Məhkəmə qərarları › İş №2-1(105)-860/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-860/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-860/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3446/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 iddiası təmin edilərək Sumqayıt şəhəri, 42-ci məhəllə, 17d ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, yəni sahəsi 17 kv m olan bir yaşayış otağı və 4 kv m eyvan sahəsi İddiaçı, sahəsi 19.6 kv m olan bir yaşayış otağı və 4 kv m eyvan sahəsinin X3 istifadəsinə ayrılması, kommunal xidmətlərə aid sahələrim ümumi istifadədə saxlanılması qət edilmişdir. Qətnamənin qəbul edilməsindən 3 ildən çox müddətin keçməsinə baxmayaraq hazıra kimi icra olunmamışdır. İcra sənədi cavabdeh idarəyə göndərilmiş, lakin cavabdeh həmin mülki iş üzrə tərəf kimi cəlb edilmədiyini, eləcə də müvafiq icra vərəqəsi ilə idarə üzərinə hər hansı öhdəlik qoyulmadığını bildirmişdir. O, qətnaməyə izah verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3446/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı faktiki olaraq öz payına uyğun olaraq ayrıca çıxarışın verilməsini tələb edir. Bununla bağlı məhkəmə qətnaməsinin nəticə hissəsində cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmaması ilə yanaşı iddiaçının cavabdeh orqana müvafiq xahişlə müraciət etməsi də müəyyən edilməmişdir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə cavabdeh orqana məhkəmədən öncə etdiyi müraciətləri və onlara verilən rəsmi imtina cavablarını görməzdən gəlmişdir. Həmin məktublara iddia ərizəsində də xüsusi olaraq istinad etmişdir. Məhkəmə qərardad qəbul edərkən onları nəzərə almamışdır. Cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə verilmiş cavab məktubunda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin qeyd edilən iş üzrə tərəf kimi cəlb edilmədiyi, eləcə də müvafiq icra vərəqəsi ilə idarə üzərinə hər hansı öhdəlik qoyulmadığı qeyd olunmuşdur. Cavabdehin digər müraciətinə verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda əlavə olaraq mənzilə baxış keçirilərkən yenidən planlaşdırma nəticəsində mənzilin daxilində müvafiq dəyişikliklər edildiyi barədə əlavə imtina səbəbi qeyd olunmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, naturada bölgünün aşağıda şəkildə həyata keçirilməsi-17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi onun, 19,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq və 4 kv.m eyvan sahəsinin X5 istifadəsinə ayrılması, kommunal xidmətli sahələrin (mətbəx, dəhliz vəs.) ümumi istifadədə saxlanılması qət olunmuşdur. Buradan belə nəticəyə gəlinir ki, əmlak naturada bölündüyü üçün artıq onların paylı mülkiyyətləridə qüvvədə qala bilməz, ona görə hər birinə daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməlidir. 2 saylı Sumqayıt Ərazi İdarəsi isə həmin qurumun naturada bölgü ilə bağlı işə tərəf kimi cəlb edilmədiyini və onların üzərinə öhdəlik qoyulmadığı üçün bu günə kimi icra sənədini icra etməməklə onlara çıxarış verməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsində qeyd olunur ki, “Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.” Göründüyü kimi mülki qanunvericilikdə fiziki bölgü (naturada) ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi əsası kimi göstərmişdir. Onun ilə iddiaçı X8 arasında birgə nikah dövründə əldə olunmuş ünvan 3 ünvanında yerləşən 62 saylı mənzil vaxtilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə aralarında ½ hissədə olmaqla bərabər paylara bölünmüşdür. Mənzilə paylı mülkiyyətlə bağlı sonuncu çıxarış 2017-ci ildə verilmişdir. Mənzilin naturada bölgüsü ilə bağlı qətnamə isə 2021-ci ildə qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(060)-4496/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmişdir. Qərardadda qərara alınmışdır ki, qətnamənin “Qət etdi” hissəsinə “Hazırkı qətnamə tərəflərə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışların verilməsi üçün əsasdır” hissəsi əlavə edilməsi ilə bağlı qərardad 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilsədə icra olunmur. İşə baxan məhkəmə tərəfindən məhkəmənin yardım etmək vəzifəsini də həyata keçirməmişdir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenum qərarı). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar ..... 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır;... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ..... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);..... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı:

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır..... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müvafiq mənzilin naturada bölünməsi, naturada bölgü əsasında iddiaçının və digər şəxsin (X6) istifadəsinə olan yaşayış sahəsi və ümumi istifadədə olan sahə müəyyən edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mənzilin naturada bölgüsü və həmin bölgüyə uyğun olaraq həm iddiaçının, həm də digər şəxsin adına ayrılmış sahə müəyyən edildiyindən, məhz onun adına ayrılmış sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq Çıxarışın əldə edilməsindən ibarət olmuşdur. İddiaçının iddia tələbi onun hüquqi marağına uyğun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindn İPM-in 13-cü maddəsinin tələbləri əsas götürülməklə, iddiaçıya məhz hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməmişdir. Bu hal isə inzibati prosessual qanunvericiliyin qeyd edilən normasının tələblərinin pozulmasına səbəb olmuşdur. İPM-in 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bundan əlavə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması əsasları ilə bağlı onu qeyd edir ki, məhkəmə iddiaçının müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etməsi halının müəyyən edilməməsini qeyd etsə də, həmin hal iş materialları ilə təkzib olunmuşdur. Belə ki, iş materiallarında iddiaçının cavabdeh inzibati orqana müraciət etməsi və həmin müraciətə baxılmasının nəticəsinə dair xx.xx.2023-cü il tarixli məktubu mövcud olmuşdur. Bu baxımından məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verməmiş, həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Həmçinin, məhkəmə kollegiyası məhkəmənin iddianının mümkün sayılmaması əsası kimi istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz əmlak üzərində məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi ilə bağlı olmuş. Həmin tələb isə məhz cavabdeh inzibati orqan publik səlahiyyətlərinin icrası ilə bağlı olmuşdur. Müvafiq məhkəmə qərarı əsasında iddiaçıya münasibətdə əmlak hüququnun mövcud olması halı müəyyən edilmişdir. Daşınmaz əmlak üzərində mövcud olan hüququn dövlət qeydiyyatının aparılması əsasları isə məhz müvafiq Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normanın dispozitiv şərtində isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün müstəqil əsas kimi qeyd edilmiş, həmin məhkəmə qərarında inzibati orqanın üzərinə bununla bağlı öhdəlik qoyulmasının zəruriliyi ehtiva edilməmişdir. İndiki halda araşdırılmalı olan hal məhz cavabdeh inzibati orqanının hərəkətlərinin məhz daşınmaz əmlkaın dövlət qeydiyyatına alınmasına dair qanunvericilik normalarının tələbi baxımından qanunauyğun olub-olmaması ilə bağlı hallar təşkil etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə qərarında iş üzrə cavabdehin üzərinə bununla bağlı öhdəlik qoyulmaması kimi hala istinad etməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İndiki halda iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalı olduğundan və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarıldığından həmin hissədə şikayət təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin diqqətinə onu çatdırır ki, hazırki iş üzrə iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində iddiaçıya hüquqi yardım göstərilməli, həmin tələb üzrə cavabdehin hərəkətlərinin qanunauyğun olub-olmaması halları daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericilik normasının tələbi əsasında qiymətləndirilməli, həmin müəyyən edilmiş hallar əsasında iddianın mümkünlüyü və əsaslılığı yoxlanılmalıdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3446/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar