Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-8/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X1 və X2, Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidmətinin nümayəndələri X3 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(118)-1175/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 5 nömrəli və 03 iyun 2005-ci il tarixli, 7 nömrəli iclas qərarları ilə İliç adına kolxozun balansında olmuş, torpaq islahatı zamanı Məlhəm bələdiyyəsinin mülkiyyətinə verilmiş müvafiq olaraq 2,00 ha torpaq sahəsinin tikinti, 17,5 ha torpaq sahəsinin yaşıllaşdırma məqsədi ilə (ümumilikdə 19,5 ha), 10,00 ha torpaq sahəsinin yaşıllaşdırma məqsədi ilə İddiaçı satılması qərara alınmışdır. Məlhəm bələdiyyəsinin sözügedən qərarları ilə iddiaçıya ayrılmış 29,5 ha torpaq sahəsinə dair onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçı DƏDRX-nin 14 saylı Şamaxı Ərazi ərizə ilə müraciət edərək Şamaxı rayonu, Məlhəm kəndində 29,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İnzibati orqan 02 fevral 2022-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin koordinatları JN-698, KOD 41017028 nömrəli dövlət aktı üzrə eynidir, lakin həmin 29,5 ha torpaq sahəsinin 2,5 ha hissəsi JN-193 nömrəli dövlət aktına əsasən digər mülkiyyətçiyə məxsus pay torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi bələdiyyə tərəfindən satılmasına baxmayaraq, elektron baza xəritəsində dövlət meşə fonduna aid edilmişdir. Verilən imtina ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, AR DTXK tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə qeydiyyata alınmış 29,5 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 12 may və 03 iyun 2005-ci il tarixli qərarları ilə ona 19,5 ha və 10 ha torpaq sahələrinin alq-satqı qaydasında satılması qərara alınmışdır. Torpaq sahələrinin normativ qiyməti müəyyən edilərək DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən satılması nəzərdə tutulmuş ümumilikdə 29,5 ha torpaq sahəsinin Məlhəm Bələdiyyəsinin mülkiyyətinə aid olması və alqı-satqı predmetinin olması, habelə iddiaçıya satılmasının qanunauyğunluğu barədə rəylər verildikdən sonra Məlhəm bələdiyyəsi, DTXK-nin Şamaxı rayon şöbəsi ilə aralarında üçtərəfli “Torpaqların alqı-satqısına dair” aktlar imzalanmışdır. Bundan sonra iddiaçının adına 29,5 ha torpaq sahəsinə dair 22 iyun 2005-ci il tarixdə JN- 0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyət hüququna dair” Dövlət aktı verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Məlhəm bələdiyyəsinin qərarları, DTXK-nin Şamaxı rayon şöbəsinin rəyləri, həmçinin, “Torpağa mülkiyət hüququna dair” Dövlət aktında mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilməsinə baxmayaraq cavabdeh elektron baza xəritəsində dövlət meşə fondu torpaqlarına aid olduğunu bildirir. Halbuki, torpaq sahəsinə dair sənədlərə diqqət yetirildikdə müəyən olunur ki, həmin ərazi meyvə bağı və baxımsızlıqdan yararsız vəziyyətə düşərək kolluqdan ibarət bələdiyyə torpaqlarından ibarətdir. Habelə, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət tərəfindən tanınaraq qeydiyyata alınmış və ona JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyət hüququna dair” Dövlət aktı verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbinin həcmini azaldaraq AR DTXK tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə qeydiyyata alınmış 29,5 ha torpaq sahəsinin 27,0 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(118)-1175/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş JN-0698 KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçıya məxsus 29,5 ha torpaq sahəsinin 27,0 ha hissəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli torpaq sahəsinin meşə fonduna aid olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin özünün etirazında bildirdiyi kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi başqa şəxsə pay torpağı kimi ayrılmış, həmin şəxs dövlət aktı əsasında ona məxsus torpaq sahəsinin bir hissəsini alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmiş, qalan 5.03 ha hissəsi ona yenidən dövlət aktı verilmişdir. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsi meşə fonduna aid olmuş olsa idi, pay torpağı kimi vətəndaşa ayrıla bilməzdi. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Şamaxı rayonu Məlhəm bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05 nömrəli və xx.xx.2005-ci il tarixli, 06 nömrəli qərarları ilə iddiaçıya 2,0 ha tikinti, 27,50 ha yaşıllaşdırma məqsədilə satılan, ümumilikdə, 29,50 ha torpaq sahəsinin dövlət meşə fonduna aid olmasını və həmin torpağın qanunvericiliyin tələbinə əsasən xüsusi mülkiyyətə verilməsinin qadağan olunmasını nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi istər ayrılarkən, istərsə də sənədləşmə aparılarkən mübahisəli torpağın meşə fonduna aid olması müəyyən edilməmişdir. Birincisi, Məlhəm Bələdiyyəsi yalnız bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini ayıra bilər, torpaq ayrılan zaman artıq torpaq islahatı yekunlaşmışdır, torpaqlar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmişdir. X11 də bu prinsipə əsaslanaraq özünə məxsus sahədən iddiaçıya torpaq sahəsi ayırmışdır. Belə ki, iş materiallarından görünür ki, torpaq sahəsi ayrılarkən bələdiyyə ilə bərabər digər qurumlar, o cümlədən dövlət orqanları da sözügedən torpaq sahəsi (onun təyinatı və s. məsələlər) ilə bağlı rəy və münasibət bildirmişlər. Xüsusilə qeyd olunmalıdır ki, dövləti təmsil edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli icra hakimiyyəti orqanındakı şöbəsi istər torpağın alqı-satqısına dair akt tərtib edilərkən, istərsə də bununla bağlı təqdim edilmiş sənədlərə rəy verərkən bildirmişdir ki, torpaq sahələri bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Bundan sonra dövləti təmsil edən Şamaxı rayon İcra Hakimiyyəti Şamaxı rayonunda bütün səlahiyyətli orqanları təmsil edən idarə və müəssisələrin rəhbərliyindən (o cümlədən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi) ibarət komissiya təşkil etmiş, iddiaçıya bələdiyyə tərəfindən satılmış torpaq sahəsində tikinti aparılmasına etiraz etmədiklərini bildirərək akt tərtib etmişlər. Ayrılmış torpaq sahəsi əgər apellyasiya şikayətində qeyd edildiyi kimi meşə fondu torpağı olsaydı, şikayətdə göstərildiyi kimi qanunvericiliyin tələbinə əsasən özəlləşdirilə və mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alına bilməzdi. Bundan əlavə, apellyasiya şikayətinin dəlillərinin müdafiəsinə xidmət edən sübutlara gəldikdə qeyd olunmalıdır ki, həmin siyahını məhz cavabdeh tərəfi təmsil edən qurumun özü vermiş və ya həmin sənədlər cavabdeh qurumun təqdim etdiyi məlumatlar əsasında verilmişdir ki, obyektivliyi və dürüstlüyü şübhə altındadır. Cavabdeh tərəfin əsaslandığı sübutlara diqqət yetirdikdə belə müəyyən olunur ki, sözügedən sənədlər bir-birinə ziddiyyət təşkil edir. Belə ki, əgər cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda tоrраq sahəsinin еlеktrоn baza xəritəsində dövlət meşə fonduna aid edilməsi göstərilmişdirsə, həmin qurumun xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi kimi məhkəməyə ünvanladığı sənəddə sözügedən torpaq sahəsinin elektron uçot xəritəsində kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq kimi işləndiyi qeyd olunmuşdur. Bundan başqa, bütün məktublarda iddiaçıya ayrılmış 29.5 ha torpaq sahəsinin 2.5 ha hissəsinin JN-193 nömrəli dövlət aktına əsаsəп digər mülkiyyətçiyə məxsus рау torpaq sahəsi ilə üst-üstə düşdüyünü əminliklə bildirirlər. Lakin eyni zamanda 2.5 ha hissəsinin JN-193 nömrəli dövlət aktına əsаsən digər mülkiyyətçiyə məxsus рау torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu üzə çıxır. Hətta həmin torpaq sahəsinə yeni çıxarış verildiyi, həmin sahənin Abşeron rayon notariat kontorunda alqı-satqı predmetini təşkil etdiyi aşkar edilir. Beləliklə, iş üzrə toplanmış sübutlarla müəyyən olunur ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən həmin qərarın ləğv edilməsinə əsas verə biləcək hər hansı hüquq pozuntusuna yol verməmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidməti zəruri cəlb etmə qaydasında, Şamaxı rayonu Məlhəm bələdiyyəsi isə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən dövlət meşə fonduna daxil edilən Şamaxı rayonunun ərazisindəki meşə ilə örtülü torpaq sahələrinə dair xəritələr elektron baza məlumatlarına əsasən hazırlanmışdır, Sovet dövründən olan xəritələrdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamında da Şamaxı rayonu Çuxuryurd təsərrüfatının bəzi hissələrinin meşə fonduna daxil edildiyi göstərilmişdir. İslahatdan sonra Çuxuryurd təsərrüfatının 571 ha hissəsi meşə fonduna verilmişdir, mübahisli torpaq sahəsi də həmin hissəyə düşür və bələdiyyə mülkiyyəti deyil. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X6 da apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Şamaxı rayonu Məlhəm bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 31. Meşə fondu torpaqları
1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. ...
3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər.
4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. ...
6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.
7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində meşələrin yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər.
8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə və yarğanların böyüməsinin qarşısını almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və sənaye mərkəzlərinin ətrafında yaşıllıq zonaları yaratmaq məqsədilə meşə fondu torpaqlarının tərkibinə müəyyən olunmuş qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə kənd təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər.
9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ... meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ...
Azərbaycan Respublikası Meşə Məcəlləsi: Maddə 1. Əsas anlayışlar Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır: meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti; meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri; Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: ... 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ... Maddə 7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin mal-qarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
3. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Şamaxı rayonu, Məlhəm kəndində 27 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi cavabdehin qeyd edilən dəlili ilə bağlı heç bir araşdırma aparmadan iddiaçının ilkin tələbində qeyd etdiyi 29,5 ha torpaq sahəsinin bir hissəsinin başqa şəxsə pay torpağı kimi ayrıldığını əsas gətirərək həmin torpaq sahəsinin meşə fonduna aid olmasına dair cavabdehin dəlilini əsassız hesab etmiş və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi Məlhəm bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 5 nömrəli və 03 iyun 2005-ci il tarixli, 7 nömrəli qərarları ilə iddiaçıya tikinti və yaşıllaşdırma məqsədilə müvafiq olaraq 19,5 ha və 10,00 ha olmaqla, ümumilikdə, 29,5 ha torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş Şamaxı rayonu Məlhəm kəndi “Çuxuryurd” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışdan müəyyən edilir ki, sözügedən 29,5 ha torpaq sahəsi “Çuxuryurd” təsərrüfatının ərazisində yerləşir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində mübahisəli 27 ha torpaq sahəsinin iddiaçıya ayrıldığı 2005-ci ildə və hal-hazırda meşə fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Belə ki, kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən təqdim edilən sənədlərdən görünür ki: - Şamaxı rayonu İcra Hakimiyyəti və digər aidiyyəti orqanların nümayəndələrindən ibarət komissiya tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 1995ci il tarixli, 188 nömrəli qərarı və Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının 11 mart 1997ci il tarixli, 30 nömrəli sərəncamı ilə əlaqədar rayonun bir sıra kəndlərindən, o cümlədən, Çuxuryurd kəndindən 571 ha olmaqla, cəmi 2446 ha meşə sahələrinin meşə təsərrüfatına verilməsi məqsədəuyğun hesab edilmiş və bu barədə 01 oktyabr 1997-ci il tarixli akt tərtib edilmişdir. - Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının 07 aprel 1998-ci il tarixli, 50 nömrəli sərəncamına əsasən meşə təsərrüfatının tərkibinə veriləcək sahələrin yerində dəqiqləşdirilməsi ilə bağlı rayon komissiyasının 01 oktyabr 1997-ci il tarixli aktının təsdiq edilməsi, rayonun bir sıra kəndlərindən olmaqla, Çuxuryurd kəndindən 571 ha, rayon üzrə cəmi 2446 ha meşə sahəsinin Şamaxı meşə təsərrüfatının balansına verilməsi qərara alınmışdır. - Şamaxı rayonu Çuxuryurd kəndi X15 Komissiyasının 16 sentyabr 1997-ci il tarixli, 05 nömrəli iclas qərarı ilə təsərrüfatın balansında olan 571 ha meşə sahəsinin “Azərbmeşə” İB-nin balansına verilməsi qərara alınmışdır. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də Şamaxı Rayon İcra Hakimiyyətinə ünvanlanmış 23 sentyabr 1997-ci il tarixli məktubu ilə xx.xx.1997-ci il vəziyyətinə Şamaxı rayonunun 8 təsərrüfatının 3477 ha meşə sahəsi olduğunu bildirmiş və kolxoz və sovxoz meşələrinin Şamaxı meşə təsərrüfatına verilməsini məqsədəuyğun hesab etmişdir. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən meşələrin səmərəli istifadəsini, qorunmasını və bərpasını mərkəzləşdirilmiş qaydada təmin etmək məqsədilə Ağstafa, Qazax, Oğuz və Şamaxı rayonunun bir sıra təsərrüfatlarının ərazisindəki meşə ilə örtülü torpaq sahələrinin dövlət meşə fonduna daxil edilməsi qərara alınmışdır. Sərəncama əlavə edilən cədvəldən görünür ki, Şamaxı rayonunun Çuxuryurd təsərrüfatından 571 ha olmaqla, rayonun bir sıra təsərrüfatlarından ümumilikdə 2446 ha torpaq sahəsinin (meşə ilə örtülü) ayrılması qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində toplanmış sübutlardan göründüyü kimi mübahisəli 27 ha torpaq sahəsinin yerləşdiyi Şamaxı rayonu, Çuxuryurd təsərrüfatının ərazisindən 571 ha olmaqla, rayon ərazisindən ümumilikdə 2446 ha meşə ilə örtülü torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına müvafiq olaraq 1997-1998-ci illərdə dövlət meşə fonduna ayrılmışdır. Kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən AR NK-nın 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən dövlət meşə fonduna daxil edilən Şamaxı rayonunun ərazisindəki meşə ilə örtülü torpaq sahələrinə dair xəritə materiallarının əslinə kollegiya tərəfindən məhkəmə iclasında baxış keçirilmiş və materiallarda rayonun bir sıra təsərrüfatlarının, o cümlədən, Çuxuryurd təsərrüfatının ərazisindən dövlət meşə fonduna daxil edilən torpaq sahələrinin xüsusi işarələrlə göstərildiyi təsbit edilmişdir. Habelə, Dövlət Arxivi tərəfindən sözügedən xəritə materiallarının məlumatları CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kollegiya tərəfindən JN-0698 KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçıya məxsus Şamaxı rayonu Məlhəm kəndində yerləşən 29,5 ha torpaq sahəsinin məqsədli təyinatı və hüquqi vəziyyətinə görə dövlət meşə fondu torpaqlarına aid olub-olmamasının müəyyən edilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, həmçinin, "xxxx" MMC-yə sorğular verilərək cavablar alınmış, o cümlədən, cavabdeh orqandan mütəxəssis rəyləri alınmışdır. Belə ki, kollegiyanın sorğusuna cavab olaraq cavabdeh tərəfindən 16 fevral 2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində Şamaxı rayonu, Məlhəm kəndinə aid DWJ məlumatlarında iddiaçıya məxsus JN-698 KOD 41017028 nömrəli Dövlət aktında göstərilən 29,50 ha torpaq sahəsinin 27,0 ha hissəsinin dövlət mülkiyyətinə aid meşə fondu torpaqları ilə üst-üstə düşdüyü, “Azərbaycan Respublikasında X5 X7nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Şamaxı rayonu Məlhəm kəndinin elektron uçot xəritəsində isə həmin 29,50 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (biçənək) torpaqlar kimi işləndiyi göstərilsə də, məhkəmənin təkrar sorğusu nəticəsində cavabdeh 26 iyul 2023-cü il tarixli məktubu ilə elektron baza məlumatlarına (DWJ məlumatları – torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə) əsasən sözügedən 29,50 ha torpaq sahəsinin 27,0 ha hissəsinin dövlət mülkiyyətinə aid meşə fondu torpaqları ilə üst-üstə düşdüyünü bildirmişdir. Həmçinin, "xxxx" MMC 17 mart 2023-cü il tarixli məktubla kollegiyanın sorğusuna cavab olaraq sözügedən 29,50 ha torpaq sahəsinin 27,0 hissəsinin elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətində olan meşə fondu torpaqları ilə üst-üstə düşdüyünü bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi də 15 may 2023-cü il tarixli, 3-21-3-02/2-6155/2023 nömrəli məktubu ilə analoji cavab verərək hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən meşə fondu torpaqlarının xəritələrinin hazırlandığını, Nazirlik tərəfindən xəritələrin elektron variantda təqdim olunmuş meşə sərhədlərinə əsasən sözügedən 29,50 ha torpaq sahəsinin bütövlükdə dövlət mülkiyyətinə aid meşə fondu torpaqları ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Qeyd edilən inzibati orqanlardan əlavə, kollegiyanın mübahisəli 29,50 ha torpaq sahəsinin bələdiyyə qərarları ilə iddiaçıya ayrıldığı 2005-ci il tarixdə dövlət kadastr məlumatlarına əsasən dövlət mülkiyyətinə aid meşə fondu torpaqlarına aid olub-olmaması barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 25 iyul 2023-cü il tarixli, 3-14-27/2-285/2023 nömrəli məktubundan və sorğuya cavaba əlavə edilən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 və X4 meşəbəyliyinin meşə ərazilərinin 2004-cü il tarixli planından görünür ki, həmin 29,50 ha torpaq sahəsi meşə fonduna aid olmaqla, Dədəgünəş meşəbəyliyinin 18-ci kvartalının ərazisidir, İN yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Meşələrin İnkişafı Xidməti arasında bağlanmış müqaviləyə əsasən təqdim edilmiş elektron baza məlumatlarında da sözügedən 29,50 ha torpaq sahəsi meşə fondu torpağı kimi göstərilmişdir. Daha sonra Meşələrin İnkişafı Xidməti 05 sentyabr 2023-cü il tarixli, 3-14-27/2- 345/2023 nömrəli məktubu ilə sözügedən 29,50 ha torpaq sahəsinin Məlhəm bələdiyyəsi tərəfindən iddiaçıya ayrıldığı məhz 2005-ci ilə kimi də dövlət meşə fondu torpaqlarına aid olduğunu qeyd etmişdir. Qeyd edilənlərdən başqa, məhkəmə kollegiyasının “X5 X7” (TEKUİS) və DWJ məlumatlarına əsasən mübahisəli torpaq sahəsinə dair elektron xəritədən çıxarışın təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq cavabdeh orqanın 12 oktyabr 2023-cü il tarixli, **********84 nömrəli məktubundan müəyyən edilir ki, torpaq sahəsinin koordinatları DWJ və TEKUİS məlumatlarına əsasən eynilik təşkil edir. Eləcə də, 03 noyabr 2023-cü il tarixli məhkəmə iclasında mütəxəssis qismində iştirak edən üçüncü şəxs Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə yuxarıda qeyd edilən xəritə materiallarını məhkəməyə təqdim edərək həmin məlumatlara əsasən məhkəmə iclasında izahatında mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən meşə fonduna verilmiş Çuxuryurd təsərrüfatının 571 ha torpaq sahəsinin daxilində olduğunu, yəni bələdiyyə mülkiyyətində olmadığını bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən təqdim edilən Şamaxı rayonu Çuxuryurd kəndi “Çuxuryurd” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin əslinə, eləcə də iddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim edilən Şamaxı rayonu Məlhəm bələdiyyəsinin xəritəsinə də kollegiya tərəfindən məhkəmə iclasında baxış keçirilmiş və həmin sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya tərəfindən JN-0698 KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçıya məxsus 29,5 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən 1997-1998-ci illərdə dövlət meşə fonduna daxil edilən torpaq sahələrinə aid olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidmətindən mütəxəssis cəlb edilməklə, ekspertizanın aparılması bu sahədə ixtisaslaşmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 15 oktyabr 2024-cü il tarixli, 10/5930 nömrəli rəyindən görünür ki, Dövlət Aktında göstərilən 29,5 ha torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən 1997-1998-ci illərdə dövlət meşə fonduna daxil edilən torpaq sahələrinə aid olmaqla, 6 saylı (İsmayıllı) X8 Mərkəzinin Şamaxı inzibati rayonunun hüdudları daxilində dövlət meşə fondu olmaqla, Dədəgünəş meşəbəyliyinin 18-ci kvartalının ərazisidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində toplanmış sübutların tədqiqi nəticəsində (aidiyyəti orqanlardan alınmış mütəxəssis rəyləri, ekspert rəyi və s.) müəyyən edildi ki, mübahisəli 27 ha torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən 1997-1998-ci illərdə dövlət meşə fonduna daxil edilən Çuxuryurd təsərrüfatının 571 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdir. Göründüyü kimi həmin torpaq sahəsi 1997-1998-ci illərdən bəri bələdiyyə mülkiyyəti olmamış, torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Məlhəm bələdiyyəsinin qərarlarının qəbul edildiyi 2005-ci ildə və hal-hazırda da meşə fonduna aid dövlət mülkiyyətində olan torpaq sahəsi olmuşdur. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin yuxarıda sadalanan normalarının tələblərinə görə, dövlət mülkiyyətində olan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla, qalan torpaqlar - ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə verilir. Bununla da, müəyyən edilir ki, iddiaçının təqdim etdiyi bələdiyyə qərarlarında göstərilən torpaq sahəsi bu qərarların qəbul edildiyi dövrdə və hal-hazırda bələdiyyə mülkiyyətinə aid deyil, dövlət mülkiyyətinə aid torpaq sahəsi olmuşdur ki, bələdiyyə tərəfindən həmin torpaq sahəsi barəsində sərəncam verilə bilməzdi. “İnzibati İcraat haqqında” Qanunun 65.1 və 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 64.4-cü maddəsində isə göstərilir ki, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi bələdiyyə qərarları səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən qərarlar və qərar əsasında verilmiş JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyət hüququna dair” Dövlət Aktı mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Eyni zamanda kollegiya xüsusi olaraq qeyd edir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan meşə fondu torpaqlarına aiddir və bu kateqoriyadan olan torpaqların özəlləşdirilməsinə ümumiyyətlə yol verilmir. Belə ki, Torpaq Məcəlləsinin 31-ci maddəsinin 2-ci və 5-ci bəndlərinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Həmçinin, Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.2-ci maddəsində də analoji qayda müəyyən edilərək qeyd edilmişdir ki, .................. eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq və meşə qanunvericiliyinin sadalanan normalarının tələblərindən göründüyü kimi meşə fondu torpaqları dövlətə mənsub və onun mülkiyyətində olan torpaqlar olmaqla, bu torpaqlar yalnız xüsusi məqsədlər - meşə təsərrüfatının aparılması və genişlənməsi məqsədləri üçün istifadəyə verilə bilər, bu torpaqların özəlləşdirilməsi qadağan edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(118)-1175/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.