Məhkəmə qərarları › İş №2-1(105)-930/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-930/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-930/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı Şəhabəddin oğlunun iştirakı ilə, İddiaçı Şəhabəddin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(118)-3451/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Şəhabəddin oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Quba rayonu Gərəy bələdiyyəsinin 20 oktyabr 2006-cı il tarixli 10 №-li qərarı ilə ona fərdi ev tikintisi üçün Quba rayonu, Gəray kəndindən verilmiş 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonunun Gərəy bələdiyyəsinin 20 oktyabr 2006-cı il tarixli 10 №-li qərarı ilə iddiaçıya fərdi ev tikintisi üçün 0,08 ha torpağın satılması barədə qərar verilmiş və qeyd edilən qərara əsasən, iddiaçı ilə Quba rayonu Gəray bələdiyyəsi arasında bağlamış 03 aprel 2006-cı il tarixli torpaqların alqısatqısına dair akt bağlanaraq 0,08 ha torpağı satın almış və həmin vaxtdan hal-hazıra kimi torpağa sahiblik edərək istifadə edir. İddiaçı satın aldığı 0,08 ha torpağ sahəsinə çıxarış almaq üçün hüquqmüəyyənedici sənədləri toplayaraq cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilat özünün 15 noyabr 2024-cü il tarixli məktubu ilə dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Quba rayon Gərəy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı əsasında iddiaçıya satılmış 0,08 ha torpaq sahəsinin torpaqların elektron kadastrı uçotu informasiya sistemində kənd təsərrüfatı torpaq sahəsi kimi qeydə alındığını bildirib çıxarışın verilməsinə imtina edilmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən Quba rayonu Gərəy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı əsasında satılmış 0,08 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində X4 (örüş) torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun X4 torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Quba rayonu Gərəy bələdiyyəsinin 20 oktyabr 2006-cı il tarixli, 10 nömrəli qərarından görünür ki, bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı Şəhabəddin oğluna fərdi ev tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Aprel 2004-cü il tarixli, 14 saylı qəbzdən görünür ki, Həsənov X3 rayonu Gərəy bələdiyyəsinin hesabına 153,60 manat köçürmüşdür. Quba rayonu Gərəy bələdiyyəsi tərəfindən təsdiq edilmiş plandan görünür ki, İddiaçı Şəhabəddin oğluna fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı Şəhabəddin oğluna fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Quba rayonu Gərəy bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsi İddiaçı Şəhabəddin oğluna satılmışdır. Quba rayonu Gərəy rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı Şəhabəddin oğluna fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsinin ayrlmasına etiraz etmir. DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı Şəhabəddin oğluna satılması nəzərdə tutulan torpaq sahəsi 0,08 ha olmaqla, Gərəy bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Quba rayonu Gərəy rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi və DT və XK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş arayışdan görünür ki, Quba rayonu Gərəy bələdiyyəsinin 20 oktyabr 2006-cı il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı Şəhabəddin oğluna həyətyanı məqsədi ilə 0,08 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsi Qusar- Qonaqkənd kəndinə aiddir. Quba rayon Susay bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14 №-li arayışdan görünür ki, Quba rayonu Gərəy kənd sakini İddiaçı Şəhabəddin oğlunun adına Quba rayonu Susay bələdiyyəsi tərəfindən 20 oktyabr 2006-cı il tarixli, 10 saylı qərar halhazırda qüvvədədir. Quba rayonu Susay bələdiyyəsi çıxarışın verilməsinə etiraz etmir. X6 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məkubdan görünür ki, Quba rayonu Gərəy bələdiyyəsinin 2006-cı ilə aid iclas protokolları X6 filialına təhvil verilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Quba rayonu, Gərəy bələdiyyəsinin ərazisində yerləşən, İddiaçı Şahəbəddin oğluna ayrılmış 0,12 ha torpaq sahəsindən və yaxınlığından "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Elektrik qurğularının mühafizə zonaları "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və qeyd olunan torpaq sahəsi 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Quba rayonu Gərəy kəndi ərazisində 0,08 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, GPS aləti vasitəsi ilə torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən) götürülmüşdür. Faktiki olaraq həmin torpaq sahəsi kol ilə hasarlanmışdır. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsi gediş-gəliş yolu və qonşu torpaq sahələri ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddia olunan torpaq sahəsi 0.08 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş A№ 449644 saylı Plan-ölçü (kadastr planı) sənədində göstərilmiş torpaq sahəsi ilə iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi eynilik təşkil edir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X2b uqodiyası örüş kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin qonşuluğunda heç bir mülkiyyət hüququ tanınmamışdır. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-60/2-1355/2025 nömrəli məktubdan görünür ki, təqdim olunan koordinatlarda yerləşən torpaq sahəsi Quba rayonu Gərəy bələdiyyəsi hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olmaqla X4 örüş torpaqlarına aiddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(118)-3451/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin qeyd olunan qərarı ilə razılaşmır, qərar qanuna uyğun hesab edilə bilməz və əsassız olaraq hüquqlarının pozulmasına səbəb olmuşdur. Bildirir ki, o, bələdiyyəsinin qeyd olunan qərarına əsasən alqı-satqı etmişdir, bu barədə müvafiq sənədlərini məhkəməyə təqdim etmişdir, amma üzərində heç bir mübahisə olmayan mülkiyyətinə verilmiş torpaq sahəsinin mülkiyyət hüququna dair sənəd ala bilmir. İddiaçı apellyasiya şikayətində etimad hüququnun qorunması, mütənasiblik prinsiplərinə, mötəbərlik prezumpsiyasına istinad edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi 1.Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 2.Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: X4 torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi 2.Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. (-). Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi 1.Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. 2.Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. 3.Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativhüquqi aktlarla tənzimlənir. 4.Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. X4 torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri X4 torpaqlar sayılır.

2. X4 torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (-).

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan X4 torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına nail olmaq istəyir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, sözügedən torpaq sahəsi örüş torpaq sahəsidir, örüş torpaq sahəsi isə alqı-satqı predmeti ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli, 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq Məcəlləsinin 9.2 və 12-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalarından biri də X4 torpaqlardır və kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun X4 torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin X4, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına əsasən: 1 (..) Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. (..) Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.

3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. 4.Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər.

5. Örüş, otlaq və biçənək sahələrinin məhsuldarlığı və münbitliyi təbii amillərin təsiri nəticəsində itirilərsə, bu sahələr müvafiq yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatətinə əsasən dövriyyədən çıxarılaraq konservasiya edilir. Həmin sahələrin sağlamlaşdırılması qaydası müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.

22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər.

28. Örüş, otlaq və biçənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-satılmasına, ipoteka qoyulmasına, özbaşına dəyişdirilməsinə və torpaq qanunvericiliyinin digər tələblərinin pozulmasına yol verilmir. İstinad olunan normalara əsasən müəyyən olunur ki, X4 torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız X4 torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər. Mövcud mübahisənin ədalətli və obyektiv həllini təmin etmək məqsədilə birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğu məktubu ünvanlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-5750/2025 nömrəli müayinə aktı təqdim olunmuşdur. Həmin rəydə qeyd olunmuşdur ki, müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş A№ 449644 saylı Plan-ölçü (kadastr planı) sənədində göstərilmiş torpaq sahəsi ilə iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi eynilik təşkil edir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X2b uqodiyası örüş kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Yuxarıda istinad olunan normalardan da göründüyü kimi iddiaçının təqdim etdiyi sənədlər əsasında bu torpaq üzərində ona mülkiyyət hüququnun verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Kollegiya bir daha qeyd edir ki, mütəxəssis rəyi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin X4 olmaqla, örüş torpağı olması öz təsdiqini tapır. Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən X4 torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, X4 torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. İstinad olunan normalardan görünür ki, X4 torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə müvafiq bələdiyyə qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən həyətyanı məqsədi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, yuxarıda adıçəkilən Qaydalara əsasən bələdiyyənin X4 örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi. Torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar çərçivəsində və müvafiq icra hakimiyyəti orqanlarının razılığı əsasında həyata keçirilə bilər. Hal-hazırda təqdim edilmiş sənədlər arasında belə bir qərarın mövcudluğu sübuta yetirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçıya torpaq sahəsinin satılması qərara alınmış sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmir. Belə olan halda bu hal həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Beləliklə də müəyyən olunur ki, X4 örüş torpaq sahəsinin həyətyanı məqsədi üçün bələdiyyənin qərarına əsasən satılması qanunvericiliyə uyğun aparılmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Eyni zamanda yuxarıda qeyd olunan müayinə aktından görünür ki, “Torpaq sahəsinin qonşuluğunda heç bir mülkiyyət hüququ tanınmamışdır. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınmadığı üçün iddiaçının hüquqları bərabərlik prinsipi baxımından da qoruna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(118)-3451/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar