Məhkəmə qərarları › İş №2-1(105)-935/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-935/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-935/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, təqaüdün ödənilməsinin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3663/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıq ödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq baxılcaqdır. 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarın surətindən görünür ki, iddiaçı barəsinə təqaüd təyinatının mümkün olmaması haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T23736/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması, 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1951-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, o 2017-ci il tarixədək əmək stajına malik olduğu və davamlı olaraq əmək fəaliyyəti göstərdiyi üçün 2017-ci il tarixdən etibarən əmək pensiyaçısıdır. Özünün əmək fəaliyyəti və elmi fəaliyyətilə bağlı bəzi məlumatlar aşağıdakı kimidir: 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Əmək veteranı, 1985-ci ildən pedaqoji elmlər namizədiyəm (halhazırda isə pedaqoji elmlər üzrə fəlsəfə doktoru), 1991-ci ildən baş elmi işçisi, Türkiyə- Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2016-cı ildən X5 X1 fəxri professoru, 2016-cı ildən Türk dünyası elmlərinin və mədəniyyətinin tərəqqisindəki xidmətlərimə görə X5 X1 “Qızıl ulduz” medalı ilə təltif olunmuş; 2016-cı ildən elmi-tədqiqat işlərindəki xüsusi xidmətlərinə görə X8 Akademiyasının (ATEA) həqiqi üzvü- akademiki, 2016-cı ildə ATEA-nın “Taclı ulduz” ordeni ilə təltif olunmuş; 2016-cı ildə elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının X4 Beynəlxalq Mükafat Komitəsinin “Şərəf və Vicdan” ordeni ilə təltif ediliş, 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının X4 X2 Komitəsi tərəfindən “Qurtuluş və mərhəmət” ordeni ilə təltif edilmiş, 2020-ci ildə 200-dən çox çap olunmuş elmi əsərlərinin və 10-dan çox kitablarının müqabilində TURAN Elmlər Akademiyasının akademiki elmi rütbəsinə layiq görülmüş; 25 yanvar 2023-ci ildən TURAN Elmlər Akademiyasının vitse-prezidenti olmaqla bərabər həmin akademiyanın Azərbaycan filialının rəhbəridir, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bütün bunların müqabilində əmək pensiyası hüququ olduğu üçün pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinin müqabilində əvvəllər 120 manat, sonralar isə 300 manat olmaqla qanuni olaraq hər ay müavinət almışdır. 2023-cü ilin avqust ayından sonra isə ona məlum olmayan səbəbdən həmin müavinətin verilməsi cavabdeh orqan tərəfindən dayandırılmışdır. Bütün bu qeyd edilənlərdən də görünür ki, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1969 nömrəli Fərmanına əsasən 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən edilmişdir. Qeyd edilən müddəalardan da görünür ki, onun fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat məbləğində aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ vardır. İddiaçı qanuni olaraq 2023-cü ilin avqust aymadək bu təqüdü alırmış, lakin bilmədiyi səbəblərdən 2023-cü ilin avqust ayından sonra bu təqaüd təqdim edilməmiş, buna görə də o təqaüdünün yenidən bərpa olunması, indiyə qədər almadığı müavinətin ödənilməsi və təqaüdün dayandırılma səbəbinin hansı qanunlar əsasında olduğunun izah etmələri üçün cavabdeh orqana yazılı ərizə ilə müraciət etmiş, onun müraciətinə cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T-23736/2024 saylı cavab məktubu ilə müsbət cavab verilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iş materiallarına əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmışdır. Cavabdehin xx.xx.2024 tarixli 3-17-1/2-T-23736/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıqödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılması istisna edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya təyin olunmuş Prezident təqaüdünün qanunvericiliyin tələbləri baxımından bərpa edilməsinin mümkün olmaması tərəfindən sübuta yetirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3663/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə X6 Sabir Paşa oğlu barəsində qəbul etdiyi 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla iddiaçıya ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək qanunuvericiliyinin tələbləri baxımından işləməsi anlamına gəlməməlidir. Adından da göründüyü kimi sahibkarlıq bir fəaliyyət növüdür ki, həmin fəaliyyət növü ilə məşğul olan şəxsin gəlirləri qeyri müntəzəm olmaqla insanın öz fəaliyyəti ilə bağlı olan bir məşğuliyyətdir. Cavabdeh təşkilatın mövqeyi ilə razılaşsaq onda yaşa görə əmək pensiyası ilə təmin edilmiş şəxslərin təqaüddə olduğu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək pensiyasının dayandırılması üçün əsas hesab edilməlidir. Göründüyü kimi büdcə və ya büdcədən kənar vəsait hesabına əmək haqqı almayan, yəni aralarında işçi ilə işəgötürən münasibətləri olmayan şəxslərin başqa fəaliyyət növü ilə (məsələn sahibkarlıq, bəstəkarlıq, rəssamlıq və sair) məşğul olması onun işləməsi anlamını təzahür eləmir. Cavabdeh təşkilat Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün dayandırılması əsassızdır. Mübahisə predmetinə dair qanunvericilik aktların heç birində Prezident təqaüdünün şəxsin VÖEN-nin olması səbəbindən dayandırılması ilə bağlı heç bir müddəa yoxdur. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü barədə qanunvericilik aktları isə məhz yuxarıda qeyd edilən Fərmanlardır. Belə olan halda cavabdehin apardığı inzibati icraatın nəticəsi olan mübahisələndirilən qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Cavabdeh inzibati orqan qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmışdır. Cavabdehin xx.xx.2024 tarixli 3-17-1/2-T- 23736/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixdən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixdən Prezident təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıqödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş informasiya sisteminin "Sığorta" altsistemində olan məlumatlara əsasən, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra, onun həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılmasının istisna edilmədiyi bildirilmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023cu il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olması faktını araşdırmamış, İddiaçı məhkəmə iclasında VOEN-i aktiv saxlamaq üçün hər ay müvafiq vergi ödənişlərinin həyata keçirməsini etiraf etməsini nəzərə almamış, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının yalnız elmi dərəcəsi olan və işləməyən şəxslər dairəsini əhatə etdiyinə əhəmiyyət verməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilmədiyi tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-3663/2024 nömrəli qərarı ləğv, İddiaçı “Prezident təqaüdün bərpa edilməsi iddiası isə rədd olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Məşğulluq haqqında” Azərbacan Respublikasının Qanunu: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ..... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs;.... 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: ..... 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;.... “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 10.1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 10.2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respubikasının Vergi Məcəlləsi 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: .... 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;.... Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. ... Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respiblikası Qanunun : Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində elmi dərəcəsinə görə müvafiq təqaüdün verilməsinin dayandırılması barədə qərarın ləğv edilməsi və həmin təqaüdün yenidən bərpa edilərək, ödənilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı aktiv vergi ödəyicisi olduğundan, müvafiq təqüdün verilməsi dayandırılmış, artıq ödəmə müəyyən edilmiş, bərpa edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki,iddiaçı barəsində qeyd edilən təqaüd xx.xx.2021-ci il tarixdə təyin edilmiş, təqaüdün ödənilməsi xx.xx.2023-cü il tarixdə məhz aktiv vegri ödəyicisi olması əsası ilə dayandırılmışdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı aktiv vergi ödəyicisi olmaqla və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olmaqla, müvafiq vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtlərinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslər qeyd edilən təqaüdü almaq hüququna malikdir. İndiki halda cavabdehin iddiaçıya münasibətdə mübahisələndirdiyi hal iddiaçının aktiv vergi ödəyicisi olduğundan qanunla müəyyən edilən “işləməyən” şərtinin ödənilməməsi ilə bağlı olan haldır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən işsiz şəxs anlayışı müəyyən edən zəruri şərtlərdən biri də işi və qazancının olmaması ilə bağlı şərtdir. Qanunvericilik normasının tələbinə əsasən sahibkarlar “məşğul şəxslər” kateqoriyasına aiddir. Həmçinin, məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq vergi orqanında vergi ödəyicisi kimi uçota alınır, onun VÖEN verilir, sahibkarlıq fəaliyyətinin əsas məqsədi mənfəət (gəlir) götürülməsindən ibarətdir. Məhəmə kollegiyası qeyd edilən qanunvericilik normalarını qarşılıqlı və müqayisəli şəkildə təhlil edərək, onu qeyd edir ki, şəxsin sahibkarlq fəaliyyəti ilə məşğul olması, sahibkar qimsində çıxış etməsi, habelə onun vergi ödəyicisi kimi uçota alınaraq, VÖEN malik olması halı özlüyündə həmin şəxsin “işləməyən” kateqoriyasına aid olmasını istisna edir. Başqa sözlə desək, şəxsin sahibkar qismində çıxış etməsi onun məhz “işləyən” şəxs kimi məşğul şəxslər kateqoriyasına aid olmasının əsası hesab olunur, habelə onun qazanca və ya gəlirə malik olması halı onun “işsiz” kateqoriyasına aid olmasını istisna edir. Belə olan halda məhkəmə kolegiyası hesab edir ki, indiki halda iddiaçı vergi ödəyicisi qismində çıxış etdiyindən (aktiv VÖEN malikdir), o “işsiz” kateqoriyasına aid olan şəxs olmadığından, qanunun normasının tələbinə əsasən məşğul şəxs hesab olunduğundan, ona münasibətdə qeyd edilən təqaüdün verilməsini zəruri edən şərtlərdən biri olan “işləməyən” şərti ödənilmir. Başqa sözlə desək, iddiaçının iddia tələbi qanunvericilik normasının dispoztiv şərtləri ilə uzlaşmır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi arqumenti ilə bağlı onu qeyd edir ki, iddiaçı aktiv vergi ödəyicisi olduğunu, lakin heç bir gəlirinin olmadığını qeyd etsə də, həmin hal iş materialları əsasında təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı barəsində sığortaolunan hesabında illər üzrə əldə etdiyi gəlirləri öz əksini tapmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmamış, iddiaçıya münasibətdə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Nəticə etibarilə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3663/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar