Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-914/2025 16.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (Açar sözlər: mənzil uçotuna götürülmə) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4453/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Masalli Rayon şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, onun mərhum oğlu 1997ci il təvəllüdlü çavuş X5 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası uğrunda döyüşlərdə hərbi anda sadiq olaraq mətinlik və mərdlik nümayiş etdirərək xx.xx.2020-ci il tarixdə həlak olmuşdur. “Şəhid ad min əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.2020-ci il tarixdən X5 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin 23 aprel 2025-ci il tarixli məktubu ilə iddiaçının mənzil növbəsinə alınması və mənzil növbəsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə köçürülməsinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci li tarixli, 201 saylı Sərəncamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid atası İddiaçı rayon icra hakimiyyətində mənzil növbəsinə alınmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü li tarixli 77 saylı Sərəncamı ilə şəhid ailəsi İddiaçı müraciəti əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilmiş, İddiaçı Masalı rayon İcra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçot qeydiyyatından çıxarılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 201 saylı sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmısınız. Sonradan Masallı rayonundan qeydiyyatdan çıxaraq ünvan 2 ünvanına xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüsünüz. Qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış ehəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Eyni zamanda Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər. Mənzil uçotunuzun yaşayış yeri üzrə köçürülməsini Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan həyata keçirmiş, bununla da, müvafiq qanun normasını pozmuşunuz. Bu səbəbdən xahişinizin müsbət həlli mümkün olmamışdır. AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə imtiyazları nəzərə alınmaqla növbəlilik qaydasında təmin olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 08 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Masallı rayonu Mahmudavar kəndi, xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 21 may 2025-ci li tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Masallı rayonu, Mahmudavar kəndində yerləşən ümumibirgə mülkiyyət hüququ ilə 2.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsi kimi mənzil növbəsinə qeydiyyata alınaraq yaşayış sahəsi ilə təmin edilməyinin cavabdehə həvalə edilməsi bərədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Qasımov Nayıb torpaqların düşməndən azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Özü əvvəllər Masallı rayonu Mahmudavar kəndində yaşasa da sonradan işi ilə bağlı Sumqayıt şəhərinə köçmüşdür. Buna səbəb mərhum oğlunun hərbi qulluqçu kimi Sumqayıt şəhərində yaşaması olmuşdur. 2017-ci ilin dekabr ayından Sumqayıt şəhərində yaşamışdırlar. Lakin qeydiyyata 2022-ci liin noyabr ayında düşmüşdür. Evi olmadığından başqasına məxsus evdə müvəqqəti məskunlaşmışdır. Şəhid ailələrinə verilən mənzillərlə bağlı yaşayış sahəsi ilə təmin olunmaq üçün müraciətlər etmişdir. Masallı rayon İcra Hakimiyyəti iddiaçının hazırda qeydiyyatı Sumqayıt şəhəri olduğundan həmin icra hakimiyyətinin bu məsələyə baxmalı olduğunu bildirmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti isə Sumqayıt şəhərində 5 ildən az qeydiyyatda olduğuna görə bu barədə müraciətini təmin etməmişdir. Halbuki bundan sonra bir neçə il də mənzilsiz qalmağı çox ağır vəziyyətə düşməyilə nəticələnir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Qasımov X2 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 201 saylı sərəncamı ilə yaşyış yeri üzrə mənzil uçotuna alınmış, sonradan Masallı rayonunundan qeydiyyatdan çıxaraq ünvan 2 ünvanına xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Eyni zamanda Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4453/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzil növbəsinə alınması öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulması qərar alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmamışdır. Cavabdehin imtinasında Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddətinə əsaslansa da hazırda qüvvədə olan qanunvericiliyin belə bir tələbi mövcud deyildir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərancamında qeyd edilmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. İstinad edilən sərəncamın verdiyi imtiyazlara uyğun olaraq iddiaçının şəhid ailəsi kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur. İddiaçının daimi yaşama müddətinin pasport qeydiyyatının tarixi ilə müəyyən edilməsini məhkəmə qüvvədə olan qanunvericiliyin tələbləri baxımından əsaslı hesab etmir. Bundan əlavə, Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü li tarixli 77 saylı Sərəncamı ilə şəhid ailəsi İddiaçı müraciəti əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilmiş, İddiaçı Masalı rayon İcra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçot qeydiyyatından çıxarılmışdır. Belə olan halda, iddiaçı onun mənzil növbəsinə götürülməsini tələb etməkdə haqlı olmuş, cavabdeh isə bu hala istinad etməkdə qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Maddə 51.7. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi mənzil uçotuna götürülməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhərində yaşayış yeri üzrə pasport qeydiyyatına alınmışdır, xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Masallı rayonu Mahmudavar kəndi üzrə pasport qeydiyyatında olmuşdur. Masallı rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədlərinə baxılması üçün aidyyəyi üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilməsi, Masallı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçot qeydiyyatından çıxması, uçot tarixinin 27 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İddiaçı şəhid ailəsinin üzvi olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında iddiaçı Masallı rayonunda baytar köməkçisi işləmişdir. İndiki halda iddiaçı 2017-ci ilin dekabr ayından işi ilə əlaqədar olaraq Sumqyaıt şəhərinə köçməsi, həmin traixdən hazırki vaxtadək Sumqayıt şəhərində yaşaması, uşaqlarının təhsil alması kimi hallara istinad edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Kollegiya hesab edir ki, indiki halda iddianının əsaslılığını müəyyən etmək üçün zəruri olan hal yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı halda, sonradan uçotdan çıxaraq, uçot yerinin dəyişdirilməsinə əsas olan halın nədən ibarət olması (daimi yaşayış yerinin məhz cavabdehin yurisdiksasiyasına aid olub-olmaması), həmin halın mövcudluğunu zəruri edən faktiki halların nədən ibarət olması və həmin halların mövcudluğunun mötəbərliyinin müəyyən edilməsi, habelə uçot yerinin dəyişdirilməsinin niyyətli hərəkətlərlə əlaqədar ortaya çıxıbçıxmaması ilə bağlı halların yoxlanılmasıdır. İndiki halda sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz idiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Buna baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (2017-ci ildən Sumqayıt şəhərində yaşaması, burada işləməsi, uşaqlarının təhsil alması, daimi yaşayış yerinin burada olması və s.) dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə işin müəyyən edilmiş halları (iddiaçının Masallı rayonunda 2021-ci ildən işləməsi, 2022-ci ilədək həmin rayonda daimi yaşayış yeri üzrə pasport qeydiyyatında olması) iddiaçının tələbin əsası kimi istinad etdiyi halları təkzib edir. İndiki halda isə iddiaçı tərəfindən həmin halların əksini sübut edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hallar isə özlüyündə iddiaçının Sumqayıt şəhərində yerləşən ünvan üzrə daimi pasport qeydiyyatının formal xarakter daşıdığını, onun daimi yaşayış yeri kimi çıxış etmədiyini müəyyən etməyə imkan verir. Nəticə etibarilə iddiaçının uçot yerinin dəyişdirilməsi (mövcud olan uçota alındığı ərazidən çıxaraq, hazırki cavabdehin yurisdiksiyasına aid ərazi üzrə uçota alınmasını) üçün zəruri olan halın-daimi yaşayış yerinin məhz cavabdehin yurisdiksiyasına aid olan ərazidə olması halının müəyyən edilməsi mümkü olmamışdır. Halbuki, yuxarıda istinad edilən qanunvericilik normasının dispoztiv şərtinə əsasən şəxs yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınır. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən şəxsin adətən yaşadığı yer onun yaşayış yeri hesab olunur, habelə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin birinci abzasında deyilir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Belə olan halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları əsasında iddianının əsaslılığının müəyyən edilməsi mümkün olmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Başqa sözlə desək, cavabdehin imtinası qanuna zidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan imtina və şikayətin dəlili kimi iddiaçının 5 il daimi pasport qeydiyyatında olması müddəti tamamlandıqdan sonra onun müraciətinə baxılmasının mümkünlüyünü qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, inzibati orqanın istinad etdiyi “son 5 il ərzində pasport qeydiyyatında olmaqla yaşamaq” şərti (Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” və həmin qaydalarla müəyyən edilmiş) artıq inzibati orqanın praktikasına çevrilmişdir. Bu praktikaya zidd qərar qəbul edilməsi həmin praktikaya etimad edən digər vətəndaşların da hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4453/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-914/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-914/2025
16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver