Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-882/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2559/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 mart 2023-cü il tarixli, **********237300 nömrəli və 25 may 2023-cü il tarixli, **********299300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarları ilə iddiaçı barəsində müvafiq olaraq 2022-ci ilin 4-cü rübü üzrə 652.158,24 manat, 2023-cü ilin 1-ci rübü üzrə isə 759.072,34 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş 02 mart 2023-cü il tarixli, **********237300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********37300 nömrəli və xx.xx.2023-cü il tarixli, **********299300 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması (tullantıların utilizasiyası) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samovarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71-2-ci və 130.1 -1-ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş (saflaşdırılmış) və xaricə (satılmış) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1- ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası" nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. Vergi Məcəlləsinin 71- 2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən normaların, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci və 3.2-ci bəndlərinin tələblərinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəflərindən elektron alış aktı ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq iddiaçı tərəfindən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən iddiaçı barəsində əsassız əlavə vergi məbləği hesablanmışdır. Əlavə vergilərin hesablanmasına əsas əhalidən yığılan məişət metal tullantı və qırıntılarına görə oblara ödənilən məbləğdən ödəmə mənbəyində verginin tutulmalı olması göstərilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinadla vergi məbləği hesablanmışdır. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı həmin Məcəllənin 102-ci maddəsində öz əksini tapmışdır. Belə ki, 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa, digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. 2023-cü ilin yanvar ayından həmin maddəyə dəyişiklik edilmiş, fiziki şəxslərə ödənilən məbləğdən 5 faiz verginin tutulmalı olması göstərilmişdir. Belə olan halda, qanunun geriyə qüvvəsinin olmaması səbəbindən 2022-ci ilin 4-cü rübü üzrə ÖMV hesablanması qanunsuzdur. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı barəsində 2022-ci ilin 4-cü rübü üzrə ÖMV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 652158.24 manat vergi hesablanmışdır. Belə ki, 2022-ci ilin 4-cü rübü ərzində vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında (vergidən azad olunan gəlirlər istisna olmaqla) 13043164,8 manat dəyərində mallar alınmasına baxmayaraq, iddiaçı tərəfindən müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilməmiş və kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşma üzrə 13043164,8*5%=652158,2 manat vergidən yayınma riski yaranmışdır. Aşkar edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" 22 fevral 2023-cü il tarixli **********086600 nömrəli məktubl göndərilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Göndərilən məktuba münasibət bildirilmədiyindən xx.xx.2023cü il tarixli, **********237300 nömrəli qərarla 652158.24 manat vergi hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2559/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********37300 saylı və xx.xx.2023-cü il tarixli **********299300 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır. (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən metal və metal qırıntıları VÖEN-i olmayan ayrı-ayrı fiziki şəxslərdən alınmışdır. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Məcəllənin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində nəzərdə tutulmuş azadolma hallarını düzgün şərh etməmiş, həmin normanı əsassız olaraq məhdudlaşdırıcı şərh etmişdir. Həmin maddi hüquq normasının məhkəmə kollegiyası tərəfindən məhdudlaşdırıcı şərhi nəticədə vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmışdır. Belə ki, həmin maddi hüquq normasının dizpozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi metalların da qiymətli olması tələbini istisna edir. Həmin normada ifadə olunan metallar ifadəsi metalların bütün növlərinə aiddir. Belə ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenum) hesab olunur. Sözügedən sahəvi normativ hüquqi aktın mətnində ifadə olunan bütün “metal” ifadələri mütləq şəkildə “qiymətli” ilə birgə əks olunmuşdur ki, bu da həmin metal növünün digər metal növlərindən fərqləndirmək məqsədi daşıyır. Lakin Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində “qiymət daşlar” ifadəsi öncə əks olunmuş, daha sonra isə metalar ifadəsi müəyyən olunmuşdur ki, bu da birmənalı şəkildə “qiymətli” ifadəsinin yalnız daşlara aid edildiyini, həmin normada metalların isə bütün növlərinin nəzərdə tutulduğu müəyyən olunur. Əks təqdirdə, yəni həmin maddi hüquq normasında qiymətli metallar nəzərdə tutulmuş olsaydı, mütləq şəkildə sözügedən sahəvi qanuna əsasən “metallar” ifadəsindən öncə “qiymətli” ifadəsi əks olunacaqdır. Bu baxımdan, həmin normada qiymətli ifadəsi ancaq daşlara aiddir, həmin normada metalların isə bütün növləri nəzərdə tutulmuşdur. Yəni metalların bütün növləri üzrə satış, gəlir vergisindən azad deyildir. Hesab edir ki, məhkəmə işin faktiki hallarını araşdırmadan və qanunvericilik normalarının tələblərini düzgün tətbiq etmədən qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş və vahid məhkəmə təcrübəsinə dair kassasiya və apellyasiya instansiya məhkəmələrinin çoxsaylı qərarlarına münasibətdə cavabdeh hər hansı münasibət bildirməmişdir. Bununla yanaşı, cavabdeh "İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsinə uyğun olaraq hansı səbəbdən inzibati praktikaya uyğun davranmaması barədə də hər hansı əsaslandırma apara bilməmişdir. Belə ki, iddia tələbi əsaslıdır. Hətta AR DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən hazırki iş üzrə müəyyən edilmiş əsaslarla (VM-nin 101.6-cı və 102.1.7-ci maddələri ilə) hesablanmış vergilərin əsassız olduğu və bu səbəbdən bu faktlarla bağlı açılmış cinayət işinə bəraətverici əsaslarla xitam verildiyi də nəzərə alınmalıdır. Bu, özü özlüyündə bu əsaslarla hesablanmış vergi məbləğinin qanunsuz olduğunu bir daha təsdiq edir. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi Vergi Məcəlləsinin 101.6-cı, 102.1.7-ci maddələrinə və "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsinə istinad edilmişdir. Şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, "qiymətli daşlardan və metallardan" ifadəsi təyini söz birləşməsi kimi "qiymətli" ifadəsinin həm daşlara, həm də metallara aid olduğunu bildirir. Belə ki, "daşlar" sözü "və" bağlayıcısı vasitəsilə "metal" sözü ilə əlaqələndirildiyinə görə "qiymətli" ifadəsi hər iki sözə aiddir və onların hər ikisinin də mahiyyətini təyin edir. Bağlayıcı ilə əlaqələndirildiyinə görə "metal" sözünün müstəqil mənada ayrıca işlədilməsi qrammatik cəhətdən mümkün deyildir. Təsadüfi deyildir ki, həmin maddənin dispozisiyasında həm də "qiymətli daşlar və metalların məmulatlarından" ifadəsi də nəzərdə tutulmuşdur ki , bu da özündən əvvəlki ifadənin izahında mühüm rola malikdir. Başqa sözlə, şikayətin dəlilinə uyğun olaraq 102.1.7-ci maddədə qeyd edilən "qiymətli daşlar və metallar" ifadəsi ayrı-ayrı müstəqil mənalı ifadələr kimi ayrılarsa, alınan nəticə belə olacaqdır: 1. "qiymətli daşlardan" (və) 2. "metallardan" 3. "qiymətli daşlar" (və)
4. "metalların məmulatlarından". Aydın olduğu kimi cümlədə istifadə edilən 1-ci, 2-ci və 4cü söz birləşmələri ayrılıqda müstəqil işlədilə bilsə də, 3-cü ifadə ayrılıqda hər hansı mənaya malik deyil və ondan ayrılıqda istifadə edilməsi həmin maddənin məzmununu tam yararsız vəziyyətə salır. Bu bir daha onu göstərir ki, "daşlar" və "metallar" sözləri bir-birinə bağlıdır və "qiymətli" sözü hər iki ifadəyə şamil edilir. Bu baxımdan, qiymətli metal və onların məmulatı anlayışı "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanunun 1.1.1-ci və 1.1.3-cü maddələrində dəqiq formada öz əksini tapmışdır. Fiziki şəxslər tərəfindən təqdim edilmiş metal tullantıları qiymətli metal kateqoriyasına aid olmadığı üçün apellyasiya şikayəti əsassızdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş vergi orqanının xx.xx.2017-ci il tarixli, **********5184300 nömrəli məktubunda VM-nin 102.1.7-ci maddəsinin ətraflı izahı öz əksini tapmış və həmin məktubda yalnız qiymətli metalların vergiyə cəlb edildiyi, qiymətli metal olmayan əlvan və qara metalların isə vergidən azad edildiyi aydın formada bəyan edilmişdir. Bu baxımdan, da apellyasiya şikayəti əsassızdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. (-) 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 101. Gəlir vergisinin dərəcəsi 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyası) 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir; Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər (hal-hazırda qüvvədə olan redaksiyası) 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir; (-) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı).
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu qanunda istifadə olunan əsas anlayışlar. 1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 1.1.1. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum); 1.1.2. qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; 1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları; 1.1.4. qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələri; (-) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən 2022-ci ilin 4-cü rübü və 2023-cü ilin 1-ci rübü üzrə mallar (qiymətli olmayan metal tullantı və qırıntıları) alış aktları ilə alınmış, daha sonra həmin mallar yenidən emal edilərək satılmışdır. Cavabdeh Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinadla həmin metal tullantı və qırıntılarının satışından əldə edilən gəliri fiziki şəxslərin vergidən azad olunan gəlirlərinə aid edilmədiyini hesab edərək iddiaçı barəsində 2022-ci ilin 4-cü rübü üzrə 652.158,24 manat, 2023-cü ilin 1-ci rübü üzrə isə 759.072,34 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Göründüyü kimi mübahisələndirilən qərarlarda iddiaçı barəsində əlavə vergi hesablanmasına səbəb əhalidən yığılan metal tullantı və qırıntılarından əldə edilən gəlirdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən, əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı isə Vergi Məcəlləsinin 102ci maddəsində öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 102.1.7-ci maddəsindən müəyyən edilir ki, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, sözügedən maddi hüquq normasının dizpozisiyasında ifadə olunan “qiymətli” sözü yalnız “daşlar” a aid olmaqla, metalların da qiymətli olması tələbini istisna edir. Yəni bütün metallar və onun məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilir. Kollegiya şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1-ci maddəsində verilmiş əsas anlayışların izahından (1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır (palladium, iridium, osmium, rodium və rutenum), 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır, 1.1.4-cü maddəsinə uyğun olaraq isə qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələridir) və qanunvericilik aktlarının digər tələblərindən də aydın olduğu kimi qiymətli metal və onların məmulatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyindən vergiyə cəlb edilə bilməz. Hazırki halda da işin tərəflər arasında mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən məhz qiymətli metal olmayan metalların tullantı və qırıntıları (mis qazanlar, samovarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s.) satın alınmış, daha sonra həmin mallar satışa təqdim edilmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Vergi siyasəti və strateji araşdırmalar departamentinin xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli məktubunda VM-in 102.1.7-ci maddəsinin ətraflı izahı öz əksini tapmışdır. Belə ki, həmin məktubda da göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir. Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Bununla yanaşı, mis və qurğuşun tullantılarının ayrı-ayrı şəxslərdən toplanaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. Göründüyü kimi vergi orqanının qeyd edilən məktubunda yalnız qiymətli metalların vergiyə cəlb edildiyi, qiymətli metal olmayan əlvan və qara metalların isə vergidən azad edildiyi aydın formada bəyan edilmişdir. Xüsusi qeyd edilməlidir ki, bəhs edilən məktub VM-in 15.1.2, 24.0.3-cü və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 8.4 və 8.6-cı maddələri baxımından mötəbər sübutetmə vasitəsi hesab edilir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)-2559/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.