş məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıqlar müəyyən edildikdə, müraciət edən şəxslərə, o cümlədən jurnalistlərə bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş müddətdən gec olmayaraq, çatışmazlıqlar qeyd edilməklə onların aradan qaldırılması barədə elektron qaydada bildiriş göndərilir. Çatışmazlıqlar həmin şəxslər tərəfindən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır. 6.4. Çatışmazlıqlar bu Qaydaların 6.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Agentlik tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal həmin şəxslərin yenidən müraciət etməsinə mane olmur. 6.5. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur: 6.5.1. Qanunun 26.1 – 26.5-ci və 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmadıqda; 6.5.2. fəaliyyəti davamlı olmadıqda (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 6.5.3. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.5.4. hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmadıqda; 6.5.5. fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda; 6.5.6. loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olduqda. 6.6. Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur: 6.6.1. ali təhsili olmadıqda; 6.6.2. fəaliyyət qabiliyyətli olmadıqda; 6.6.3. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə; 6.6.4. məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə; 6.6.5. media subyekti ilə əmək müqaviləsi olmadıqda (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır); 6.6.6. Reyestrə daxil edilməmiş media subyektində işlədikdə; 6.6.7. işlədiyi media subyekti davamlı fəaliyyət göstərmədikdə (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 6.6.8. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.6.9. işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə Qanunun 59.7ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olduqda; 6.6.10. jurnalistika sahəsi üzrə iş stajı 3 (üç) ildən az olduqda və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az fəaliyyət göstərdikdə; 6.6.11. jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etmədikdə; 6.6.12. fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə. 6.7. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. 6.8. Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Agentliyə təqdim olunur və aparılmış dəyişikliklərin yenidən Reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir. (-)

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Hazırki, iş üzrə iddia tələbi iddiaçının təsisçisi olduğu “yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, İddiaçı (media subyekti) və “Yenixeber.org” onlayn media redaksiyası media reyestrinə daxil edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçı barəsində “Media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina haqqında” № R/56 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, “Media haqqında" Azərbaycan Respublikası Qanununun 74.1.3-cü maddəsinə əsasən, Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxsin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır. Buna baxmayaraq, iddiaçı media subyekti və “Yenixeber.org” onlayn media redaksiyası istinad olunan maddənin tələbinə cavab vermir. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən Media Reyestrinə daxil edilmək üçün müraciət şəxslər bu Qanunun 74.1-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.3- cü bəndinə görə fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edilir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin istinad etdiyi məlumatlar internet resurslarında vebsaytların səhifələrinə daxil edilməklə (məhkəmə iclas katibinin vasitəsilə və iddiaçının, o cümlədən cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı ilə) araşdırılma aparılmasını həmçinin cavabdeh tərəfindən istinad olunmuş məlumatların olduğu CD-yə (Compact Disk) baxış keçirilmişdir. “Media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina haqqında” qərarın qəbul edilməsinə əsas olmuş iş materialına əlavə edilmiş sənədlərə daxildir: “Xalqxeber.az” veb-saytında dərc olunan “Rəşad Əliyev vəzifəsindən çıxarılır?– İdarə rəisi Adil Kərimlinin islahatlarından təşvişə düşüb?” adlı məqəladən elektron çıxarış. “Müsavat” veb-saytında dərc olunan ““İvan, idi domoy!” deməyin zamanı – Bakı 2025-i gözləməyə bilər!” adlı məqalədən elektron çıxarış. “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” adlı məqalədən elektron çıxarış. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Azərbaycanda İT mütəxəssisləri niyə çatışmır? - “İKT güzəştlər paketi gec qəbul olunsa da ...” məqaləsinin “azpolitika.info” vebsaytında dərc edilmiş “Azərbaycanda İT mütəxəssisləri niyə çatışmır? - “İKT güzəştlər paketi gec qəbul olunsa da ...” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Geofizika və Geologiya İdarəsində Ailə Podratı - De-Fakto” məqaləsinin “dia.az” veb-saytında dərc edilmiş “Geofizika və Geologiya İdarəsində Ailə Podratı - Bu nədi belə?” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Füzuli Rayon İcra başçısının subsidiya maxinasiyaları “Köhnə” şəhid ailələri ilə “təzə” qaziləri üz-üzə qoyub - Video” məqaləsinin “dəryaz.az” veb-saytında dərc edilmiş “Füzuli Rayon İcra başçısının subsidiya maxinasiyaları “Köhnə” şəhid ailələri ilə “təzə” qaziləri üz-üzə qoyub- Video” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” məqaləsinin “ayna.az” veb-saytında dərc edilmiş “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş ““İvan, idi domoy!” deməyin zamanı - Bakı 2025-i gözləməyə bilər!” məqaləsinin “Müsavat” veb-saytında dərc edilmiş ““İvan, idi domoy!” deməyin zamanı - Bakı 2025-i gözləməyə bilər!” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Şimalın ifşa olunan planı: X7 həbs edəcəkmi?” məqaləsinin “modern.az” veb-saytında dərc edilmiş “Şimalın ifşa olunan planı: X7 həbs edəcəkmi?” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “X3 dərman yalanına qəzəbin səbəbi: Talıbov izi - De-Fakto” məqaləsinin “aztoday.az” veb-saytında dərc edilmiş “X3 dərman yalanına qəzəbin səbəbi: Talıbov izi - De-Fakto” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlir - delimitasiya başlayır?” məqaləsinin “Müsavat” veb-saytında dərc edilmiş “Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlir - delimitasiya başlayır?” məqaləsi ilə müqayisəli video. Belə olan halda cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı deyil. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmış, onlara düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(118)-352/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar