Məhkəmə qərarları › İş №2-1(106)-130/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-130/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-130/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinə qarşı işi üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, inzibati icraatın düzgün aparılmaması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinə qarşı «xx.xx.2021-ci il tarixli, 08 saylı qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-1(120)-313/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı "xxxx" MMC cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 08 saylı qərar ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaranan 397.190 manat mədən vergisi borcu hesablanmış və məcburi qaydada ödənilməsi üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, İmişli rayon Bəcirəvan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarı ilə İmişli rayonu, İmişli Bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs "xxxx" MMC-nin 397.190 manat məbləğində mədən vergisi üzrə borcun məcburi qaydada alınaraq İmişli rayon Bəciravan Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmış və qərar icra olunması üçün İmişli rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hesab edrlər ki, "xxxx" MMC-nin mədən vergisi üzrə 397.190 manat borcun İmişli rayon Bəciravan Bələdiyyəsinin büdcəsinə ödənilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarı əsassızdır. Belə ki, "xxxx" MMC hər il öz fəaliyyəti sahəsində yaranmış mədən vergisi üzrə borcu cavabdehin hesabına ödənilmişdir. "xxxx"MMC-nin cavabdehə 397.190 manat məbləğində mədən vergisi üzrə borcu yoxdur. Cavabdeh heç bir vergi hesablanması qaydalarına və mühasibatlıq haqqında qanunun tələblərinə uyğun olmayan qaydada, öz şəxsi təəssüratları əsasında əsassız məbləğ hesablamışdır. Həmin məbləğdə vergi borcunun hesablanması üçün heç bir əsas mövcud deyildir. Eyni zamanda, İmişli rayon Bəciravan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 saylı qərarı ilə heç bir hüquqi əsas və müvafiq icazə olmadan, özbaşına olaraq "AZE” MMC-nin istehsal fəaliyyəti sahəsinin giriş qapısına quraşdırılmış müşahidə kamerası ilə mədən vergisini hesablama qaydası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-313/2022 saylı qərarı ilə (hakim H.N.Nəcəfov) iddia təmin olunmuş, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, qərarda yalnız hakimin şəxsi mülahizəsi, vergidən boyun qaçıran iddiaçının mənafeyi əsas götürülmüş, cavabdehin mənafeyi nəzərə alınmamış, işin faktiki hallarına qiymət verilməmiş, işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 1.1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9.2, 9.3, 14.1, 80 və 88-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbləri pozulmuşdur. Faktiki olaraq məhkəmə mübahisəni araşdırmamış, iddiaçının mənafeyi naminə, onun xeyrinə olan xüsusatları qərara köçürməklə kifayətlənmişdir. İşin məzmunu bundan ibarətdir ki, iddiaçı "xxxx" MMC İmişli rayonu Bəcirəvan bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin iyul ayınadək yaranan 397.390 manat mədən vergisi borcunu bələdiyyənin hesabına ödəməmişdir. "xxxx" MMC edilən xəbərdarlıqdan nəticə çıxarmamış, ona görə də məsələ bələdiyyənin iclasında müzakirə edilmişdir və bələdiyyənin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə "xxxx" MMC-dən 397.190 manat mədən vergisi borcunun bələdiyyənin hesabına ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərar icrası üçün İmişli rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin "xxxx" MMCnin rəhbərliyi icra məmurunun göstərişlərini yerinə yetirməmişdir. İnzibati məhkəmənin qərarından görünür ki, bələdiyyə qərarının ləğv edilməsinə əsas bələdiyəyə borcun düzgün hesablanmaması göstərilib. Halbuki hüquqi şəxslər arasında pul vəsaiti, kommersiya mübahisələri inzibati məhkəmənin deyil, kommersiya məhkəməsinin səlahiyyətinə aiddir. İnzibati məhkəmə belə nəticəyə gəlməklə öz səlahiyyətindən, qanunun tələblərindən kənara çıxmışdır. Digər tərəfdən məhkəmə borcun düzgün hesablanmadığı nəticəsinə gəldikdə vergi ödəyicisinin qanunun tələblərinə əməl etmədiyini, gəliri, işi barədə bələdiyəyə heç bir hesabat təqdim etmədiyini nəzərə alıb görülən işin həcmini müəyyən etmək üçün kompleks məhkəmə mühasibatlıqtorpaqşünaslıq ekspertizası təyin etməli və rəyə uyğun olaraq nəticəyə gəlməli idi. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutları tam və hərtərəfli, obyektiv qiymətləndirilmədən, xx.xx.2021-ci il tarixli 9/4348 nömrəli ekspert rəyinə götürərək iddia tələbini təmin etmişdir. Bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə hüquq normalarının tətbiqində səhvə yol vermiş və nəticədə də tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir. Bələdiyyənin vergi borcu hesablanması Vergi Məcəlləsinə tam uyğundur. Məhkəmə vergi ödəyicisi olan iddiaçının qanunla üzərinə düşən vəzifələri yerinə yetirmədiyinə əhəmiyyət verməyərək, yalnız bələdiyyənin hərəkətlərini təftiş etmişdir ki, bu da işin obyektiv aparılmamasını bir daha sübut edir. Məhkəmə bələdiyyənin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarını müzakirə etdiyi halda, ekspertizanın xx.xx.2021-ci il tarixli rəyini sübut kimi qəbul edir. Belə çıxır ki, inzibati məhkəmə iddia ərizəsinə mahiyyəti üzrə baxmazdan əvvəl ekspert rəyi hazır olub. Mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə mədən vergisinin bəyannaməsini verməlidirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir. Məhkəmə işə baxarkən irələ sürdükləri dəlilləri nəzərə almamış, bununla prosessual qanunvericliyin tələbləri pozulmuşdur. Məhkəmə mübahisəni araşdırarkən qeyd edilmiş hallara qiymət verməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, Azərbaycan Respublikası İPM-nin tələblərinə əsasən, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-313/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarını tam ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)-313/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – nizamnamə, protokol, qərar və.s aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2021-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisələndirilən qərar 30 iyul 2021-ci ildə qəbul olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş poçt zərfinin üzərindəki ştamp əksindən müəyyən olunur ki, iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə göndərilməsi üçün xx.xx.2021-ci il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən (iş vərəqi 64-65) müəyyən olunur ki, cavabdeh mübahisləndirilən qərarın xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi tərəfindən qəbul edildiyini iddia edir. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında cavabdeh tərəfindən ona mütəmadi olaraq xeyli məktub göndərildiyini, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən ona başqa sənəd təqdim edildiyini və mübahisləndirilən qərarın isə ona 2021-ci ilin avqust ayının sonlarında təqdim olunduğunu bildirmişdir. Nəzərə almaq lazımdır ki, iş materiallarına əlavə edilmiş müşayiət məktubundan (iş vərəqi 19) görünür ki, xx.xx.2021-ci il tarixli, 08 nömrəli qərar iddiaçıya və İmişli rayon İcra və Probasiya şöbəsinə xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (İnzibati icraat haqqında Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (qərarını) 30 iyul 2021-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (İnzibati icraat haqqında Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Bundan başqa, qeyd etmək lazımdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, mübahisələndirilən qərarda hüquqi müdafiə vasitələri (həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və s.) göstərilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, mübahisələndirmə haqqında hazırkı iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsi "xxxx" MMC barəsində mədən vergisini hesablayan səlahiyyətli qurum kimi 397.190 manat mədən vergi borcunun hesablanması barədə əlverişsiz inzibati akt qəbul edərkən vergi qanunvericiliyinin tələblərinə əməl edilməmişdir, eləcə də cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 24, 25 və 61-ci maddələrinə ziddir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda mübahisə predmetini xx.xx.2021-ci il tarixli, 08 nömrəli qərarın qanuni olub-olmaması təşkil edir. Bununla bağlı qeyd etmək lazımdır ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 24, 25 və 61-ci maddələrinin tələblərinə ziddir. Belə ki, bələdiyyə qərarında mədən vergisinin hesablanmasının əsası kimi səyyar yoxlamalara və müşahidə kameralarından çıxarışlara istinad edilsə də, ancaq məhkəmə tərəfindən sorğu (iş vərəqi 25) verilməsinə baxmayaraq, cavabdeh mübahisləndirilən qərarın qəbul edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən mədən vergisi bəyannamələri təqdim edilmiş və 2020-ci ilin sentyabr ayından 2021-ci ilin iyul ayınadək (mübahisləndirilən qərarda qeyd olunmuş dövrlər üzrə) cavabdehin bank hesabına mədən vergisi üzrə ödənişlər həyata keçirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Beynəlxalq Bankının Debit haqqında bildirişlərindən görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat mədən vergisini (ödəniş təyinatı) Bəcirəvan Bələdiyyəsinin təsnifat kodu-114900 olan bank hesabına ödəmişdir. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, bələdiyyə qərar (inzibati akt) qəbul edərkən inzibati icraat aparmamış, müvafiq yoxlamaya və müşahidə kameralarından çıxarışlara istinad etməklə kifayətlənmişdir. Hətta şərti olaraq qəbul etsək ki, cavabdeh məhz müvafiq yoxlamaya və müşahidə kameralarından çıxarışlara istinad etməklə mübahisləndirilən qərarı qəbul etmişdir, bu qaydada vergi borcunun hesablanması həm vergi qanunverciliyində, həm də sahəvi qanunvercilikdə nəzərdə tutulmamışdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. Nəzərə almaq lazımdır ki, inzibati icraatın aparılmasından imtina etməklə, inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki,...“Məhkəmə bələdiyyənin xx.xx.2021ci il tarixli 08 nömrəli qərarını müzakirə etdiyi halda, ekspertizanın xx.xx.2021-ci il tarixli rəyini sübut kimi qəbul edir. Belə çıxır ki, inzibati məhkəmə iddia ərizəsinə mahiyyəti üzrə baxmazdan əvvəl ekspert rəyi hazır olub”. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, tərəflər arasında başqa inzibati mübahisə də mövcuddur. Belə ki, iş materiallarında olan sənədlərdən (iş vərəqi 114-136) göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 13 saylı qərar əsasında iddiaçıya ******* manat mədən vergisi üzrə borc hesablanmışdır. İddiaçı həmin qərarı Şirvan İnzibati Məhkəməsində mübahisələndirmişdir. Eyni zamanda iş materiallarında müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı da qəbul edərkən müşahidə kameralarından çıxarışlara və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlara istinad etmişdir. Həmin inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın təyin edilməsi haqqında qərardad qəbul edilmişdir. Həmin qərardad əsasında Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən müvafiq tədqiqat aparılmış və 09 avqust 2021-ci il tarixli, 9/4348 nömrəli ekspert rəyi tərtib edilmişdir. Həmin eksper rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ... “cavabdeh İmişli rayonu Bəcirəvan Bələdiyyəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə qəbul edilmiş 16 sentyabr 2020-ci il tarixli, 13 saylı qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmadığı müəyyən olunur. Yəni Vergi Məcəlləsində belə qaydada vergi hesablanması nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilir ki, istehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının 6 (altı) illik dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin hesablanması ilə bağlı müddəalar Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.” Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə üzrə işə baxan birinci instansiya məhkəməsi yekun məhkəmə aktında 09 avqust 2021-ci il tarixli, 9/4348 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul etməmiş, sadəcə, hüquqi dəyərləndirmə apararaq tərəflər arasında oxşar məhkəmə mübahisənin mövcud olduğunu, həmin mübahisə üzrə tərtib edilmiş ekspert rəyində də “müşahidə kameralarından çıxarışlara və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlara istinad olunanaraq mədən vergisinin həcminin hesablanmasının vergi qanunverciliyində nəzərdə tutulmadığı kimi nəticəyə gəlindiyini” qeyd etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, nəticədə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(120)- 313/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar