Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-149/2023 04.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, İddiaçı MMC-nin nümayəndəsi X1, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1674/2022 nömrəli qərarından cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın və onun nəticələrinin ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı MMC cаvаbdеh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qаrşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469900 nömrəli qərarın və onun nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 16 dekabr 2022-ci il tarixli, 2- 1(120)-1674/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********798300 nömrəli qərarının və onun nəticələrinin ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469900 nömrəli qərarla 2021-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 158490 manat dəyərində elektron qaimə-fakturaların İddiaçı MMC-nin xərclərindən silinərək 31698 (158490x20%=31698) manat dəyərində əlavə mənfəət vergisi hesablanmışdır. Əsaslandırma kimi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi (riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir) və Vergi Məcəlləsinin 175.11-ci maddəsi (əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) qeyd edilmişdir. Lakin Vergi Məcəlləsinin 175-ci maddəsinin əvəzləşdirilən ƏDV qaydalarına aid olduğunu, 175.11-ci maddənin 175-ci maddənin məqsədləri üçün tətbiq edilməli olduğunu və 158490 manat ümumi məbləğli dövriyyənin ƏDV-siz məbləğ olduğunu, heç bir ƏDV əvəzləşdirilməsinin aparılmadığını nəzərə aldıqda qərarın tam əsassız olduğu üzə çıxır. Tərəflərindən dəfələrlə “riskli vergi ödəyiciləri” barədə məlumatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən (https://www.etaxes.gov.az/ebvn/risk/) əldə edə bildiklərini, həmin sahibkarlıq subyektlərinin əməliyyatlar zamanı Dövlət Vergi Xidmətinin rəsmi məlumat bazasında həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmaması əsas gətirilmişdir. Belə ki, “X11” MMC (VÖEN **********) ilə elektron qaimə-fakturanın tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci ildir. "xxxx" MMC (VÖEN **********) elektron qaimə-fakturanın tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci ildir. "xxxx" MMC (VÖEN **********) elektron qaimə-fakturanın tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci ildir. “X13” MMC (VÖEN **********) elektron qaimə-fakturanın tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci ildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi Xidməti tərəfindən göndərilən cavab məktublarından da göründüyü kimi, cavabdeh heç bir əsaslandırma etməmiş, Azərbaycan Respublikasının qanunlarını təhrif etməkdən belə çəkinməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Prosessual məsələlər Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçı 13 ildir ki, eyni sahə üzrə fəaliyyət göstərir. Belə ki, sənaye məhsulları üzrə elan edilmiş tenderlərdə iştirak edərək müxtəlif sənaye məhsullarını alıb elektron qaimə-fakturalar əsasında satmışdırlar. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********469900 nömrəli, xx.xx.2022ci il tarixli qərarla 2021-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 158490 manat dəyərində elektron qaimə-fakturaların İddiaçı MMC-nin xərclərindən silinərək 31698 manat dəyərində əlavə mənfəət vergisi hesablanmışdır. Dəfələrlə “riskli vergi ödəyiciləri” barədə məlumatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən (https://www.e-taxes.gov.az/ebvn/risk/) əldə edə bildiklərini, həmin sahibkarlıq subyektlərinin əməliyyatlar zamanı Dövlət Vergi Xidmətinin rəsmi məlumat bazasında həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmaması əsas gətirilmişdir. Cavabdeh qeyd edilənlərlə əlaqədar mötəbər sübutlar təqdim edə bilmir, yalnız formal mülahizələr irəli sürür. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********469900 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 2021-ci il üzrə əlavə 31698 manat mənfəət vergisi hesablanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 868488 nömrəli elektron qaimənin təsdiq edilmiş surətindən görünür ki, “X13” MMC alıcı İddiaçı MMC-yə 6246 manat dəyərində 9 növdə müxtəlif mallar satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 956803 nömrəli elektron qaimənin təsdiq edilmiş surətindən görünür ki, “X12” MMC alıcı İddiaçı MMC-yə 10296 manat dəyərində 5 növdə müxtəlif mallar satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 957597 nömrəli elektron qaimədə qeyd edilmişdir ki, “X12” MMC alıcı İddiaçı MMC-yə 3185 manat dəyərində 4 növdə müxtəlif mallar satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 481226 nömrəli elektron qaimənin təsdiq edilmiş surətində görünür ki, "xxxx" MMC alıcı İddiaçı MMC-yə 115000 manat dəyərində generator mühərrik satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 782012 nömrəli elektron qaimənin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC alıcı İddiaçı MMC-yə 23763 manat dəyərində 11 növdə müxtəlif mallar satmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********711600 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi “X14” MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********063900 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi “X12” MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********454000 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********968900 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi borcunun hesablanması barədə məlumatın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə xərclər bölməsində “X12” MMC-dən xx.xx.2021-ci il tarixdə 3185 manat dəyərində olan EBAY seriyalı 957597 nömrəli və 10296 manat dəyərində olan EBAY seriyalı 956803 nömrəli elektron qaimə-fakturalar, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 23763 manat dəyərində olan EBBN seriyalı 782012 nömrəli elektron qaimə-faktura, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 115000 manat dəyərində olan EBBJ seriyalı 481226 nömrəli elektron qaimə-faktura, “X13” MMC-dən xx.xx.2021-ci il tarixdə 6246 manat dəyərində olan EBAW seriyalı 868488 nömrəli elektron qaimə-faktura, ümumilikdə 158490 manat dəyərində elektron qaimə-fakturaların xərclərdən silinərək 31698 manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulduğu üçün 158490 manat kənarlaşma üzrə 31698 manat əlavə mənfəət vergisi hesablanmışdır (158490x20%=31698). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Məhkəmə kollegiyası müəyyən etdi ki, iddiaçı sahibkarlıq məqsədilə 4 hüquqi şəxsdən ayrı-ayrı vaxtlarda 5 elektron qaimə-faktura olmaqla sənaye malları almış və onları digər şəxslərə satmışdır. İddiaçı qeyd edir ki, o, mübahisəli malları elektron qaiməfaktura ilə almış, eyni zamanda elektron qaimə-faktura ilə başqa şəxslərə satmışdır. Vergi orqanı onun, yəni iddiaçının mübahisəli malları hansı şəxslərə satmasını elektron məlumatlarla görə bilir. O, əməliyyatlar həyata keçirərkən ilk növbədə elektron informasiya vasitəsilə qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmamasını aydınlaşdırır. Mübahisəli 5 elektron qaimə-faktura ilə iddiaçı əməliyyatlar həyata keçirilən tarixlərdə həmin 4 hüquqi şəxs riskli vergi ödəyiciləri olmamışdırlar. İddiaçı həmin 4 hüquqi şəxslə 5 elektron qaiməfaktura ilə əməliyyatlar həyata keçirdikdən sonra həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilmişdir. İddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilməmişdən əvvəl onların riskli vergi ödəyiciləri olmalarını müəyyən edə bilməzdi. Cavabdeh isə zəruri araşdırma aparmadan iddiaçının həmin 5 elektron qaimə-faktura üzrə əmtəəsiz əməliyyatlar aparmasına istinad edərək iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır. Belə ki, həmin 5 elektron qaiməfaktura üzrə ümumilikdə 158490 manat dəyərində elektron qaimə-fakturaların İddiaçı MMC-nin xərclərindən silinərək 31698 (159490x20%=31698) manat dəyərində əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdeh ümumi formal əsaslarla apelyasiya şikayəti vermiş, lakin mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(106)- 1674/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarının nəticə hissəsində cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının nömrəsi **********469900 olduğu halda texniki səhv nəticəsində **********798300 nömrəsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(106)- 1674/2022 nömrəli qərarındakı yanlışlıq aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1674/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1674/2022 nömrəli inzibati iş üzrə qəbul edilmiş 16 dekabr 2022-ci il tarixli qərarının nəticə hissəsində göstərilən “**********798300” nömrəsi “**********469900” nömrəsi kimi oxunsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-149/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-149/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver