Məhkəmə qərarları › İş №2-1(105)-839/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-839/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-839/2023 06.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: prosessual hüquq normasının pozulması, işin tam araşdırılmaması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “övladları X2 təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 3487/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “övladları X2 təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, övladları xx.xx.2005-ci il təvəllüdlü X3 yeni şəkilli şəxsiyyət vəsiqəsi almaq fikrindədirlər. Lakin ona şəkilli şəxsiyyət vəsiqəsinin verilməsində problem yaranacağı onlara bildirilmişdir. Çünki qızı Gültəkin Cəbiyevanını doğum tarixinin “ili” 2005-ci il əvəzinə 2007-ci il yazılmışdır. Bu ərizəyə daxil edilmiş AZ-İİ N 017935 saylı, 24 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X2, doğum tarixi 14-X-2007 yazılmışdır. Onun atası İddiaçı1, anası isə İddiaçı2dır. Bu ərizəyə daxil edilmiş V- DKT N 425011 nömrəli, 21 iyun 1991-ci il tarixli nikah şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, İddiaçı1 ilə X8 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu nikah 17 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Cəbiyev, arvada Cəbiyeva soyadı verilmişdir. Etiraf edirlər ki, indiyədək övladı X1 doğum haqda şəhadətnaməsində onun doğum tarixinin xx.xx.2005-ci il əvəzinə, xx.xx.2007-ci il yazılması onların diqqətini cəlb etməyib. Doğrusunu deyək ki, onlar ailəlikcə uzun illərdən bəri yaylaqda və qışlaqda yaşamış deyə heç vaxt övladı Gültəkin Cəbiyevanın sənədlərinə baxmamış və elə bu səbəbdən o, heç vaxt məktəbə getməyib. Bu məsələ ilə maraqlanmış və onun doğum şəhadətnaməsini də götürüb Cavabdehnə getmiş, onlara bildirmişlər ki, övladı guya xx.xx.2007-ci il təvəllüdlüdür deyə ona şəkilli şəxsiyyət vəsiqəsi 2025-ci ildə verilməlidir. Lakin övladının təvəllüdünün 2007-ci il yazılması səhvdir. Onların övladı Gültəkin Cəbiyeva xx.xx.2005-ci il təvəllüdlüdür. Buna dair çoxsaylı şahidləri var. Odur ki, övladı X2 doğum tarixindəki yanlışlığın, yəni onun doğum ilinin 2007 deyil, 2005-ci il olduğunu düzəltmək üçün Cavabdehnə ərizə ilə müraciət etmiş lakin, müraciətləri müsbət həll edilmədiyindən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3487/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). İddiaçılar qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladları xx.xx.2005-ci il təvəllüdlü X3 yeni şəkilli şəxsiyyət vəsiqəsi almaq fikrindədirlər. Lakin ona şəkilli şəxsiyyət vəsiqəsinin verilməsində problem yaranacağı onlara bildirilmişdir. Çünki qızları Gültəkin Cəbiyevanm doğum tarixinin “ili” 2005-ci il əvəzinə 2007-ci il yazılmışdır. Birinci instansiya məhkəməsinə yazdığı ərizədə etiraf etdilər ki, indiyədək övladları X1 doğum haqda şəhadətnaməsində onun doğum tarixinin xx.xx.2005-ci il əvəzinə, xx.xx.2007-ci il yazılması onların diqqətini cəlb etməyib. Çünki, ailəlikcə uzun illərdən bəri yaylaqda və qışlaqda yaşamışlar deyə heç vaxt övladları Gültəkin Cəbiyevanm sənədlərinə baxmamış və elə bu səbəbdən uşağı heç vaxt orta məktəbə getməyib. Avamçılıq olub, çox savadsızıq deyə yazıb oxuya bilmirlər. Yazı-pozu işindən başları çıxmır. Nəhayət bir gün yadlarına düşdü ki, 2023-cü ildə övladları X2 18 yaşı tamam olacaq ona şəxsiyyət vəsiqəsi lazımdır. Bu məsələ ilə maraqlandılar və onun doğum şəhadətnaməsini də götürüb Cavabdehnə getdilər. Oradan bildirdilər ki, övladları guya xx.xx.2007-ci il təvəllüdlüdür deyə ona şəkilli şəxsiyyət vəsiqəsi 2025-ci ildə verilməlidir. Lakin övladıları təvəllüdünün 2007-ci il yazılması səhvdir. Gültəkin Cəbiyeva xx.xx.2005-ci il təvəllüdlüdür. Buna dair çoxsaylı şahidləri var. Müraciətlə əlaqədar Şamaxı rayonu Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-458/2023 nömrəli aktın iş materiallarına daxil edilmiş əsilindən görünür ki, Şamaxı rayon Quşçu kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 117 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasmda yazılmışdır ki, övladımız X2 doğum tarixinin xx.xx.2007-ci ildən xx.xx.2005-ci ilə dəyişiklik edilməsi Cavabdeh tərəfindən mümkün deyil. Buna görə də inzibati qaydada məhkəməyə müraciət etməyi onlara tövsiyyə olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsi iş üzrə cəmi bir iclas keçirib onların heç birini dinləmədən və iş üzrə öz qərarının 3-cü səhifəsində yazdığı kimi heç bir araşdırma aparmadan haqlı iddia tələbini təmin etməkdən imtina etmişdir. İddia ərizəsində qeyd etdikləri kimi iş üzrə çoxlu şahidləri vardır. Lakin məhkəmə onları və şahidləri dinləmədən düzgün olmayan ədalətsiz qərar çıxardığına görə ailəlikcə hamımız çox narahatı. Uşağın sənədindəki texniki səhvlik düzəlməlidir. X5 2005-ci ilin 14 oktyabrında yaşadıqları evdə (xəstəxanada yox) anadan olmuşdur. Həmin vaxt müraciət əsasında doğum işlərində səriştəsi olan mamaçı qadın özü evə gəlib doğuşun normal keçməsinə köməklik etmişdir. Bu doğumun normal şəraitdə keçməsinə yardım etmiş qadın sağ-salamatdır. Sübut üçün və həm də şahid kimi həmin şəxsi məhkəməyə dəvət edib gətirməyə hazırlar. Bundan əlavə, Gültəkin Cəbiyevanın 2007-ci ildə deyil, 2005-ci ildə anadan olmasını təsdiq edən digər şahidləri də vardır. Həmin şahidləri də məhkəməyə dəvət edib gətirəcəklər. Avam və savadsız olsalar da amma uşağın sənədi düzgün olmalıdır. Bu məsələdə onların heç bir marağı yoxdur. Sadəcə uşağın sənədinin doğru yazılmasını istəyirlər. Beləliklə, iş üzrə Sumqayıt İnzibati Məhkəməsi bütün faktiki halların aydınlaşdırılması üzrə araşdırma aparmaqdan imtina etdiyinə görə qərarda göstərilən nəticələr işin hallarına uyğun deyildir və bu əsasda məhkəmə tətbiq edilməli olan qanunu və normativ aktı tətbiq etməməklə səhv nəticəyə gəlmiş və bu da yekunda düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Bu isə iş üzrə maddi hüquq normalarının pozulması deməkdir. Məhkəmə zallarında kameraların quraşdırılması və bütün iclasların video çəkilişləri bəzən hakimlərin qeyri-qanuni əməllərini sübut etmək üçün çox gözəl bir vasitədir. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə hakimi qeyri-qanuni hala yol verməklə araşdırma aparmaqdan imtina etməklə haqsız və əsassız olaraq iddia tələbini təmin etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasına məktubla müraciət edərək, işə onun iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Maddə 16.1. Bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Maddə 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Maddə 47.1 Hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim (bundan sonra sədrlik edən hakim) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. Maddə 49.1. Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər:.... Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 62.1. Məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. Maddə 62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Maddə 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Maddə 63.1. Sədrlik edən hakim şifahi məhkəmə baxışı ilə bağlı iclası açır və ona rəhbərlik edir. Maddə 63.2. Məhkəmə iclası açıq elan olunduqdan və proses iştirakçılarının tərkibi müəyyən edildikdən sonra, sədrlik edən proses iştirakçılarına prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Həmin bildiriş alınmadığı təqdirdə, məhkəmə iclasında hüquq və vəzifələrinin izahı haqqında bildiriş hər bir proses iştirakçısına yazılı qaydada təqdim olunur və o, bunu öz imzası ilə təsdiq edir. Məhkəmə iclasına gəlmiş proses iştirakçılarının müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir. Bundan sonra sədrlik edən və ya məruzəçi hakim mübahisənin mahiyyətini ümumi şəkildə izah (şərh) edir. Maddə 63.3. Mübahisənin mahiyyəti izah olunduqdan sonra, sədrlik edən hakim vəsatət vermək, öz tələblərini və ya vəsatətlərini əsaslandırmaq üçün proses iştirakçılarına söz verir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını 87.7.1-ci maddəsininin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki,məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə icraatı zamanı ciddi prosessual pozuntulara yol verildiyindən, bu pozuntu isə inzibati prosessual qanunvericiliyin norma və prinsiplərinə zidd olmaqla, tərəflərin hüquq və mənafelərinin müdafiəsinə xələl gətirdiyindən, qəbul edilmiş məhkəmə qərardadı ləğv edilməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən inzibati prosessual qanunvericiliyin normalarının tələbinə əsasən iddia ərizəsinin surətinin cavabdehə təqdim edilməsi, ona dair yazılı münasibətinin təqdim edilməsi, bununla bağlı məhkəmə hazırlıq iclasının yeri və vaxtının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli sərəncam verilmiş, sifarişli poçt məktubu vasitəsilə tərəflərə göndərilmişdir. Həmçinin, iş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə hazırlıq iclasının təyin edildiyi tarixdə şifahi məhkəmə baxış iclası keçirilərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iş işə mahiyyəti üzrə bir şifahi məhkəmə baxış iclasında baxılıb, işin həll edilməsi üçün zəruri olan bütün tədbirlər (zəruri olan sübutların toplanılması və digər prosessual hərəkətlərin icrası) məhz məhkəmə hazırlıq iclasında həyata keçirilir, daha sonra məhz şifahi məhkəmə baxış iclasında iş üzrə toplanmış sübutlar araşdırılmaqla və qiymətləndirilməklə, işə mahiyyəti üzrə baxılması təmin edilir, habelə işə mahiyyəti üzrə baxılmasına dair yekun məhkəmə aktı məhz həmin şifahi məhkəmə baxış iclasında aparılmış məhkəmə araşdırmasının nəticəsində qəbul edilir. İndiki halda isə iş üzrə məhkəmə hazırlıq iclası təyin edildiyi halda, hansıki həmin icraat çərçivəsində məhz sübutların və iş üzrə zəruri olan materialların toplanması, o cümlədən prosessual qanunvericiliklə müəyyən edilmiş işin mahiyyəti üzrə baxılması üçün digər zəruri olan prosessual hərəkətlərin (işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət etmək; işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif etmək; hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək; zəruri sənədləri (arayışları, məlumatları) toplamaq; tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək; proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək; şahidləri və ekspertləri dəvət etmək) edilməli olduğu halda, həmin iclasda işə mahiyyəti üzrə baxılaraq, yekun məhkəmə aktı qəbul edilmişdir. Bu hal isə özlüyündə tərəflərin hazırlıq icraatı çərçivəsində prosessual qanunvericiliklə müəyyən edilmiş qeyd edilən hüquqlarının pozulmasına gətirib çıxartmaqla, prosessual qanunvericiliyin norma və prinsiplərinə zidd olmuş, tərəflərin dinlənilmə hüququ, sübutların toplanılması və araşdırılmasında iştirak etmək hüququnun birbaşa pozulmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar apellyasiya şikayətinin əsası kimi onların dinlənilməməsi, məhkəmə iclasının keçirilməməsi kimi arqumentlərə istinad etmişlər ki, işin qeyd olunan halları baxımından apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslı olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən şifahi məhkəmə baxış iclasının yeri və vaxtının təyin edilməsi barədə məhkəmə bildirişi iclasın təyin edildiyi tarixə ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. İndiki halda isə hazırki iş üzrə şifahi məhkəmə baxış iclasının yeri və vaxtının təyin edilməsi barədə məhkəmə bildirişi proses iştirakçılarına göndərilməmiş (sadəcə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə sərəncam göndərilmişdir), habelə xüsusilə təcili hallara dair hər hansı hal müəyyən edilməmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtlərində hər bir halda, hətta xüsusilə təcili hallar olduğu hallarda belə, qeyd edilən məhkəmə bildirişi proses iştirakçılarına təqdim edilməli, sadəcə olaraq xüsusilə təcili hallarda sərdlik edən müddət azalda bilər. Bundan əlavə qeyd edilməlidir ki, inzibati prosessual qanunvericiliyin normasının tələbinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır, tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər (İPM-in 16.1-16.2 maddəsi). Qeyd edilən normanın dispoztiv şərtlərinə əsasən şifahi məhkəmə baxış iclasının şifahi dinləmələr keçirmədən aparılması üçün tərələrin bu barədə razılığı tələb olunur. İndiki halda isə hazırki iş üzrə tərəflərin bu barədə razılığı olması və buna dair fikrinin öyrənilməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qeyd edilən prosessual normaların tələbləri pozulduğundan, habelə bu pozuntu tərəflərin prosessual qanunvericilikə hazırlıq icraatı çərçivəsində həyata keçirilməsi müəyyən edilmiş bir sıra prosessual hüquqlarının (sübutların toplanılması, hazırlıq icraatı çərçivəsində edilməli olan prosessual hərəkətlər, bununla bağlı vəsatətlər, sənədlər təqdim edilməsi və bu kimi digər) və şifahi məhkəmə baxış iclası çərçivəsində sübutların araşdırılması və işə mahiyyəti ürzə baxılması ilə bağlı malik olduğu prosessual hüquqların pozulmasına səbəb olduğundan, ciddi pozuntu qismində çıxış etməklə, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbi doğum akt qeydində doğum tarixinə (il) aid hissədə dəyişiklik edilməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq, məhkəmə tərəfindn bununla bağlı heç bir araşdırma aparılmamış, müvafiq doğum akt qeydinin aparılmasına əsas olmuş sənədlər, o cümlədən bu hala dair tibbi sənədlər tələb edilməmiş, halbuki həmin sənədləri məhkəmə öz xidməti vəzifəsinə görə tələb etməli, əldə edilmiş sənədlər işin halları baxımından qiymətləndirilməklə, doğum tarixinə dair aparılmış qeydin düzgün aparılıb-aparılmaması, cavabdeh inzibati orqan tərəfindən bununla bağlı səhvə yol verilib-verilməməsi halları aydınlaşdırılmalı idi. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə yalnız iddiaçının izahatına və iddia tələbində qeyd edilən hallara istinad edərək, bununla bağlı öz xidməti vəzifəsinə görə işin halları baxımından heç bir araşdırma aparmamışdır ki, bu hal özlüyündə inzibati prosessual qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımından da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamaqla, hazırki iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3487/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “övladları X2 təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar