Məhkəmə qərarları › İş №2-1(105)-936/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-936/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-936/2025 15.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-958/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilməsi və ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi üzərində tikilmiş şəxsi yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarili alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi ilə birlikdə üzərində tiklmiş fərdi yaşayış evini X1 almışdır. Ev tikilən ərazi xüsusi mülkiyyətdə olub (reyestır nömrəsi **********84, qeydiyyat nömrəsi **********), çıxarışa əsasən tam mülkiyyət hüququ verilir. Belə ki, Rahilə Rəşidovanın öz mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xx.xx.2008-ci il tarixli 1133 nömrəli sərəncam verilmişdir. Bir halda ki, evin tikildiyi torpaq sahəsi xüsusi mülkiyyətdədir və evin tikilməsinə rəsmi icazə verilmişdir, tikilmiş evin sənədləşdirməsinə heç bir maneə olmayacağına güvənərək, alqı-satqı müqaviləsini bağlamışdır. Bu tamamilə qanuna uyğun bir prosesdir. Torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair xx.xx.2022-ci il tarixdə çıxarış verilmiş və xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi dövlət reyestrindən çıxarış alınması üçün DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ona çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan iddiaçı məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlara aid olduğu, həmçinin sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şəraitin yaradılmadığı müəyyən olunmuşdur. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid olduğu, həmçinin daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şəraitin yaradılmadığını əsas gətirməklə iddianı rədd etmişdir. Qeyd olunanlardan belə başa düşülür ki, iddiaçının torpağın təyinatından xəbəri yox imiş, torpağın təyinatını müəyyən etməyi məhkəmədən istəmişdir. Halbuki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çıxarışın verilməsi ilə bağlı tələbi irəli sürmüşdür. Torpaq Məcəlləsinin 33.1-ci maddəsində qeyd olunur ki, ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat fondu torpaqlarından ibarətdir. Həmin məcəllənin 33.4-cü maddəsinə görə ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir ki, burada bəhs olunan torpaq sahəsi dövlət deyil, bələdiyyə ehtiyat fondu torpaqlarına aiddir. Belə olan halda, bu məsələ bələdiyyə səviyyəsində məhkəməyə müraciət etmədən də həll oluna bilərdi. Torpaq Məcəlləsinin 47.5-ci maddəsində qeyd edildiyi kimi, bələdiyyə ehtiyat fondu torpaqlarından birinə yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar aiddir ki, məlum torpaq sahəsinin yerləşdiyi ərazi də bələdiyyə ehtiyat fondunun məhz bu kateqoriya torpaqlarında yerləşir. Ərazi uzun illərdir ki, yalnız yaşayış massivindən ibarətdir, heç bir dövlət və ya bələdiyyə əhəmiyyətli tikili, qurğu mövcud deyil. Eləcə də, 56.2-ci maddəsində vurğulanır ki, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər ki, bunun gerçəkləşməsi üçün ərazidə yaşayış məskəninin salınması, əhalinin sıxlığı və s. meyarlar nəzərə alınır və iddiaçı bunun həyata keçirilməməsi üçün heç bir əngəl görmür. Cavabdeh qurumun haqlı görüldüyü digər bir məqam isə əmlakla bağlı texniki baxışın keçirilməsinə şəraitin yaradılmamasıdır. Bu çox absurddur, çünki, hüquqları pozulan və işin mahiyyəti üzrə həll edilməsində maraqlı olan bir tərəf kimi iddiaçının texniki baxışın keçirilməsinə şərait yaratmaması mümkün deyil. Cavabdeh orqan qəsdən həqiqi olmayan səbəb irəli sürmüşdür. Cavabdeh orqan nə həmin quruma müraciət etdiyi zaman, nə də məhkəməyə müraciəti dövründə bir dəfə də olsun evə baxışla bağlı nə əlaqə saxlayıb, nə də bu məsələ ilə bağlı gələn olmuşdur. Bütün məhkəmə iclasları zamanı iddiaçı tərəf kimi bütün prosessual qaydalara riayət etdiyi və iştirak etdiyi halda, qarşı tərəf bir dəfə istisna olmaqla, iclaslarda iştirak etməmişdir. Sözügedən qərarda göstərilən digər əsas isə məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, torpaq sahəsinin kateqoriyası ehtiyat torpaqlarına aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. Ehtiyat fondu torpaqları ilə bağlı müdəaları qeyd etmişdir. Bildirir ki, torpaq sahəsi fərdi yaşayış üçün yararlı torpaq olmadığı halda, hansı əsasla Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq üzərində fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir? Onunla eyni ərazidə yaşayan, eyni səmtdə, eyni küçədə yaşayan qonşularının evinin çıxarışı olduğu halda, ona absurd bir səbəb bəhanə göstərilərək hüquqları pozulur. Hazırda onda qonşularının evlərinə dair çıxarışlar mövcuddur, halbuki, məhkəmə əksini söyləyərək bildirir ki, ərazidəki evlərin heç birinin çıxarışı yoxdur. İddiaçı qonşuların evlərinə dair çıxarışları məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə onun əleyhinə qərar qəbul etmişdir. İstifadəsində olan torpaq sahəsinin təyinatı ehtiyat fondu, 2 ev sonra, 50 metr sonra torpağın təyinatı fərdi tikinti üçün yararlı olaraq qeyd edilmişdir. Belə olan halda onun hüquqları pozulur. Torpağın təyinatı ehtiyat fondudursa, o zaman bu bütün əraziyə şamil edilməli idi. Faktiki olaraq öz evində qeydiyyata düşə bilmir, çünki evinə çıxarış ala bilmir. Hesab edir ki, çıxarılmış qərar tamamilə ədalətsiz və qanunsuzdur. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdi, mübahisəli torpaq sahəsinin ətrafında olan fərdi yaşayış evlərinə dair çıxarışları məhkəməyə təqdim etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmədiyindən, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı işdə iddiaçının hüquqi marağı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə çıxarışın verilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli imtinasını onunla əsaslandırır ki, Torpaq Məcəlləsinin 9.3 və 13.3-cü maddələrinə əsasən torpaq sahələi təyinatına görə istifadə edilməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə yalnız müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən onların bir kateqoriyalardan digərinə keçiriliyi təqdirdə mümkündür. Sözügedən torpaq sahələrinin bir kateqoriyalardan digərinə keçirilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar qəbul ediləcəyi təqdirdə qanuna müvafiq qaydada baxılacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 1133 №-li sərəncamı ilə vətəndaş X2 MH seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı **********84 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X5 xüsusi mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi ünvanda yerləşən 0.03 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Apellyasiya şikayətinə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008ci il tarixli 1133 №-li sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu Masazır bələdiyyəsi ərazisində yerləşən, əvvəlki mülkiyyətçi X2 məxsus 2 mərtəbəli yaşayış evinin eskiz layihəsindən görünür ki, eskiz layihə xx.xx.2008-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2/2-32/2-12216/2024 nömrəli məktubuna əsasən **********84 reyestr nömrəli torpaq sahəsinə və həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan çıxarışlara əsasən Abşeron rayonu Masazır kəndi Şükür Həmidov küçəsi ev 28 (reyestr nömrəsi **********06-10301) və ev 30 (reyestr nömrəsi **********59-10301) ünvanlarında yerləşən fərdi yaşayış evləri üzərində vətəndaşların mülkiyyət hüququ qeydə alınaraq, buna dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən müvafiq çıxarışlar verilmişdir. Həmin çıxarışlarda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmişdir. İddiaçıya məxsus 57 nömrəli ünvanda yerləşən eyni təyinatlı və eyni funksional istifadə sahəsinə malik torpaq sahəsinin ehtiyat fondu torpağı kimi göstərilməsi nəticəsində iddiaçıya çıxarış verilməsindən imtina olunması, habelə iddiaçının torpaq sahəsi ilə eyni küçədə və qonşuluqda yerləşən torpaq sahələrinə fərqli hüquqi rejim tətbiq edilməsi Konstitusiyanın 25-ci maddəsi ilə təmin olunmuş bərabərlik hüququnun pozulmasıdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçının qonşuluğunda yerləşən digər torpaq sahələri üzərində yerləşən fərdi yaşayış evləri üzərində vətəndaşların hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X7 **********66-10301 reyestr nömrəli, X3 **********65-10301 reyestr nömrəli, X6 **********57-10301 reyestr nömrəli, X4 isə **********38-10301 reyestr nömrəli çıxarışlar verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli 2-1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.

28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?

29. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.” Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 1133 nömrəli sərəncamına və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə xx.xx.2008-il tarixdə razılaşdırılmış eskiz layihəyə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqdan imtinası əsassız və formal olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-958/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəyə uyğun inşa edilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi, plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar