Məhkəmə qərarları › İş №2-1(105)-898/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-898/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-898/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının qulluq stajına görə əlavələr azaldılmamaqla yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2896/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2005-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 589,22 manat məbləğində müəyyən edilmişdir. İddiaçı yenidən hesablanmış pensiya məbləği ilə razılaşmayaraq ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılmasını xahiş etmişdir. Cavabdeh orqan 31 mart 2023-cü il tarixli, 3-17-1/2-D-67624/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 589,22 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi – 243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 345,92 manat olmaqla ödənilmişdir. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 16 fevral 2022-ci il tarixli müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı sığorta kapitalına görə həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14647,21 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 327,00 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmamaqla, 262,22 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur, bu səbəbdən, sonuncu dəfə işdən azad olunduğu tarixdən yenidən hesablandığı tarixə indeksləşdirilməklə pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. X3 mövcud olan məlumatlara əsasən iddiaçı əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab olunmur, pensiyanın yenidən hesablanması məsələsinə iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda və ya işləyən əmək pensiyaçısı kimi pensiyasına topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixindən 6 il keçdikdən sonra baxıla bilər. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 648,14 manat müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək onun pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 743,42 manata artırılmaqla ödənilir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək yenidən hesablanma barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və həmin qərar əsasında azaldılmış qulluq illərinə görə əlavənin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs kimi ona pensiya təyin edildikdən sonra işləməyə davam edərək 6 ildən çox çalışmışdır. Ona yaşa görə əmək pensiyası təyinindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək ona əmək pensiyası təyin edildikdən sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən pensiyası yenidən hesablansa da, hesablanma səhv aparılmışdır. Hesab edir ki, yenidən hesablanma barədə qərar qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2896/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş **********5 nömrəli qərar ləğv edilməsi və həmin qərar əsasında azaldılmış qulluq illərinə görə əlavənin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ 2017-ci ilin iyul ayının 1-dək yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin yeni redaksiyası xx.xx.2019-cu ildən tətbiq oluna bilər. İddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan, işləyən əmək pensiyaçısı olduğundan, pensiya təyin olunduqdan sonrakı dövr üzrə onun pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin, iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən onun xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin mətnində “...... və ya yenidən hesabladıqda.......” ifadəsindən də istifadə edilmişdir ki, bu Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən hərbi qulluqçu kateqoriyasından olan pensiyaçıların pensiyasının yenidən hesablanmasını nəzərdə tutur. Yəni, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasının sığorta hissəsi pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına görə yenidən hesablanır, lakin pensiyanın qulluq stajına görə əlavə hissəsi sığorta hissəsindəki artım qədər azaldılır və pensiyanın ümumi məbləği dəyişmir. Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunmuşdur. Bundan başqa məhkəmənin qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı bildirir ki, həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Eyni zamanda, məhkəmə Qanunun 29.2-ci maddəsinin ləğvini Azərbaycan Respublikasının 149-cu maddəsində nəzərdə tutulan hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirməklə də səhvə yol vermişdir. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmamışdır. Bu dəyişikliklər hesablanma qaydasında olmaqla, sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir. Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını araşdırmamış, göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarının ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalı əsasında pensiyasının sığorta hissəsinin qulluq stajına görə əlavələrin məbləğinin azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının müraciəti zamanı qüvvədə olan redaksiyası): Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (-) 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; (-) 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 230. Qətnamənin və ya qərardadın izah edilməsi: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. (-) 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırkı mübahisə predmeti iddiaçıya pensiya təyin edildikdən sonra toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin qulluq stajına görə əlavələrin məbləği azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, hərbi qulluqçular "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.5-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir. İşin müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı da qeyd edilən kateqoriyadan olan şəxs olmaqla, ona xx.xx.2005-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya təyin edildiyi tarixdən işlədiyi dövr ərzində fərdi şəxsi hesabında 14647,21 manat pensiya kapitalı toplanmışdır. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanaraq 589,22 manat müəyyən edilmişdir. Cavabdeh imtina məktubu, etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14647,21 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsinin müəyyən edildiyini, eyni zamanda Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləğinin həmin artım qədər azaldıldığını bildirmişdir. Göründüyü kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi tətbiq edilməklə qulluq stajına görə əlavələrin məbləği azaldılmaqla aparılmışdır. Hazırda iddiaçı yenidən hesablanmış həmin məbləğlə razılaşmayaraq ona pensiya təyin edildikdən sonra toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İşdən görünür ki, iddiaçı daha əvvəl də hazırkı tələblə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-451/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin olunduqdan sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Daha sonra iddiaçı iddiadan imtina etdiyindən məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hazırki işlə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait - pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür ("Əmək pensiyaları haqqında" Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (Həmin Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. 9-cu maddədə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. Pensiya məbləğində müəyyən olunan güzəşt "Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən - sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). Əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi Qanunun 37.3.1-ci maddəsinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz yaşa görə əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. İşdən görünür ki, iddiaçı 6 ildən çox müddət ərzində işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsini Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. İddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Qanunun 37.3.1-ci maddəsinin məzmunundan da göründüyü kimi normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur: 1) Şəxsin işləyən əmək pensiyaçısı olması; 2) Əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur. Belə ki, 1) şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya 2) pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Məhkəmə kollegiyası cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyasının yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin istinad etdiyi həmin norma yaşa görə əmək pensiyasının pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi dövr üzrə toplanan kapital əsasında yenidən hesablanmasını deyil, yalnız pensiyanın sığorta hissəsi indeksləşdirildikdə qulluq stajına görə əlavələrin yenidən hesablanması barədə olmaqla, əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına istinadla iddiaçının pensiya hüququnun 2017-ci il iyulun 1-dək yarandığından pensiyaya əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmasının qanuni olmaması əsası ilə iddianı təmin etmişdir. Halbuki, yuxarıda göstərildiyi kimi Qanunun qeyd edilən maddəsi redaksiya tarixindən asılı olmayaraq əmək pensiyalarının indeksləşdirilməsi halında qulluq stajına görə əlavələrin yenidən hesablanması məsələsini tənzimləməklə, hazırkı mübahisəyə, ümumiyyətlə, aidiyyəti yoxdur. Yaranmış mübahisəli münasibət üzrə tətbiq edilməli olan norma Qanunun 37.3.1-ci maddəsidir. Bu baxımdan, kollegiya hesab edir ki, işə baxan məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol versə də, iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda, iddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarının ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalı əsasında pensiyasının sığorta hissəsinin qulluq stajına görə əlavələrin məbləğinin azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ləğv edilməli və iddiaçıya pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalı əsasında pensiyasının sığorta hissəsinin qulluq stajına görə əlavələrin məbləğinin azaldılmadan yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2896/2023 nömrəli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının xx.xx.2022-ci il tarixli **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ləğv edilsin və İddiaçı pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalı əsasında pensiyasının sığorta hissəsinin qulluq stajına görə əlavələrin məbləğinin azaldılmadan yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar