Məhkəmə qərarları › İş №2-1(105)-877/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-877/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-877/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi orqanı qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********356100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2220/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 16 oktyabr 2023-cü il tarixli **********356100 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, İddiaçı MMC-yə 59.804,03 manat əlavə vergi borcu hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********356100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********421300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə ona 2023-ci ilin yanvar ayı üzrə 59804.03 manat məbləğində ƏDV (əlavə dəyər vergisi) hesablanmışdır. Qərar üzrə aparılmış hesablamanın əsası kimi cavabdeh uyğunsuzluq məktubunda aşağıdakıları qeyd etmişdir: “Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ******* 45 manat olmasına baxmayaraq, qeyd olunan dövrlərüzrəcəmibəyannamələrin(301.1.1.3+301.1.1.4+301.1.1.7+301.1.1.8+301.11.9+301.1.21+ 301.1.23+301.1.2.5+301.1.26+1.1.2.7) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 2521196,42 manat olması (rəsmiləşdirilmiş son xronometrraj müşahidəsinin nəticəsində müəyyən edilmiş dövriyyə məbləğləri əsas götürülməklə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləği nəzərə alınmadan) təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə - 59804,03 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir”. Cavabdeh qeyd edilən məzmunda yanaşması ilə bildirmişdir ki, xx.xx.2020-xx.xx.2023-cü il (37 ay) dövrü ərzində iddaçı 2581000,45 manat ƏDV məbləği bəyan etməli idi, amma 2521196,42 manat məbləğində ƏDV bəyan etmişdir. Halbuki, qeyd olunan yanaşmanın qanuni əsası nə uyğunsuzluq məktubunda, nə də hesablama qərarında göstərilməmişdir. onun niyə 2581000,45 manat dövriyyə bəyan etməli olmasına dair cavabdeh heç bir sübuta istinad etməmişdir. Bundan əlavə, cavabdeh Vergi Məcəlləsinin tələblərinə zidd olaraq ƏDV üzrə hesabat ayını əhatə edən məlumatları əks etdirməli olduğu halda, əvvəlki 3 ildən də artıq dövrü götürməklə qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC-yə 2023-ci ilin yanvar ayı üçün əlavə dəyər vergisinə avisdən kənar qaydada 59804,03 manat vergi məbləği hesablanmışdır. Belə ki, vergi ödəyicisi qarışılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 2581000,45 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi bəyannamələrin ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 2521196,42 manat olması nəticəsində 59804,03 manat (2581000,45-2521196.42) kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********162000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin yanvar ayına 59804,03 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********356100 nömrəli Qərarı göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2220/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********356100 saylı qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ƏDV üzrə vergi öhdəliyi hesabat dövrü, yəni həmin ay üzrə aparılmış əməliyyatları əhatə etməlidir. Lakin cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2023 (37 ay) dövrü üzrə əsassız müəyyən olunmuş vergi məbləği əsassız olaraq 2023-cü ilin yanvar ayına (1 aylıq dövrə) aid edilmişdir. Cavabdeh Vergi Məcəlləsinin tələblərinə zidd olaraq ƏDV üzrə hesabat ayını əhatə edən məlumatları əks etdirməli olduğu halda, əvvəlki 3 ildən də artıq dövrü götürməklə qanunvericiliyin tələblərini pozmuşdur. Vergi orqanı 2023-cüilin yanvar ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat döründə, yəni 2023-cü ilin yanvar ayında baş vermiş əməliyyatları əsas götürməlidir, yəni 2023-cü ilin yanvar ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nin çıxılaraq yaranan fərqi büdcəyə hesablanmış olsun. 2023-cü ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi cavabdeh vergi orqanı tərəfindən kameral ergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən əsassız qərar qəbul etmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, işə baxan Sumqayıt İnzibati Məhkəməsi Məhkəməsi qərarında 2023-cü ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən cavabdeh vergi orqanı tərəfindən əsassız qərar qəbul edildiyini qeyd etmişdir. Bu dəlil formal olmaqla yanaşı yanlış məntiqə əsaslana dəlildir. Belə ki, vergi ödəyicisi qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 2581000,45 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi bəyannamələrin ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 2521196,42 manat olması nəticəsində 59804,03 manat (2581000,45- 2521196,42) kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********162000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2023-cü İlin yanvar ayına 59804,03 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********356100 nömrəli Qərarı göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsi sözügedən maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi naticə etibarı ilə milli qanunvericiliyin qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər, araşdırılmadan və həmin sənədlər əsaslandırılmadan rədd edilmişdir. Nəticədə birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;... Maddə 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Maddə 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********356100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 2581000.45 manat olmasına baxmayaraq, həmin dövr üzrə təqdim edilən bəyannamələr üzrə hesablanmış ümumi ƏDV məbləğinin 2521196,42 manat olması müəyyən edilmiş, nəticə etibarilə 59804,03 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama dövrü kimi 2023-cü ilin yanvar ayı (xx.xx.2023-xx.xx.2023) kimi qeyd edilmişdir. Həmçinin, cavabdeh inzibati orqanın iddiaçı barəsində əlavə ƏDV məbləğinin hesablanması barədə qərarında həmin vergi məbləğinin hesablanması əsası qismində isə xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək, yənin 2023-cü ilin yanvar ayınadək olan dövr üzrə mövcud olan məlumatlara istinad etmişdir. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Məhkəmə qeyd edir ki, vergitutma elementlərindən biri vergi dövrü, ƏDV üzrə vergi dövrü isə təqvim ayı olduğundan, vergi orqanı tərəfindən kameral vergi yoxlaması qaydasında ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. (Vergi Məcəlləsinin 12.1-ci və 178-ci maddələri) Odur ki, vergi orqanı 2023-cü ilin yanvar ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2023-cü ilin yanvar ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Sadalanan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2023-cü ilin yanvar ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun. Hazırkı işdən görünür ki, vergi ödəyicisi 2023-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi təqdim etmiş və təqvim ayının göstəriciləri (vergiyə cəlb edilən dövriyyə, əvəzləşdirilən ƏDV məbləği, dövlət büdcəsinə ödənilməli ƏDV məbləği və digərləri) üzrə hər hansı kənarlaşma olmadığı halda, vergi orqanı əvvəlki, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2023-cü ilin yanvar ayı üzrə əlavə vergi məbləği hesablamışdır ki, bu da Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının pozuntusudur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 2270/2023 nömrəli qərarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vergi orqanı kameral qaydada ƏDV hesabladığı zaman həmin hesabat dövründə baş vermiş əməliyyatları əsas götürməlidir. Bundan başqa, vergi qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi müvafiq hesabat dövrü (Əlavə dəyər vergisinə münasibətdə təqvim ayı) üzrə vergi bəyannaməsi təqdim etməli və vergi orqanı həmin bəyannamə təqdim edildikdən sonra müəyyən edilən müddət ərzində (ƏDVyə münasibətdə 30 iş günü müddətində) kameral vergi yoxlaması həyata keçirə bilər. Əks təqdirdə, yəni 30 iş günü başa çatdığı halda isə vergi orqanı aşkar edilmiş uyğunsuzluq ilə bağlı vergi ödəyicisinə sadəcə dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərə bilər və həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirə bilməz. (Vergi Məcəlləsinin 37.2 və 37.2-1-ci maddələri) Lakin hazırki işin hallarından göründüyü kimi, cavabdeh vergi orqanı 2020-2023-ci illərin müvafiq ayları üzrə ƏDV bəyannamələrinin təqdim edilməsindən 30 iş günü ötdüyü halda, həmin dövrlərdə baş vermiş əməliyyatlara görə kameral vergi yoxlamasını 2023-cü ilin yanvar ayına münasibətdə həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin yuxarıda sadaladığımız normalarının tələblərinə zidd olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən iddiaçı barəsində əsassız qərar qəbul edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarı əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2220/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar