Məhkəmə qərarları › İş №2-1(105)-89/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-89/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-89/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq kompensasiyanın ödənilməsi“ tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(118)-838/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, **********44 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0946 ha ehtiyat fondu torpaq sahəsi (məqsədli istifadə növü: sahibkarlıq) İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus sözügedən 0,0946 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində 2014cü ildə tikinti altına düşmüşdür. İddiaçı yolun tikintisi altına düşmüş həmin torpaq sahəsinə ona kompensasiya ödənilməsi barədə "xxxx" ASC-yə müraciət etmişdir. ASC tərəfindən ona ünvanlanmış 17 noyabr 2014-cü il tarixli, Ə-4/16-6989 nömrəli məktubdan görünür ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” ilə əlaqədar Abşeron rayonu ərazisində yolun tikintisi altına düşən maneələrin hər biri üçün (torpaq sahələri, hüquqi və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış obyektləri) ƏMDK Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən kadastr planı və onlardan çıxarış sənədləri hazırlandıqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən yerində baxış keçirilərək 946 kv.m. torpaq sahəsinə dəyən ziyan 28.380 manat məbləğində qiymətləndirilmiş və vəsait 16 yanvar 2014-cü il tarixdə "xxxx" ın rabitə Filialına köçürülmüşdür. Lakin, iddiaçı bu məbləğdə razılaşmadığından onu həmin vaxt qəbul etməkdən imtina etmişdir. Daha sonra müstəqil qiymətləndirici ilə iddiaçı arasında 01 may 2023-cü il tarixdə razılaşma protokolu tərtib edilərək, iddiaçıya məxsus torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə müəyyən edilmiş 20 faiz miqdarında satınalma qiymətinə əlavə ilə birlikdə qiymətləndirildiyi 28.380 manat kompensasiya məbləği həmin tarixdə iddiaçıya ödənilmişdir. Lakin, iddiaçı ona ödənilmiş kompensasiyanın məbləği ilə razılaşmayaraq, 16 may 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə müraciət edərək cəmiyyət tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən ona məxsus 0,0946 ha torpaq sahəsinə görə kompensasiyanın bazar qiymətinə uyğun və ədalət prinsipinə əsaslanmaqla, yenidən hesablanıb ödənilməsini xahiş etmişdir. Cavabdeh 31 may 2023-cü il tarixli, 11-1/2-41xx-xx/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus dövlət reyestrindən **********44 reyestr nömrəli çıxarışda göstərilən 0,0946 ha torpaq sahəsi bütövlükdə yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə 28.380 (iyirmi səkkiz min üç yüz səksən) manat kompensasiya "xxxx" ASC-nin Gənclik Filialından ödənilmişdir. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, dövlət ehtiyacları üçün alınan onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən MA seriyalı, N20301810 olan ********** qeydiyyat nömrəli 0,0946 ha torpaq sahəsinin hər sotunun bazar qiymətinin 20000 (iyirmi min) manat olması nəzərə alınmaqla və ümumi məbləğin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ilə birlikdə cəmi 198660 (bir yüz doxsan səkkiz min altı yüz altmış) manat məbləğində kompensasiyanın və ona məxsus torpaq sahəsindən istifadənin məhdudlaşdırılmasına görə itirilmiş gəlirə, işgüzar nüfuzuna xələl gəlməsi və mənəvi ziyana görə 150000 (bir yüz əlli min) manat vəsaitin ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Saray qəsəbəsi (Masazır duz gölünün yanı-yolun kənarı, Masazır kəndinə gedən istiqamətdə) ərazisində yerləşən mülkiyyətində ümumi sahəsi 0,0946 ha, məqsədli istifadəsi sahibkarlıq olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 133.305 manat (111.088 manat əsas + 22.217 manat 20 faiz əlavə) məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan 0,0946 ha torpaq sahəsi cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi aparılan əraziyə düşmüşdür. Bununla əlaqədar cavabdeh tərəfindən həmin torpaq sahəsinə dəyən ziyanın 28.380 (iyirmi səkkiz min üç yüz səksən) manat məbləğində qiymətləndirilməsi və X2 filialına köçürüldüyü barədə məlumat verilmişdir. O da qeyd edilən qiymətlə razılaşmayaraq həmin vaxt kompensasiya məbləğini götürməkdən imtina etmişdir. Bir müddət sözügedən yolun tikintisi ləngisə də, hazırda işlər davam etdirilməyə başlamışdır. Bu məqsədlə artıq "xxxx" ASC tərəfindən torpaq sahəsindən boru xətləri keçirilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə ASC-yə torpaq sahəsinin zəbtdən azad edilərək boşaldılmasına dair rəsmi ərizə ilə tələb etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin dəvət etdiyi müstəqil qiymətləndirici ilə arasında razılaşma protokolu imzalanaraq ona 28.380 (iyirmi səkkiz min üç yüz səksən) manat məbləğində dəymiş ziyana görə vəsait təqdim edilmiş, iddiaçı ödənilmiş məbləğdən narazı olduğunu bildirmiş və bununla bağlı məhkəməyə müraciət edəcəyinə dair qeyd yazmışdır. Həmçinin, torpaq sahəsinin dəyəri barədə internet resursları üzərindən apardığı araşdırmalara görə hal-hazırda həmin ərazidə yerləşən torpaq sahələrinin bir sotunun bazar qiyməti 20.000 (iyirmi min) manatdır. Göründüyü kimi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0946 ha torpaq sahəsinə dəymiş ziyan cavabdeh tərəfindən düzgün hesablanmamış, real bazar qiymətindən çox-çox aşağı qiymət tətbiq edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0946 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin ərazisinə düşməsi və torpağın cavabdeh tərəfindən dövlət ehtiyacları məqsədilə alınmağı tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil edir. Müəyyən olunur ki, iddiaçının və onnan yanaşı tikinti altına düşən bütün mülkiyyətçilərə məxsus torpaqların və tikililərin qiymətləndirilməsi cavabdehin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adına "xxxx" bank hesabına köçürülmüşdür. Bundan əlavə, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin sifarişi ilə "xxxx" MMC-nin hesabatına əsasən qiymətləndirilmişdir. Qiymətləndirmə sifarişçi ilə icraçı arasında bağlanmış müqavilə əsasında aparılmaqla, bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə obyektin və onun sahibinə dair məlumatlar, o cümlədən, foto-şəkillərdən və müxtəlif elmi metodlardan istifadə olunur. Yekunda müstəqil ekspert, ümumilikdə, təyin etdiyi sahənin qiyməti, AR Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 faiz miqdarında hesablanmış əlavə ilə 28380 (iyirmi səkkiz min üç yüz səksən) manat məbləğində olmuşdur. Göstərənlərə əsasən hesab edir ki, dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin qiyməti qanuna əsasən istənilən qiymətləndirici tərəfindən deyil, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanaraq, iddiaçıya tam ödənilmiş və bununla belə hüququnun pozulması müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(118)-838/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi (Masazır duz gölünün yanı-yolun kənarı, Masazır kəndinə gedən istiqamətdə) ərazisində yerləşən 0,0946 ha, məqsədli istifadəsi sahibkarlıq olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 133.305 manat (111.088 manat əsas + 22.217 manat 20% əlavə) məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3-nü seçməklə, o cümlədən, 4Ə-578 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır duz gölünün kənarında yerləşən ərazidə 0,033 ha torpaq sahəsi 84.700 manata, 4Ə-577 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.031 ha torpaq sahəsi 30.000 manata, 4Ə-93 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.045 ha torpaq sahəsi 40.000 manata satılmış, alqı-satqı müqavilələri üzrə torpaq sahəsinin bir sotunun qiyməti 25.666 manat, 9.677 manat, 8.888 manat olmaqla, 1 sotun orta qiyməti təqribən 14.743 manatdan çox edir (25666+9.677+8.888=44231:3=14.743). Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin hər sotuna görə 3000 manat kompensasiya ödənilmişdir (14743-3000=11.743 manat x 9.46 sot = 111.088 manat). Ona görə də məhkəmə iddiaçıya ödənilmiş kompensasiya məbləğini araşdırma nəticəsində müəyyən olunmuş torpaq sahəsinin hər sotundan çıxmaqla hesablanma aparması və müvafiq kompensasiyanın iddiaçıya ödənilməsi qənaətinə gəlir. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 111.088 manat + 22.217 m (111.088 x 20% = 22.217 m) = 133.305 manat təşkil edir. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 133.305 manat məbləğində kompensasiya real va ağlabatan görünmür. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin qiyməti 2019, 2021, 2022-ci illərdə bazar qiymətinə və Masazır ərazisinə uyğun müəyyən edilsə də, həmin torpaq sahəsi Saray qəsəbəsində yerləşir və dövlət ehtiyacları üçün alınması 2014-cü ildə həyata keçirilmişdir. Torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir və bununla belə siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmiş, və torpaqların cari bazar qiymətini araşdırmaqla kifayətlənmişdir. Lakin, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Tərəflərindən birinci instansiya məhkəməsinə verilən etirazda qeyd edilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Saray qəsəbəsi ərazisində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 (bir) kv.m. torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə 20 faiz əlavələrlə birlikdə 300 (üç yüz) manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabatlar hazırlanmışdır. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinə görə kompensasiya məbləğini 2014-cü ildə "xxxx" ASC-nin Rabitə filialına iddiaçının hesabına köçürərək niyyətini bəyan etmişdir, həmin pulu götürüb-götürməmək iddiaçının ixtiyarında olan məsələdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi əslində torpaq sahəsi Saray qəsəbəsinin digər tərəfində, yəni Duz gölünün kənarında “Badamlıq” adlanan sahədə yerləşir. İddiaçı torpaq sahəsini 2014-cü ildə cavabdehə təhvil vermiş, 28.800 manat vəsaiti isə 01 may 2023-cü il tarixdə əldə etmişdir. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. ... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. ... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. ... 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. ... Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; ... Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; ... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; ... Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. ... Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0946 ha ehtiyat fondu torpaq sahəsinin (məqsədli istifadə növü: sahibkarlıq) bütövlükdə "xxxx" ASC tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşməsi hazırkı işin mübahisəsiz halıdır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi sözügedən torpaq sahəsi 2014-cü ildə yolun tikintisi altına düşmüş, torpaq sahəsinə görə cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə müəyyən edilmiş 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq nəzərə alınmaqla, 28.380 manat məbləğində kompensasiya hesablanaraq (1 kv.m. torpaq sahəsinə görə 30,00 manat) 2023-cü ildə iddiaçıya ödənilmişdir. Lakin, iddiaçı ona ödənilmiş kompensasiyanın məbləği ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan, hazırkı mübahisə predmeti iddiaçıya məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar hesablanmalı olan kompensasiyanın məbləği barədədir. Kollegiya hesab edir ki, iddiaçının həmin 0,0946 ha torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin bazar qiymətini 2019-2022-ci il tarixli alqı-satqı müqavilələri əsasında satılmış torpaq sahələrinə münasibətdə müəyyən edərək, həmin sahəyə görə cavabdeh tərəfindən ona ödənilmiş 28.380 manat çıxılmaqla, 133.305 manat (111.088 manat əsas + 22.217 manat 20% əlavə) kompensasiyanın ödənilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Torpaq sahəsi 2014-cü ildə dövlət ehtiyacları üçün geri alınmasına baxmayaraq, birinci instansiya məhkəməsi torpağın bazar qiymətini həmin ildə bağlanmış alqı-satqı müqavilələri əsasında deyil, 2019-2022-ci il tarixli müqavilələr əsasında müəyyən etmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. İşə baxan məhkəmə tərəfindən əmlakın bazar qiymətinin müəyyənləşdirilməli olduğu ərazi də düzgün müəyyən edilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu, Saray qəsəbəsində yerləşsə də, məhkəmə Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahələrinin alqı-satqı qiymətlərini əsas götürmüşdür. Göründüyü kimi məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin alınmaya məruz qalması isə 2014-cü ildə baş verdiyindən məhkəmə kollegiyası tərəfindən ərazi üzrə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğu edilərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən sahibkarlıq təyinatlı torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə alınan Saray qəsəbəsində yerləşən sahibkarlıq təyinatlı torpaq sahələrinə dair 2014-cü il üzrə notariat qaydada təsdiq edilmiş ən azı 10 ədəd alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilən 2014-cü il tarixli alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu Saray qəsəbəsində 2014-cü il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 27,4 manat, 13,33 manat, 12,5 manat, 10,0 manat, 9,0 manat, 9,82 manat, 8,57 manat və 8,33 manat olmuşdur. İstinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 27,4, 13,33 və 12,5 manat aid edildiyindən, onların orta göstəricisi (27,4 + 13,33 + 12,5)/3= 17,74 manat) 17,74 manat edir. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində məhz iddiaçının hazırda mübahisələndirilən torpaq sahəsi müstəqil qiymətləndirici tərəfindən sahənin bazar qiymətinin 20%-i miqdarında əlavə nəzərə alınmaqla, torpaq sahəsinin 1 sotu üçün 30,0 manat məbləğində qiymətləndirilmiş və sözügedən 0,0946 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması müqabilində görə ona 28.380 manat məbləğində kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (17,74 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və iddiaçının özünə ödədiyi qiymətə (20% əlavə ilə birlikdə 30,0 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində araşdırma aparmadan iddanı təmin etmişdir. Beləliklə, sadalananlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(118)-838/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar