Məhkəmə qərarları › İş №2-1(106)-150/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-150/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-150/2025 14.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Çilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X7, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2-1(120)3973/2024 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətlərini qanunsuz hesab etməklə ona xx.xx.2023-cü il tarixli müraciəti əsasında təyin edilmiş ünvanlı sosial yardım almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi və ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, xx.xx.2024-cü il tarixdən bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun maddi vəziyyəti və yardıma köməyə olan kəskin ehtiyacı və himayəsində 4 nəfər ailə tərkibinin olması nəzərə alınaraq cavabdeh orqan tərəfindən 2023-cü ilin noyabr ayında ünvanlı sosial yardım təyin edilmiş və 2024-cü ilin may ayının 21-nə kimi bu yardımı almışdır. Lakin ünvanlı sosial yardım dayandırıldıqdan sonra bunun səbəbi ilə maraqlandıqda ona bildirilmişdir ki, cavabdeh orqan tərəfindən monitorinq aparılmış və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Halbuki nə onun nə də ailə üzvlərinin adında hər hansı bir nəqliyyat vasitəsi yoxdur. Cavabdeh orqanın tabeliyində yerləşən DSMF-nun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı onun yaşadığı evdə olarkən hətta şifoneri açaraq baxmış və onun uşaqlarının ağır və acınacaqlı vəziyyətdə yaşadıqlarının şahidi olmuşdurlar. Problemləri olan ahıl yaşlı qaynatası başqa bir şəxsə məxsus maşının yanında dayanarkən ona həmin maşının ona məxsus olub-olmadığını soruşmuş, o da başını yellləmiş və bununla da belə qənaətə gəlmişlər ki, guya ailənin istifadəsində nəqliyyat vasitəsi vardır. Halbuki bu şəxsin adında nəinki nəqliyyat vasitəsi, heç sürücülük vəsiqəsi də olmamışdır. Cavabdeh orqan tərəfindən ünvanlı sosial yardımın kəsilməsi onların ailəsinə ağır təsir etmiş, maddi vəziyyətləri olduqca dözülməz bir həddə çatmışdır, bu gün onlar yavan çörəyə belə möhtacdırlar, qohum-tanışların onlara etdikləri yardımlarla dolanırlar. Cavabdeh orqanın bu hərəkəti qanunsuz sayılmalı, ünvanlı sosial yardımı almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması barədə qərarı ləğv edilməli və ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpası vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-3973/2024 saylı qərarı ilə iddianın təmin olunması və İddiaçı ünvanlı sosial yardımı almaq hüququnun bir il müddətində məhdudlaşdırılmasına dair inzibati orqanın hərəkətlərin qanunsuz hesab edilərək xx.xx.2024-cü il tarixdə təyin edilmiş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Masallı rayon sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Ünvanlı Yardım” altsisteminə daxil edilmiş xx.xx.2023-cü il tarixli **********43201 nömrəli müraciətinə əsasən ailəyə xx.xx.2024-cü il tarixdən 466,51 manat məbləğində ÜDSY təyin edilmişdir. Təkrar yoxlama nəticəsində ailə üzvü X3 istifadəsində nəqliyyat vasitəsinin olması səbəbilə ailəyə təyin edilmiş ÜDSY xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Mərkəzi Filial tərəfindən ailənin ünvanında monitorinq həyata keçirilmiş, monitorinq zamanı ünvanın girişində “Naz-Lifan” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Təmsilçinin qayınatası - X9 həmin nəqliyyat vasitəsinin bacısına məxsus olduğunu və özünün kənd daxilində idarə etdiyini bildirmişdir. Həmçinin, nəqliyyat vasitəsinin açarı ailənin yaşadığı evdən təqdim edilmişdir. Qeyd edək ki, monitorinq əməkdaşları tərəfindən razılıq əsasında, video çəkiliş əsasında aparılmış və verilən məlumatlar akta qeyd edildikdən sonra X.Fəttayevin şəxsi imzası ilə təsdiqlənmişdir (akt və videogörüntü əlavə olunub). “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X12 və X19 (VEMTAS) yaradılmışdır. “Ünvanlı Dövlət Sosial Yardımı” haqqında Qanunun 1.0.6-cı maddəsinə əsasən, ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bundan başqa Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Eyni zamanda 10.4-cü maddədə göstərilmişdir ki, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) ii müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nm 3.7.4.-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan sosial yardımın ödənilməsi dayandırılaraq daxil olan müraciətə imtina verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-144690 nömrəli məktubundan görünür ki, DİN Baş X20 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X2 adında xx.xx.2023-cü il tarixdən “Naz” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-145604/24 nömrəli məktubundan görünür ki, DİN-in Baş X20 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı, X5 və X1 vəsiqəsi verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-3973/2024 nömrəli qərarı iddiaçının və ailə üzvlərinin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olmaması ilə əsaslandırılmışdır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Nəqliyyat vasitəsinin daşınar əşya olması, monitorinq zamanı ailənin həyətində aşkarlanması, həmin faktın akt və videogörüntü ilə təsdiqini tapması, nəqliyyat vasitəsinin açarının evdən gətirilərək təqdim edilməsi birbaşa həmin nəqliyyat vasitəsinin X9 tərəfindən idarə olunduğunun sübutudur. X16 Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-16-5/2-145604/24 nömrəli məktubundan görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisinin sürücülük vəsiqəsi mövcud deyildir. Bundan əlavə nəqliyyat vasitəsi hər hansı şəxsin istifadəsinə də verilməmişdir. Qanunverici çərçivəsindən yanaşsaq qeyd olunan nəqliyyat vasitəsinin idarə olunması yolverilməzdir. Məhkəmə iclasında şahid qismində iştirak edən nəqliyyat vasitəsinin mülkiyyətçisi X8 nəqliyyat vasitəsinin özünə məxsus olduğunu, lakin qardaşı X9 tərəfindən idarə olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən normanın məzmunundan da göründüyü kimi, istifadə hüququ sənəd üzərində verilmiş hər-hansı formal hüquqi baxımdan deyil, həm də maddi olaraq faktiki istifadəni özündə ehtiva etməkdədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(120)-3973/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: Cavabeh tərəfin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunvericilik; “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində qeyd olunmuşdur ki, sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd olunan Qanunun 6-cı maddəsinə əsasən; -6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 7-ci maddəsi; -7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; -7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; -7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, ailənin ünvanlı dövlət sosial yardım ödənişi dayandırılmışdır. Qeyd olunan ödənişin dayandırılmasının hüquqi əsası kimi aparılmış monitorinq nəticəsinə əsasən ailənin istifadəsində nəqliyyat vasitəsinin olması olmuşdur. -Birinci instansiya məhkəməsinin araşırması ilə müəyyən olunmuşdur ki; - Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olan X2 adına xx.xx.2023-cü il tarixdə **-BR-*** dövlət qeydiyyat nişanlı tünd göy “Naz” minik markalı sedan nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. -Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş X11 7 yanvar 2015-ci il tarixdə vəfat etdiyindən 2013-cü il tarixində ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən pulsuz verilmiş “NAZ LİFAN LF-7132/2-320” markalı 44BR712 dövlət qeydiyyat nişanlı minik avtomobilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020- ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.14-cü yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsində X6 övladı X2 adına rəsmləşdirilmişdir. -DİN Baş X20 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X2 adında xx.xx.2023-cü il tarixdən “Naz” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmçinin bildiririk ki, X2 etibarnamə ilə istifadəsində və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İddiaçı və X3 adlarında etibarnamə ilə istifadələrində və ya onlar tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. -DİN-in Baş X20 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı, X5 və X1 vəsiqəsi verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.2.-24.4-cü maddələrinə müvafiq olaraq inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Monitorinq zamanı müəyyən edilmiş avtomobilin iddiaçı tərəfin həyətində olması əsası ilə cavabdeh tərəfin səlahiyyəlti şəxslərinin öz mülahizəsinə əsasən iddiaçının ailə üzvlərinin istifadəsində olması kimi qiymətləndirilməsi əsas verir ki, aidiyyəti vəzifəli şəxslər öz təşəbbüsləri ilə heç bir araşdırma aparmamışlar, yalnız faktiki görünüşə görə qərar qəbul etmişlər. Halbuki ki, monitorinq zamanı da iddiaçı tərəfin avtomobilin yaxın qohumuna (iddiaçının qaynına) aid olması, yaranmış zərurətlə əlaqədar istifadə olunması barədə məlumat verməsi işin faktiki halları ilə təsdiq olunur. “Ünvanlı sosial dövlət yardımı haqqında” qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. “Yaşayış minimumu haqqında” Qanunun 1.0.9-cu maddəsi ilə müyyən edilmişdir ki, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. Qanunun 1.0.2.-ci maddəsinə əsasən isə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Qeyd olunan Qanunun 5.1- 5.3.-cü maddələrinə görə ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq ödəməlidir. Ölkə üzrə əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin , ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri, eləcə də iddiaçının ünvanlı dövlət sosial yardımının dayandırılmasına əsas olmuş hallar məhkəmə araşdırmasınin nəticəsi ilə tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hər hansı əmlaka müvəqqəti sahiblik və ya istifadə etmə, istifadə edənin özününkü kimi qiymətləndirilməsi tamamilə qanunsuz yanaşmadır. Monitorinq zamanı əmlak müəyyən olunmuş olsa belə, yenə də dəyərləndirmə ehtiyac meyarına uyğun aparılmalı, bu hala uyğun qərar qəbul olunmalıdır. Bu tip yanaşmaların hüquqi nəticəsi olaraq hüququ təmin olunmuş şəxslər qanuni mənafelərindən məhrum olmuş olurlar və bu da eyni zamanda əsassız məhkəmə mübahisələrinin yaranmasına şərait yaradır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-3973/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar