Məhkəmə qərarları › İş №2-1(105)-84/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-84/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-84/2023 10.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2-1(118)-2262/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 17-7/27 saylı, xx.xx.2007-ci il tarixli rəyi ilə Avaxıl bələdiyyəsinin mülkiyyətində olan 0.80 ha torpaq sahəsinin İddiaçı satılmasına etiraz edilməmişdir. Avaxıl bələdiyyəsinin 11 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə bələdiyyənin perspektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında tikinti məqsədi üçün 0.20 ha, kənd təsərrüfatı məqsədi üçün 0.60 ha, cəmi 0.80 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. 29 mart 2007-ci il tarixli, 04 nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 29 mart 2007-ci il tarixdə Avaxıl bələdiyyəsinin hesabına 284.76 (iki yüz səksən dörd manat yetmiş altı qəpik) manat pul ödənilmişdir. Bələdiyyənin nümayəndəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, eləcə də alqı-satqı aktı Şamaxı rayon torpaq şöbəsi tərəfindən 2014-cü ildə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən Avaxıl bələdiyyəsinin 11 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya ayrılmış 8009.4 kv.m torpaq sahəsinə dair A№ 069895 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, plan ölçü sənədi X1 kitabında xx.xx.2007-ci il tarixində 24 nömrə ilə uçota alınmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Şamaxı rayon Avaxıl kəndi ərazisində yerləşən 0.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 21 iyun 2022-ci il tarixli, **********46 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Şamaxı rayon Avaxıl bələdiyyəsindən alqı-satqı yolu ilə əldə edilən 0.20 ha tikinti, 0.60 kənd təsərrüfatı məqsədilə olmaqla, ümumilikdə 0.80 ha ərazi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəsmi olaraq Reyestr Xidmətinə təqdim olunmuş elektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə Avaxıl kəndi ərazisindən 0.20 ha tikinti, 0.60 ha kənd təsərrüfatı məqsədilə onun mülkiyyətinə verilmiş, ümumilikdə, 0.80 ha torpaq sahəsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə Avaxıl kəndi ərazisindən iddiaçıya 0.20 ha tikinti, 0.60 ha kənd təsərrüfatı məqsədilə, ümumilikdə, 0.80 ha torpaq sahəsi satılmışdır. X2 və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə müsbət rəy verilmiş və xx.xx.2007-ci il tarixdə həmin torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) hazırlanmışdır. Sözügedən torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin onun ərizəsinin icrasından imtina edilmişdir. Qeyd edir ki, o, Çernobil əlilidir, həmin torpaq sahəsi ona 2007-ci ildə verilmişdir. Bələdiyyə qərarında torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğu, həmçinin, DTXK-nın Şamaxı rayon şöbəsinin rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd olunmuşdur. Şamaxı rayon Avaxıl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 0.80 ha torpaq sahəsi kənd təsərrüfatına yararsız ərazidən ayrılmışdır. Torpaq qanunvericiliyinə əsasən bələdiyyə fondunda olan kənd təsərrüfatına yararsız ərazilər vətəndaşların mülkiyyətinə satıla bilər. Qeyd olunan torpaq sahəsinin 0.20 ha hissəsinin tikinti, 0.60 ha hissəsinin kənd təsərrüfatı məqsədilə satılmasına vaxtilə Torpaq Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən də müsbət rəy verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2-1(118)-2262/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim C.Məmmədov) İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3-cü və 12.4-cü maddələrini iddiaçının müraciətinə düzgün tətbiq etməmişdir. Çünki, ona verilmiş sənədlərdə sözügedən 0.20 ha və 0.60 ha torpaq sahələri örüş sahələri kimi qeyd olunmamış, tikinti və kənd təsərrüfatı məqsədilə yazılmışdır. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və mütəxəssis rəyi alınmışdır. Həmin rəy əsasında iddiaçının naturada göstərdiyi 0.80 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpağı olduğu və bu səbəbdən də torpaq sahəsinin alqı-satqı predmeti ola bilməyəcəyi məlum olmuşdur. Qeyd edir ki, sözügedən mütəxəssis rəyinin tarixi, nömrəsi, rəydə yazılanlar, kim tərəfindən rəy verilməsi, rəy verənin mütəxəssis və ya ekspert olubolmaması barədə məhkəmə qərarında heç bir məlumat qeyd edilməmişdir. Torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada iddiaçıya xx.xx.2007-ci il tarixdə verilmişdir. Həmin vaxtlar bələdiyyələrin öz fondlarına daxil olan torpaq sahəsindən vətəndaşlara birbaşa alqı-satqı qaydasında torpaq satmaq hüququ var idi. Lakin, 2008-ci ildən etibarən həmin səlahiyyət bələdiyyələrdən alınmışdır. Odur ki, iddiaçıya 0.80 torpaq sahəsi Şamaxı rayonu, Avaxıl bələdiyyəsi tərəfindən 2007-ci ildə verildiyindən bu qanuni olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri tərəfindən Ağsu rayon Torpaq qeydiyyatı Mərkəzinin rəhbərinə ünvanlanmış xx.xx.2007-ci il tarixli, 17-3/33 və 17- 7/27 saylı müraciətlərdən görünür ki, Avaxıl bələdiyyəsi tərəfindən ona həqiqətən də qanunla müəyyən edilmiş qaydada 0.80 ha torpaq sahəsi satılmışdır. Hesab edir ki, həmin torpaq sahəsi icarə müqaviləsi əsasında deyil, alqı-satqı predmeti olmaqla ona satılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. (-). Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.

3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (-).

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı X1ı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

“X1ı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; Maddə 6. X1ının məlumatları X1ının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. X1ı məlumatlarının qeydiyyatı X1ı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. X1ı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. X1ının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına nail olmaq istəyir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, sözügedən torpaq sahəsi örüş torpaq sahəsidir, örüş torpaq sahəsi isə alqı-satqı predmeti ola bilməz. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndirir ki, bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsi kənd təsərrüfatına yararsızdır. İddiaçının istinadına əsasən, qanunvericilikdə kənd təsərrüfatına yararsız torpaq sahəsinin mülkiyyətə verilməsinin mümkünlüyü qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində müvafiq mütəxəssis rəyi alınmış və məlum olmuşdur ki, iddiaçının naturada göstərdiyi 0.80 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpağıdır. Ekpertiza nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatı örüş torpaqlarına aid olmaqla kənd təsərrüfatı torpaqlarında olması müəyyən olmuşdur. Ona görə də müvafiq torpaq sahəsi alqı-satqı predmeti ola bilməz. Cavabdeh tərəfindən sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtinası qanunsuz olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli, 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq Məcəlləsinin 9.2 və 12-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalarından biri də kənd təsərrüfatı təyinatlı torpaqlardır və kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına əsasən: 1 (..) Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. (..) Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.

3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. 4.Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər.

5. Örüş, otlaq və biçənək sahələrinin məhsuldarlığı və münbitliyi təbii amillərin təsiri nəticəsində itirilərsə, bu sahələr müvafiq yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatətinə əsasən dövriyyədən çıxarılaraq konservasiya edilir. Həmin sahələrin sağlamlaşdırılması qaydası müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.

22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər.

28. Örüş, otlaq və biçənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-satılmasına, ipoteka qoyulmasına, özbaşına dəyişdirilməsinə və torpaq qanunvericiliyinin digər tələblərinin pozulmasına yol verilmir. İstinad olunan normalara əsasən müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər. Hazırki işdə də, əvvəla, işdə olan Avaxıl bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması barədə 11 mart 2007-ci il tarixli 03 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatına az yararlı/şərti yararsız olduğu, eləcə də DTXK-nin Şamaxı rayon şöbəsinin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu barədə 17-7/27 saylı, xx.xx.2007-ci il tarixli rəyində torpağın kənd təsərrüfatına yararsız olduğu qeyd edilsə də, bundan 1 ay sonra sonuncu orqan tərəfindən torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədindən görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri hissəsində torpağın kateqoriyası örüş, keyfiyyət qrupu İİ, bonitet balı 80 göstərilmişdir. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Dağ—Şirvan kadastr qiymət rayonu üzrə bonitet şkalası 80—61 olan torpaq sahələri ikinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir. Göründüyü kimi, torpaq sahəsi 2007-ci il tarixdə iddiaçıya ayrılarkən torpağın bonitet balı 80 olmaqla ikinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur. Yuxarıda aparılan dəyərləndirməyə əsasən isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin mülkiyyətə verilməsinin yolverilməz olduğu qeyd olunmuşdur. İddiaçı məhz bu halı mübahisələndirərək həmin torpaq sahəsinin hazırda yararsız olduğunu bildirsə də, məhkəmə kollegiyası torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlılıq dərəcəsi ilə bağlı əlavə araşdırma apararaq "xxxx" MMC-dən əlavə mütəxəssis rəyinin alınmasına aşağıdakılara əsasən zərurət görməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xidməti tapşırığına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi Kamil Mirzəyev tərəfindən mütəxəssis rəyi verilmiş və müəyyən olunmuşdur ki, iddiaçının naturada göstərdiyi Şamaxı rayon Avaxıl kəndi ərazisində yerləşən 0.80 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, kollu örüş torpağıdır və faktiki olaraq heç bir məqsəd üçün istifadə edilmir. Başqa sözlə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Yuxarıda aparılan qiymətləndirməyə əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Ona görə həm də lüzum yoxdur ki, yuxarıda aparılan təhlilə əsasən müəyyən olundu ki, örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni deyək ki, az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Bu halda həmin torpaq sahəsi dövriyyədən çıxarılıb sağlamlaşdırılacaq. Bu səbəbdən də kollegiya iddiaçının istifadəsində olan torpaq sahəsinin hazırda yararlılığının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparmamışdır. Çünki bütün hallarda, iddiaçının vəziyyətində heç nə dəyişməyəcək, yəni torpaq sahəsi örüş yeri üçün yararsız olsa belə, yenidən sağlamlaşdırılması üçün dövriyyədən çıxarılacaqdır. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya tikinti və kənd təsərrüfatı məqsədi üçün satılmış cəmi 0.80 ha torpaq sahəsi, ümumilikdə, ayrıldığı zaman ikinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsidir. Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, X1ı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. İstinad olunan normalardan görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Avaxıl bələdiyyəsinin 11 mart 2007-ci il tarixli 03 saylı qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən tikinti və kənd təsərrüfatı məqsədi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, yuxarıda adıçəkilən Qaydalara əsasən bələdiyyənin kənd təsərrüfatı təyinatlı örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçıya torpaq sahəsinin satılması qərara alınmış sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmir. Belə olan halda bu hal həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Beləliklə də müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin tikinti və kənd təsərrüfatı məqsədi üçün bələdiyyənin qərarına əsasən satılması, qanunvericiliyə uyğun aparılmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmiş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə verilmiş mütəxəssis rəyinin həqiqiliyini mübahisələndirmiş və mötəbərliyinin şübhə doğurduğunu qeyd etmişdir. İddiaçının bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə aydınlaşdırılmalı məsələ - torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi xüsusi bilik tələb edir və bunu müəyyən etmək məhkəmənin səlahiyyətində olan məsələ deyil. Bunun üçün müvafiq sahədə ixtisaslaşmış xüsusi biliyi olan mütəxəssis və ya ekspertə müraciət olunmalıdır. Hazırki işdə də birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə mütəxəssis rəyinin verilməsi üçün müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.25-cü bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi mütəxəssis rəyi vermiş qurum dövlət orqanı olmaqla, cari məzmunda - dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqlara dair məlumat bankını yaratmağa məsuldur. Bu isə o deməkdir ki, mütəxəssis öz mülahizələrinə əsasən deyil, müvafiq baza məlumatlarına əsasən rəy vermişdir. Belə olan halda verilmiş rəyin həqiqiliyinin şübhə altına alınması üçün əsas yoxdur. Odur ki, şikayətin dəlilləri əsassızdır, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2-1(118)-2262/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar